Cənab nazir, Vergi Xidməti niyə məhkəmələrdə şirkətlərə 60 faiz uduzur ?
Azərbaycan Respublikasının iqtisadiyyat naziri cənab Mikayıl Cabbarova müraciət
Cənab nazir !
Rəhbərlik etdiyiniz İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə bağlı Sizə müraciət edirəm.
Məlumat üçün bildirim ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov tərəfindən Azərbaycanda inzibati məhkəmələrin yaradılmasının 10 illiyinə həsr olunmuş ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları və inzibati məhkəmələrin fəaliyyətinin inkişafı sahəsində görülən işlər və qarşıda duran vəzifələrə dair geniş məqalə yazmışdır.
Məqalədə qeyd olunur ki, 2020-ci ildə Ali Məhkəmənin İnzibati Kollegiyasında baxılmış işlərin ümumən 6.9 faizi Dövlət Vergi Xidməti və onun tabeliyindəki qurumlara qarşı işlər olmuş, həmin işlərdən 43.5 faizi inzibati orqanların xeyrinə, 56.5 faizi isə ƏLEYHİNƏ nəticələnmişdir.
2019-cu ildə isə baxılmış işlərin ümumən 7.2 faizi Dövlət Vergi Xidməti və onun tabeliyindəki qurumlara qarşı işlər olmuş, həmin işlərdən 40.2 faizi inzibati orqanların xeyrinə, 59.8 faizi isə ƏLEYHİNƏ yekunlaşmışdır.
Cənab nazir !
Yuxarıda göstərilən rəqəmlər hansısa həvəskar araşdırmaçının, jurnalistin yazısından deyil, birbaşa Ali Məhkəmənin İnzibati Kollegiyasının sədrinin məqaləsindən götürülüb, yəni rəqəmlərin dəqiqliyi şübhə doğurmur.
Belə olan halda vəziyyət niyə bu dərəcədə kritikdir ?
Yəni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ona - quruma qarşı sahibkarlar, şirkətlər tərəfindən qaldırılmış məhkəmə işlərinin az qala 60 faizini uduzur. Əgər bu rəqəm 5-10 faiz olsaydı, bunu haradasa başa düşmək olardı. Amma söhbət 60 faizdən gedir.
Cənab nazir !
Təsəvvür edirsiniz, tabeçiliyində kifayət qədər təcrübəli, peşəkar mütəxəssislər olan, dövlətin marağını qorumalı olan Dövlət Vergi Xidməti məhkəmə çəkişməsində yüksək faizlə qarşı tərəfə uduzur.
Bunun səbəbi nədir ?
60 faiz rəqəminin arxasında nələr var ?
Nəzərinizə çatdırmaq istəyirik ki, 60 faiz uduzmağın arxasında çox ciddi mətləblər, hətta cinayət xarakterli əməllər var.
Axı, qurumun əsasnaməsində göstərildiyi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkədə aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə DÖVLƏT nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Bəs qurumun əməkdaşlarının məhkəmədə böyük hesabla uduzmasının səbəbi nədir ?
Bəlkə qeyri-peşəkarlıq, savadsızlıq, bəlkə təcrübəsizlik ?
Yəni dövlət vergi orqanlarında çalışan əməkdaşların bilik və peşə hazırlığı səviyyəsi bu qədər aşağıdırmı ki, məhkəmələrdə qarşı tərəfə 60 faiz uduzurlar.
Bəlkə tamamilə başqa səbəb var ?
Axı, dövlət müfəttişləri, ekspertlər və mütəxəssislər yoxlamaya dövlətin adından gedir və DÖVLƏTİN MARAĞININ təmsilçisidir.
Bəlkə, Vergi Xidmətinin əməkdaşları yoxlamaya dövlətin marağını qorumaq üçün deyil, vergi ödəyicisinə KONSALTINQ xidməti göstərməyə, vergidən külli miqdarda yayınmanı ört-basdır etmək üçün gedirlər ?
Bəlkə bilmədiyimiz başqa səbəblər var.
Bəlkə məhkəmələrimiz o qədər "müstəqildir" ki, dövlət büdcəsinin deyil, sahibkarların marağını himayə edir.
Cənab nazir !
Bəlkə, Vergi Xidmətinin əli ilə dövlət öncədən məhkəmələrdə MƏQSƏDYÖNLÜ şəkildə uduzdurulur. Və nəticədə milyonlarla vergi dövlət büdcəsindən yayındırılır.
Çünki məhkəməyə gedən işlər 300- 500 manatlıq işlər deyil, söhbət külli miqdarda, konkret desək. 3-5 milyon manat vergidən yayınmadan gedir.
Bir sözlə, Dövlət Vergi Xidməti məhkəmə çəkişmələrində vergi ödəyicilərinə, sahibkarlara 60 faizlə uduzur.
Əslində uduzan dövlətdir, dövlətin büdcəisidir.
Qazanan kim(lər)dir ?
Əlbəttə, qazanan Vergi Xidmətinin əməkdaşları, məhkəmə hakimləri və şirkət sahibləri. Uduzan isə dövlətimizdir.
Cənab Nazir !
Əgər Dövlət Vergi Xidməti əməkdaşlarının Bakıda, Sumqayıtda və digər yerlərdə fəaliyyət göstərən metal əritmə sexlərində, ümumiyyətlə, qara və əlvan metal qəbulu və emalı şirkətlərində apardığı yoxlama sənədləri ilə tanış olsanız, real vəziyyəti öz gözlərinizlə görərsiniz. Və yazdıqlarımızın həqiqət olduğuna əmin olarsınız.
Nəzərə almaq lazımdır ki, təkcə Sumqayıt şəhərində 30-a yaxın qara və əlvan metalların emalı şirkəti var.
Dövlətimizin marağını nəzərə alaraq mövzu ətrafında əməkdaşlarımızın apardığı araşdırmalar cəmiyyətə və müvafiq dövlət qurumlarına təqdim olunacaq.
Hörmətlə,
NUH ( nuh.az ) informasiya agentliyinin baş redaktoru Kamran Məhərrəmli