“Xəzər”ə Xoşqədəm zərbəsi - Vüqar Qaradağlını bitirirlər/ VİDEO

Azərbaycanda ən reytinqli telelayihə olan "Səni axtarıram”la bağlı dünən yayımlanan videomaterial şok effekt yaradıb, qızğın müzakirələrə səbəb olub.

 

 

 Bu müzakirələr bir neçə gün əvvəl "Əməkdar jurnalist” adını alan Xoşqədəm Hidayətqızı və onun hazırda çalışdığı "Xəzər” televiziyasına qarşı açıq kampaniyaya çevrilib. Geniş müzakirəyə səbəb olan təkcə verilişin çəkilişi zamanı real faktlar yox, quraşdırılmış səhnələrdən istifadə edilməsinin aşkarlanması ilə bağlı deyil. Həm də hakimiyyətin əsas ruporlarından olan iki telekanal (ATV və Xəzər TV) arasındakı gərginliyin bu həddə çatdırılmasıdır. Bu kompramatın hakimiyyətə qarşı ən sərt mövqedə dayanan KİV-ə - Meydan TV-yə ötürülməsi də məsələnin ən kritik nöqtələrindən biri hesab oluna bilər.

Aydınlıq üçün qeyd edək ki, dünən axşam saatlarında yerli mediada bir video yayınlanıb. Həmin videoda Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram” proqramının ATV kanalında yayımlandığı çəkilişləri əks olunub. Görüntülərdən belə bəlli olur ki, verilişin çəkilişi zamanı real faktlar yox, quraşdırılmış səhnələrdən istifadə edilir. Bu zaman efirə çıxarılacaq "qəhrəmanlar” başqa formada təqdim olunur və tamaşaçı aldadılır. Həmçinin, efir zamanı yardım məqsədilə çəkiliş meydançasına dəvət edilmiş həkim belə "qəhrəman”ı xərəkdə gətirmək üçün ona iynə vurulmasını təklif edir.

 

Məlum olduğu kimi, hələlik əsas hədəf kimi görünən Xoşqədəm Hidayətqızı hazırda həmin layihəni başqa adla Xəzər TV-də davam etdirir. Belə çıxır ki, bu hücum təkcə Xoşqədəmə qarşı deyil, həm də (bəlkə daha çox) "Xəzər”ə böyük zərbədir. Çünki ATV rəhbərliyinə çoxdan bəlli olan həmin kadrların məhz indi ortaya çıxarılmasında yeganə məqsəd X. Hidayətqızının ATV-dən ayrıldıqdan sonra fərqli adla da olsa, eyni konsepsiyalı verilişləri başqa televiziyalarda daha yüksək reytinqə qaldırmasına dözümsüzük kimi yozulur. Elə buna görə də həmin videonun Xoşqədəmin peşəkar karyerasına zərbə vurmaq və onu ictimai rəydə gözdən salmaq məqsədi ilə məhz ATV kanalı tərəfindən meydan.tv saytına sızdırıldığı ehtimalı daha çoxdur.

 Məsələnin daha dərin "bataqlığı” isə televiziyanın bu əməli ilə həm də hakimiyyətə qarşı ən sərt mövqe daşıyan bir KİV-lə əməkdaşlığa girməkdə suçlanmasıdır. Amma bir məsələ də var ki, "topa tutulan” ATV prezidenti Vüqar Qaradağlı kimi ehtiyatlı bir adamın özünü bu şəkildə ifşa etməsi də ağıla batan deyil. Onun Xoşqədəmə nə qədər nifrət etsə də, Xəzər TV-yə qarşı bu cür oynamağa risk etməsi inandırıcı görünmür. Əlbəttə ki, belə bir materialın ötürülməsində ilk hədəfə onun gələcəyini hamıdan yaxşı elə V.Qaradağlı bilir. Həm də məlumdur ki, X.Hidayətqızı ATV-dən ayrılanda orada arxiv materiallarının götürülməsi üçün məsələ qaldırmışdı və aidiyyəti qurumlara müraciət etmişdi. O zaman bildirmişdi ki, həmin materiallardan şantaj məqsədi üçün istifadə edə bilərlər. Elə bu video yaymlanandan sonra da, o, "Meydan”a açıqlmasında birbaşa Vüqar Qaradağlını hədəfə alıb: "İstəyirəm biləsiz ki, ATV-də işlədiyim dönəmdə hansı addımlar atmışamsa, hansı işlər görmüşəmsə, hər birindən rəhbərliyin xəbəri var. Ümumiyyətlə, rəhbərliyin izni olmadan mən heç bir addım ata bilmərəm. Bilirsiniz ki, mən o kanaldan ayrılanda heç bir arxiv materialı götürməmişdim. Eşitmişdim həmin materialdan şantaj xarakterli nələrsə hazırlanır..."

 Belə olan halda bu materialın ictimailəşməsində üçüncü bir qüvvənin əlinin olmasını da ehtimal etmək olar. Bu qüvvələrin Xoşqədəmlə bağlılığı da fikrimizcə, araşdırılmalıdır. Nəzərə alaq ki, bu ayın əvvəlində Vüqar Qaradağlının vəzifədən azad edilməsi barədə məlumatlar yayılmışdı. Bu, mediaya sızmasa da, müəyyən dairələrdə xeyli müzakirə ölünmüşdu. Görünür, həmin müzakirələr dünən baş verənlərin başlanğıcı imiş. Prosesin belə bir istiqamət alması və əksər media orqanlarında məhz Qaradağlının günahkar kimi təqdim edilməsi, görünür, onun ATV ilə vidalaşmasıyla yekunlaşacaq.

 Qeyd edək ki, "Səni axtarıram” layihəsi 2014-cü ilin ortalarında ATV-də yayımını dayandırıb. Bundan sonra veriliş ANS-də işıq üzü görüb. Hazırda isə "Xəzər" TV-də yayımlanır.

 

  

 

 

 






Fikirlər