Şuşada çarıqçılıq edən məşhur xanəndə kim olub? - MARAQLI

O, hərdən kasıbçılıq etdiyi, ailəsinin ruzisini qazandığı çarıqçı dükanından çıxar, Şuşadakı Xandəmir teatrına gedərmiş. Məşədi İsi kimi xanəndəyə, Sadıqcan kimi tarzənə qulaq assa da, bircə dəfə də ürək edib özü oxuya bilməzmiş.

Hər zaman düşünərmiş ki, bir çarıq tikən adamın Qarabağın məşhur xanəndələrinin yanında oxumasını insanlar qəbul edə bilməzlər. Amma çox keçmir ki, o da Qarabağda adının Məşədi İsi, Zabul Qasım, Hacı Hüsü kimi məşhur xanəndələrin yanında çəkilməsinə nail olur.

Beləliklə, Moderator.az saytı XIX əsrin sonları, XX əsrin əvvəllərində adi çarıqçı olmasına baxmayaraq Qarabağın məşhur xanəndələrindən biri hesab edilən Çarıqçı Bahadır haqqında yazını təqdim edir:  
-“Bəsdirin, ə... Səhərdən bəri bir iş görə bilməmişəm. Kim çarıq istəmirsə, dükandan çıxsın, işimizi görək”.
Bu sözləri Çarıqçı Bahadır dükanına gələn adamlara tez-tez deyərmiş. Məşədi İsi, Hacı Hüsü kimi xanəndələri dinlədikdən sonra azarını öldürmək üçün qəpik-qəpik yığıb qrammofon alır. Cabbarın, Şükürün, Qasımın vallarını əldə edərək o qrammofonda oxutdurur. Daha sonra onların ardınca özü də bir ağız oxuyarmış. Şuşanın “Saatlı” məhəlləsindəki çarıqçı dükanına da girən insanlar əsasən qrammofona və onun özünə qulaq asmaq üçün gələrmişlər. Bahadır da yuxarıdakı sözləri onlara deyərmiş. 
Çarıqçı Bahadır əvvəl heç xanəndəlik iddiasında olmayıb. Gündüzlər Saatlı məhəlləsindəki kiçik dükanında kasıbçılığını edər, çarıq tikər, axşamlar da Şuşa xanəndələrini dinlərmiş. Amma dükanında valları o qədər dinləyir ki, orada səslənən bütün muğamları əzbərləyir. Dükandan daha valların deyil, özünün səsi gələrmiş. Bir gün Qarabağın məşhur tarzənlərindən biri özünə çarıq tikdirmək üçün onun dükanına gedir. Təsadüfən Bahadırın zil səslə muğam oxuduğunu görür. Çox heyrət edir, Bahadırı özü ilə toya aparmaq istəyir. Çarıqçı əvvəlcə boyun qaçırsa da, sonradan razı olur. Cəmi bir toyda oxuduqdan sonra az qala  bütün Qarabağa məşhurlaşır. Toydan sonra hamı bu naməlum çarıqçı-xanəndədən danışır. İş o yerə çatır ki, Bahadır çarıqçılığın daşını ataraq ancaq xanəndəliklə məşğul olur. 30 il bütün Qarabağı kənd-kənd, el-el dolaşır, məclislə aparır. Amma onun bir özəlliyi də var idi: Heç zaman çarıqçı olduğunu danmaz və Cabbar kimi, Keçəçioğlu kimi xanəndələrin yanında oxumazmış. 
Hətta onlar kimi başqa yerlərə- Bakıya, Tiflisə, Gəncəyə, Təbrizə, Tehrana da getməzmiş. Ona gələn dəvətləri geri qaytararmış. Beləcə, Bahadır 30 il ərzində Qarabağ kəndlərindən başqa heç yerdə oxumur. 
Çox təəssüflər ki, Bahadır haqqında ona yaraşmayan şayiələr də qoşulub. Xanəndənin erməni kəndlərində toylara çox getməsini baş cürə yozanlar da tapılıb. Hətta ona Çarıqçı Bahadır yox, başqa ayama ilə müraciət edənlər də olub ki, biz onu yazmağa gərək görmürük.
Çarıqçı Bahadırın ürəkaçan səsini çox eşitmiş Cəlilbəy Bağdadbəyov yazır: «...Bu xanəndənin (Bahadırın - F. ş.) səsi qaltanlı olmaqla bir qədər yoğun idi. Lakin yüksəklərdə çox rahat oxumağı ilə tamaşaçıları razı salardı.
O, bədəncə boybuxunlu və qüvvətli bir adam idi. Çox sadə qəzəllər oxuyardı. Məncə «şikəstə» ilə «Segah»ı çox oxuyardı. «şsa bulağı»nda və başqa seyrangahlarda qurulan məclislərdə ona yüzlərlə zəhmətkeş qulaq asardı. Bahadır oxuyarkən səsini iki kilometrlikdən eşitmək olardı”.
"Çarıqçı Bahadır haqqında yazılara bugün təəssüflər olsun ki, çox az mənbələrdə rast gəlinir.Azərbaycan xalq musuqisini araşdıran, tədqiqatçı Firudin Şuşinskinin "Azərbaycan xalq musiqiçiləri" kitabında xanəndə haqqında ilk dəfə məlumat verilib. Lakin araşdırmaçı Aslan Kənan böyük zəhmət hesabına F.Şuşinskinin "Azərbaycan xalq musiqiçiləri" kitabını yenidən çap etdi. Bahadır haqqında daha dəqiq məlumatlar da həmin kitabda göstərilib.  Çarıqçı Bahadır haqqındakı portret yazıda da həmin mənbələrdən istifadə edilib".






Fikirlər