Hitlerin qarşısında göbək atan türk casus kim idi?

Hitlerin qarşısında göbək atan türk casus kim idi?

Rəqqasə və casus deyəndə ilk olaraq ağlımıza Mata Harinin adı gəlir. Əslində Türkiyənin də öz Mata Harisi var. Onun adı isə Əminə Ədalət Peedir.

Əminə 1910-cu ildə İstanbulda anadan olub. Arxivlərdə onun həyatı barədə cox cüzi faktlar var. Bilinən odur ki, Cumhuriyyət dövründə Türkiyənin lehinə casusluq fəaliyyətində iştirak edib.

Məktəb illərində səhnə ilə tanış olur və rəqsi öyrənir. 14 yaşı olanda Almaniyaya köçən Əminə burada da rəqs etməyə davam edir. Əmisinin həyat yoldaşının qardaşı Henri Pee ilə ailə həyatı qurur və onun soyadına keçir.

Bir müddət sonra Almaniyada məşhur rəqqasəyə çevrilir. Bir dəfə axşam vaxtı restoranın səhnəsində rəqs edərkən iki nasist zabiti ona yaxınlaşır və Gebbelsin yanına dəvət edir. Gebbels o vaxt Hitlerin propoqanda naziri işləyirdi və məşhur rəqqasə ilə şəxsən tanış olmaq istəyirdi. Əminə Ədalət qorxsa da, təklifi qəbul etmək məcburiyyətində qalır. Nasist zabitlər rəqqasəni Gebbelsin malikanəsinə aparırlar. Nazirlə görüş zamanı ona Almaniya lehinə casusluq təklif edilir. Əminə bu təklif barədə düşünəcəyini bildirib malikanəni tərk edir.

Məsələ burasında idi ki, Əminə 1942-ci ilə qədər Ankaraya kəşfiyyat materialları ötürürdü. Almanların təklifini rədd edən rəqqasə əri dünyadan köçənə qədər Almaniyadan Türkiyəyə məlumat ötürüb. Onun həyat yoldaşı bir bombardman nəticəsində həlak olur. 1942-ci ildə casus-rəqqasə Türkiyəyə qayıdır. Amma vətəndə uzun müddət qala bilmir.

Əminə Hitlerin yavəri Freqlayr ilə yaxın münasibətlər qurmuşdu. Bu münasibət sayəsində casus-rəqqasə Hitlerə yaxınlaşır və onun qarşısında da rəqs nümayiş etdirir. Qeyd etmək lazımdır ki, bu qadın Türkiyə Cumhuriyyətinin milli kəşfiyyat təşkilatı üçün işləyən casus idi.

Məhz onun sayəsində Ankara Parisin almanlar tərəfindən işğal ediləcəyini əvvəlcədən bilmişdi. Bu məlumat o dövr üçün çox dəyərli idi. Çünki almanların Parisi işğal edəcəyi fikri heç kəsin ağlına da gələ bilməzdi. Rəqqasə Türkiyənin Vyanadakı səfirinə bu barədə məlumat verir. Əminənin vaxtında ötürdüyü məlumat əsasında Türkiyə dövləti Parisdəki Türkiyə vətəndaşlarını ölkəyə çağırır və işğaldan ziyan çəkmələrinin qarşısını alır.

Əminə Ədalət iştirak etdiyi bir teatr səfəri zamanı Konyada Atatürk ilə tanış olur. Atatürk səhnədəki uğurlarına görə rəqqasənin yanağından öpür. Əminə isə, bu səbəbdən bir həftə yanağını yumur.

Əminə 70 yaşına qədər səhnə fəaliyyətinə davam edir. "Yanık Kaval", "Uçuruma doğru", "Deniz kızı" kimi filmlərdə kamera qarşısına keçib. Müğənni Zeki Mürenlə yaxın dost olub. Bu barədə xatirələrini danışan müğənni: "Ona aşiq olan yüzlərlə adamdan biri də mən idim" deyir. Rəqqasənin məşəqqətli həyatı olub və uzun illər İstanbulun Beyoğlu səmtindəki əyləncə mərkəzlərində səhnəyə çıxıb.

1985-ci ildə isə Darülaceze rayonunda tək-tənha vəfat edib.

Əminə İngiltərə kralı 5-ci George ilə gəzintiyə çıxmış, Hitler ilə oturub çay içmiş, Atatürk tərəfindən yanağı öpülmüş bir qadındır.






Fikirlər