Türkün şanlı tarixi! SULTAN BƏYBARS BURCOĞLU:KƏRƏM MƏMMƏDOV
O, Bağdadın darmadağın edilməsindən məyus oldu, xəlifəyə qırx gün yas saxladı və ölkəsinin ərazisində yaşayan xristianları qovdu.
Içərilərində xristianlığı qəbul etmiş monqol əyanları da olan bu qaçqınları Hülakü xan Başkeçidə – Dmanisi qalasına yerləşdirdi. Sonradan gürcüləşən bu xristian monqollar yalnız öz soyadlarını qoruyub saxlamışdılar. Məsələn, XVI əsr mənbələrində XIII əsrdə Dmanisidə məskunlaşmış Qarabudaqsşivili nəslinin monqol əsilli olması ilə bağlı məlumatlar vardır.Mənbələrin yazdığına görə əmisi oğlu Hülakünün yaramazlıqlarını eşitdikdə Bərkə xan demişdi : «Bizim taxta çıxartdığımız Münke xaqan bunun əvəzini mənim müttəfiqim xəlifənin mülklərinə əl qatmaqla qaytarır? Onun bu işi rəzalətdir!» Bərkə xan hələ sələfi Batı xanın dövründə Hülaküyə yardım məqsədilə göndərilmiş Qızıl Orda döyüşçülərinə Misir məmlüklərinin tərəfinə keçməyi əmr etdi.
1256 – cı ilə qədər Cənubi Qafqaz, o cümlədən Borçalı da Qızıl Orda ulusuna daxil idi. Batı xanın ölümündən sonra isə bu ərazi xristian olduğuna görə daha çox gürcülərə arxalanan Elxani Hülakünün əlinə keçdi. Gürcülərə müstəqillik verən Hülakü xan Tiflisdə iki gürcü çarını – Tamaranın qız (Rusudanın oğlu Narın David) və oğul (Laşanın oğlu Ulu David) nəvələrini taxta çıxartmışdı. Ulu David monqol əyanlarından birinin qızı ilə evləndirilmişdi. Gürcülərdən ancaq hətta monqolların özlərinin də ödədikləri can vergisi (kopçur) alınmırdı. Daha geniş səlahiyyətlər istəyən gürcülər əvvəlcə Narın Davidin, sonra isə Ulu Davidin başçılığı altında üsyan qaldırdılar. Üsyan yatırıldı. Narın David İmeretiyaya qaçdı. Üsyandan sonra qaçmış Ulu David isə 1262 – ci ildə Hülakünün yanına qayıdaraq, əvvəlki vəziyyətin bərpa olunması üçün ondan aman dilədi. Monqol – gürcü ittifaqından ən çox əziyyət çəkən Borçalının müsəlman əhalisi öz yurdlarından sıxışdırılır, daha çox Qızıl Orda ərazisinə, ya da öz soydaşları – Burcoğullarının böyük nüfuz sahibi olduqları Misir məmlük sultanlığına getməyə məcbur olurdular.
2 may 1250 – ci ildə Burcoğlu nəslindən olan Bəybars ağıldan zəif olan azyaşlı Turanşahı taxtdan salaraq, Kamili hakimiyyətə gətirdi. Kamilin də yaşı az olduğundan dövləti onun adından anası Şəcərət əd-Dürr və atalığı Aybəy idarə edirdilər. 1257 – ci ildə məkrli Şəcərət əd-Dürr öz ərini zəhərləyib öldürdü. Onu həbsxanaya atan məmlüklər hakimiyyətə Quduzu gətirdilər və ona biət elədilər. Misir əhalisi də onun hakimiyyətini qəbul elədi. Çünki Burcoğlu soyundan olan məmlüklərə indi bütün müsəlmanlar monqolların qarşısını alacaq yeganə qüvvə kimi baxırdılar. Vaxtilə monqollar tərəfindən öz doğma yurdlarından didərgin salınan Burcoğluları da onlarla həlledici döyüşə hazırlıq görürdülər. Xüsusilə də Suriya müsəlmanları Burcoğlularını səbirsizliklə gözləyirdilər.
26 iyul 1260 – cı ildə Burcoğlularının ön dəstələri özləri ilə artıq yük olmasın deyə ərzaq belə götürməyərək Sinay səhrasını keçdilər.Onlar monqolların Qəzza yaxınlığındakı müdafiə xəttini yarıb, Akra yaxınlığında Avropa xaçlıları əzərək, xeyli ərzaq ələ keçirdilər. Daha sonra Quduzun və Bəybarsın başçılıq etdikləri Burcoğlularının ordusu Avropa xaçlılarının qurduqları qondarma Yərusəlim (Qüds) krallığından keçərək, Ayn Callut adlı yerdə Kit Buğanın başçılıq etdiyi birləşmiş monqol-erməni – gürcü ordusu ilə üz-üzə gəldi.
3 sentyabr 1260 – cı ildə monqol-erməni – gürcü ordusu Burcoğluları tərəfindən darmadağın edildi. Əsir tutulan Kit Buğa edam olundu. Burcoğlularının orduları təntənəli şəkildə Şam (Dəməşq) şəhərinə daxil oldular. 10 dekabr 1260 – cı ildə Hülakü xanın göndərdiyi ikinci monqol ordusu da Burcoğluları tərəfindən Xöms yaxınlığında darmadağın edildi. Quduzdan sonra Misir sultanı elan olunan Bəybars 1268 – ci ildə Antioxiyanı tutdu və 1277 – ci ildə Əlbistan döyüşündə monqolları yenidən ağır məğlubiyyətə uğratdı. Sultan Bəybars Burcoğlunun varisi Qalaun 1289 – cu ildə Tripolini, 1291 – ci ildə Akra, Tir,Sidon və Beyrutu azad etdi. Burcoğulları, 1375 – ci ildə monqol qılıncına güvənilərək qurulmuş oyuncaq Kilikiya çarlığını da süquta uğratdılar.
Lakin Burcoğulları Azərbaycanı Hülakülərin cəngindən çıxara bilmədilər. Hülakilərin paytaxtları Azərbaycan şəhərləri olan Marağa, Təbriz və Sultaniyyə olmuşdur. Qarabağ Elxanilərin yay iqamətgahı, Muğan isə qışlağı idi. Dövlət uzun müddət Azərbaycandan – Təbrizdən idarə olunmuşdu.Bu zaman digər monqol dövləti Cuçi nəslindən olan xanların idarə etdiyi Qızıl Ordu Azərbaycan ərazisinin Çingiz xanın vəziyyətinə görə Batı xanın payına düşdüyünü əsas gətirərək, Azərbaycana yürüşlər etməyə başladılar. Qızıl Ordu ilə ilk toqquşma Hülakünün dövründə baş verdi.
1263-cü ildə Qızıl Ordu sərkərdəsi Noqay Dərbəndi tutsa da, əldə saxlaya bilmədi. Qızıl Ordunın 1288 və 1290-cı illərdəki hücumları da bir nəticə vermədi. Arqun xanın ölümündən sonra Keyxatu xan və Baydu xan bir-birini əvəz etdilər. 1295-ci ildə Qarabağda padşah elan olunmuş Qazan xan yerli feodallarla əlaqəni möhkəmləndirmək üçün islam dinini qəbul etdi. Onun bu addımı köçəri əyanları Qazan xana qarşı sui-qəsd və qiyama sövq etdi. Qazan xan əvvəlcə Arranda Arslan oğlunun, sonra isə Azərbaycanın şimalında Taycu oğlunun qiyamlarını (1297-1298) yatırdı və mərkəzi hakimiyyəti gücləndirdi. 1316- cı ildə 12 yaşlı Əbu Səid hakimiyyətə gəldi. Əbu Səidin atası Olcaytunun vəsiyyətinə görə onun hamisi olan, Sulduz qəbiləsinin başçısı Əmir Çoban faktiki hökmdara çevrildi. 1319-cu ildə Əbu Səid və Əmir Çobana qarşı üsyan baş verdi. Üsyançılar Sultaniyyə yaxınlığında Əbu Səid tərəfindən məğlub edildilər. Bu qələbəyə görə Əbu Səidə Bahadır ləqəbi verildi. Əbu Səid Əmir Çobanının sayəsində 1319-1325-ci illərdə Qızıl Ordu üzərində də qələbələr qazandı. O, 1335-ci ildə Azərbaycana hücum edən Qızıl Ordu xanı Özbəyi geri çəkilməyə məcbur etdi.
1335-ci ildə Sultan Əbu Səidin ölümü ilə Elxanilərin tənəzzülü başladı. Azərbaycan əhalisinin dəvətilə 1357-ci ildə 300 minlik ordu ilə Azərbaycana gələn Qızıl Ordu xanı Çanı bəy Hülakilər dövlətinə son qoydu. Öz oğlu Bərdi bəyi Azərbaycana hakim təyin edən Canıbəy Qızıl Ordaya qayıtdı. Azərbaycanda cəmi 7 ay hakimlik edən Bərdi bəy atasının ölüm xəbərini eşidərək, Qızıl Ordanın paytaxtına döndü.Hakimiyyət Əxicuq adlı monqolun əlinə keçdi.
1358 – 1359–cü illərdə Cəlairi Şeyx Üveysin yürüşləri nəticəsində Azərbaycan, 1340-cı ildə yaradılmış, paytaxtı Bağdad olan Cəlairilər dövlətinin tərkibinə qatıldı.
KƏRƏM MƏMMƏDOV.