"Bəzən soruşurlar ki, bu doğrudan AzTV-dir?"

 

Mən iki nəfəri gözləyirəm...
 

 

Diktorlar nəslinin ən son nümayəndəsiyəm...
 
Onu hər zaman başqalarından fərqləndirən yüksək efir mədəniyyətinə görə sevmişəm. Düz bir igidin ömrü qədərdir tanışlığımız, onu uzaqdan tanıyırıq. 29 ildir hər gün evlərimizin qonağı olur, AzTV ekranından insanları narahat edən problemlərə diqqət çəkir, müzakirəyə çıxarır. Söhbət, diktor, teleaparıcı Nailə Babayevadan gedir. Düşündüm ki, istiliyi, səmimiliyi, mədəniyyəti, yüksək intellekti ilə seçilən bu xanımla tanışlıq izləyicilərimizə də xoş ola bilər. Nailə xanımla müsahibəmiz maraqlı bir girişlə başladı.
 
- Açıq deyim ki, çox həyəcanlıyam. Bu günə qədər özüm proqrama qonaqlar dəvət edir, müsahibələr alırdım. Başqalarını təqdim edirdim, indi özüm barədə danışmaq bir qədər həyəcanlandırır.
 
- Yəqin ki, bu da işinizə qarşı böyük məsuliyyətinizdən irəli gəlir Nailə xanım. Nailə Babayevanı efirlərdən aparıcı kimi tanıdıq, sevdik. Amma əslində o kimdir, necə bir insandır bu barədə çoxlarının məlumatı yoxdur.
 
-  Özüm haqqında mühafizəkar deməzdim, amma klassik bir insandır deyərdim. Klassik düşüncə tərzim var. Ömrümü televiziyaya bağladığım üçün çox məmnunam. Bu günə qədər düşüncəmdən belə keçməyib ki, özümü hansısa başqa sahədə  təsəvvür edim. Bəlkə bu mənim taleyim, şansım idi. 1993-cü ildə müsabiqə yolu ilə Azərbaycan televiziyasına qəbul olundum. O zaman Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin dördüncü kursunda təhsil alırdım. Bu alın yazısıydı.  Heç vaxt təəssüflənmədim və mənə yenidən daha bir dəfə yaşamaq, seçmək şansı verilsəydi, yenə televiziyanı seçərdim. Məncə Tanrının verdiyi bu şansı dəyərləndirə bildim. Lap uşaqlıqdan arzum diktor olmaq idi. Dördüncü sinifdə oxuyardım bəlkə də, qəzetlərdən materialları kəsib ağ kağıza yapışdırır, mikrofona  bənzəyən oyuncağımı qarşıma qoyub diktorluq edirdim. Hər zaman Ofeliya xanımı, Şərqiyə xanımı, Roza xanımı izləyirdim. Xəyallarım idi, gerçək oldu.
 
- Niyyətin hara, mənzilin də ora deyiblər.
 
- Bəli. Qismət oldu. Televiziyanın elan elədiyi müsabiqəyə 3000 nəfər qatılmışdı, biz finala keçən bir neçə nəfər olduq. Sonradan mənimlə birlikdə qatılmış və qalib olmuş  2 qız tamamilə ayrı sahəyə getdilər. Mən demək olar ki, bu müsabiqədən sona qalan tək diktor oldum. Mən diktorlar nəslinin də son nümayəndəsi oldum. Ondan sonra yalnız aparıcılıq  üçün müsabiqələr elan elədilər. O zaman Roza xanım, Rafik Hüseynov, Sabir Ələsgərov məndən imtahan götürdülər. İki kəlmə danışırdım, “bəsdi” deyirdilər və mən özlüyümdə inciyirdim ki, niyə danışmağımı istəmirlər. Heç demə bəyənirlərmiş. Bu, Tanrının mənə açdığı yol idi.
 
- Qocaman diktorlarla görüşünüz olur? Onlar bizim nəslin insanları üçün çox doğma idilər və indi görməyib darıxırıq.
 
- Bəli. Ofeliya xanım radioya səsləndirməyə gəlir. Onun çöhrəsini görmək insana enerji verir. Heç dəyişməyib, həmin səs, həmin mimika, həmin mədəniyyət. Mən səliqə-səhmanı, ailəyə diqqəti o xanımlardan öyrənmişdim. Bizim diktorlar  otağımız var idi və bu otaqda onlar öz ailələrindən, gündəlik qayğılarından danışırdılar. Roza xanım evdə peçenye bişirirdi və mütləq işə gətirirdi. Onun evdəki səliqə-sahmanı o peçenyenin dadında, tamında, səliqəylə bükülüb, qablaşdırılmasında hiss olunurdu. Evə, ailəyə olan münasibəti də biz onlardan öyrənirdik. Onlar məktəb idilər.
 
- Efirə ilk çıxışınız, ilk apardığınız proqram hansı idi? Yəqin ki, böyük həyəcan var idi.
 
- Bəli, həyəcansız olarmı? İlk efirimdə Azərbaycan və rus dillərində proqram oxudum. O zamanlar  gündə bir neçə dəfə televiziya verilişlərinin proqramı təqdim edilirdi. Sonra xəbərlər redaksiyasında efirə çıxdım və uzun müddət, 20 ilə qədər xəbər oxudum.
 
- Adətən,  üzdə olan, karyerasının arxasınca gedən və daha çox efirlərdə görünən  xanımlar deyirlər ki, “karyera və şəxsi həyat arasında  seçim etməli oldum, qurbanlar verdim”. Sizin taleyinizdən bu xətt keçib?
 
-  Yox. Əksinə, məncə xanımların gücü ondadır ki, ailəsini də, işini də eyni zamanda yürüdə bilirlər. Məncə xanımlar mütləq şəkildə təhsil almalı işləməlidirlər. Bu, onlara güc verir. Yeni, güclü bir nəsli,  cəmiyyət üçün yararlı övladları ağıllı, təhsilli, güclü, öz ayaqları üstündə dayanan qadınlar yetişdirirlər. Mənim ailəm, həyat yoldaşım qarşıma  sədd çəkmədi. Həyat yoldaşım hər zaman məni dəstəklədi, bir dəfə dedi ki, “mən səninlə fəxr edirəm”. Bu söz mənə güc verdi və mən bütün fəaliyyətim boyu onun bu sözlərinə layiq olmağa, doğrultmağa çalışdım. Həyat  yoldaşının xanımına dəstək olması vacibdir.
 
- Söz düşmüşkən, bir qədər də ailəniz barədə danışmanızı istərdim. 
 
- Ailəm həyat yoldaşım və iki oğlumdan ibarətdir. Həyat yoldaşım və böyük oğlum pilotdurlar. Yoldaşım Azərbaycan Hava Yolları Dövlət Konsernində pilot vəzifəsində çalışır. Oğlum da onun yolunu davam etdirdi, bu, bəlkə ailə mühitindən irəli gəldi. Mənim yoldaşımı yola salmaq və onun yolunu gözləmək kimi ənənəm olub illər boyu. O, təyyarədən  düşən kimi, “narahat olma çatdım” deyirdi  və ürəyim rahatlanırdı. İndi mən iki nəfəri gözləyirəm.  Oğlumu və atasını. Onların enən kimi, “mən artıq Bakıdayam” deməkləri mənə dünyanı bağışlayır. Və mən indi qayınanamın hansı hisslər yaşadığını gözəl anlayıram. Bir zamanlar o da mənim kimi öz oğlunun yolunu eyni  narahatlıqla  gözləyirdi və biz indi onunla eyni hissləri, məsuliyyəti paylaşırıq. Kiçik oğlum Estoniyada magistraturada təhsil alır. Tərcüməçidir. Fransız, ingilis dillərini mükəmməl bilir. Təhsilini başa vurub gəldikdən sonra hərbi xidmətə gedəcək və yəqin ki, mənim intizarıma əsgər anasının intizarı da əlavə olunacaq.
 
- Nailə xanım, dediniz ki, klassik düşüncələriniz var. Sizin fikrinizcə, ailənin xanımı, anası necə olmalıdır?
 
-  Qadın zərif görünsə də, əslində çox güclüdür. Bizim fiziki gücümüz kişilərinki qədər olmasa da,  düşüncə, mənəviyyat baxımından, daxilən çox  güclüyük. Qadın ailəni dağıda da  bilər, qura da bilər. Qadının sevgisi, hənirtisi bəs edir ki, ailəsini qoruyub saxlaya bilsin. Bizim ailəmizdə tək qadın mənəm, bəlkə buna görə mənə belə gəlir. Lakin əminəm ki, istənilən qadın həm problemləri həll edə bilər, həm də problem yarada bilər. Tarixə nəzər salsaq, bütün önəmli hadisələrdə, müharibələrdə qadınların həlledici rolunu görə bilərik. Savaşları kişilər aparıb, amma savaşların başlamasında və bitməsində rol qadınlara məxsus olub.
 
- Kişilər başdılar, lakin qadın da boyundur. Kişinin hansı istiqamətə baxması qadından da asılıdır.
 
- Bəli. Tək kişi çox şeyə nail ola bilər. Öz imkanalrı, öz soyuq düşüncələri hesabına. Amma harmoniya olmayacaq. Qadının sevgisi, mərhəməti, ağlı harmoniya yaradır. Təbiət bizi yalnız yaratmayıb.
 
- Nailə xanım, bu gün telekanalların bir çoxunda ailə-məişət problemlərini qabardan proqramlar efirə çıxır. Demək lazımdır ki, izləyiciləri də az deyil. Belə proqramlarda ailədaxili qalmaqallar, dava, söyüş, acı tale nə desən tapmaq olur. Bu kimi verilişlərin efirə çıxmasına necə baxırsınız? Efir problemləri həll edir?
 
- Bilirsinizmi, məncə belə proqramların verilməsi lazımdır. Tok-şouların əleyhinə deyiləm. Həddində hər hansı bir nümunəni təqdim etmək effekt verir. Bu, bir növ bizlər üçün şükranlıqdır. Baxırsan ki, həyatda nələr var nələr. Necə problemli, necə müxtəlif xarakterli insanlar ortaya çıxır. Ya başa düşmək istəmir, ya başa sala bilmirlər, yəni anlayırsan ki, sadəcə soyuq şəkildə qayda-qanunların tərtibi ilə onların problemlərini həll etmək olmaz. Və yaxud bir gəncə yüz dəfə “narkomaniyadan uzaq dur”,  “narkomaniyaya yox deyək” kimi şüarlar deməkdənsə, ona bir dəfə narkomanın həyat tərzini göstərmək, bu həyatın gətirdiyi çətinlikləri narkomanın öz dilindən eşitmək daha yaxşı nümunə olar. Odur ki, belə verilişlərin olmasının əleyhinə deyiləm. Sözsüz ki, söyüşlərin, hədyanların əleyhinəyəm.
 
- Deyirlər, 100 il yaşa, 100 il öyrən. Söz yox ki, illərin təcrübəsi var.  Mükəmməl şəkildə təqdimatlar edirsiniz. Amma yenə nələrsə öyrənirsiniz? Məsələn, xarici  kanallardan yeni nələrsə  görüb-götürmək həvəsi var?
 
-  İlhamə xanım, bunsuz olmaz. Mən bunu özüm də edirəm, gənclərə də məsləhət bilirəm. Həm xarici, həm yerli kanalları izləyirəm. Yaxşını pisi  seçmək, məlumatlı olmaq üçün.
 
-  Bir teleizləyici kimi, əksər teleaparıcıların danışıq tərzlərindəki qüsurlar məni qıcıqlandırır. Məsələn, proqram  təqdim edən aparıcı bir cümlədə 4-5 dəfə “məhz”, “elə buna görə” və s. kimi ədatlardan istifadə edir. Təəssüf ki, tez-tez qarşımıza çıxır belə hallar. Bu anlamda gənclərə hansısa tövsiyələriniz olur və ya bur?dan tövsiyə vermək istərdinizmi?
 
-  Mən əslində tənqidin yox, dəstək verməyin tərəfdarıyam. Biz də gənc olmuşuq. Uzun yol keçməlisən ki, səndən yaxşı mütəxəssis, kadr alınsın.  Qısa yolla populyarlaşmaq olar. Amma bu hələ sevilmək və mükəmməl olmaq demək deyil. Mütaliə vacibdir. Klassik və modern üslublarda kitabları həm oxumaq, həm də dinləmək lazımdır. Elə cümlələr, sözlər var ki, dilimizə xarici dillərdən keçir və onları işlətmədən fikri tam dolğun ifadə etmək olmur. Zaman içində qüsurlar düzəlir. Əsas  odur ki, öz üzərində işləmək həvəsi olsun.
 
- Özünüz hansı tipli proqramları izləməyi sevirsiniz?
 
- Sənədləşdirilmiş tarixi proqramları, sənədli verilişləri izləməyi sevirəm. Belə verilişlərə baxarkən, sözün həqiqi mənasında dincəlirəm.
 
- “Çıxışa doğru” proqramını aparırsız və sosial problemləri işıqlandırırsınız. Heç olubmu, küçədə tanıyanlar,  qonşular və ya sıradan insanlar yanaşsınlar, öz problemlərini sizə danışsınlar, kömək istəsinlər?
 
- Çox olub. Bəzən küçədə qarşımı kəsən insanlar heç ağlımızdan keçməyən mövzular təklif edirlər. Çox zaman bu adamları canlı efirə qoşuruq. Biz bütün bu mövzuları, təklifləri diqqətə alırıq, onları proqramlarımıza dəvət edirik. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, bir çox problemlərin həllinə kömək edirik. Bu yaxınlarda iki qazimizin problemini həll edə bildik. Redaktorumuz Faizə xanımla sevincimizin həddi yox idi. Kiminsə dərdinə çarə tapmaqda bizim əməyimiz olmuşdu. Bir çox ekspertlər, jurnalistlər “Çıxışa doğru” proqramına gələrkən heyrət edirlər ki, AzTV bu problemləri belə açıq-aşkar işıqlandırır? Bəzən soruşurlar ki, bu doğrudan AzTV-dir?
 
-  Nailə xanım, sosial şəbəkələr, internet televiziya və qəzetlərin işini bir xeyli sıxışdırıb. Necə düşünürsünüz, televiziyalar sosial şəbəkələrlə yarışa çıxmalıdırlar, ya elə özlərinin əvvəlki “ağsaqqal” mövqelərini qorusalar yaxşıdır?
 
- Məncə televiziyalar sosial şəbəkələrlə rəqabətə çıxmamalıdırlar. Öz konsepsiyaları olmalıdır və reytinq, tamaşaçı  qazanmaq xatirinə öz çəkisindən güzəştə getməməlidirlər. Televiziyanın öz tamaşaçısı artıq var. Azdır, çoxdur, hər nədir öz auditoriyası var. Bizim hər birimizin evində mütləq televizor var və hər kəs hələ bu sehrli qutunun təsirinə düşə bilir.
 
- Sözsüz ki, illər ərzində AzTV-də müəyyən yenilənmələr, müasirləşmələr oldu. Necə düşünürsünüz, illər öncəki AzTV, yoxsa indiki müasir AzTV?
 
-  Əlbəttə indiki AzTV. Kaş o zamanlar da indiki imkanlar olsaydı. Daha keyfiyyətli, daha fərqli proqramlar araya-ərsəyə gətirmək mümkün olaydı. Get-gedə daha da yaxşı olacaq. Nikbin yanaşıram.
 
- Çox gözəl xanımsınız. İllər sanki sizdən heç nə aparmayıb. Yəni iki gənc oğul anası olmanıza inanmaq olmur. Gənclik və gözəllik sirriniz nədədir?
 

 

-  İnanın ki, bu böyük zəhmət bahasına başa gəlir. Bilirsiniz ki, hər bir xanım gənc və gözəl görünmək üçün müəyyən toxunuşlar edir. Mən kosmetik prosedurların əleyhinə deyiləm. Müasir texnologiyalar  imkan verir ki, xarici görünüşümüzə diqqət edək. Özümüzə yaxşı qulluq göstərə bilək. Dərəcəsini aşmadan. Öz təbiiliyini qorumaq şərtilə, mən kosmetik prosedurların, əməliyyatların tərəfdarıyam. Vitamin kompleksləri, müəyyən mezoterapiyalardan istifadə edirəm. Əsas odur ki, işinin peşəkarı olan yaxşı kosmetoloqla işləyəsən. Ən birinci sağlamlıqdır. Sağlamlığa ziyan vurmadan, gözəl və təravətli qalmaq olar. Hər bir xanıma gözəllik arzu edirəm. (yeniazerbaycan.com)






Fikirlər