"AzerTaym.az" İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Teleqraf.com-a müsahibəsini təqdim edir.
– Əkrəm bəy, əvvəla sizi iki dəfə İstanbul Böyükşəhər Bələdiyyə sədri seçilməyiniz münasibətilə təbrik edirik. Artıq 2 aydan çoxdur ki, bu vacib postda təmsil olunursunuz. Nələr hiss edirsiniz, iki aylıq qısa bir müddətdə İstanbul əhalisi üçün nə edə bilmisiniz?
– İstanbul əhalisinin, dəyərli həmşəhərlilərimin üç ayda iki dəfə məni sədr seçməsi böyük xoşbəxtlikdir. Biz də söz verdiyimiz kimi, qollarımızı çırmalayıb yola çıxmışıq. Təbii ki, şərtlərə uyğun olaraq, bəzi problemlərin yaşanmaması mümkün deyil. Onları da həll edirik, edəcəyik. İstanbul dünyanın ən böyük və ən sevimli şəhərlərindən biridir.
Belə bir şəhərin bələdiyyə sədri olmaq hər şeyi təkbaşına həll etmək mənasına gəlmir. Onsuz da bu, mənim fəlsəfəmdə yoxdur. Tamamilə əksinə, belə bir dünya şəhərini geniş heyət, ortaq ağıl və ən demokratik şəkildə idarə etməliyik. Bunları bacaracağıqsa, işimiz də asanlaşacaq. Bu istiqamətdə əvvəla, birlikdə çalışacağımız, eyni təfəkkürlə yol gedəcəyimiz dostlarımızı seçib vəzifəyə gətirdik. İndi onların da sürətlə bu prosesə daxil olması dönəmindəyik, xeyli məsafə qət etdik.
Martın 31-də sədr postunda olduğum 18 gündə gördüyümüz işləri ikinci dəfə seçildiyimiz vaxtdan – iyunun 27-dən etibarən davam etdiririk, yarımçıq qalan işləri tamamlamışıq. İndi də sürətlə davam edirik.
İstanbul Böyükşəhər Bələdiyyə sədri kimi fəaliyyətə başlamağımızın iki ayı tamam oldu. Bu müddətdə İstanbulun problemləri ilə bağlı işlər görmüşük. Bunlardan biri metro və nəqliyyatdır. Bundan başqa inşaatın sürətləndirilməsi, mövcud strukturların səmərəli fəaliyyəti üçün lazım olan nə varsa, həyata keçirildi. Qurumlara baş çəkərək, tikinti sahələrini gəzərək, görüşlər vasitəsilə məlumat toplayaraq, hədəflərimizi müəyyənləşdirdik. Düzü, indi fikirləşəndə 60 günə sığışdırılması çətin olan işlər görmüşük. Həftə sonları və tətillərdə metro və avtobusların 24 saat işləməsindən tutmuş heyvan sığınacaqlarında iş rejiminin gücləndirilməsinə, universitetlərdə tələbələrlə görüşməkdən siyasi partiyaların İstanbul idarəçilərinin şəhərlə bağlı fikirlərini öyrənməyə, qaçqın problemindən dini kəsimin tələblərini qarşılamağa, 16 milyon istanbullunun daha ucuz və sağlam qidalanması üçün görülən işlərdən bu məqsədlə 10 böyükşəhər bələdiyyə sədri dostumla bir masada əyləşib qərar qəbul etməyə, mədəni tədbirlərdən kütləvi toplantılara, bu şəhərin ən böyük avtovağzalının bərbad vəziyətinə son qoyub bələdiyyənin öhdəliyinə götürülməsindən tutmuş quracağımız həyat vadilərini şəxsən gəzib işləri sürətləndirməyə, tullantı problemindən, bir-birindən gözəl, amma boş meydanların xalqın xidmətinə verilməsindən başlamış bu şəhərin güclü kimliyini daha da gücləndirəcək layihələr həyata keçirməyə, sel və daşqınların vurduğu ziyanları qarşılamaqdan açılan yaraları bağlamağa, bu şəhərin insanları üçün istifadəsi lazım olan pulların axıdıldığı yanlış məcraları müəyyənləşdirib oraya gedən qaynaqları bələdiyyə büdcəsinə yönəltməyə qədər və daha saya bilmədiyim bir çox sahədə iş gördük, layihələr həyata keçirdik.
Təbii ki, bunlarla kifayətlənməyəcəyik, qabaqda görəcəyimiz çox işlər var. Hər gün bu məqsədlə vəziyyəti dəyərləndirəyəcəyimizə heç kəsin şübhəsi olmasın. Hətta azərbaycanlı qardaşlarımız da bizi, gördüyümüz işləri yaxından izləsin, əskik gördükləri nə isə olarsa, xəbərdarlıq etsin ki, biz də doğru istiqamətə yönələk.
– Seçki kampaniyanızı izlədik. Xüsusilə, seçkilərin ləğvindən sonra başlatdığınız kampaniya Türkiyə tarixinə düşdü. Uğur qazanmağınıza hansı faktorların təsiri oldu, nailiyyətinizin arxasındakı sirr nədədir?
– Sadəcə, doğru olanı etdim, yəni siyasətçi kimi xalqa barmaq silkələmədim, qəlbimi açdım. Pis söz demədim, sevgimi göndərdim, özgə münasibət göstərmədim, dualarını qəbul elədim, mənimlə birgə həyəcanlandılar, sevgilərini nemət bildim. Həqiqətən, bundan o tərəfi o qədər də vacib deyil.
16 milyon istanbullu həmşəhərlilərimlə çox gözəl dil tapdıq, ürəklərimiz birgə döyündü, bir-birimizin əlini sıxdıq, sevgimizi bölüşdük. Bunu edə bildik ki, 16 milyon istanbullu bizə inandı, əvvəlcə 31 martda, sonra 23 iyunda. İyunun 23-də haqsızlığa qarşı böyük bərabərlik nümayiş etdirdik, başqasının haqqını yemədiyimiz kimi haqqımızı da yedirtməyəcəyimizi göstərdik.
Demokratiyanı aradan qaldırmaq, millətin seçimini yoxa saymaq istəyənlərə bu yola bir daha əsla əl atmamaları üçün dərs verdik. Bunu düz 16 milyon insanla birlikdə etdik. Budur bizim bu 16 milyonla ortaqlaşdırdığımız və mənim "yeni nəsil siyasət və yeni nəsil yerli idarəçilik” dediyimiz anlayışı əsas götürərək uğur qazandıq. Gözəl danışdıq, gözəl anlaşdıq. Nə edəcəyimizi olduqca gözəl izah elədik, layihələrimiz barədə fikir mübadiləsi apardıq, dava etmədik. 16 milyon istanbullu da bizi belə qəbul elədi, dəstəyini əskik etmədi.
Onlara nə qədər təşəkkür etsəm, azdır. Hər şeyi, hamımız birlikdə çox gözəl etdik. Bundan sonra da heç kəs aramıza girməyəcək. Biz bütün həmşəhərlilərimizlə birlikdə şəhərimizi ən gözəl şəkildə idarə edəcəyik.
– İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə seçkilərin nəticələri Azərbaycanda da maraqla qarşılandı. Heç Azərbaycanda olmusunuz? Qarşıda Bakıya səfəriniz gözlənilirmi? İstanbulda təhsil alan, işləyən minlərlə azərbaycanlı var. Onların problemləri ilə tanış olmaq, təmsilçiləri ilə görüşmək imkanınız olubmu?
– Təbii ki, Azərbaycanda olmuşam. Azərbaycanı və azərbaycanlı dostlarımızı çox sevirəm. Artıq İstanbul Böyükşəhər Bələdiyyə sədriyəm. Sizin vasitənizlə xəbər vermək istərdim, xaricə ilk səfərlərimdən biri də Azərbaycana, Bakıya olacaq. Gələcəyəm, qucaqlaşacağıq, söhbət edəcəyik. İnanın, böyük bir həyəcanla o günü gözləyirəm, yəqin, təsəvvür edə bilirsiniz, burada işlərimiz çox gərgindir, gediləcək çox uzun yolumuz var. Ən qısa vaxtda işlərimizi yoluna qoyub Bakıda olacağam, indidən xəbər verim.
Azərbaycanlı qardaşlarımız, dostlarımla həmişə görüşürük, əlaqə saxlayırıq, onlara qapımız hər zaman açıqdır. Mən aramızda məsafə görmürəm. Bu gözəl şəhər bütün azərbaycanlı qardaşlarımız üçün hər şey etməyə hazırdır. Tələbələriniz bizim övladlarımızdır, bir problemləri olarsa, Əkrəm İmamoğlu buradadır, bilsinlər. Onsuz da biz də onlarla lazımi təmaslar qururuq, narahat olmayın.
Bu səbəbdən analarına, atalarına "Övladlarımız bizə əmanətdir, onların təhsilini başa çatdırıb ölkələrinə faydalı, sizlərə xeyirli övladlar olmaları üçün əlimizdən nə gəlirsə edəcəyik, heç şübhəniz olmasın” deyə çağırış etmək istəyirəm.
– Cümhuriyyət Xalq Partiyasının təmsilçisi kimi partiyanızın Türkiyənin Azərbaycanla bağlı siyasəti, xüsusilə Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağın azad edilməsi üçün hansı təklifləri var?
– Üzvü olduğum Cümhuriyyət Xalq Partiyası Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünə zidd hesab edir. Bu siyasət ilk gündən bəri dəyişməyib. Partiyam Azərbaycan siyasətini dəstəkləyir. Türkiyənin bütün beynəlxalq forumlarda Azərbaycana verdiyi dəstəyi partiyamız eynilə müdafiə etməkdədir.
Ümid edirəm ki, bu haqsızlığa ən qısa zamanda son qoyular və Azərbaycan ona edilən haqsızlığı aradan qaldıraraq öz yolunu daha güclü şəkildə davam etdirər. Buna heç şübhəm yoxdur.
– İstanbulun qaçqın probleminin olduğu iddia edilir. Türkiyədə qonaq olan suriyalıların sayı qarşıdakı dönəmdə ölkə üçün problem yarada bilərmi? Sosial mediada və müxtəlif platformalarda artıq misafirliyin bitməsinin vacibliyi qeyd olunur. Bununla bağlı fikirləriniz nədən ibarətdir?
– Doğrusu, belə bir problemimizin olması göz qabağındadır. Mən də məsələnin fərqindəyəm və problemin daha xaotik olmaması və ağrısız həlli üçün əlimdən gələni etməyə çalışıram. Təəssüf ki, bizdən əvvəlki idarəçilər İstanbulda bir milyon qaçqın olmasına rəğmən, bir kəlmə belə deməyib, bir addım belə atmayıb. Mənim gördüyüm ilk işlərdən biri də bələdiyyədə Qaçqın Masası qurmaq idi. Son hazırlıq işləri başa çatır, bu masa fəaliyyətə başlamaq üzrədir. Qaçqınlarla bağlı bütün məsələlər bu masa ətrafında toplanacaq maraqlı tərəflərlə müzakirə ediləcək, nəticə əldə olunacaq. Təbii ki, həllin yerli hakimiyyətdə olmadığını, mərkəzi hökumətdə olduğunu bilərək bunları söyləyirəm.
Biz bələdiyyə kimi bu qaçqınların problemlərinin aradan qaldırılması, onların bu gün burada təhlükəsiz gələcəyə doğru irəliləməsi, amma son və ən təhlükəsiz seçim kimi vətənlərinə qayıtması üçün iş görməyi olduqca vacib sayırıq. Təbii ki, bu qərarları biz təkbaşına qəbul etməyəcəyik, tərəflərlə mütləq görüşəcəyik, fikir mübadiləsi aparacağıq. Lakin hamı da qəbul etməlidir ki, qaçqınlar qonaq olduqları ölkədə bəlli qanunlar çərçivəsində davranış nümayiş etdirməlidir.
Məsələn, dünyanın heç bir ölkəsində qaçqınlar ölkənin hər tərəfinə səpələnməyib. Bəlli və qeydiyyatda olduqları bölgələrdə yaşayırlar. Bizdə isə qeyri-qanuni, qeydiyyatsız yaşayış çox yayğındır. Bundan da ən çox qaçqınlar ziyan çəkir, xüsusilə qadınlar və uşaqlar…
Buna son verməyin yolu məsələ ilə əlaqədar sağlam və ortaq müzakirə aparmaq və çıxış yolu tapmaqdır. Biz bunun təkcə Türkiyənin problemi olmadığını, beynəlxalq miqyas daşıdığını çox gözəl bilirik. O səbəbdən mənim və yoldaşlarımın ilk məqsədlərindən biri də bu mövzunu milli və beynəlxalq platformalarda gündəmə gətirmək, problemi müzakirə etmək, həllini tapmaqdır.
Problemi beynəlxalq ictimaiyyətlə birlikdə həll etməliyik ki, bu insanlar ölkələrinə sağlam və təhlükəsiz şəkildə qayıda bilsinlər. Bu gün bunu etməsək, sabah başqa yerlərdə və digər ölkələrdə də çox mənfi nümunələrlə qarşılaşacağıq. Dünya bu problemi həll etməyə qadirdir, bunu bacarmaldır, bacaracağına da inanıram. Mən də bacardığım qədərilə töhfə verməyə hazıram. Çünki təkrarlamaq istəyirəm, problemi bu gün həll etməsək, sabah daha çox əziyyət çəkəcəyik.