Eldar Namazov: “Azərbaycan istədiyi an MÜHARİBƏYƏ başlayıb qalib gələ bilər”
“Vaxtı keçmiş silahlarla ermənilər bizə hədə-qorxu gəlmək istəyirlər” Son 3 ayda Azərbaycan və dünya siyasətində ciddi proseslər gedir. Aprel döyüşləri ilə ölkəmiz Dağlıq Qarabağ probleminin həlli istiqamətində önəmli üstünlük əldə etdi. Azərbaycan ordusunun qazandığı uğurlar, prezident İlham Əliyev və Serj Sərkisyan arasında qısa müddətdə keçirilən iki görüş bunu sübut etdi. Tanınmış politoloq, “Azərbaycan Naminə” İctimai Forumunun prezidenti Eldar Namazovla Azərbaycan və dünyada gedən son prosesləri dəyərləndirdik. - Apreldən başlayaraq Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələr Azərbaycanı qane edirmi? - Azərbaycan və Ermənistan prezidentləri artıq iki dəfə görüşüblər. Aprel döyüşlərindən sonra sizin qəzetdə silsilə müsahibələrim oldu. Hərbi və diplomatik baxımdan yaranmış vəziyyəti dəyərləndirdim. O vaxt dediklərim hesab edirəm doğru idi və sözlərim qüvvəsində qalır. O dövrdən bu yana dəyişən o oldu ki, guya nüvə silahının olması ilə bağlı Ermənistanda hərbi sahədə kampaniya aparıldı. Raketlərlə bağlı da kampaniyanın şahidi olduq. Bu silahlar sovet dövründə istehsal olunub. Ermənilər raketlərlə rəqib tərəfi dağıdacaqlarını deyirdilər. Bu, Hitlerin sovet ordusu Berlini tutarkən yerin altında gizlənib sehrli silahın kəşf olunacağına və bu yolla SSRİ-ni məğlub edəcəyinə olan ümidinə bənzəyirdi. Məğlub olan ermənilər belə illüziyalara qapıldılar. Çirkli silahlar bütün dünyada monitorinq aparılan təhlükələrdən biridir. Bunu daha çox terrorçu qruplardan gözləyirlər. Nüvə silahının terrorçuların əlinə keçməməsinə çalışırlar. Amma bunu bir dövlət açıq şəkildə deyərsə, o dövlət ciddi təzyiqlərə məruz qala bilər. Ona görə də erməni tərəfi bunu müxalifətin dili ilə dedi. Çünki təhlükə olarsa, sığortalana biləcəklər. Bu çirkli silahların müharibənin gedişinə təsir edəcəyini düşünmürəm. Sadəcə, şüalar nəticəsində bəzi xəstəliklər meydana çıxa bilər. Terrorçular istifadə edə bilərlər, amma dövlət yox. Belə olarsa, Azərbaycana tam haqq verilər ki, düşmən ölkəni darmadağın etsin. Buna görə ermənilərin bəyanatları mənasızdır. Raketlər sovetlər dönəmində ən uğursuz silah sayılırdı. Hətta istehsalı da dayandırılmışdı. Bu silahların istifadə müddəti 22 ildir. 2010-cu ildən artıq bu silahlar təhvil verilməli idi. İndiki zamanda bu silahlardan istifadə etmək həmin dövlət üçün təhlükəlidir. İraq müharibəsində Səddam Hüseyn ordusu bu silahlardan yüzdən çox atəş açdı ki, onlardan yalnız biri hədəfə dəydi. Nəticədə 100-dən çox Amerika əsgəri həlak oldu. Vaxtı keçmiş silahlarla ermənilər Azərbaycana hədə-qorxu gəlmək istəyirlər. Hərbi balansı artıq ermənilər özü etiraf edirlər. Erməni ekspertlər deyirlər ki, Azərbaycan ordusu istədiyi an müharibəyə başlayıb qalib gələ bilər. - Diplomatik siyasətimiz necə, qənaətbəxşdirmi? - 1994-cü ildən Azərbaycanın diplomatik siyasətini daim mətbuatda müdafiə etmişəm. Mövqeyim bu olub ki, hər bir diplomatın arxasında real güc olmalıdır. O zaman diplomat istədiyinə nail ola bilər. Əks təqdirdə diplomatlardan möcüzə gözləməyə dəyməz. İndi vəziyyət aprel döyüşlərindən sonra dəyişib. Ordumuz beynəlxalq aləmə gücünü göstərdi. Diplomatiyamıza ciddi uğur qazanmaq üçün şanslar yarandı. Prezidentlərin son görüşləri və Minsk qrupunun açıqlamaları, açığı, məndə narahatlıq doğurur. Aprelə qədər iki mövqe var idi. Birinci, düşmənə ciddi təzyiq etməməklə bağlı idisə, ikinci, status-kvonun dəyişməsi tələbi idi. Mesajın biri Azərbaycana, digəri ermənilərə yönəlmişdi. Azərbaycana torpaqların sülh yolla geri qaytarılması mesajı var idi. Ermənilərə isə torpaqlardan çıxmayınca müharibənin qaçılmaz olması mesajı verilmişdi. Prezidentlərin son görüşlərindən sonra balans artıq pozulur. Sülh variantı yenidən gündəmə gətirilir, monitorinq variantı ortaya atılır. NATO sammitində Azərbaycan rəsmiləri və prezident status-kvonun dəyişməsinə toxundular. Amma torpaqlar azad edilməyincə, sülh danışıqlarının mənasız olması ilə bağlı da mesajlar verildi. Minsk qrupunun bəyanatında təzyiq etməyin mümkünsüzlüyü açıq şəkildə qeyd olunur. Düşünürəm ki, bizi burada təhlükələr gözləyir. Azərbaycanın hərbi üstünlüyünü diplomatik yolla əvəzləməyə çalışırlar. Bu yolverilməzdir. Burada diplomatlarımız daha sərt mövqedən çıxış etməlidirlər. Torpaqlar azad olunmayınca, Azərbaycanın ikinci dəfə hərbi əməliyyatlara başlayacağı mesajı beynəlxalq aləmə verilməlidir. Hesab edirəm ki, nə qədər beynəlxalq aləm Qarabağ məsələsinə vacib gözlə baxmasa, ikinci dəfə Azərbaycanın hərbi əməliyyatlara başlaması aktuallaşacaq. Ermənilər həyasızcasına deyirlər ki, Rusiya onları müdafiə etmədi. Beynəlxalq ekspertlər dəfələrlə deyiblər ki, Qarabağ məsələsi Kollektiv Təhlükəsizlik Təşkilatına aid məsələ deyil. Ermənilərin bu birlikdə olmaları daxildə və xaricdə təbliğat aparmalarına imkan verir. Azərbaycan ikitərəfli müqavilələr imzalayaraq, ermənilərin bu imkanlarını yox etməlidir. Belə müqaviləni Rusiyaya belə təklif etmək olar. Müqavilələrdə hərbi məsələlərdə əməkdaşlıq nəzərdə tutulmalı, ərazi bütövlüyünün tanınması məsələsi ortaya qoyulmalıdır. Belə sənədlər sovet dövründə dostluq xarakteri daşıyırdı. Əgər Belarus və Qazaxıstana belə müqavilə təklif etsək, anındaca qəbul edərlər. Rusiyanın belə müraciətə necə cavab verəcəyi maraqlı olar. Çünki ermənilərin bunu necə qarşılayacaqlarını təxmin etmək olar. Qeyd etdiyim amillər reallaşmasa, ikinci dəfə müharibənin başlaması qaçılmaz olacaq. “Türkiyənin Rusiya ilə yaxınlaşması Ərdoğanın düzgün siyasəti idi” - Böyük Britaniyanın Avropa Birliyindən gedişi sizin üçün gözlənilən idi? - Böyük Britaniya Avropanın bir parçasıdır. Siyasi baxımdan Britaniya hökumətinin tutduğu mövqe Fransa və Almaniyada daim narazılıq yaradıb. Bu dövlətlər hesab edirlər ki, Britaniya Avropada inteqrasiya prosesinə mane olan ölkədir. İngilislərin daha çox ABŞ-la inteqrasiyaya üstünlük verdiyi düşüncəsi var. Bu baxımdan Britaniya Avropa İttifaqına yamaq kimi görünürdü. Bu ayrılmanın baş verməsi deməzdim ki, arzuolunan idi. Amma mümkün olan variantlardan biri idi. Bu proses Britaniyaya daha böyük zərbə vurdu, nəinki Avropa Birliyinə. Şotlandiya və Şimalı İrlandiya krallıqdan çıxmağa daha yaxındırlar. Buna meyil edirlər. Onların əllərinə əsas düşdü ki, krallığın tərkibində qalmaqla bağlı referendum keçirəndə Britaniyanın Avropa İttifaqında olmasına daha çox üstünlük vermişdilər. Bu prosesin birliyə də ziyan vuracağı istisna olunmur. Gec-tez bu ayrılma baş verməli idi. Bu baxımdan bu qərarı soyuqqanlı qarşılamaq lazımdır. Böyük bir faciə baş vermədi. Sadəcə hər iki tərəfə müəyyən problemlər yarandı. Bunlar aradan qalxandan sonra ittifaq inteqrasiya prosesini daha sürətlə apara biləcək. - Almaniya, ardınca Fransada “erməni soyqırımı” ilə bağlı ciddi qərarlar qəbul edildi. Roma Papasının Ermənistan səfəri də bu ərəfədə baş tutdu. Bunlar təsadüfdürmü? - Bu, sırf siyasi məsələdir. Aydındır ki, soyqırımı barədə beynəlxalq konvensiya var. Bundan əziyyət çəkən xalq beynəlxalq tribunala müraciət edir. Amma ermənilər bunu etməyiblər. Türkiyənin arxivlərin açılması təklifinə də cavab verilmir. Öz lobbiləri vasitəsilə Avropada bu tipli qərarların qəbul edilməsinə çalışırlar. “Erməni soyqırımı” ilə bağlı heç bir beynəlxalq tribunal olmayıb, qərar da çıxarılmayıb. Avropa ölkələri vaxtı ilə erməniləri Osmanlı imperiyasına qarşı üsyana təhrik edir, silahlar və vədlər verirdilər. Nəticədə ermənilər arxa cəbhədə üsyan qaldırdılar və özlərini fəlakət qarşısında qoydular. İndi ermənilər bunun hesabını həmin ölkələrdən çıxırlar ki, bizi qırdırmısınız, heç olmasa bəyanat qəbul edin. Hazırda bu məsələdə fəallıq göstərən ölkələr vaxtı ilə erməniləri üsyana təhrik edən dövlətlərdir. Bu gün ki siyasi mühitdən də çox şey asılıdır. Türkiyəyə görə bu qondarma soyqırım gündəmə gətirilir. Amma beynəlxalq tribunal olmadığına görə, bu bəyanatların siyasi yükü yoxdur. Sadəcə bu kartdan istifadə edirlər. - Türkiyə-Rusiya arasındakı gərgin münasibətlər qısa müddətdə çözüldü və həmin ərəfədə qardaş ölkə növbəti dəfə terrorla ürəyindən vuruldu. Aparılan siyasətin nəticəsi idi? - Hər iki ölkə arasındakı münasibətlər heç vaxt yumşaq olmayıb. Bundan sonra da olmayacaq. Məlum təyyarə məsələsi də bunu sübut edir. Düzdür, Türkiyə bu addımı atmağa məcbur idi. Türk təyyarəsi belə hərəkət etsəydi, ruslar dözməzdilər. Türkiyənin Rusiya ilə yaxınlaşması, düşünürəm ki, siyasi baxımdan Ərdoğanın düzgün siyasəti idi. Eyni vaxtda həm Avropa, həm Rusiya, həm də Suriya ilə müharibə aparmaq qeyri-mümkündür. Çünki Avropa müəyyən mənada iç üzünü Türkiyəyə qarşı açdı. Hər iki ölkə arasında münasibətlər düzələn kimi Avropa öz təzyiqlərini Türkiyəyə qarşı gücləndirdi. Türkiyə bu proseslərdə özünü qorudu. Əksəriyyət deyir ki, Türkiyə həlak olan pilotun ailəsindən üzr istəyib. Türkiyə addımının səhv olduğunu heç vaxt bəlli etməyib, indi də belə oldu. Son yaxınlaşmadan daha çox sevinən Rusiyadır. Artıq ruslar Antaliyaya axışırlar. Rus kanallarının birinə baxırdım. Özünü rusların nümayəndəsi sayan erməni deyir ki, onlar bizim təyyarəmizi vurublar, biz niyə Antaliyaya tökülüşürük, vətənpərvərlik harda? Bunu rusları qınayan erməni deyir. Bu baxımdan gördüyüm budur ki, Rusiya Türkiyə ilə münasibətlərin düzəlməsindən daha çox sevinir, buna daha çox meyilli görünür. Türkiyə burada bir çox amilləri nəzərə alıb. Hesab edirəm ki, Suriya məsələsində hər iki ölkə arasında müəyyən razılıq var. Bəşər Əsədin taleyi məsələsində razılıq əldə olunub ki, gərgin münasibətlər düzəldi. - Dünyanın gözü Amerikadakı seçki kampaniyasındadır. Həmin ölkədən təzə qayıtmısınız və ABŞ siyasətinə yaxından bələdsiniz. Apardığınız müşahidələrə əsasən, sizcə, Hillari Klinton, yoxsa Donald Tramp qalib gələcək? “Klintonun qələbəsi qaçılmaz olacaq” - Bu proseslərdə iştirak edən şəxslərlə tez-tez görüşlərim olur. Əvvəlcədən ciddi ekspertlərin verdiyi proqnoz var idi ki, Klinton və Tramp seçkilərə qatılsalar, Klintonun qələbəsi qaçılmaz olacaq. Artıq bunun rüşeymləri görünür. Xanım namizəd 12-13% rəqibini üstələyir. Hətta Respublikaçılar Partiyasının bir hissəsi bu seçkilərdə Trampa dəstək verməyəcək. Xanım Klintona mane olacaq amil hüquqla bağlı idi. Elektron poçt məsələlərini nəzərdə tuturam. Əgər cinayət işi açılsa idi, məcburi seçkilərdən geri çəkiləcəkdi. Sandersin seçkilərə qatılması, Klintonun arxasında bir müddət irəliləməsi demokratlar daxilində razılaşdırılmış qərar idi. Yəni Klinton seçkilərdə iştirak edə bilməsə, Sanders namizəd olacaqdı. Amma bu təhlükələr sovuşdu. Onun üçün “yaşıl işıq” yandırılıb. Tramp üzərindəki qələbəsi qaçılmaz olacaq. İngiltərədə artıq xanım baş nazir olacaq. Hər iki ölkədə qadınların rəhbər olmalarının müsbət nəticəsi olacaq.