Gəncə qapıları necə qaytarılsın? - “Münasibətlər pozula bilər”/RƏYLƏR

Xəbər verdiyimiz kimi XII əsrdə gürcülər tərəfindən qəsb edilərək Kutaisi rayonunun Helat monastırında saxlanılan məşhur Gəncə qapılarının geri alınması üçün kampaniya başladılıb. Kampaniya ilə bağlı BakiPost.az məlumat yaydıqdan sonra, qapıların geri alınması məsələsi ətrafında müzakirələr aparılır.

Bəs Azərbaycana məxsus Gəncə qapılarının geri qaytarılması hansı müstəvidə mümkündür?
BakiPost.az məsələ ilə bağlı tarixçilərin və deputatların rəylərini öyrənib.
"DÖVLƏT BU İŞƏ QARŞIMAMALIDIR”
Milli Məclisin deputatı, tarixçi alim Fəzail İbrahimli bildirib ki, qapılar "yuxarı səviyyədə” göstəriş verildikdən sonra geri qaytarıla bilər:
 
"Yuxarı səviyyələrdə göstəriş verilməlidir ki, vaxtilə aparılmış qapılar geri qaytarılsın. Burda heç bir çətin məsələ yoxdur. Gürcülər eqoizmi kənara qoyub, bu məsələyə insani müstəvidə yanaşsa, çox sakit və rahat şəkildə qapılar geri alına bilər. Babaların etdiyi səhv addımı nəvələr düzəltsə, lap yaxşı olar. Çünki rəsmi tərəfin müraciəti, qarşı tərəfin daha ciddi tələblə çıxış etməsinə səbəb ola bilər. Buna görə də, hesab edirəm ki, məsələ dövlətlərarası  münasibətlər səviyyəsinə qalxmamalıdır. Yəni Azərbaycan tərəfi qapıların qaytarılmasını tələb etdiyi halda Gürcüstan tərəfi bununla razılaşmasa, bu, münasibətlərin pozulması deməkdir. Bu səbəbdən qapıların geri qaytarılması insani, mədəni və tarixi həqiqətin bərpası müstəvisində həll olunmalıdır. Əslində, gürcülərin özləri o qapıların geri qaytarılması təklifini etməlidir ki, vaxtı ilə dövlətlər arası və şəxsi münasibətlərdə baş verən anlaşılmazlıq bu gün öz həllini tapsın”.
"DÖVLƏT QARIŞMASA, MƏSƏLƏ HƏLL OLMAZ”
Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli isə qeyd edib ki, Gəncə qapıları yalnız dövlətlərarası razılıq əsasında geri qaytarıla bilər:
 
 "Bu məsələ həm Mədəniyyət və Turizm Nazirliyi, həm də Xarici İşlər Nazirliyi səviyyəsində qarşılıqlı razılıq əsasında həll edilməlidir. Bu, Azərbaycanın maddi mədəniyyət abidəsidir. Bunun qaytarılması Azərbaycanın tarixini özündə əks etdirən böyük bir mədəniyyət abidəsinin qaytarılması təsirini bağışlayardı. Amma bunu Gürcüstanın əleyhinə kampaniyaya çevirmək olmaz. Çox təqdirəlayiq haldır ki, Gürcüstan qənimət kimi götürdüyü bu qapıları indiyə kimi nadir tarixi abidə kimi saxlayıb. Əgər qarşılıqlı razılıq olarsa, qapıların Azərbaycan qaytarılması çox faydalı bir iş olardı. İş adamlarının və ictimaiyyətin müraciəti yalnız ictimai məzmun kəsb edir. Bu, vətənpərvərlik nümunəsidir. Bu kampaniyanın başladılması da Azərbaycanın maddi mənəvi abidələrinə diqqətdən və qayğıdan irəli gəlir. Amma dövlətlər arasında nazirliklər səviyyəsində qarşılıqlı razılıq olmasa, kampaniya ilə qapıları geri qaytarmaq mümkün deyil”.
"HÜQUQİ YOL VAR...”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev hesab edir ki, hüquqi baxımdan qapıların qaytarılması mümkündür:
 
 "Hesab edirəm ki, bu məsələnin gündəmə gəlməsi çox yaxşı haldır. Nəinki Gəncə qapıları, ümumiyyətlə, Azərbaycandan qəsb edilmiş hər şeyin, o cümlədən torpaqlarımızın geri qaytarılması zərurətdir. Azərbaycana aid olan bütün məsələlərə dövlətimizin sahiblənməyi vacib məsələdir. Bu baxımdan Gəncə qapılarının qaytarılmasıyla bağlı kampaniyanı dəstəkləyirəm. Bildirirəm ki, hüquqi baxımdan da bu qapıların geri qaytarılması mümkündür”
"BU, GÜRCÜSTAN HÖKUMƏTİNİN DEYİL, KİLSƏNIN MƏSƏLƏSİDİR”
Gəncənin keçmiş millət vəkili Aydın Abbasov isə düşünür ki, bu iş kampaniyayla həll oluna bilməz:
 
 
"Bu məsələnin həlli yolu çox dərindədir. Birincisi, bu, Gürcüstan hökumətinin deyil, birbaşa kilsənin məsələsidir. İkincisi, kilsə bu darvazaları çox mühüm bir qənimət hesab edir və əlbəttə ki, neçə əsrlərdir, qoruduğu abidədən rahatlıqla imtina etməzlər.
Darvazaların 12-ci əsrdə gürcü hökmdarı tərəfindən aparılması faktdır. Amma gürcülər bu fakta başqa cür izah verirlər. Ona görə də bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Sonra isə bununla bağlı yol xəritəsi olmalıdır.
Yalnız bundan sonra qapıları geri qaytara bilərik... Təbii ki, Azərbaycanın maraqları çərçivəsində".
A.Abbasov əlavə edib ki, belə bir hadisə baş versə, bu, bütün azərbaycanlılar kimi, gəncəlilər üçün də böyük zəfər hesab olunar: Əlbəttə ki, Gəncə qapılarının qaytarılması  hər bir gəncəli üçün çox vacib məsələdir. Ən azı ona görə ki, o darvazalar Gəncəmizin 12-ci əsrdə nə qədər inkişaf etmiş və nə qədər gözəl olmasının əyani sübutudur”.
Qeyd edək ki, bu kampaniyaya "Space” TV-nin keçmiş aparıcısı, tanınmış rejissor İdris Heydərlinin həmin qapıyla çəkdirdiyi şəkli özünün feysbuk hesabında paylaşmasından sonra başlanılıb. Bir neçə soydaşımız Gəncə qapılarının acınacaqlı vəziyyətə düşməsini əsas gətirərək tezliklə onu gürcülərdən geri almaq niyyətlərində olduğunu yazıblar. Hətta hüquq müdafiəçisi Ramiz Zeynalov şəxsi puluyla qapıları alıb Gəncəyə hədiyyə etmək istədiyini, bununla bağlı artıq danışıqlara başlamaq istədiyini bildirib.
Məlumat üçün bildirək ki, Gəncə qapıları Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanıb. Bu nadir sənət incisi 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcülər tərəfindən Gürcüstana aparılıb və hazırda bir tayı Gürcüstanın Kutaisi rayonundakı Helat monastırında saxlanılır. Helati monastırına gələnlərə guya, Gürcü çarının Gəncəni döyüşlə tutduğu və darvazanın zəfər rəmzi kimi Gürcüstana gətirildiyi fikri aşılanır.






Fikirlər