“ONLARIN PULU O QƏDƏRDİR Kİ…” – İlham Əliyevdən oliqarxlara xəbərdarlıq
“Mənim göstərişimlə qısa müddət ərzində 200 min hektardan çox torpaq sahəsi o torpaqları qanunsuz şəkildə zəbt edənlərin əlindən alınıb və insanlara verilib. Əgər kimsə boş torpağı zəbt edibsə, bilsin ki, əlindən alınacaq. Əgər əlindən alınmağını istəmirsə, əkib-becərsin, həm özü pul qazansın, həm də ki, insanlara xeyir versin. Ancaq o torpaqları zəbt edənlər görünür, maraqlı deyillər ki, orada nəsə iş görsünlər. Görünür, onların pulu o qədərdir ki, o torpaqlardan pul qazanmaq fikrində deyillər. Ona görə bu proses davam edəcək”. Virtualaz.org dövlət başçısının saytına istinadən bildirir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev noyabrın 12-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşündə deyib. Dövlət başçısı birinci mərhələdə qanunsuz zəbt edilmiş 200 min hektar torpağı insanlara qaytarıldığını qeyd edib: “Çünki bu gün kənd təsərrüfatında gedən proseslər artıq öz bəhrəsini verir. Biz pambıqçılığı bərpa etmişik. Hava şəraitinin pisləşməsinə baxmayaraq, – oktyabr ayında aramsız yağışlar yağırdı, qoymurdu ki, məhsul yığılsın, – bu il 60 min ton, yəni, keçən illə müqayisədə iki dəfə çox pambıq tədarük edilib. Amma hələ ki, yığım gedir və biz istədiyimiz rəqəmə çatacağıq. Gələn il isə 250 min ton, bəlkə də 300 min ton pambıq yığılacaq. Biz pambıqçılığın şöhrətini qaytaracağıq”.
“Gələcəkdə bizim planlarımız ondan ibarətdir ki, hər bir rayon özünü təmin edə bilsin. Yəni, bu gün rayonların bir çoxu dotasiya ilə yaşayır. İndi Azərbaycan dövlətinin gücü, maddi imkanları var, biz bunu edirik və edəcəyik. Ancaq hər bir rayon çalışmalıdır ki, öz hesabına yaşasın. Buna imkan var”, – deyə prezident vurğulayıb.