“Türk və Azərbaycan xalqı hər zaman hər situasiyada bir yerdə olacaq”
Rövşən Rzayev: “Terror aktlarını qınayır və pisləyirəm” Dünən Türkiyədəki rus səfirinin öldürülməsindən sonra baş verən olaylara ilk reaksiya verən dövlətlərdən biri Azərbaycan oldu. Həm ölkə prezidenti, həm də XİN səviyyəsində verilən bu reaksiyada terror aktı pislənilir, Türkiyə və Rusiya ilə həmrəylik nümayiş olunurdu. Açıqlamasında Azərbaycan tərəfinin məlum terror aktına verdiyi çevik reaksiyanın təqdirəlayiq olduğunu vurğulayan millət vəkili Rövşən Rzayev, ölkəmizin də vaxtiylə terrordan ən çox əziyyət çəkən dövlətlərdən biri olduğuna diqqət çəkdi: “Azərbaycan və Türkiyə arasındakı münasibətlər qardaş, strateji müttəfiq münasibətləridir. Bu münasibətlər daimi münasibətlərdir və arzu edərdim ki, bu münasibətlərə heç zaman xələl gəlməsin. Ikincisi, Türkiyə və Azərbaycan xalqı istənilən vəziyyətdə bir yerdə olacaqlar. Bu, birmənalıdır. Türkiyə və Rusiya arasındakı münasibətlərə gəlincə, təbii ki, Azərbaycan bu münasibətlərin dostluq və qarşılıqlı hörmət əsasında formalaşmasında maraqlıdır. Türkiyə bizim üçün qardaş dövlətdir, Rusiya isə bölgədə böyük maraqları olan dövlətdir. Dünənki terror aktı da qınanılmalı, pislənməlidir. Azərbaycan da vaxtiylə terrora məruz qalan ölkələrdən biri olub. Min şükür ki, Azərbaycan möhtərəm prezidentimiz İlham Əliyevin sayəsində bu problemlərdən müəyyən qədər uzaq qalıb. Arzu edək ki, Azərbaycana qarşı bu cür hədələr, bu cür hücumlar baş verməsin”.