RUS SƏFİRİ nəyin GÜDAZINA GETDİ? - Təhlil

Картинки по запросу rusiya buyuk elçisi katl edildi

Ankarada rus səfirinə düzənlənən sui-qəsdin məqsədləri barədə bir çox fikirlər irəli sürülür. Kimisinə görə, məqsəd son zamanlar iki ölkə arasında yaxşılaşan münasibətləri yenidən pozmaq, Türkiyəni Qərb cizgisinə qaytarmaqdır. Kimisinə görə isə, region dövlətlərinin Suriya məsələsində həllə yaxınlaşdıqları sırada açılan bu atəş təkcə Ankaraya deyil, həm də Rusiya-İran-Suriya-Türkiyə münasibətlərini hədəfə almışdı.

İnsafən, bütün bu versiyaları gücləndirən amillər də az deyil. Terror hadisəsinin Moskvada keçirilməsi nəzərdə tutulan Türkiyə, İran və Rusiya görüşmələrindən bir gün öncə törədilməsi həmin ehtimalları gücləndirən əsas arqumentlərdən sayılır. Bu sui-qəsdlə Türkiyənin Moskva danışıqlarında “diligödək” iştirak edəcəyi, əks təqdirdə isə, qarşı tərəflərin qınaqlarıyla üzləşəcəyi hesablanmış ola bilər. Nəticədə münasibətlərin yenidən təyyarə böhranı səviyyəsinə geri dönməsinə şərait yaradılması da istisna deyil.

Qərblə münasibətləri korlanan Ankaranın regionda daha da təklənməsinə səbəb ola biləcək bu durumun, sözsüz ki, ciddi nəticələr doğurma ehtimalı var: Türkiyə bu durumda ya yenidən köhnə müttəfiqlərinin çətiri altına girməli, ya da Yaxın Şərqdəki mövqelərindən əl çəkməliydi.

İlk baxışdan, xeyli məntiqli görünən bu mülahizələr hadisənin dərin analizinə dayanmayacaq qədər zəifdir. Əvvəla, ona görə ki, istər Rusiya, istərsə də Türkiyə qurulan bu tələyə düşəcək qədər təcrübəsiz dövlət deyillər. Hadisənin törədiliş şəkli və zamanlaması onun arxasında Türkiyə-Rusiya münasibətlərini zədələmək istəyənlərin dayandığını göstərir. Hər şey bu qədər aydınkən, dövlətlərin həmin sui-qəsddən sonra bir-biriylə münasibətlərini korlayacağını düşünmək əbəs olardı. Hər iki tərəf məlum hadisənin arxasında “ortaq düşmən barmağı” axtaracağından nəinki bir-birindən uzaqlaşmayacaq, əksinə yaxınlaşacaqdı.

Necə ki, belə də oldu. Bu gün Moskvada üçtərəfli görüşün nəticələri barədə yayılan məlumatlar toplantı iştirakçılarının Suriya probleminin həlli istiqamətində ortaq məxrəcə gəldiklərini göstərir. Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrovun fikirləri də təsdiqləyir.

Görüşdən sonra jurnalistlərə açıqlama verən Lavrovun bildirdiyindən belə çıxır ki, tərəflər bir sıra önəmli məsələlərdə fikir birliyinə gəliblər. Başlıca məsələrlərdən biri isə Bəşər Əsədin hakimiyyətdə qalması və İŞİD-ə və əl-Nusraya qarşı birgə mübarizə aparılmasıdır. Tərəflər həmçinin Hələbdən təxliyyə məsələsinin detalları barədə də ümumi razılıq əldə ediblər. Razılaşmaya əsasən, şəhərin şərqində mühasirədə sıxışıb qalan silahlı müxaliflər və yerli sakinlər iki gün ərzində Hələbdən çıxarılacaqlar.

Moskva toplantısının ortaq bəyannaməsi də hazırlanıb. Rəsmilərin fikrincə, yaxın saatlarda bu bəyannamə yayımlanacaq və Yaxın Şərq məsələsinin həllində hər üç dövlət bundan sonra birgə fəaliyyət göstərəcək.

Danışıqların bu şəkildə tamamlanması Ankaranın köhnə müttəfiqlərindən tamamilə ayrılması və “Bəşər Əsəd dostları” koalisiyasının cərgəsinə qoşulması təəssüratı yaradır. Nədən ki, bu zamanadək nə qədər yumşalsa belə, rəsmi Ankara anti-Əsəd cizgisindən tamamilə imtina etməmişdi. Hətta bu yaxınlarda Türkiyə prezidenti Əsədi devirmək üçün Suriyaya hərbi müdaxilə etdiyini aydın şəkildə açıqlamış, Rusiyanın etirazından sonra rəsmi Ankara öz siyasi liderinin sözlərinin səhv anlaşıldığını bəyan edərək, gərginliyi azaltmağa çalışmışdı. İndisə əldə olunan razılığa əsasən, Türkiyə qonşusundakı siyasi rejim dəyişikliyinin prioritet təşkil etmədiyi qənaətində də tərəf-müqabillərilə birləşdiyini nümayiş etdirmişdi.

Ankaranın ciddi güzəştə getdiyi məsələlərdən biri də əl-Nusraya münasibətlə bağlıdır. İstər Suriya lideri Bəşər Əsəd, istərsə də bir sıra analitiklərin bildirdiyinə görə, əl-Qaidənin bu ölkədəki uzantısı olan əl-Nusra Türkiyə, körfəz dövlətləri tərəfindən dəstəklənirdi. (Qeyd edək ki, bunu ABŞ-ın Suriyadakı son səfiri də “Əlcəzirəyə” verdiyi müsahibəsində təsdiqləyirdi). Himayədarları bunun səbəbini əl-Nusranın İŞİD-ə qarşı döyüşməsilə, “mülayim müxaliflər”in gücünə güc qatmasıyla əsaslandırırdılar. Moskva görüşündə Türkiyənin əl-Nusradan da vaz keçdiyini söyləyə bilərik.

Məsələyə bu konteksdən baxanda Moskva görüşündən bir gün qabaq Rusiyanın Türkiyədəki səfirinə qarşı törədilən sui-qəsdin bir sıra məqamları da gün işığına çıxır. Məlum olduğu kimi, qətli törədən terrorçu ilk atəşini açdıqdan sonra özünü əl-Nusraçı kimi göstərməyə çalışmış və terror təşkilatının himnini söyləmişdi. Görünür, Ankaranın öz mövqeyindən geri çəkilməsi üçün həmin təşkilatın əli rus səfirinin qanına batırılmalı və əl-Nusra İran və Rusiya ilə yanaşı, Türkiyənin də düşməni kimi göstərilməliydi.

Sual oluna bilər: Məlum sui-qəsdin bu cür nəticələnəcəyi heç kimə sirr deyildi. O halda rus səfiri niyə əl-Nusraçı donuna girən birisi tərəfindən qətlə yetirildi? Bu hadisə kimə sərf edirdi və nə məqsəd güdülürdü?

Sözsüz ki, özünün tamamilə təcrid vəziyyətə salınması ilk növbədə əl-Nusraya sərf etmirdi. Bununla belə, sui-qəsdi törədən polis məmurunun ölüm-qalım tərcihi qarşısında rola girdiyini də iddia etmək yersiz olardı. Mümkündür ki, onun duyğuları istismar edilmiş və terrorçu “qaş düzəldəcəyi yerdə göz çıxarmışdır”. Səbəb nə olursa olsun, hadisənin əl-Nusranın iradəsilə törədilməsi inandırıcı görünmür.

Terrorun Rusiyanın özü tərəfindən təşkil olunması versiyası da ağlabatan deyil. Səfir Andrey Karlovun peşəkar keyfiyyətinə nəzər salanda, onun hər hansı bir oyun üçün qurban veriləcək qədər “piyada” olmadığı aydınlaşır. Rusiya üçün ən strateji ölkələrdə diplomatik missiyasını ləyaqətlə həyata keçirən bu adamın Türkiyə ilə münasibətlərin tənzimlənməsində müstəsna rol oynadığı bildirilir. Moskva təcrübəli səfirlərə ən çox ehtiyac duyduğu indiki zamanda Karlovu qurban verməz, əgər belə bir ehtiyac yaranarsa, səfirliyin digər məsul şəxsləri üzərində dayanardı. Axı, adətən, şaxmat oyununda piyadalar duran yerdə iri fiqurlar qurban verilmirlər. Üstəlik, dəyişilən geopolitik şərtlər daxilində Türkiyənin Rusiyayla yaxın münasibətlər qurmaqdan başqa çarəsi yox idi və bunun ilk addımlarını da atmışdı. Münasibətlər bu qədər normalkən, əlavə qurbana nə hacət vardı?

Rus səfirinə sui-qəsddə ən böyük etibarını itirən isə, təbii ki, Ankara oldu. Baxmayaraq ki, terrorizmin hardan gələcəyi, kim tərəfindən törədiləcəyi bir çox dövlətlərə qaranlıq qalır və məhz buna görə də, hansısa dövləti sui-qəsdlərin qarşısını almamaqda günahlandırmaq ədaələtli deyil. Bu gün dünyanın istənilən yerində ən müxtəlif səviyyələrdə terror hadisələri törədilir və bu kimi sui-qəsdlər siyasi hakimiyyətlər tərəfindən qarşısı alına bilmədiyinə görə terror adlanır.

Bununla belə, bir həftə ərzində hər biri “nöqtə atışı” kimi qiymətləndirilə bilən 2 terror hadisəsinin baş verdiyi Türkiyə işini daha etibarlı tutmalı, xüsusilə Moskva görüşü əsnasında həmin sui-qəsdi gözləməliydi. Ümumiyyətlə, 15 sentyabrda baş tutmayan hərbi çevriliş cəhdində Türkiyəyə kəşfiyyat məlumatları ötürən Rusiyanın hər an ağır cəzalandırılması istisna edilməliydi. Görünən isə budur ki, Rusiya səfiri heç bir qorumaya ehtiyac duymadan vətəndaşlar arasında çəkinmədən gəzir, foto-sərgilərə qatılır, dostluq əlaqələrini dövlətlərarası münasibətlərdən xalqlararası ünsiyyətə daşımağa çalışırdı. Nə qədər xoşniyyətli səylər olsa belə, mərhum Karlova diplomatik missiyayla missionerlik fəaliyyətinin fərqli şeylər olduğu xatırladılmalı idi.

Digər tərəfdən sui-qəsdin həyata keçirildiyi sərgi salonunda da Karlovun tamamilə qorumasız olduğu anlaşılır. Məlumata görə, terrorçu işini bitirdikdən sonra asayiş keşikçiləri hadisə yerinə gəlmiş və onu zərərsizləşdirmişlər. Zənnimizcə, terrorçunun canlı ələ keçirilməməsi də hadisənin aydınlaşdırılmasında xeyli çətinlik yaradacağından Türkiyənin aktivinə yazılmadı.

Bütün bu faktlar Türkiyənin təhlükəsizlik tədbirlərində nə qədər axsadığını göstərsə belə, həm də hadisənin onun iradəsindən kənarda baş verdiyinin sübutudur.

Faktiki olaraq, Türkiyə-Rusiya yaxınlaşmasına hesablanmış terror hadisəsindən ən çox zərərlə ayrılan qüvvələrdən biri də Avropa Birliyidir. Bir vaxtlar özünün genişlənmə siyasətini prioritet kimi görən və bu istiqamətdə Asiyaya açılmağa çalışan “qoca qitə” Rusiya-Türkiyə yaxınlaşmasından sonra Şərqə açılan qapısını itirəcək. Suriya problemini bəhanə edərək Aralıq dənizinə lövbər salan Rusiya bu yaxınlaşmadan sonra daha aktiv şəkildə həmin su hövzəsində öz yerini alacaq. Yunanıstan, Türkiyə, Suriya, Misir kimi ölkələrdə öz nüfuzunu gücləndirən Rusiyanın Şərqi Aralıq dənizində öz hegomoniyasını gücləndirməsi Avropa ölkələriylə Yaxın Şərq arasında təbii sipərə çevriləcək.

Əslində Avropa Birliyinin dünyaya açılan nəfəsliyinin bu qədər daraldılması ən çox ABŞ-a sərf edir. Zira SSRİ-nin dağılmasıyla rus xofundan canı qurtaran Avropa ölkələri özlərini xeyli azad hiss edir, sülh şəraitinin gətirdiyi rahatlıqla təkbaşına böyüməyə üstünlük verir, özünəməxsus pul vahidi yaradır, ümumi təhlükəsizlik projesi olan NATO-ya barmaqarası baxır, AB-nin müştərək ordusunu yaratmağa çalışırdı. Bu isə ilk növbədə ABŞ-ın qloballaşma siyasətinə zidd idi və yeni geopolotik balansın yaranmasına aparırdı.

ABŞ-da Trampın hakimiyyətə gətirilməsinin başlıca səbəblərindən biri də Avropanın bu cəsarətini burnundan gətirmək istəyiylə izah olunur. Təsadüfi deyil ki, AB-nin Xarici İşlər nazirləri məhz həmin seçkidən sonra bir araya gəlmiş, Tramp hakimiyyətindən sonra talelərinin necə olacağını masaya yatırmışdılar.

Trampın seçkiqabağı təşviqatında Rusiya və Suriya ilə münasibətləri yaxşılaşdıracağına dair sözləri də müttəfiqlərinin yuxusunu qaçıran xofların başında gəlirdi.

Türkiyədə rus səfirinin öldürülməsinin ardından Moskvada keçirilən 3-lü görüşdə əldə olunan razılaşmada Suriyadakı siyasi rejimin dəyişdirilməsinin prioritet olmadığının qəbulu Tramp hakimiyyətinin hədəfləriylə də üst-üstə düşür. Deyəsən, Tramp hakimiyyət başına keçmədən onun istədiyi dünya düzəni yaradılır. Kim bilir, bəlkə rus səfirini də bu yeni düzənin güdazına gedib…

Heydər Oğuz (STRATEQ.az)

 






Fikirlər