Prezident anons verdi: maaş və pensiyalar artacaq
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. AzərTaym.az xəbər verir ki, Prezident İlham Əliyev iclasda giriş nitqi söyləyərək 2016-cı ildə dünyada və regionda təhlükələrin artdığını, qanlı müharibələrin davam etdiyini, hətta yeni münaqişə ocaqlarının yarandığını, iqtisadi inkişafla bağlı vəziyyətin də ağırlaşdığını dedi. Bildirdi ki, bütün bunlara baxmayaraq, Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirib, təhlükəsizlik tədbirləri təmin olunub, xalqımız sülh və əmin-amanlıq şəraitində yaşayıb. “Ölkəmizdə sabitliyin mənbəyi xalqın iradəsi və onun seçimidir”, - deyən dövlət başçısı ötən il qarşıda duran bütün vəzifələrin icra edildiyini, neftin qiymətinin aşağı düşməsi fonunda yaranan böhranlı vəziyyətdən çıxış yolu tapıldığını bildirdi. Keçən il Azərbaycana 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili sərmayənin qoyulduğunu deyən Prezident İlham Əliyev vurğuladı ki, 2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarının qorunması idi və buna da nail olundu. Bəzi neft ölkələrindən fərqli olaraq Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərindən səmərəli istifadə edildi. Azərbaycanda görülən işlərin beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirildiyini, Davos İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyətliliyinə görə 37-ci yerdə qərarlaşdırdığını deyən dövlət başçısı böhranlı ildə belə ölkədə 100 mindən çox daimi iş yerinin açıldığını vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, ötən il sosial məsələlərin həlli yenə də diqqət mərkəzində olub, maaşlar 7, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır. Bununla yanaşı, kommunal xidmətlərin diferensillaşdırılması da sosial ədalət prinsipinə əsaslanıb, orta təbəqənin maraqları nəzərə alınıb. Sosial siyasətin tərkib hissəsi kimi 485 məktəb təmir olunub, 29 yeni məktəb tikilib, 41 tibb müəssisəsi tikilib və ya təmir edilib. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılıb. Bundan əlavə, “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatdırılıb. İndiyə qədər bu mərkəzlərə 13 milyon müraciət daxil olub, göstərilən xidmətlərin sayı artırılıb. “ASAN viza”nın fəaliyyətə başlaması ölkəmizə turist axınının daha da sürətlənməsinə geniş imkanlar açıb. 2016-cı ildə Azərbaycana gələn turistlərin sayı 11 faiz artıb. Ötən il beynəlxalq əlaqələrimizin daha da genişləndiyini deyən Prezident İlham Əliyev 2016-cı ildə Azərbaycana 20-yə yaxın dövlət və hökumət başçısının səfər etdiyini, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndiyini bildirdi, Azərbaycan torpaqlarının işğaldan azad olunması və BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsi ilə bağlı Azərbaycanın mövqeyinin dəyişməz qaldığını vurğuladı. 2016-cı ilin aprelində təmas xəttində baş verən döyüşlərə toxunan Prezident İlham Əliyev əks hücum əməliyyatı nəticəsində ordumuzun düşmənə sarsıdıcı zərbələr vurduğunu və minlərlə hektar torpağın işğaldan azad edildiyini bildirdi. 2016-cı ilin vacib hadisələrindən danışarkən Prezident İlham Əliyev “Cənub” qaz dəhlizinin və “Şahdəniz-2” layihəsinin icrası ilə bağlı bütün addımların atıldığını, TANAP layihəsinin böyük hissəsinin icra edildiyini, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı tədbirlərin görüldüyünü bildirdi. 2016-cı ildə idmançılarımızın Rio Olimpiadasında tarixi nailiyyətə imza atdığını deyən dövlət başçısı sentyabrda baş tutan referendumun nəticələrindən də danışdı, onun xalqımızın iradəsini əks etdirdiyini diqqətə çatdırdı. Ötən ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini deyən Prezident İlham Əliyev bu il çərçivəsində Bakıda bir neçə mötəbər beynəlxalq tədbirlərin keçirildiyini, Roma Papasının ölkəmizə səfəri zamanı verdiyi bəyanatların bir daha Azərbaycanın önəmini təsdiqlədiyini qeyd etdi. Sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə etdilər. Prezident İlham Əliyev yekun nitqində inşaat sektorunun canlandırılması ilə bağlı bir çox tədbirlərin həyata keçirildiyini dedi, bu prosesin insanların həyat şəraitinin yaxşılaşdırılmasına, Bakının daha da gözəlləşməsinə, həm də tikinti materialları bazarının stimullaşdırılmasına xidmət etdiyini bildirdi. Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətini vurğulayan dövlət başçısı qarşıdakı illərdə paytaxtda iki minə yaxın sosial mənzilin inşa olunacağını və Bakıda köhnəlmiş mənzil fondunun yerində yenilərinin tikintisinə start verildiyini, “Ağ şəhər” layihəsinin uğurla icra olunduğunu, qarşıdakı dövrdə Akademik Milli Dram Teatrının arxasında və Təzə Pir məscidinin ətrafında geniş abadlıq işlərinin aparılacağını, ictimai yerlərin yaradılacağını bildirdi. 2017-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsinin, inflyasiyanın birrəqəmli olmasının vacibliyini vurğulayan Prezident İlham Əliyev bank sektorunun sağlamlaşdırılması ilə bağlı bu il də geniş tədbirlərin görülücəyini dedi. Dövlət başçısı sənaye parklarının yaradılması, kənd təsərrüfatının, xüsusilə də taxıl, pambıq, çay, barama və şərab istehsalının artırılması, valyuta gətirən meyvə plantasiyalarının salınması, heyvandarlığın inkişafı ilə bağlı tədbirlərin görülməsinin əhəmiyyətindən danışdı, istehsal olunan məhsullar üçün yeni bazarların tapılmasının vacibliyini vurğuladı. Ölkədə infrastrukturun yaradılması, qazlaşdırılmanın aparılması, kənd yollarının tikintisi, içməli su layihələrinin icrası ilə bağlı tapşırıqlarını verən Prezident İlham Əliyev hərbi potensialın gücləndirilməsinə dair əlavə tədbirlərin görüləcəyini bildirdi, ekoloji tədbirlərin, ölkəyə turist axınının stimullaşdırılmasının, “ASAN xidmət”in coğrafiyasının və funksiyalarının genişləndirilməsinin, Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin birinci mərhələsinin tam başa çatdırılmasının diqqət mərkəzində saxlanıldığını vurğuladı. Prezident İlham Əliyev 2017-ci ildə Bakının bir sıra beynəlxalq tədbirlərə, həmçinin İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini dedi. Dövlət başçısı 2017-ci ili Azərbaycanda “İslam həmrəyliyi ili” elan etdi.
2016-cı ilin ölkəmizin tarixində dərin iqtisadi islahatlar dövrü kimi qalacağını vurğulayan Prezident İlham Əliyev qəbul edilən qərarlar nəticəsində bundan sonra da qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində olacağını qeyd etdi. Təsadüfi deyil ki, keçən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində ümumi daxili məhsul azalsa da, qeyri-neft sənayesində 5, kənd təsərrüfatında isə 2,6 faiz artım əldə olunub.