Sərdar Cəlaloğlu: "Rəsul Quliyevdən KÜSMƏMİŞƏM Kİ...”
“Bəlkə də ora getdiyimə görə fikirləşiblər ki, yaxınlaşmışıq” Amerikada mühacirətdə yaşayan sabiq spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevlə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu arasında uzun illərdir davam edən soyuq münasibətlərin istiləşdiyi barədə xəbərlər yayılıb. Hətta artıq hər iki siyasətçinin barışdığı, ADP qərargahında R.Quliyevin partiyasına yer ayrıldığı da deyilir. Bakipost.az-ın məlumatına görə, R.Quliyev ADP-yə yaxınlaşmaqla Azərbaycan müxalifətində öz rolunu gücləndirməyə çalışır. Elə buna görə də okeanın o tayından idarə olunan partiyanın yaxın vaxtlarda başqa siyasi qurumlarla əməkdaşlığa başlayacağı gözlənilir. Məsələ ilə bağlı bakipost.az-a açıqlama verən Sərdar Cəlaloğlu qərargahda Rəsul Quliyevin partiyasına yer verilməsi xəbərini təkzib edib: “Onlara qərargahda yer verməmişik. Sadəcə, kimin ehtiyacı varsa, gəlib bizim qərargahda tədbirlər keçirir. Qərargah mənim atamın deyil ki... Qərargah xalqın istifadə etməsi üçündür. İndi də bizim qərargahda yer var deyə, gəlib tədbirlər və ya iclaslar keçirirlər. Onlara nəsə deyə bilmərəm axı... Hökumət bu yeri mənə verib. Mən də niyə kiməsə verməməliyəm, atamın şəxsi yeri deyil ki...” Rəsul Quliyevlə barışması məsələsinə gəlincə, partiya sədri qeyd edib ki, onlar küsülü olmayıb: “Mən Rəsul Quliyevdən küsməmişəm ki, onunla barışım. Siyasət nədir ki, biz küsüb-barışaq. Bizim aramızda küsülülük olmayıb. Sadəcə olaraq, Rəsulun maraqları bizim maraqlarla üst-üstə düşmədiyi üçün o bizdən ayrılıb getdi. Bu da normal bir şeydir. O elə maraqlarına görə gəlib bizlə birləşmişdi. Yoxsa onun bizlə şəxsi qohumluğu və ya dostluğu yox idi. İndi də başqa qüvvələrlə birləşib. Hər kəsi idarə edən öz maraqlarıdır”. Sərdar Cəlaloğlu vurğulayıb ki, hansısa səbəb olduğu halda iki partiyanın əməkdaşlığı baş tuta bilər: “Bütün partiyalar bir-biriləri ilə əməkdaşlığa meyl etməlidir. Amma yaxın vaxtlarda əməkdaşlıq üçün hər hansı səbəb yoxdur. Səbəb olsa, niyə əməkdaşlıq etməyək? Bizim Rəsul Quliyevlə nə düşmənçiliyimiz, nə də onun haqqında pis fikrimiz var. Sadəcə olaraq, o dövrün şərtlərinə görə o, partiyadan ayrılmaq qərarı aldı və getdi. İndi də özünün partiyasını yaradıb. Burada qeyri-adi bir şey yoxdur. Bu bizi narahat eləmir”. Xəbərin nədən qaynaqlanması ilə bağlı qəzetimizə açıqlamasında S.Cəlaloğlu kifayət qədər sərt danışdı: “Gündəmi doldurmaq üçün belə gic-gic şeylər yazırlar. Əsası olmayan, jurnalist xülyaları ilə dolu bir yazıdır. Bəzən bir partiya nümayəndəsinin digər bir partiya nümayəndəsi ilə görüşdüyünü görən kimi bundan uzağa gedən nəticələr çıxarırlar. Sonradan məlum olur ki, təsadüfən partiya nümayəndələri bir yerdə olublar. Gərək jurnalist bir şeyi ətraflı öyrənsin, sonra bu cür nəticələr çıxan yazı hazırlasın. O partiya ilə aramızda heç bir yaxınlaşma olmayıb. Sadəcə, Rəsul Quliyevin partiyası ilə Funksional Əməkdaşlıq Mərkəzində bir yerdəyik. Orada da müxtəlif partiyalar var, həmçinin Rəsul Quliyevin də partiyası epizodik olsa da iştirak edir. Yaxınlarda o partiyanın yubileyi var idi, bizi də dəvət etmişdilər. Bəlkə də ora getdiyimə görə fikirləşiblər ki, yaxınlaşmışıq. Halbuki orada müxtəlif siyasi qurumların rəhbərləri var idi. Bir partiya məni tədbirinə dəvət edirsə, getməliyəm. Burada nə var ki? Hazırda o partiya ilə heç bir münasibətlərimiz yoxdur”. Xatırladaq ki, R.Quliyev uzun illər ADP-nin lideri olub. 2007-ci ildə sabiq spiker partiyadan xaric olunduqdan sonra qurum rəsmən iki hissəyə bölünüb. Həmin dövrdən indiyə qədər keçən 10 il ərzində münasibətlər soyuq səviyyədə qalmaqdadır.