Aprel çevrilişindən sonra Azərbaycanda kütləvi zorakılıqlar və qırmızı TERROR DALGASI

1920-ci ilin əvvəllərindən Sovet Rusiyasının xarici siyasətində Azərbaycanı işğal etmək ön plana çəkilmişdi ki, bu da 1920-ci il aprelin 27-də XI Ordunun gücü hesabına həyata keçirildi.

Müvəqqəti İnqilab Komitəsi aprelin 28-də Azərbaycanın yeni ali-siyasi hakimiyyət orqanı elan edildi. Yeni qurulmuş Azərbaycan Sovet Respublikasının bu dövrdə beynəlxalq vəziyyəti, daxildəki siyasi-iqtisadi durumu son dərəcə ağır olmaqla yanaşı, həm də qeyri-müəyyən idi.

“Ölkə.Az” bu gün oxucularını aprel işğalından sonra baş verən hadisələrlə tanış edir.

Bakı nəinki təkcə Rusiyanın, eləcə də Antanta dövlətlərinin xüsusi marağında idi. Gürcüstanın menşevik hökumətinin Batumu Antantaya verməsindən sonra İngiltərənin Azərbaycanı «bolşevik əsarətindən» azad etməsi kimi plan hazırlandığından Rusiya tezliklə Azərbaycanın müdafiəsinə dair qurudan və dənizdən Bakının ətrafını möhkəmləndirmək sahəsində ciddi tədbirlər gördü. Aprel çevrilişindən keçən ilk vaxtlarda Ermənistan tərəfindən Azərbaycan ərazisinə edilən təcavüz nəticəsində ölkəyə dəyən böyük iqtisadi dağıntılarla yanaşı, 1918-ci ilin mart faciəsini yaşamış xalqda çaşqınlıq, mənəvi sarsıntı, ruh düşkünlüyü var idi. Xalq hadisələrin nə ilə nəticələnəcəyindən bədgüman idi. Bu dövrdə Azərbaycanda millətlərarası düşmənçilik mühiti yaranmışdı. Yaranmış yeni hökumətə münasibət heç də birmənalı deyildi. Hətta əhalinin bir hissəsində son dərəcə mürəkkəb vəziyyətdən çıxış yolunu «xilaskar» XI Ordunun gəlişində görənlər də var idi. Ən çox XI Ordunun Azərbaycana gəlişindən qeyri millətlərin nümayəndələri, xüsusən milli intiqam hissi ilə yaşayan ermənilər, ruslar işğalçı ordunun timsalında öz müdafiəçilərini görərək yeni yaranmış hökumətə üstünlük verirdilər. 1920-ci ilin aprelin 27-dən avqustun 25-dək Azərbaycanın 16 qəzasında inqilab komitələri təşkil edildi. Azərbaycan İnqilab Komitəsinin xalqa ilk müraciətində «Qızıl Orduya qarşı silahlı müqavimət göstəriləcəyi təqdirdə terrora əl atılacağı» bəyan edilmişdi. Bir sıra səbəblərdən çevrilişin ilk vaxtlarında nə milli orduda, nə də xalqda XI Orduya qarşı ciddi müqavimət göstərilmədi, çünki saysız itkilərlə nəticələnəcək müqavimət, qüvvələr nisbətində mənasız idi.

Aprel çevrilişinin ilk günlərində Azərbaycanın iqtisadiyyatı böhranlı vəziyyətdə idi. Respublikanın, eləcə də əhalinin ağır ərzaq böhranı içərisində qalması, səfalət içərisində yaşaması bir tərəfdən, digər tərəfdən də XI Ordunun uzun müddət Azərbaycanda yerləşdirilərək təmin edilməsi, əlavə olaraq birinci cahan müharibəsindən sonra qaçqın düşən ermənilərin cəbhədən qayıdan zaman Bakıda dayanması, sığınacaq alaraq yaşaması, xüsusən Bakının neft sənayesində işlə təmin edilməsi onsuz da gərgin olan vəziyyəti daha da pisləşdirmişdi. AK(b)P MK-nın 1920-ci il sentyabrın 15-də keçirilmiş iclasında belə bir qərar qəbul edilmişdir: «Azərbaycan İnqilab Komitəsinə təklif edilsin ki, Mərkəzi köçürmə məntəqəsindən buraxılış vərəqəsi alan qaçqınlar vətənlərinə buraxılsınlar, qalanlarına isə geriyə, Rusiyaya qayıtmağa imkan verilsin. Şimali Qafqaza və Krasnavodska xəbər çatdırılsın ki, ərzaq məsələsi çətin olduğu üçün Bakıya qaçqınlar qəbul edilməyəcək, ona görə də belələrini göndərməsinlər». 

Azərbaycanda aprel çevrilişindən sonra Sovet hökuməti xalqa zorla qəbul etdirilirdi. Sovetləşmənin əvvəllərində hakimiyyətə gələn bolşevikləri çox ciddi bir məsələ narahat edirdi ki, bu da Zaqafqaziyada sovet hakimiyyətinin süngü gücünə yaşaması idi. Lakin belə məsuliyyətli dövrdə onu süngü gücünə çoxmu saxlamaq olardı? Hadisələrə obyektiv və düzgün münasibət bildirmək hələ çox tez idi. Bu dövrdə Azərbaycanın sosial-iqtisadi vəziyyəti ağır olaraq qalırdı, kənd təsərrüfatı xüsusilə bərbad halda idi. Sovetləşmənin başlanğıcında Rusiyada olduğu kimi, Azərbaycanda da əsaslı konsepsiyanın olmamasından istər sənaye sahəsində, istərsə də aqrar sahədəki buraxılan səhvlər vəziyyəti daha da ağırlaşdırırdı. Hökumət orqanları gərgin vəziyyətdən çıxmaq üçün fövqəladə üsullara əl atmağa məcbur oldular: ərzaq diktaturasının elan edilməsi, silahlı dəstələrlə məsələlərin həll edilməsi, yoxsul komitələrin təşkili, ərzaq çatışmazlığı, bəzi problemlərin aradan qaldırılmaması və s. Artıq 1920-ci ilin axırı üçün məlum oldu ki, xalq təsərrüfatını bu cür yollarla bərpa etmək düzgün deyil.

Gənc sovet hökumətinin siyasətində Rusiyaya neft ixracının tələsik bərpası və istismarı iqtisadiyyatı xeyli ağırlaşdırmışdı. Ağır vəziyyəti yüngülləşdirmək üçün hökumət 1921-ci ilin yazından Yeni İqtisadi Siyasətə /YİS/ keçmək haqqında göstəriş verir. Bolşeviklərin hakimiyyətini gücləndirmək, xalqın aclığının qarşısını almaq, k/t-nın inkişafı üçün YİS zəruri islahatlar sistemi idi. Sovetləşmənin ilk vaxtlarında partiya quruculuğunda olan çətinlikləri, xüsusən milli mənafeləri və yerli şəraiti nəzərə alan və bu xüsusiyyətlərə hörmətlə yanaşan rəhbər partiya üzvləri az idi. Yerli kadrlara qarşı inamsızlıq və etimadsızlıq, onların rəhbər vəzifələrə çəkilməməsi vəziyyəti daha da mürəkkəbləşdirirdi. Çevrilişdən əvvəl əgər əhalinin bəzi hissəsində bolşeviklərə ümidlə baxanlar var idisə, çevrilişin ilk günlərindən bu ümidlər qırıldı. Sənədlərlə diqqətlə tanış olduqda görürük ki, Azərbaycanda sovet-totalitar rejimi öz ağalığının təməlini başlıca olaraq 3 istiqamətdə quraraq inkişaf etdirmişdi:

l. Dövlət quruculuğu və hakimiyyət uğrunda mübarizə;
2. Ölkə iqtisadiyyatı üzərində totalitar idarə rejimini bərqərar etmək;
3. Siyasi və ideoloji iş sahəsində bütün vasitələri rejimin əlində cəmləşdirmək.

Azərbaycanda sovet hakimiyyəti qurulan kimi hələ 1920-ci ilin fevralında yaradılmış AK(b)P ölkədə siyasi rəhbərlik adı altında bütün yuxarıda göstərilən 3 istiqamətdə rəhbərliyi tamamilə öz əlində cəmləşdirir. Ölkədə hər şey bu partiyaya, onun «demokratik mərkəziyyət prinsipləri əsasında qurulmuş» rəhbər orqanlarına tabe edilir. Bütün hakimiyyət tam şəkildə partiyanın mərkəzi komitəsindən başlayaraq aşağı getdikcə yerli təşkilatların əlində cəmləşdirilir. Aprel çevrilişindən sonra Azərbaycanda diktatura bərqərar oldu. Bolşeviklər xalqın adından çıxış edərək yaranmış dövləti proletar diktaturası adlandırdılar. Bu isə hakim bolşevik partiyasının hökmranlığına bir növ siyasi pərdə idi. Danılmaz fakt idi ki, sovet Rusiyası Azərbaycanı işğal etmişdi. 

Acınacaqlı o idi ki, sözdə «müstəqil» olan Azərbaycana Rusiyanın bolşevik hökumətinin antiazərbaycan siyasəti, bütün münasibətlərdə iki müstəqil dövlətin deyil, imperiya ilə müstəmləkənin qarşılıqlı münasibətləri, milli mədəniyyət və ənənələrə etinasızlıq, yerli dilə nifrət, böyük qardaş rolunu zorla qəbul etdirmək və s. ilə açıq göstərmək idi. Sözdə Rusiya imperiyasının dağıldığını elan edən bolşeviklər əslində özünün müstəqilliyini elan etmiş dövləti keçmiş sərhədləri hüdudunda qoruyub saxlamağa cəhd göstərirdilər. Bununla da onlar müstəmləkə siyasətinin layiqli davamçıları kimi hərəkət etdilər. Azərbaycanda sovet hökumətinin ilk günlərindən başlayaraq XI Ordunun xüsusi şöbəsi kommunistlərdən başqa bütün mövcud siyasi qüvvələrə, hətta liberal əhval-ruhiyyəli adamlara, ziyalılara belə amansız divan tutmağa başladı. On nəfərdən çox azərbaycanlı general məhkəməsiz, istintaqsız güllələndi. Azərbaycan ordusu XI Orduya qarşı vuruşmamışdı, əslində generallar təqib olunmamalı idi. 

Azərbaycanda təqiblər, kütləvi həbslər və fərdi terrorlar əsasən XI Ordu və ona tabe olan təşkilatlar tərəfindən törədilirdi. Ümumiyyətlə, dövlət səviyyəsində tətbiq edilən terror siyasəti qorxu vahiməsini kütləvi surətdə şüurda möhkəmləndirmək üçün əsas vasitə idi. Belə ki, inqilabi tribunal, FK (Çeka), XI Ordunun Xüsusi Şöbəsi (Osobı otdel) birbaşa ordu komandanlığına və mərkəzə tabe idi. Ona görə də bu təşkilatların fəaliyyətinə Azərbaycan hökuməti demək olar ki, hakimiyyətinin ilk aylarında nəzarət edə bilmirdi. 1920-ci il mayın 16-da Bakıya gələn və Azərbaycanda İnqilab Komitəsinin sədri kimi fəaliyyətə başlayan Nəriman Nərimanov vəziyyətin onun düşündüyündən də çətin olduğunu başa düşdü. O, işlə tanış olduqdan sonra Azərbaycan İnqilab Komitəsinin razılığı olmadan güllələnməni qadağan etmişdi. 1920-ci ilin aprelin 28-dən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48 min adam qırmızı terrorun qurbanı olmuşdur. Bütün bu faciə və dəhşətlər sosializmin mahiyyətindən irəli gəlir, yoxsa bunun digər səbəbləri var idi? Suala cavab aprel çevrilişindən sonra respublika Xalq Təsərrüfatı Şurasının sədri N. Solovyovun Leninə göndərdiyi «Çevrilişdən sonrakı 3 ay müddətində bizim Azərbaycanda siyasətimiz» adlı hesabat qeydində açıq surətdə verilir. N. Solovyov yazırdı ki, çevrilişə qədər hətta azərbaycanlı ziyalılar içərisində də sovet hakimiyyətinə rəğbət bəsləyənlər var idi.

Məlumdur ki, Azərbaycan hökuməti azərbaycanlılardan təşkil edilmişdir. Heç kimə sirr deyildir ki, Azərbaycan hökumətinin üzərində də bir hakimiyyət mövcuddur. O, Azərbaycan KP-nin hakimiyyətidir. Partiya rəhbərliyi isə əsasən erməni və gürcülərin əlindədir. Bunlar isə sanki Azərbaycanı başsız qoymaq fikrinə düşmüşlər. Ziyalılar soldan-sağa, sağdan-sola güllələnir. Küçələrdən kütləvi surətdə həbs edilən müsəlmanlara qarşı ermənilərin istehzalı gülüşləri müsavatçıların əvvəlcədən söylədikləri belə bir fikri təsdiqləyir ki, Azərbaycanda sovet hakimiyyətinin qurulması ümümmilli fəlakətdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dərc edilən bitərəf və siyasi partiya qəzetlərinin əksəriyyəti bağlandı. Rəsmi dövlət orqanı «Azərbaycan»ın da nəşri dayandırıldı, onun yerinə «Kommunist» qəzeti dərc olunmağa başladı. 1920-ci il 27 aprel işğalından sonra Azərbaycan Kommunist Partiyasından başqa heç bir partiyanın leqal fəaliyyətinə imkan qalmadı. Gəncə, Qarabağ, Şəki və Zaqatalada lokal xarakterli hərbi çıxışların, silahlı üsyanların əsas təşkilatçıları kimi «Müsavat» və «İttihad»ı ittiham etmək, siyasi partiyalara qarşı amansız mübarizənin başlayacağını xəbər verirdi. M. B. Məmmədzadə aprel çevrilişindən sonra siyasi partiyaların, xüsusən «Əhrar»ın gizli fəaliyyətə keçməsinə dair yazırdı: «Əhrar, nisbətən şimal bölgəsində nüfuzu olan bu partiya yarandığı gündən Müsavatı Türkiyəyə arxa çevirməkdə, şiələri vəzifəyə yerləşdirməkdə ittiham etməklə və sünnilik məzhəbini qabartmaqla populyarlaşmaq taktikası seçmişdir. Sovet hakimiyyətinin ilk günlərində özünü buraxmaq haqqında qərar çıxardı və bir-iki il sonra onun üzvləri rəsmən Müsavat firqəsinə girdi». Sosialist fraksiyasına daxil olan «xalqçı sosialist firqəsi» bolşevik platformasını qəbul edərək üzvlərini məsul vəzifələrə yerləşdirə bildi. Lakin, «fəal xalqçılardan» Aslan Səfikürdski, Rza Qaraşarlı, Camo Hacınski, Rza Şabanov, Kərim Feyzullayev, Xankişi Şahverdiyev və digər 26 nəfər 1922-ci ilin sonlarında Azərbaycan SSR Ali İnqilabi Tribunalın «eser partiyasının Zaqafqaziya təşkilatının işi» adlı qondarma ittihamı ilə mühakimə olunub müxtəlif müddətli həbs cəzaları aldılar. 1920-ci ilin yazından «İttihad» gizli fəaliyyətə keçərək özünü güclü antisovet bir partiya kimi göstərə bildi, 1920-ci ilin iyulunda 3 müstəqil qrupa bölündü: «Vətən və ya ölüm», «Mərkəzi İttihad», «Quranın əmin-amanlığı». Göstərilən qruplar ideya və təşkilati cəhətdən müstəqil işləyirdilər, amma hamısı sınanmış siyasətçi Qarabəyovun rəhbərliyi altında «məhv olsun sovet hakimiyyəti», «Bolşevizmə ölüm!», «Başda milli hökumətlər olmaqla Şərqdə müsəlmanlığa eşq olsun!» şüarı ətrafında birləşirdilər. Həmin dövrdə məram və xarakterinə görə «İttihad»a yaxın olan dini təmayüllü partiyalar fəaliyyətini gücləndirirdilər. Əsasını Türkiyəli zabitlər təşkil edən «İslam» partiyası, adından göründüyü kimi İslamı təbliğ edirdi. «İttihad»la «İslam» birləşərək «İttihadi İslam» («İslambirliyi») Partiyası yarandı.


1921-ci il mayın 5-də «İttihadi İslam» «İslam-əl Quran»la birləşib «Milləti İslam» adını qəbul etdi. Siyasi partiyalara qarşı repressiya RK(b)P Qafqaz bürosunun qərarı ilə bütün Zaqafqaziyada həyata keçirilirdi. 1921-ci il iyunun 16-da Azərbaycan K(b)P Siyasi Bürosunun məxfi iclasında menşevik və başqa partiyaların ləğv edilməsi ilə bağlı Qafqaz Bürosunun teleqramı oxunarkən N. Nərimanov ona münasibətini belə ifadə etmişdir: «Azərbaycanda bu teleqramı «ittihadçılara qarşı mübarizə aparılmalıdır» kimi başa düşmək olar, çünki bizdə menşeviklər və başqa təşkilatlar çox zəifdir». «Günəş-Qafqaz», «Azərbaycan milli müdafiə İslam firqəsi» və s. partiyalar da o dövrdə təqibə, terrora məruz qalmışdı. Milli müqavimət hərəkatının aparıcı qüvvəsi olan Müsavat Partiyası aprelin 27-də gizli fəaliyyətə keçmələri haqqında qərar verdi. Onun gizli fəaliyyət dövrünü 4 mərhələyə bölmək olar: 1.1920-1923-cü illər, 2.1923-1927-ci illər, 3.1927-1931-ci illər, 4.1931-ci ildən II Dünya müharibəsinə qədərki mərhələ. Z. Bünyadov aprel çevrilişindən sonra partiya üzvlərinə, ziyalılara qarşı aparılan kütləvi həbsləri çox aydın işıqlandıraraq yazırdı: «1920-ci ilin may ayından Azərbaycan ÇK (FK) təxmini həbslərə başladı. Həbs olunanları 3-4 ay ara vermədən sorğu-suala tutdular. Nəticədə fövqəladə Komissiya həmin dövrdə demək olar ki, fəaliyyət göstərən bütün partiyaların üzvləri barədə özünə lazım olan məlumatı yığa bildi. Toplanmış materiallar FK-ya «Müsavat»ın fəaliyyətindəki zəif və güclü cəhətləri müəyyənləşdirmək, öncülləri, potensial fəalları aşkara çıxarmaq... yaxın gələcəkdə qəti addımlar atmaq imkanı verdi. 1920-ci ilin sonlarından 1923-cü ilin ortalarınadək Fövqaladə Komissiya «Müsavat» partiyası üzvləri arasında seçmə həbslər apardı.

Həbs olunanlar içərisində Kərbəlayi Vəli Mikayıl oğlu Mikayılov, Rəhim Vəkilov, Qurban Musayev və b. 30-dan çox müsavatçı var idi». 1924-cü il aprel ayında 100-dən çox müsavatçı mühakimə olunaraq 2-3 il müddətinə Yaroslavl, Suzdal, Solovetski həbs düşərgələrinə göndərilmişdilər. Hər dəfə «antisovet ünsürlərin» həbsi ilə əlaqədar keçirilən genişmiqyaslı aksiyalardan sonra Azərbaycan FK rəhbərliyi, AK(b)P liderləri açıq şəkildə bildirirdilər ki, Azərbaycanda «xalq əleyhinə» partiyaların kökü kəsilmişdir. 1923- cü ildə də belə olmuşdu.Yayın əvvəlində növbəti kütləvi həbslər zamanı müsavatçıların gizli təşkilatının bir qrup nümayəndəsi zindana atılmışdı. Çekanın qarşısında dustaqların açıq şəkildə günahlarını etiraf etməsinə və Sovet hakimiyyətinə qarşı mübarizəni dayandıracaqları haqqında təminat vermələrinə nail olmaq vəzifəsi dururdu. 1920-ci il 27 aprel işğalı ilə əlaqədar Azərbaycandan kənara yeni mühacir axını başlandı. Aparılan terror və kütləvi həbslər Azərbaycan Xalq Cümhuriyyətinin liderlərini, görkəmli dövlət və siyasət adamlarını ölkəni tərk etmək məcburiyyəti qarşısında qoydu. Fətəli Xan Xoyski, Mustafa Vəkilov, Şəfi Rüstəmbəyli, Nağı Şeyxzamanlı və b. dövlət xadimləri hələ sovetləşməmiş qonşu Gürcüstana keçə bildilər. 1920-ci il aprelin ortalarında Azərbaycan parlamentinin sabiq sədr müavini Həsən bəy Ağayevin rəhbərliyi ilə Tiflisə, Zaqafqaziya Respublikalarının Konfransına göndərilən nümayəndə heyəti də çevrilişdən sonra vətənə dönmədilər. 1919-cu ildə Azərbaycan parlamenti tərəfindən Ə. M. Topçubaşovun rəhbərliyi ilə Paris sülh konfransına göndərilmiş nümayəndə heyətinin üzvləri 1920-ci il 27 apreldən sonra Avropada qalaraq fəaliyyət gostərdilər (C. Hacıbəyli, M. Məhərrəmov, M. Mehdiyev və b.).Respublikada inqilabi tədbirlərin həyata keçirilməsi gedişində köhnə dövlət aparatı tamamilə dağıdılmışdı. Nazirliklərin və baş idarələrin əməkdaşlarının, mütəxəssislərin xeyli hissəsi ya vətəni tərk edib getmiş, ya da cəza tədbirlərinə məruz qalmışdılar. Halbuki, onların bir çoxu Rusiyanın və xarici ölkələrin təhsil ocaqlarında oxumuş, dövlət idarələrində lazımi iş təcrübəsi qazanmış adamlar idi. Bu mütəxəssislərin dağıdılması xalq təsərrüfatının bərpa edilməsinə, maarif, elm və mədəniyyətin inkişafına böyük ziyan vurdu. Bolşeviklər sovetləşmənin əvvəllərində xalqın milli ləyaqətini alçaldan, «müsadirəçilik» - sözün əsl mənasında qarətçilik kompaniyasına başladılar. Bu zaman iri burjuaziya, xırda mülkiyyətçilərlə yanaşı, mütəxəssislər, hətta sovet hökumətinə hörmətlə yanaşan demokratik ziyalılar, fəhlələr müsadirədən yaxa qurtara bilmədilər. 

1920-ci ilin dekabrından 27 mindən çox adamın iştirakı ilə həyata keçirilən kütləvi axtarışlara Sarkis rəhbərlik edirdi ki, bu da çox acınacaqlı sonluqla başa çatdı. RSFSR hökuməti yanında Azərbaycan SSR-in fövqəladə və səlahiyyətli nümayəndəsi B. Şaxtaxtinski 1920-ci ilin sentyabrında V. İ. Leninə yazmışdı: «Müsəlman əhali bitib tükənmək bilməyən müsadirələrdən, ələlxüsus mənzillərin bölünüb bir neçə ailəyə verilməsindən cana doymuşdu, bütün bunlar xalqın məişət tərzinə, şəriətə tamamilə ziddir, dinə və qədim adət-ənənələrə qarşı ağır təhqirdir». Məktubda deyilirdi ki, Azərbaycan Xalq Komissarları Sovetinin sədri N. Nərimanov öz səlahiyyəti gücünə müsadirəni saxlatmağa məcbur olmuş və artıq əmlakı könüllü təhvil verməyə çağırmışdı. Bunun çox böyük nəticəsi olmuş, təhvil müddətinin uzadılmasını əhali özü dəfələrlə xahiş etmişdi. Lakin bu addım inqilabi addım sayılmamışdı. Məsələ Bakı Soveti İcraiyyə Komitəsinin müzakirəsinə verilmiş, nəticədə N. Nərimanovun əmri ləğv olunmuş və müsadirəni davam etdirmək qərara alınmışdır. «Müsadirə» adı altında gedən həddini aşmış qarətçiliklə bağlı AK(b)P-nin 1920-ci ilin oktyabrında keçirilən II qurultayında N. Nərimanov öz kəskin etirazını bildirərək deyirdi: «Müsadirə edərkən və müsəlman evinə girərkən onun hansı şəraitdə yaşadığını bilmək lazımdır. Müsəlman qadınının qulağından sırğanı çıxarmaq və bədənində brilyant axtarmaq lazım deyil. Brilyant bizə lazımdır, ancaq onu başqa yerdə axtarmaq lazımdır». İntizamsız, plansız həyata keçirilən müsadirələr acınacaqlı nəticələrə gətirib çıxardığından N. Nərimanov vəziyyəti yüngülləşdirmək üçün konkret təkliflər irəli sürərək «qabaqcadan burjuaziyanın siyahısı və dəqiq ünvanlarını tərtib etmək və bu məlumatlara əsasən müsadirə keçirmək» lazım olduğunu bildirdiyi halda, onun bu təklifinə ciddi əhəmiyyət verilmədi. Əksinə evlərin nömrələrinə görə müsadirə başlandı ki, bunun da ziyanı əhalinin yoxsul təbəqələrinə dəydi. İri burjuaziyanın evlərində yerləşdirilmiş sovet qulluqçuları, kasıb fəhlələr qarət edilir, öz evlərində deyil, kiçik mənzillərdə yerləşən varlıların əksəriyyəti isə müsadirədən qismən yaxa qurtarırdı. N. Nərimanov «Ucqarlarda inqilabımızın tarixinə dair» adlı məktubunda yazırdı: «Bu, əsl plansız qarət idi... Nəhayət, təşkilatların özləri böyük səhvə yol verdikləri haqqında danışmağa başladılar. Bu səhvlər bütün Azərbaycan boyu təkrar edilirdi. Nəticədə şeylərin düzgün bölüşdürülməməsi, təşkilatların hər şeydən qabaq özlərini yaddan çıxarmaması əsas ilhamverici yoldaş Sarkisin himayədarlığı altında şeylərin itməsi və i. a. haqqında bir cild iş tərtib edilmiş oldu». 

AK(b)P MK Siyasi və Təşkilat Bürosu 1921-ci ilin iyulunda «Partiyanın təmizlənməsi haqqında məsələ» müzakirə edərək, Mərkəzi Komissiyanı təsdiq etdikdən sonra Azərbaycanda 22 yoxlama komissiyası təşkil edildi. Təmizləmə 1921-ci ilin sentyabrında başladı və dekabrında qurtardı. Partiyanın təmizlənməsində bitərəf və kommunistlərin fəal iştirakı nəticəsində bir çox keçmiş ağqvardiyaçı polis məmuru ifşa olunaraq, partiyadan qovuldu... Ümumiyyətlə partiya sıralarının təmizlənməsi dövründə Azərbaycanda partiyadan xaric edilənlər içərisində 417 qolçomaq və polis məmuru olmuşdur. Qəzalardakı bəzi yoxlama komissiyaları yerli mədəni-məişət şəraitini nəzərə almayaraq, siyasi cəhətdən savadsız və dini mülahizələrə görə də partiyadan xaric etmək kimi hərəkətlərə yol vermişdilər. Bunun nəticəsində bir çox kommunist əsassız olaraq partiyadan xaric edilmişdir ki, bu da partiya təşkilatlarının işində çətinliklər törədirdi. 1921-ci ilin sentyabr-dekabrında Azərbaycanda aparılmış «partiyanın təmizlənməsi» kompaniyasında özbaşınalıqlar artmaqda idi. Yoxlama Komissiyasının sədri K. F. Strua, üzvləri İ. Vatsek və S. D. Yaqubovun rəhbərliyi ilə aparılan təmizləmədən bir alət kimi istifadə edilərək N. Nərimanovu müdafiə edən milli ruhlu kommunistlərə qarşı əsassız ittihamlar irəli sürülür, «millətçi» kimi günahlandırılaraq partiyadan xaric edilirdilər. Onların içərisində tanınmış partiya, dövlət xadimləri, çoxillik staja malik olan kommunistlər də var idi. Sovet hakimiyyətinin ilk günlərindən «aprelə qədərki» ziyalıların nümayəndələrinə münasibətdə müəyyənləşdirilmiş ümumi rəy yaradılmasına hazırlıq başlandı. Onların yeni həyata qoşulmaq, öz bilikləri ilə Vətənə xidmət etmək arzusu hiyləgərlik, sovet idarələrində işə daxil olmaları isə məkrli niyyət kimi təqdim edilirdi. Əgər AXC-nin mövcud olduğu qısa dövrdə onlar müəyyən bir vəzifədə olublarsa, necə irəliləmələrindən asılı olmayaraq onlara şübhə ilə baxırdılar... məsələn: İsmayıl Rəhimov «keçmiş ağ zabit» olduğu üçün aradan götürülməlidir. Yunis xan Naxçıvanski «ümumiyyətlə, təkcə xan oldu, buna görə deyil, həm də ruhuna və dünyagörüşünə görə proletar hakimiyyəti və sovet idarəsi üçün yad ünsürdür». 1923-cü ilin cəmi bir neçə ayı ərzində Ş. Mahmudbəyovun göstərişi ilə 87 bitərəf, 46 kommunist məsuliyyətə cəlb edilmişdir.

İ.Vatsek Zaqafqaziya Kommunist Təşkilatlarının I qurultayında (fevral 1922) öyünərək demişdi: «Partiyadaxili ixtilafların aradan qaldırılması Qafqaz bürosunun, hər hansı başqa partiya komitələrinin xidməti deyildir, partiyadakı təmizlənmənin nəticəsidir... Azərbaycanda biz bütün millətçi alçaqları... süpürüb atmışıq... Partiya dəmir süpürgə ilə süpürülüb təmizləndikdən sonra söhbəti daha işgüzar ruhda aparmaq mümkündür». Bakı şəhərində 2164 partiya üzvündən 760 nəfəri (və ya bütün kommunistlərin 35 faizi), o cümlədən şübhəli keçmişinə görə 221 nəfər, səbatsızlığına görə 97 nəfər, partiya intizamını mütəmadi pozmağa və partiya intizamına tabe olmamağa görə 90 nəfər, millətçiliyə və şovinizmə görə 34 nəfər, intriqaçılığa görə 31 nəfər partiyadan xaric edilmişdi. Bakı şəhər yoxlama komissiyası Azərbaycan SSR-in Türkiyədəki səlahiyyətli nümayəndəsi İbrahim Əbilovu «şübhəli keçmişinə» görə partiyadan xaric etmişdir. Səbəb bu olmuşdur ki, Azərbaycanda sovet hakimiyyəti qurulanadək İbrahim Əbilov «Hümmət» təşkilatının sağ cinahına mənsub idi. N. Nərimanov Əbilovu müdafiə edərək Mərkəzi yoxlama Komissiyasına ərizəsində yazmışdı: «Mən, Əbilov yoldaşı ən yaxşı və proletar inqilabına ən sədaqətli yoldaş kimi tanıyan bir çox yoldaşlardan biriyəm və hazırda Əbilov yoldaş Bakıda olmadığına görə təşəbbüsü öhdəmə götürüb Mərkəzi Komissiyadan xahiş edirəm ki, Əbilov yoldaşın partiyadan xaric edilməsi haqqında şəhər komissiyasının qərarına yenidən baxsın və AKP üzvü kimi onun hüquqlarını bərpa etsin... Mərkəzi yoxlama komissiyasının sədri K. F. Sturua Nərimanovun ərizəsinin üzərində yazmışdı:

«Nərimanov yoldaşın məsuliyyəti altında Əbilov yoldaş 1920-ci ildən sayılan köhnə partiya stajı ilə AKP üzvlüyünə bərpa edilir». N. Nərimanovun Əbilov üçün «məsuliyyət daşıması» çox çəkmədi. 1923-cü ilin fevralında İ. Əbilov Türkiyənin Smirna (İzmir) şəhərində cərrahiyyə əməliyyatından sonra vəfat etdi. Azərbaycanda təmizləmə zamanı qadınlar da yoxlama komissiyasının nəzərindən qaçmamışdır. Ceyran Bayramova, Xavər Şabanova, Qızxanım Ələkbər qızı və b. müxtəlif bəhanələrlə partiyadan çıxarılmışlar. 

Təmizlənmə nəinki tək Bakıda, Azərbaycanın qəzalarında da xalqa ağır ziyan vurmuşdur. Göyçay partiya təşkilatında 650 kommunistdən 440 nəfəri və ya 62,1 faiz, Ağdaş partiya təşkilatında 61,1, Nuxa partiya təşkilatında 52, Şamaxı partiya təşkilatında təqribən 50, Quba partiya təşkilatında 46,2, Qazax partiya təşkilatında 41,9, Şuşa partiya təşkilatında 32, Naxçıvan diyarında 944 kommunistin 25,7 faizi partiyadan çıxarıldı. Öz vəzifələrindən istifadə edərək, rüşvətxorluq, intizamsızlıq, sərxoşluq və s. səbəbindən günahlı olub, təmizlənməyə məruz qalan adamlar da var idi. Ancaq onlar azlıq təşkil edirdilər. 1921-ci il dekabrın 21-də N. Nərimanov RK(b)P MK-ya həyəcan və təşviş dolu şifrli teleqram göndərmişdi. Teleqramda deyilirdi: «Azərbaycanda partiyanın təmizlənməsi ən kütləvi hal almışdı. Azərbaycan komissiyalarının bütün qərarlarında fraksiyaçılıq aydın görünür. Təmizlənməni fraksiya mübarizəsi alətinə çevirmişlər. Qəzalarda vaxtilə əksinqilaba qarşı mübarizə aparmış məsul işçilərin hamısı partiyadan çıxarılmışdır. Partiyanın sıravi üzvlərini də amansızcasına darmadağın etmişdilər. Xalq komissarlarından biri də salamat qalmamışdı. Şaxtaxtinski, Əfəndiyev, Əliyev, Qədirli, Kazımov, Vəzirov, Talıblı xaric edilmişlər. Bizim Ankaradakı diplomatik nümayəndəmiz də xaric olunmuşdur. Elə bir vəziyyət yaranmışdır ki, işləmək əsla mümkün deyildir. Qafqaz diyar yoxlama komissiyası və onun sədri Mavrin Azərbaycan kommunistlərinə münasibətdə qeyri obyektiv mövqe tuturdu. Onun fikrincə Azərbaycandakı müsəlmanlar arasında səbatlı kommunistlər yox idi. N. Nərimanov buna öz münasibətini bildirərək yazırdı: «Əgər Azərbaycanın müsəlman kommunistlərinin əksəriyyəti Mavrin düşündüyü kimi millətçilik əhvalruhiyyəsində olsaydı, inanın ki, Ermənistan Zəngəzuru almazdı. Gürcüstana müftə neft verilməzdi, Azərbaycan kommunistləri partiyanı sağlamlaşdırmaq məsələsində öz müqəddəratlarını Mavrin kimi «beynəlmiləlçilərə» tapşırmazdılar. Nərimanov təmizlənmənin qərəzçiliklə aparıldığını göstərərək diqqəti ona cəlb edirdi ki, bir nəfər də «sol» kommunist partiyasından çıxarılmamışdı, partiyadan kənarda qalanlar əsasən «sağ» kommunist adlananlardır». Arxiv materialları və aparılmış tədqiqatlar göstərir ki, Azərbaycanda sovetləşməyə qarşı yerlərdə ciddi müqavimət göstərilmişdir. Belə ki, çevrilişdən sonra bolşeviklərin apardığı siyasət xalqın ciddi narazılığına səbəb olmuşdur. Tərəddüd edənlər, ümid gözləyənlər, mübarizə aparmağın yersiz olduğunu güman edənlər, qeyri-leqal fəaliyyətə keçən siyasi partiyalar və rus ordusunun özünü necə aparacağını gözləyən Milli ordu əsgərləri qısa müddətdə məsələnin əsl mahiyyətini başa düşdülər. 

XI Ordunun özbaşınalığı, qarətçilik, hərcmərclik, xüsusən günahsız adamların güllələnməsi xalqın qəzəbinə səbəb oldu. Qəzəb dalğası üsyanlara gətirib çıxardı. 1920-ci il mayın 26-dan iyunun 20-dək Gəncədə, Tərtərdə, Ağdamda, Şuşada və Zaqatalada silahlı üsyan baş verdi. Üsyanın başlanmasına bilavasitə təkan verəcək hadisə Azərbaycan hərbi hissələrinin «sinfi baxımdan yad ünsürlərdən təmizlənməsi» tədbiri oldu. Yeni hökumət Gəncədəki 3-cü piyada alayına, sovet hakimiyyətinin şərtləri əsasında fəaliyyət göstərməsini əmr etmişdir. Əmrin yerinə yetirilmədiyini gördükdə Azərbaycan ordusunun rəhbərliyini dəyişmək, əsgərlərini tərksilah etmək qərara alındı. Bununla da Gəncə komendantı şahzadə Mirzə Qacar, onun arxasınca piyada diviziyasının rəisi general-mayor Cavad bəy Şıxlinski və Cavanşir Kazımbəy vəzifədən uzaqlaşdırıldı. Mayın 12-də şəhər qubernatoru Xudadat bəy Rəfibəyli həbs edilərək Bakıya gətirildi, mühakimə edilərək məhkəmənin hökmü ilə mayın 20-də güllələndi. Gəncədəki Azərbaycan milli ordusunun hərbi hissələri özlərinə qarşı yad münasibət görərək, döyüşə hazırlıq vəziyyətinə gətirilib, gizli təlim keçirməyə başladılar. Hadisələrdən duyuq düşən XI Ordu hissələri mayın 25-dən 26-na keçən gecə Azərbaycan ordusunun qərargahına hücuma keçdilər. Milli ordunun əks hücumu ilə həmlə dəf edilərək şəhərin müsəlmanlar yaşayan məhəlləsi Qırmızı ordu hissələrindən azad edildi. Şəhər əhalisi silahlandırılaraq üsyana qoşuldu. Üsyanın başında general Şıxlinski, polkovnik Xanınbəyov, Xoyski qardaşları, Qəmbər Ələkbərov və şahzadə Məhəmməd Mirzə dururdu. Gəncənin yerli əhalisi ilə birlikdə üsyanda iştirak edən döyüşçülərin sayı 10 min nəfəri ötmüşdü. Üsyan başlanan zaman şəhərin erməni əhalisi Yelenendorf (Xanlar) istiqamətində XI Ordu tərəfindən çox həvəslə vuruşurdu. Bu səbəbdən üsyançılar erməni məhəllələrini öz nəzarətləri altına ala bilmədilər. Mayın 27-də XI Ordu hissələri hücuma keçdi, böyük itkilər verərək geri oturduldular. Vəziyyətin ağırlığını görən bolşeviklər Gəncəyə M. Q. Yefremovun komandanlığı ilə zirehli qatarlar qrupu, P. V. Kurışkonun 18-ci süvari diviziyası, M. D. Velikanovun komandanlıq etdiyi 20-ci atıcı diviziyasından ibarət güclü hərbi birləşmələr göndərdi. C. Kazımbəy və alman polkovniki Hauzen birlikdə kəşfiyyat edib Şəmkir tərəfdən hücum olacağını bildilər və əsas qüvvələri Qərb istiqamətinə cəmləşdirdilər. Üsyanın gedişində ermənilər Yelenendorf istiqamətində hücumlar edirdilər. Onlar qırğın törədir, evləri qarət edir, müsəlmanları qırır, qız-gəlini girov götürürdülər. Güclənən XI Ordunun üçüncü diviziyası mayın 28-də şəhəri güclü top atəşinə tutdu. 

Operativ idarənin rəisi V. Voronkovun ordu qərargahına verdiyi məlumatda deyilirdi: «Şəhərin yarısı artilleriya zərbəmizlə dağıdılmışdı». Qüvvələr nisbətinin qeyri-bərabər olmasından üsyan XI ordunun xeyrinə qurtardı. Mayın 31-də Qızıl Ordu şəhəri tam nəzarət altına aldı. Döyüşlərdə Stankeviç, Hauzen, tabur komandiri Mirizadə qəhrəmancasına həlak oldular. Üsyan yatırıldıqdan sonra başlanan repressiyada 6 general, 6polkovnik, 3 mayor və 7 kapitan qətlə yetirildi, ümumi sayı 76 nəfərə çatan hərbçi Narginə aparılaraq orada güllələndi.Görkəmli elm xadimi, Qazax Seminariyasının müəllimi Firudin bəy Köçərli də güllələnmişdi. Onun qətli N. Nərimanovu çox mütəəssir etmişdi. 1920- ci ilin oktyabrında Gəncədə olarkən dərin istintaq keçirməyə göstəriş vermişdi: «F. Köçərli Azərbaycan mədəniyyətinin parlaq fiqurudur, adı bizim ölkəmizdən də kənarlarda geniş tanınıb, biz onun qətli vəziyyəti haqqında dəqiq məlumat almağa borcluyuq». Həbslər zamanı İsrafilbəyov, Adilbəy Zülqədərov, Keçmiş Şeyxülislam Axund Pişnamazzadə həbs edildi. 12 min nəfərdən çox Gəncə əhalisi məhv edildi. XI Ordu isə 8,5 min nəfər itki verdi. Gəncədə göstərdiyi «şücaətinə» görə M. Q. Yefremov Qırmızı Bayraq ordeni ilə təltif edildi. İnsan tələfatı ilə nəticələnən silahlı münaqişələrin biri də Tərtərdə hələ mayın ortalarında baş vermişdi. Qarabağda baş verən üsyanlar ərəfəsində əhali milli orduya inanır və ona arxalanırdı. Bolşeviklər isə Gəncə üsyanından sonra Milli ordunu tamamilə dağıtmaq qərarına gəldilər. XI Ordu onlarla sıx əlaqə yaradan erməni daşnaklarının hərəkətlərinə göz yumurdu. İyunun əvvəllərində Qarabağın müxtəlif tərəflərində yerləşən Azərbaycan ordusunun Şəki, Tərtər, Cavanşir, Ağdam süvari alayları, Bakı piyada alayı və iki topçu diviziyası onların qarşısını almağa cəhd göstərirdi. Bolşevik hakimiyyəti xalqın təhlükəsizliyini təmin etmirdi, yaxud etmək istəmirdi.

Milli münasibətlərin kəskin olduğu bu bölgədə ermənilər XI Ordu əsgərlərindən istifadə edərək öz iyrənc niyyətlərini həyata keçirir, XI Ordu ilə milli ordu arasında nifaq yaradıb onları toqquşdururdular. Tərtərdə milli orduya qarşı bolşevik ordusunun hərbi əməliyyatı iyunun 10-da başlandı. XI Ordu komandanı Levandovskinin «düşmən mövqelərinin təyyarələrdən iyunun 10-da bombardman edilməsi» barədə verdiyi əmr həlledici rol oynadı. Tərtər və bir neçə kəndi dağıdıldı. Minlərlə insan öz yurdlarını tərk etmək məcburiyyətində qaldı. Müqavimətə türk generalı Nuru paşa və polkovnik Zeynalov başçılıq edirdi. Hələ iyunun 3-dən 4-nə keçən gecə Nuru paşa öz hərbi birlikləri ilə (onların içərisində polkovniklər Zeynalov, Səfiyev, sabiq pristav K.Qalabəyov da var idi) birlikdə Şuşaya girərək inqilabi komitə üzvlərini həbsə alıb özünü «Qarabağ hakimi» elan etmişdi. İyunun 6-da Şuşa İnqilab Komitəsinin sədri B. Vəlibəyov və b. yeni hakimin sərəncamı ilə güllələndilər. Bu vaxt Qarabağda xeyli milli ordu birləşmələri var idi ki, bunlar da Bərdədən Zəngəzura qədər geniş bir ərazidə yerləşmişdilər: süvarilər, tatar diviziyası (I Dünya müharibəsində vəhşi diviziya adını almışdı) Şəki süvari alayı, Qarabağ atlılar polku, 5-ci Bakı piyadaları, Ağdam polkları və 2-ci artilleriya briqadası. Nuru paşanın ciddi uğurlar qazanmaq imkanı, onun ümumi komandanlıq etmək bacarığının olmasına baxmayaraq, pərakəndəlik, üsyanın lokal xarakterli olması, qüvvələrinqeyri-bərabərliyi Gəncədə, Şuşada, Tərtərdə, Ağdam və Qaryagində baş verən müqavimət hərəkatının tezliklə yatırılmasına səbəb oldu. Beləliklə, iyunun 10-da Tərtər, 11-də Ağdam, 14-də Xankəndi və Şuşa XI Ordu tərəfindən tam nəzarətə alındı.Pərən-pərən düşən Azərbaycan ordusu dağıldı. 

Qarabağ üsyanlarının davam etdiyi günlərdə Azərbaycanın şimal qərbində, Zaqatalada da müqaviməthərəkatı başlamışdı. Üsyanın başında bölgənin nüfuzlu şəxslərindən - Molla Hafiz Əfəndiyev və hərbçi Əhmədiyev dururdu. Üsyançılar silaha əl ataraq iyunun 5-də müqavimətə rast gəlmədən Zaqatala qalasını tutdular, qəzanın inqilab komitə sədri və digər kommunistlər həbs edildi. Bir növ üsyan dini xarakterli idi. Onlar «rus kafirlərindən» ölkəni təmizləmək üçün əhalini köməyə çağırırdılar. Üsyançılar iyunun 7-də Qaxa daxil oldular. Milli ordunun süvari alayı da üsyançılara qoşuldu. İyunun 16-da XI Ordu hissələri V. F. Vodopyanovun başçılığı ilə Zaqatala istiqamətində hərəkət etdi. İyunun 16-da Zaqatala üsyanı yatırıldı. 

1920-ci ilin avqustunda Quba qəzasının Dəvəçi və Qusar rayonlarında üsyan baş verdi (12, f.27, s.l, iş 6139, s.41). Bu üsyanlar əvvəlki üsyanlar kimi XI Ordu tərəfindən amansızcasına yatırıldı. 1920-ci ilin avqust-sentyabr aylarında Lənkəran qəzasında Sovet hakimiyyətinə qarşı güclü və uzun müddətli üsyan başlandı. Üsyanın başında Qulam Tağıyev, general Səlimov, Nəcəfquluxan, Hüseynəli xan və Əsəd xan Talışinski dururdu. Avqustun 24-də üsyançılar Biləsuvar-Astara arasındakı məsafə boyu irəliləyərək şəhərin 20 km-nə çatmışdılar. XI Ordunun xüsusi şöbəsi tərəfindən törədilən özbaşınalıqlar qəzada sovet hakimiyyətindən narazı qüvvələri birləşdirdi. 1920-ci il dekabrın ortalarında Astarada, Girdənidə, Şahağacıda və Pensəri yaşayış məntəqələrində sovet hakimiyyəti devrildi. 1921-ci ilin yanvarında Lənkəran qəzasında sovet hakimiyyəti üçün yaranmış ağır vəziyyət aradan götürüldü. l921-ci ilin yayında qəzanın Astara hissəsində yenidən üsyan baş verdi. Xəzər dənizi hərbi qüvvələrinin köməyi ilə oktyabrın 5-də bu üsyan da yatırıldı. Lənkəran qəzasında müqavimət hərəkatı uzun müddət davam etdi (49, s.49). Sovetləşmənin əvvəllərində Azərbaycanda müqavimət hərəkatının bir növü də qaçaqçılıq idi. Torpaqları, var-dövlətləri əllərindən alınmış, siyasi hüquqlardan məhrum edilmiş adamlar qruplar halında birləşərək, yerlərdə sovet hakimiyyətinə qarşı silahlı çıxışlar edirdilər. Onların içərisində ən güclüləri Nuxa qəzasındakı Hüseyn Əfəndinin dəstəsi idi.

Göyçayda, Ağdaşda, başqa qəzalarda da onun dəstələri var idi (12, f.410, s.l, iş 103, s.136-137). Əsədulla bəyin başçılığı altında Şuşa qəzasında, Adil bəyin başçılığı altında Kürdüstanda, Şamxor, Zaqatala, Salyan, Qazax və başqa yerlərdə müqavimət hərəkatı güclü idi. 20-ci illərdə günahsız, öz haqqını tələb edən, haqsızlıqlara göz yuma bilməyənlər «bandit» möhürü ilə damğalanırdı. Onların içərisində «öz mənliyini, şəxsi həyatını bolşevik bəlasından qoruyub saxlamaq üçün müxtəlif yerlərə qaçan, dağlara çəkilən bəylər, varlılar; mövcud hakimiyyətə bel bağlamayan və baş vermiş hadisələrin mahiyyətini dərk etməyən qruplar..; sovet hakimiyyətinə nifrət edən silahlı dəstələr..; hakimiyyət hərc-mərcliyindən istifadə edib varlanmaq məqsədi ilə müxtəlif «dinə-dona» girənlər, ev, mal-heyvan oğruları..; vaxtilə öz mənəviyyatını itirmiş və narazı camaatı bandit adlandıran bir çox kommunistlərin özü də sonradan banditizmə qarşı mübarizənin hədəfinə çevrildi..;sovet hökumətinə sədaqətlə xidmət edən milis dəstələri də.. bolşeviklərdən üz döndərir və beləliklə, «bandit»ə çevrilirdilər.» 20-ci illərdə bolşeviklərin güclə bərqərar etdiyi totalitar aparat belə, Azərbaycan xalqının milli-azadlıq hərəkatının qarşısını ala bilmədi. Araşdırmalar göstərir ki, 20-ci illərin ortalarında Azərbaycanda müqavimət hərəkatı zəifləsə də, sonralar müxtəlif yerlərdə ara-sıra çıxışlar olmuşdur. Müqavimət hərəkatının qəddarlıqla yatırılmasına baxmayaraq, işğalçılara əyani sübut olundu ki, Azərbaycan xalqı öz azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparmağa qadir xalqdır.

Yazıda Rəna Bayramovanın “Azərbaycan rəhbərliyində ixtilaflar və daxili siyasi çəkişmələr (1920-1945)” kitabından istifadə edilib.






Fikirlər