Azərbaycanda Moskva saatı təhlükəsi... - Kreml Bakının “Qərb qapısı”nı bağlayır
Hətta həyati əhəmiyyətli məsələdir, çünki Putinin siyasi karyerası müstəsna olaraq Ukraynadan asılıdır. Donbas məsələsinin Kreml üçün hansı önəmdə olduğunu hələ prezident Viktor Yanukoviçin zamanında Ukraynanı işğal planının mövcud olması barədə az öncə mətbuatda gedən məlumatlar da təsdiqləyir. Yəni Maydan olsaydı da, olmasaydı da, bu ölkə çoxdan Putinin hədəfində imiş.
Heç şübhəsiz, stajlı KQB zabiti kimi Kreml başçısı Güney Qafqaza yönəlik də bənzər plana malikdir. Əlbəttə ki, bu planın da mərkəzində güc amili dayanır. Artıq əlamətlər özünü büruzə verməkdədir. Məsələn, ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun NATO-ya üzvlüklə bağlı Gürcüstanı hədələməsi əsla boşuna deyildi və həmin əlamətlərdən, işğal anonslarından sayıla bilər.
Lavrov demişdi ki, NATO Gürcüstanı alyansa çəkməyə cəhd etsə, Rusiya buna qarşı müvafiq tədbirlər görəcək: “Mövqeyimiz ondan ibarətdir ki, Gürcüstanın NATO-ya çəkilməsi cəhdləri Cənubi Qafqazda sabitliyə xidmət etməyəcək. Əgər bu istiqamətdə praktik addımlar atılsa, həmin proseslərin mövcud situasiyaya mənfi təsirlərinin qarşısını almaq üçün tədbirlər görəcəyik”. Nazir onu da əlavə eləmişdi ki, artıq Gürcüstanın NATO-ya qəbulu yönündə müəyyən addımlar müşahidə olunur. Bu, şəkk-şübhəsiz, suveren və qonşu bir dövlətə qarşı açıq təhdid xarakterli mesajdır. Unutmayaq ki, Rusiya 2008-ci ildə Gürcüstanın ayrılmaz tərkib hissəsi olan Abxaziya və Cənubi Osetiyanı onların müstəqilliyini “tanımaqla” de-fakto özünə birləşdirib, orada - Tiflisin, eləcə də bölgənin qulağının dibində böyük sayda hərbi kontingent, bazalar yerləşdirib. Üstəlik, ötən ilin sonlarında sözügedən separatçı qurumlarla qarşılıqlı müqavilələr əsasında “ortaq ordu” yaradıb.
Aydındır ki, bu ordu Abxaziya və Cənubi Osetiyadan daha çox, Rusiyanın maraqlarını qorumağa hesablanıb. Yaxın və müstəqil dövlətləri hansısa bəhanə ilə işğal eləmək niyyəti güdür.
***
Bu xüsusda növbəti narahatedici fakt. Keçən həftə Rusiya və Gürcüstan nümayəndələri arasında Praqada baş tutan görüşdə Rusiyanı Ermənistanla birləşdirən Abxaziya dəmiryolunun açılması yönündə müzakirələr gedib. Belə bir məlumatı Rusiya tərəfi vermişdi, amma Gürcüstan təmsilçisi Zurab Abaşidzenin dediyinə görə, görüşdə həmin məsələ müzakirə olunmayıb. Tiflisdən yayılan məlumata görə, Rusiya Gürcüstandan Abxaziya yolunu açmağı tələb edir ki, bu da faktiki, Putinin yeni ultimatumudur.
Əslində, Abxaziya dəmir yolunun açılması öhdəliyi bir vaxt Rusiyanın adamı sayılan Bidzina İvanişvilinin də qarşısına məqsəd kimi qoyulmuşdu. O hətta baş nazir olandan sonra dərhal İrəvana getmiş, orada dəmiryolunun açılmasını vacibliyini vurğulamışdı. İrəvan da dərhal bu ideyanı dəstəkləmişdi. Gürcüstanın özündə isə əsas qüvvələr ideyanı müdafiə etməmişdilər, ona görə ki, bu, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması anlamına gələrdi. O vaxt Rusiya məsələnin üstünə çox getməmişdi, çünki İvanişvilinin müvəqqəti olduğu göz qabağında idi. Amma indi Rusiya tələbini yeniləyib. Ermənistan parlamentində də bir canlanma var. Əslən Axalkalakidən olan deputatlar dəmiryolunun açılmasını vacib sayırlar. Amma bu, bəzi praqmatik erməni şərhçiləri qorxudur.
“Əgər Kreml Gürcüstanı təslimə məcbur edə bilərsə, onda Gürcüstan və Ermənistan öz müstəqilliyini itirəcək və Rusiya imperiyasının bir hissəsinə çevriləcək”, - deyə erməni politoloq Naira Hayrumyan vurğulayıb.
***
Beləliklə, Gürcüstanın işğalı ehtimalı riski kifayət qədər ciddi olaraq qalır. Görünür, bunu nəzərə alan və başı daha çox Ukraynaya qarışan Qərb Moskvaya hər hansı bəhanə verməməyə çalışır. NATO baş katibi Yens Stoltenberqin ötən həftəsonu “Alyans Gürcüstanda hərbi baza yaratmağa hazırlaşmır” açıqlamasını da öncəliklə bu kontekstdə dəyərləndirmək lazım gəlir və Kremli yəqin ki, arxayın salmaq niyyəti güdür. Çünki istisna deyil ki, Putin Güney Qafqaz planına həm də Ukraynaya görə Qərb üzərində kontur-revanş kimi baxır.
Gürcüstanın ram edilməsi isə avtomatik şəkildə qonşu Azərbaycanın Qərb üçün itirilməsi, bölgədən keçən neft-qaz kəmərlərinə, Xəzər dənizi akvatoriyasında nəzarətin bütünlüklə Kremlin nəzarətinə keçməsi demək olacaq. O halda, Azərbaycanın Qarabağ şərtinə görə Avrasiya İttifaqına üzvlük problemi də Kreml üçün avtomatik aradan qalxmış olacaq. Yaddan çıxarmaq lazım deyil ki, artıq Ermənistan SSRİ-nin prototipi sayılan Avrasiya İttifaqının və Gömrük İttifaqının üzvüdür, ancaq onun digər üzv-dövlətlərlə, o cümlədən Rusiya ilə quru əlaqəsi yoxdur. Belə əlaqə yalnız iki ölkə vasitəsi ilə mümkündür - Gürcüstan və Azərbaycan.
***Əslinə qalsa, mövcud durumda ən zəif həlqə “bloklara qoşulmayan”, regionun iqtisadi cəhətdən əsas dövləti sayılan Azərbaycandır. Hər halda, Gürcüstan uzaqdan da olsa, pis-yaxşı Qərbin himayəsi altındadır, ötən ildən isə Avropa Birliyinin assosiativ üzvüdür, ABŞ-ın NATO-dan kənar müttəfiqi statusundadır. Qalır bölgədə yeganə “qərib ölkə” - Azərbaycan. Şübhə yox ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın Bakı səfəri çərçivəsində müxalifətlə görüşməməsi, ümumiyyətlə demokratiya və insan haqları məsələsini qabartmaması müstəsna olaraq geosiyasi səbəblə - rəsmi Bakını Kremlin təhdidlərinə qarşı daha həssas duruma gətirməmək, qısası, Azərbaycanı həmişəlik itirməməsinə hesablanmış gediş olub.
Lakin belə gedişlər Moskvanın Güney Qafqaz planını neytrallaşdırmaq üçün kifayət edəcəkmi? Azərbaycanın “qərbə qapısı” və yaxud “Qərb qapısı” bağlanarsa, necə olacaq? Bu xüsusda tanınmış amerikalı politoloq Pol Qoblun söylədikləri yetərincə aktual hesab oluna bilər. Yazını da onun sitatı ilə bitiririk.
Ekspert “Azadlıq” radiosunun Azərbaycan bölümünə verdiyi müsahibədə deyib: “Görünür, Putin digər yerdə daha bir problem yaranmasın deyə, Qərbin eyni vaxtda bir neçə münaqişə ilə məşğul ola bilməyəcəyinə arxayındır. Kreml xüsusilə də Cənubi Qafqaza Qərbin diqqət göstərməməsindən çox yaxşı istifadə edir... Azərbaycan iqtidarı illərdir balanslı xarici siyasət kursu ilə fəxr edirdi. Problem ondadır ki, Moskvanın nöqteyi-nəzərində balans kifayət deyil. O, yalnız tam ehtiramı qəbul edir. Fikrimcə, Putin son zamanlar Bakını Moskva hakimiyyətinə yenidən tabe etdirmək üçün Azərbaycan qarşısında bir sıra çətinliklər yaradıb... Təəssüflər olsun ki, dünya Ukrayna hadisələri və İŞİD-dən savayı heç bir şeylə maraqlanmır”. (musavat.com)