ORDU PUTİNİ ÜSTƏLƏDİ – Kreml üçün arzulanmaz mənzərə
Rusiya Prezidenti Vladimir Putinə əhalinin etibarı 2017-ci ildən bu yana 17% azalaraq, 58%-ə düşüb. Axar.az xəbər verir ki, bu nəticə “Levada Çentr” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Maraqlıdır ki, sorğu iştirakçıları prezidentdən çox Rusiya ordusuna güvəndiklərini bildiriblər. Orduya güvənənlərin sayı əhalinin 66%-ni təşkil edib. Sorğu iştirakçılarının əksər hissəsi 2015-ci ildə Xəzər dənizindən Suriyaya buraxılan raketə və Rusiyanın yeni yüksək texnologiyalı silahlarına baxdıqda qürur duyduqlarını bildirib. “Levada Çentr” son illər ərzində ilk dəfə olaraq orduya etibarın prezidentdən 8% çox olduğunu bildirib. Ən maraqlı məqam isə “Putinə heç etibar etmək olmaz” fikrini müdafiə edənlərin sayının keçən illə müqayisədə 4%-dən 13%-ə qədər artmasıdır. Ordu və prezidentdən sonra əhalinin ən güvəndiyi qurumlar Federal Təhlükəsizlik Xidməti (50%), kilsə (48%) və xeyriyyə təşkilatları (38%) olub. Əhalinin ən az etibar etdiyi institutlar sırasında isə hökumət (27%), Duma (23%), böyük biznes (16%) və siyasi partiyalar (16%) qərarlaşıb. “Kommersant” qəzetinə açıqlama verən “Levada Çentr”in sosioloqu Denis Volkov Putinin reytinqinin cari ilin əvvəllərindən düşdüyünü bildirib: “Martdakı prezident seçkisi Putinin reytinqini müəyyən qədər canlandırdı. Seçkidən sonra isə onun tərəfdarlarının səfərbərliyi bitdi. İnsanlar əməkhaqlarının artırılması əvəzində təqaüd yaşının artırılması ilə qarşılaşdılar. Hələlik Putinin reytinqinin artmasına heç bir güman yoxdur”. Siyasi partiyalar, hökumət və Dumanın reytinqinin aşağı olmasına gəlincə isə, Volkov burada keçən illərə nisbətdə geriləmənin az olduğunu söyləyib: “Bu strukturların reytinqi prezidentlə müqayisədə daha az geriləyib. Ona görə ki, onların reytinqi əvvəldən çox aşağı idi. İnsanlar onsuz da onlara ümid bəsləmirdilər. Putin qeyri-populyar reformlara görə günahı başqa qurumların üzərinə atmağa cəhd etsə də, bu alınmadı. Çünki baş verən hər yaxşı və pisə görə məsuliyyəti o daşıyır”.