Tural Abbaslı: “QARABAĞIN adına LAYİQ MİTİNQ TƏŞKİL edəcəyik”
Həftənin şənbə günü - fevralın 16-da Qarabağ Komitəsi (QK) “Qarabağa azadlıq” şüarı ilə mitinq keçirməyi planlaşdırır. Mitinqə razılıq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Belə ehtimallar var ki, BŞİH QK-ya 13 və ya 14 fevralda rəsmi cavab verəcək. Komitənin növbəti aksiyasına da icazə verilməyəcəyinə dair fikirlər çoxluq təşkil edir. Milli Şuranın 26 yanvarda keçirmək istədiyi mitinq müraciətinə də rədd cavabı verilməsi bu ehtimalı gücləndirir. Bundan əlavə, belə iddialar var ki, mitinqlərin keçirildiyi “Məhsul stadionu”nu hökumət qapatmaq istəyir və əvəzində aksiyalar üçün Bakının “20-ci sahə” deyilən ərazisini nəzərdə tutur. Hətta ölkə iqtidarının böyük bir mitinq keçirməyi planlaşdırdığı və bu mitinq üçün “20-ci sahə”ni nəzərdə tutduğu iddia olunur. Həm də bu üzdən QK-nın mitinqinə icazə verilməyəcəyinə dair rəylər var. Çünki komitə BŞİH-ə müraciətində aksiya keçirmək üçün “Məhsul stadionu”nu göstərib. QK-nın təsisçilərindən olan AĞ Partiya başqanı Tural Abbaslı mitinq hazırlıqlarında danışdı: “Biz düşünürük ki, hazırkı geopolitik vəziyyətdə Qarabağımıza real təhlükələr yaranıb. Hesab edirik ki, hazırkı gedişat Azərbaycanı təslimçi sülhə hazırlamaq istiqamətində davam edir. Bunun qarşısını almaq üçün də hakimiyyət ciddi real addımlar atmır. Bütün bu sadaladıqlarımın fonunda ”Qarabağa azadlıq" şüarı ilə mitinqin keçirilməsi çox labüd hal alır. Qarabağ Komitəsi olaraq biz istəyirik ki, belə izdihamlı mitinqlərlə istər Ermənistana, istərsə də beynəlxalq aləmə Azərbaycan xalqının mövqeyini və iradəsini nümayiş etdirək. Bu mitinqlərlə hər kəsə Azərbaycan xalqı heç zaman, heç bir şərtlərlə öz torpaqlarından güzəşt etməyəcək mesajı vermək istəyirik. Təəssüf ki, bundan öncəki mitinqə hökumət icazə verməməklə, prosesə mənfi yöndə təsir etdi. Əslində Qarabağ mövzusunda olan mitinqlərə razılıq verməyib, digər siyasi mövzularda olan mitinqlərə razılıq verilməsi də az düşündürücü hal deyil. Heç kəs unutmamalıdır ki, Qarabağ iqtidar-müxalifət məsələsi deyil, bu hər kəsin çox həssaslıqla yanaşmalı olduğu ümummilli bir məsələdir. Qarabağ Komitəsinin sonuncu iclasında əsas müzakirə mövzusu məhz elə mitinq və mitinqə hazırlıq məsələləri oldu. Doğrudur, hələlik BŞİH bizim müraciətimizə cavab verməyib. Düşünürəm ki, ayın 13-ünə qədər mütləq rəsmi cavab alacağıq. Ancaq biz cavab almadan da hazırlıq işlərini davam etdiririk. Bu hazırlıq işlərinə əsasən təbliğat və təşkilati məsələlər daxildir. Nəzərə alsaq ki, biz keçən ilin sentyabrında artıq bir Qarabağ mitinqi keçirmişik, kifayət qədər təcrübə var. Yəni zatən Qarabağ Komitəsində toplaşan insanlar kifayət qədər təcrübəli siyasətçilərdir. Ancaq, məsələ Qarabağ məsələsi kimi həssas bir məsələ olursa, burada artıq xüsusi təcrübə tələb olunur. Fevralın 11-i Komitənin növbəti iclası olacaq. Bu iclasda da əsas müzakirə mövzusu mitinq məsələsi olacaq. Çox güman ki, bu həftə təbliğat məsələsi iki qat gücləndiriləcək. İnanıram ki, hakimiyyət keçən dəfəkindən fərqli olaraq, mitinqimizin keçirilməsinə qadağa qoymayacaq, bizlər də çox möhtəşəm və izdihamlı mitinq təşkil edə biləcəyik. Bunu deməyə bizdə kifayət qədər əsaslar var. Qarabağ Komitəsinin 29 sentyabr mitinqindən sonra başlayan canlanma artan istiqamətdə davam edir. Hazırda xalq arasında kifayət qədər aktivlik var və bu dinamika artan istiqamətdə gedir". T.Abbaslı mitinqə razılıq verilməyəcəyi təqdirdə atacaqları addımlardan da söz açdı: “ Mitinqə razılıq verilməyəcəyi təqdirdə və ya ötən illərin neqativ təcrübələrindən çıxış edərək bizim göstərdiyimiz məkandan başqa bir məkan verilsə, nə edəcəyimiz barədə müzakirələr növbəti günlərdə müzakirə olunacaq, müvafiq qərar veriləcək. Şəxsən mənim mövqeyim budur ki, biz mitinqi ancaq və ancaq özümüzün göstərdiyimiz məkanda, yəni ”Məhsul stadionu"nda keçirməliyik və başqa bir məkanın müzakirəsi belə aparılmamalıdır. Ancaq mən İdarə Heyətinin və komitənin bir fərdiyəm və qərarlar da ümumi razılıqla veriləcək. Məncə, indidən hadisələri qabaqlamaq doğru deyil. Hər bir məsələ zamanında müzakirə olunmalıdır. Yenə də ümid etmək istəyirəm ki, iqtidar bu mitinqə maneçilik törətməyəcək və biz də Qarabağın adına layiq mitinq təşkil edəcəyik". (musavat.com) QK Qarabağ mitinqinə hazırlaşır - icazə veriləcəkmi?