Azərbaycanın keçmiş Daxili İşlər naziri İsgəndər Həmidovun xəstəliyi açıqlanıb.
"AzerTaym.az" bildirir ki, bu haqda həkim Adil Qeybulla açıqlama verib. O, bildirib ki, İsgəndər Həmidov barəsində xeyli vaxtdır sosial şəbəkələrdə əsassız söz-söhbətlər gedir. "Tam səmimiyyətlə bildirirəm ki, bu söhbətlər ya məlumatsızlıqdan, ya da qəsdən yayılır. Qəsdən edilən bəyannamələrlə işim yox, səmimi yanılan dostlara faydalı ola biləcək bilgilər çatdırmaq istərdim”.
A. Qeybulla deyib ki, xeyli vaxtdır İsgəndər Həmidovun səhhətindəki ağır problemlər sarıdan uzunmüddətli müalicəsinin təqibi ilə məşğuldur: "İsgəndər bəy əvvəlcə Bakıda müayinə olundu, xəstəliklərinin çoxluğu və sonrakı uzunmüddətli və mürəkkəb reabilitasiya zərurətini nəzərə alaraq Türkiyə Cümhuriyyətinə getməsi qərara alındı. İlk öncə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində hərtərəfli müayinə olundu və diaqnoz qoyuldu: Ürəyin xroniki işemik xəstəliyi. Gərginlik stenokardiyası. Xroniki pielonefrit. Böyrəklərin solitar sistləri. Yoğun bağırsağın polipi. Prostat vəzin xoş xassəli adenoması.
Mərhələli əməliyyatlar məsləhət görüldü. Müalicə xərcləri xeyli baha olduğundan İsgəndər bəy Bursa şəhərinə gedəsi oldu. Bursada mərhələ ilə Ürəyin açıq coranar bypass əməliyyatı, prostat TUR adenomektomiya əməliyyatı, böyrəklərin endoskopik kistektomiya əməliyyatı və yoğun bağırsağın rezeksiyası-anastomoz qoyulması kimi yaşı və səhhəti üçün ciddi olan əməliyyatlar keçirəsi oldu. Qeyd etməyi zəruri hesab edirəm: həmin söz-söhbətlər yayılanda o Bursa şəhərində reanimasiyada müalicə alırdı, mən onun yanında olan qaynı Kamran ilə əlaqə saxlayırdım. Nəhayət, əməliyyatlardan sonra xeyli müddət reanimasiyada qalası oldu və bu günlərdə vətənə qayıtdı. Hal-hazırda City hospitalda müalicə alır. İsgəndər bəyin ağrı-acılarına rəğmən ruhən güclü imici çoxlarını yanıldır, əsassız söhbətlər yayılır. Məlumat yayarkən onun səhhətinin xeyli problemli olduğunu nəzərə almağınızı xahiş edirəm. Aşağıdakı şəkillərin nümayişi həkim etikasına zidd olsa da, söylədiklərimin təsdiqi kimi onları Sizə təqdim etməyi məqsədəuyğun sayıram” (Yeni Sabah).
Fikirlər