“Təcili fövqəladə vəziyyət elan olunmalıdır” - DEPUTAT
“Bir çox mənbələrdən aldığım məlumatlar, mediada, sosial şəbəkədə yayılan məlumatlar, Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 8-də keçirilən mətbuat konfransındakı açılqlamalar əminlik yaradır ki, Bakının mərkəzindən kənar qəsəbələrdə, şəhərin kənar hissələrində insanların bir hissəsi “Evdə qal” çağırışlarına məhəl qoymurlar. İnsanlar heç nə olmamış kimi küçələrdə, həyətlərdə hərəkət edirlər, bir çox hallarda toplum halında toplaşırlar”. “AzerTaym.az" bildirir ki, bu barədə Milli Məclisin deputatı Fəzail Ağamalı Musavat.com-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan polisinin və daxili qoşunların imkanları yetmir ki, bütün ölkə ərazisində hər bir küçədə, həyətdə, tində xüsusi nəzarət qoysun. Çox təəssüf ki, hələ də aramızda məsuliyyətsiz, vəziyyətin son dərəcə təhülkəli olmasının fərqinə varmayan çoxlu insanar var. Bu cür insanlar yenə də “mənə heç olmaz, mən xəstələnsəm də sağalacam, yaşım gəncdir mənə xəstəlik yoluxmaz” kimi yanlış düşüncədədirlər: “Bu cür düşüncədə olub küçələrdən yığışmayan insanlar ölkəni çox böyük problemlərə düçar edə bilərlər. Belə insanların davranışı, bu cür düşüncəsi cahillik, nadanlıqdır. Mən artıq məcburam bu cür sərt ifadələr işlədəm. Həkimlər, rəsmilər, jurnalistlər bütün günü efirdən, mediadan bu xəstəliyin nə qədər təhlükəli olduğu, kütləvi yayılarsa necə dəhşətli vəziyyətlə üzləşə biləcəyimiz barədə fikirləri, xəbərdarlıqları, çağırışları insanlara edirlər. Ancaq bir sıra insanlara hələ də təsir etmir. Bu cür adamlar düşünmürlər ki, özü bilmədən virusun daşıycısı ola bilər və ailə üzvlərini, çoxlu sayda insanları yoluxdurar”. Fəzail Ağamalı bəyan etdi ki, vəziyyət nəzərə alınmalı və təcili fövqəladə vəziyyət olunmalıdır: “Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İbrahim Məmmədovun, Hikmət Hacıyevin və Ramin Bayramlının həyəcan dolu açıqlamalarını dinlədim. Həm bu, həm də yuxarıda qeyd etdiyim durum, faktlar göstərir ki, təhlükənin miqyası getdikcə böyüyür. Dövlətimiz özündən asılı olan hər şeyi edir ki, vəziyyət kritik həddə çatmasın, müsbətə doğru dəyişsin. İki həftə ərzində tibbi maska istehsalına başlandı, dizinfeksiya üçün maddələrin istehsalı müəssisələri yaradıldı, ölkə prezidentinin sərəncamı ilə 6 modul tipli xəstaxana tikilməyə başlandı, ölkədəki əksər 4 və 5 ulduzlu hotelləri virusa qarşı mübarizə meydanına çevrilib. İnsanların evdə qalması üçün dövlət vəsait ayırıb, başqa imkanlar yaradıb. Bütün bunlardan sonra insan nə qədər məsuliyyətsiz olar ki, evindən kənara çıxar. Küçəyə çıxmaqla kifayətlənməyib, qoruyucu maskalardan istifadə etmirlər. Ona görə də düşünürəm ki, sadalanan bütün faktları nəzərə alaraq təcili şəkildə fövqəladə vəziyyət elan olunmalıdır. Bunun başqa variantı yoxdur. Bildiyiniz kimi, fövqəladə vəziyyətin şərtləri ağırdır və orada artıq indiki kimi yanaşma olmayacaq. Məncə gecikmədən fövqəladə vəziyyət elan olunmalıdır”. Deputat xatırlatdı ki, Gürcüstanda bir müddət öncə fövqəladə vəziyyət elan olunub, orada dinamika çox aşağıdır. Ancaq Gürcüstanla Azərbaycanın həyata keçirdikləri tədbirlərin miqyasını müqayisə etmək Azərbaycana çox böyük ədalətsizlik olardı: “Sadəcə bizdə bir şey çatışmır-bir çox insanların məsuluyyəti. Bu cür insanların nadanlığı dövlətin həyata keçirdiyi böyük önləyici tədbirləri zədələyir. Ona görə də fövqaəladə vəziyyət elan olunsa məsuliyyətsiz nadan insanların heç bir şəkildə çölə çıxmaq imkanları olmayacaq. Föqəladə vəziyyətə nəzarət üçün yəqin ki, ölkənin hüquq mühafizə orqanlarından başqa silahlı qüvvələrimizin də imkanlarından istifadə edilə bilər. Fövqəladə vəziyyətdə küçəyə çıxan insanlar dərhal həbsxanaya salını, vəssalam. Mən artıq çox narahatam, ürəyim ağrıyır. Çox narahatam ki, məsuliyyətsizlik, nadanlıq, cahillik bu insanlara qapısını döyən təhlükəni görməyə imkan vermir və bu cür adamlar özləri ilə böyük təhlükə daşıyırlar. Koronavirus dünyaya elan olunmuş müharibədir. Azərbaycan da bu müharibənin içindədir. Bunu başa düşmək lazımdır. Bu müharibədə düşmən gözə görünmür. Təhlükəni böyüdən budur. Ona görə də heç kim evindən çıxmamalıdır. Bircə ay heç kim evindən çölə çıxmasa, dövlətin tətbiq etdiyi şərtlərə əməl edilsə inanın ki, biz təhülkəni dəf edəcəyik. Azərbaycan 1988-ci ilin dekabrından SSRİ dağlana qədər fövqəladə rejim şəraitində yaşayıb. O zaman qırılmadıq, indi də evdə oturmaqla bizə heç nə olası deyil. Əksin, evdə oturmasaq sovet əsgərindən daha betər olan koronavirusun qurbanına çevriləcəyik. Məsuliyyətsiz və nadan insanları evə yığmağın yeganə yolu fövqəladə vəziyyət rejiminə keçməkdir. Maariflənmə bir çox insanlara təsir etmir”.