Anti-Sizif: Həşərat qumluqda...

Anti-Sizif: Həşərat qumluqda...

Məmməd Süleymanov
"Əslində insanlar məcbur olunduqlarından da çox itaət etmək istəyirlər” (Erix Fromm. "Azadlıqdan qaçış”)
Gettoda xoşbəxtlik tapmaq, yaxud salındığın qaranlıq quyuya öyrəşib həmişəlik orada qalmağa razılaşmaq. Nonsens? Yox, tədricən normaya çevrilə biləcək mövcudluq tərzi.
Bu köləliyin Sizifə heç bir aidiyyatı yoxdur. Sizif ümidsiz, ancaq barışmadan yaşayırdı.
Bioloji həşərata çevrildilən "ictimai həşəratlar” isə əvvəlki ümidsizliklərinin yanına bir barışqanlıq da əlavə ediblər. Onlara elə gəlir ki, daha da pis ola bilərdi...
***
"Qadın qumluqda”. Romanı Kobo Abe yazıb. Filmi Xirosi Tesiqaxara çəkib. Yapon ədəbiyyatının klassiki ilə kinosunun klassikinin birgə fəaliyyətindən Kafkasayağı şedevr ərsəyə gəlib. Ən pisi odur ki, Kafkada Kamyu axtarasan. Və hətta tapasan.
Bu, yəqin resentimentdir. Kölə özünü azad saya bilərmiş. Sahib üçün bu, ideal variantdır. Deməli, kölə məmnundur. Sahib də ikiqat məmnundur.
Tesiqaxara romanın süjetini də, ab-havasını da saxlayıb. Təkcə rejissor yox, həm də rəssam (və üstəlik rəssamın oğlu) olan Tesiqaxara öz filmi ilə sanki Vrubelin daha bir demonunu yaradıb. Ağ-qara fon zatən əlvan və bəzəkli xəyallara yer də saxlamayıb.
 
***
Məktəb müəllimi və həvəskar entomoloq səhrada həşəratları tədqiq və kolleksiya edir. Bilmədən ki, bir azdan özü də həşərata çevriləcək.
Sonuncu avtobusa gecikdiyindən yerlilərin səhradakı kənddə gecələmək təklifinə məmnuniyyətlə razılaşır. Onu tənha yaşayan qadının (bu rolu əfsanəvi Kyoko Kesida oynayır və elə bu film də ona dünya şöhrəti gətirir) evinə aparırlar. Ev səhranın ortasındakı geniş quyuda yerləşib. Müəllim kəndir nərdivanla oraya enir. Ağlına da gətirmir ki, bir daha buraları tərk etməyəcək.
Filmdə hamı adsızdır. Bu da qismətin universallığına eyhamdır. Necə ki, Tesiqaxara sonralar deyəcəkdi: "Filmin ideyası - süjetin universallığındadır: bu hadisə hər yerdə baş verə bilər. Filmin qəhrəmanı mövcudluğun mənasını bir tikə çörək uğrunda mübarizədə tapır. Həyatın fəlsəfəsi adi insan həqiqətlərinə söykənir”.
Nədir o həqiqətlər? Və niyə onlar bu dərəcədə qaradır?
***
Qadın səhra fırtınasında ərini və övladını itirib. Onun gündəlik həyatı axşamdan səhərə qədər həyətə və daxmaya fasiləsiz dolan qumu yığmaqdan ibarətdir. Kəndlilər qum toplanmış kisələri kəndirlə çəkib qaldırır və şəhərə satırlar. Şəhərdə isə qum tikintidə istifadə olunur. O, ev tikmək üçün keyfiyyətsizdir, ona görə də onu yarı qiymətə satırlar. Əvəzində isə kənd şurası aborigenləri ən zəruri ərzaqla təmin edir.
Və həyat illər boyunca hər gün bu cür təkrarlanaraq davam edir. Həyat barmaqların arasından qum kimi süzülüb yerə qarışır.
Bu mövcudluğun dözülməzliyinə görə kəndi çoxları tərk edib. Kəndi səhra qumundan xilas etmək üçün işçi qüvvəsi çatışmır. Ona görə də yerlilər təsadüfən bu ərazilərə gəlib çıxan yadları oğurlayıb kölə edirlər.
Səhraya qalib gəlmək mümkün deyil. Ancaq səhradan pul qazanmaq mümkündür və lazımdır. Bu da onların "ümummilli ideya”sı.
Müəllim səhər səhranı tərk edib şəhərə qayıtmaq istəyəndə məlum olur ki, kəndir nərdivan yoxdur. O, quyunun dibində qalır.
***
Vəziyyətin absurdluğu. Çarəsiz mövcudluğa qarşı Qiyam. Baş verənlərin məntiqsizliyinin gətirdiyi çaşqınlıq. Çoxmu çəkir bu? Uzağı üç ay. 
Müəllim kəndir düzəldib quyudan çıxır, qaçmağa çalışır, yolda tutulur və yenidən quyuya qaytarılır. Qadın onu sevir, tənhalıqdan qurtulduğuna sevinir və hər dəfə müəllimə buradan heç vaxt gedə bilməyəcəyini xatırladır. Beləliklə, onlar birlikdə hər gün axşamdan səhərə qədər qumu təmizləyib kisələrə yığırlar. Bir neçə gün fasilə versələr, daxma qumun altında qalacaq.
Əvvəl qaçıb qurtulmaq istəyən müəllim artıq heç olmasa gündə 10 dəqiqə quyudan çıxıb rahat nəfəs almağı arzulayır. Kənd şurasında bu icazə üçün ona şərt qoyurlar - hamı quyunun başına toplaşır və onlardan tamaşa tələb edirlər: kəndlilərin gözü qarşısında cinsi əlaqədə olmaq. Müəllim razıdır, qadın - yox. Müəllimin onu məcbur etmək cəhdləri, kobud güc tətbiqi fayda vermir. Deməli, quyudan heç bir neçə dəqiqəlik də çıxa bilməyəcək.
***
Və final - günlərin birində o, heç bir maneəsiz nərdivanla yuxarı qalxır. Gəzib dolaşır, ancaq səhranı tərk edib getmir - könüllü şəkildə quyuya qayıdır. 
"Qaçmaq barədə fikirləşməyə hələ vaxtım var” - onun sözləridir. Deməli, özünü aldadır - artıq arzularını tükədib. Reallıqla barışıb. Reallıq isə bioloji mövcudluğun ən aşağı pilləsi şəklini alıb. 
O, nərdivanla ən aşağı pilləyə enir. Bu dəfə könüllü olaraq.
Bura artıq onun evidir.
Həşərata metamorfoz baş tutdu.
Son kadrlarda bildirilir ki, müəllim 7 il əvvəl yoxa çıxıb, tapılmadığından ölmüş elan olunur.
Sosial ölüm bioloji ölümlə rəsmiləşdirilir.
***
Yox, o, Sizif deyil. Tanrılara kələk gələn Sizif öz taleyinin sahibidir - əbədi olaraq daşı zirvəyə qaldırmağa məhkum olunsa belə. Kamyunun yazdığı sayaq, "Sizifi xoşbəxt təsəvvür etmək olar”. Burada heç nə verilməyib və hər şey var.
Sizif vaxtilə Aidi də aldadıb - yeraltı dünyadan icazə ilə çıxıb və geri dönməyib.
Tesiqaxaranın qəhrəmanı isə yeraltını seçir - yuxarı qalxmaq əziyyətli və perspektivsiz iş olardı. Quyunun dibinə öyrəşib qalmaq variantı da varmış.
Sizifin barışmazlığı ilə diametral ziddiyyət göz qabağındadır. Sizif dəyərlərini də, keçmişini də qoruyub saxlayıb. Filmdəki qəhrəman isə günbəgün gələcəyi də, keçmişi də, sonda elə bu günü də itirir - deqradasiya dönməz şəkil alır.
O, özünü azad sayırdı. Onu köləyə çevirdilər. Və o, köləliyi qəbul etdi.
O, quyudadır, izolyasiyadadır - onu quyuya pərçim edənlər isə yuxarıda öz alverləri ilə məşğuldurlar. Onun əvvəl məcburi, sonrasa adət halına keçən könüllü izolyasiyası yerin üstündəkilərə pul, sərvət, istehlak, özünütəsdiq və hakimiyyət qazandırır.
Azadlığın sonda könüllü şəkil alan itirilməsi heç də çətin proses deyilmiş: əmrlər, qorxutmaq, məhrumiyyətlər, atomlaşma, kobud və ya sanksiyalaşdırılmış güc tətbiqi, prosesin xronikliyi, zərurilik haqda mif-təbliğat. Və "mən istəklərimi tərgidim, arzularımı tükətdim”... 
Prosesi bitmiş elan etmək olar... 






Fikirlər