Sülhəddin Əkbərin partiyası qeydiyyata alınıb: “Biz yuxarı və aşağı təbəqəyə diqqət etməyəcəyik” - MÜSAHİBƏ

Azərbaycanda daha bir partiya rəsmi qeydiyyata alınıb. Keçmiş milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərin rəhbərlik etdiyi Azad Demokratlar Partiyası qeydiyyata alınan 57-ci siyasi partiyadır.  

Sülhəddin Əkbər partiya rəhbəri olaraq, təəssüratlarını Modern.az-la bölüşüb. Onun ilk müsahibəsini təqdim edirik:

- Partiyanızın yaradılması ideyası necə yarandı?
- Partiya 6 iyul 2014-cü ildə təsis qurultayı ilə yaradılıb. Bundan bir neçə gün sonra biz lazım olan sənədləri Ədliyyə Nazirliyinə təqdim etdik. Lakin təəssüf ki, partiyamızı qeydiyyata almadılar. Biz təkrar-təkrar müraciət etməli olduq. Bütün müraciətlərimiz anoloji bəhanələrlə rədd edildi. Sonda məhkəməyə müraciət etməli olduq. Azərbaycanda bütün instansiya məhkəmələrini keçdikdən sonra 2016-cı ildə Avropa Məhkəməsinə üz tutduq. Həmin müddətdən bu günə qədər iş davam edirdi.

Ötən ay bizimlə Prezident Administrasiyasından əlaqə saxladılar. Artıq Administrasiyada Siyasi Partiyalarla iş üzrə şöbənin formalaşdırıldığını bildirdilər. Bu şöbənin fəaliyyəti istiqamətində siyasi partiyaların qeydiyyatı işinə yenidən baxılacağı bildirildi. Martın son günlərində biz sənədlərimizi Ədliyyə Nazirliyinə yenidən təqdim etdik. Karantin rejimi ilə əlaqədar onlayn əlaqə saxladıq. Nəhayət aprelin 15-də Ədliyyə Nazirliyinin Kollegiya iclasında partiyamız qeydiyyata alındı. Dünən bizi Ədliyyə Nazirliyinə dəvət etmişdilər. Ədliyyə nazirinin müavini bizə qeydiyyat barədə rəsmi sənədləri təqdim etdi.

- Partiyanın nə qədər üzvü var?

- Hazırda partiyamızın 2300-dən çox üzvü var. Amma fəaliyyətimiz məlum səbəblərdən məhdud idi. Onsuz da Azərbaycanda siyasi partiyaların fəaliyyəti tam şəkildə məhdudlaşdırılıb. Nəzərə almaq lazımdır ki, bu halda qeydiyyata alınmayan partiyaların fəaliyyəti nə qədər məhdudiyyət içərisində olar.

Bir problem də odur ki, partiyamızın əsas hədəf kütləsi orta təbəqə idi. Bu təbəqə isə Azərbaycanda siyasi məsələlərə daha ehtiyatla yanaşan təbəqədir. Partiyanın qeydiyyatının olmaması isə problemlər yaradırdı. İnsanlar partiyanın üzvü olmaqdan ehtiyat edirdilər. Bu problem artıq ortadan qalxdığına görə təşkilatlanma işini başa çatdırmağa imkanımız var. Bu istiqamətdə geniş fəaliyyət göstərəcəyik. Burada bir maneə var. Ölkə rəhbərliyi elan edib ki, yeni siyasi konfiqurasiya qurulur, müxalifətə, siyasi partiyalara yeni münasibət nümayiş etdirilməyə başlayır. Məsələnin tətbiqində görəcəyik ki, bu əməldə təsdiq ediləcəkmi? Əgər davamlı siyasət olacaqsa, o zaman biz yerlərdə də rahat şəkildə təşkilatlana bilərik.

- Partiyanın rəsmi qeydiyyata alındıqdan sonra ilk planı, addımı nədir?
- Hazırda bütün ölkə karantin rejimindədir. Biz ancaq onlayn formada üzvlərimizlə əlaqə saxlaya bilirik. İlk işimiz qeydiyyatdan keçmiş partiya olaraq, yeni şəraitə uyğun yol xəritəsinin işlənib, hazırlanması olacaq.

- Partiyanın ideoloji xətti hər kəsə maraqlıdır?
- Partiyamızın sağ mərkəzçi olduğunu düşünürük. Hədəf kütləmiz orta təbəqədir, onların maraqlarını qorumağa çalışırıq. Çünki bu təbəqə cəmiyyətin sosial dayağıdır. Sosial cəmiyyətlərdə cəmiyyətin 60 faizini orta təbəqə təşkil edir.

- Uzun müddətdir, siyasətlə məşğulsunuz. Hazırkı vəziyyəti dəyərləndirsək, nə üçün bu partiyaya ehtiyac var?
- Azərbaycanda normal siyasi sistem, demokratik münasibətlər yoxdur. Azərbaycanda klassik anlama siyasi partiyaların öz proqramlarına, ideya və təkliflərinə görə, böyük siyasət, yarış yoxdur. Siyasi rəqabət olsaydı, bu partiyalar öz ideologiyalarını, proqramlarını cəmiyyətə açıqlamalı idilər. O zaman cəmiyyət də onlara qiymət verəcəkdi. Tədricən sağ, sol, mərkəzçi kimi istiqamətləri formalaşmalı idi.

Biz ilk növbədə orta təbəqənin inkişaf etdirilməsinə çalışacağıq. Bunu dedikdə Azərbaycanın bütün ziyalılarını, akademiya, universitet sistemini, bütün tələbələri, kiçik və orta biznesi, bütün biznes strukturlarında çalışan insanları nəzərdə tuturuq. Bu o demək deyil ki, yuxarı və aşağı təbəqənin insanlarına diqqət etməyəcəyik. Sadəcə öncəlik orta təbəqəyə veriləcək.

- Partiyanın Azərbaycan siyasətində digər siyasi partiyalardan fərqi, özünəməxsusluğu nədir?
- Fərqimiz budur ki, bütün fəaliyyətimiz şəffaf olacaq, məqsədlərimizi, prinsiplərimizi cəmiyyətlə bölüşəcəyik.

 

 

 






Fikirlər