Müxalifətin virtual mitinq planı — Pənah Hüseyndən AÇIQLAMA
Rusiya müxalifəti bu gün “youtube” platformasında “Həyat uğrunda” şüarı ilə onlayn mitinq təşkil edib. Mitinq “Yox!” kampaniyasının təşkilatçıları tərəfindən gerçəkləşdirilib.
Onlayn tədbirin iştirakçıları hakimiyyətdən böhran günlərində konstitusiyaya dəyişiliklər aparmaq yerinə, insanların həyatını xilas etməyə çağırıblar. Tələblər arasında bölgələrdə çalışan həkimlərin bütün zəruri vəsaitlərlə təmin olunması, koronavirusdan zərər çəkən vətəndaşlara birbaşa müavinətlərin ödənilməsi və kiçik biznesə yardım göstərilməsi, habelə epidemiya ilə mücadilə zamanı rusiyalıların hüquqlarını qorunması və konstitusiya islahatlarından imtina edilməsi yer alıb.
“Youtube”dakı aksiya 20 minə yaxın insan tərəfindən dəstəklənib və 3 saat davam edib. Mitinqin aparıcıları “Novaya qazeta” qəzetinin əməkdaşları İlya Azar və aktrisa Yulia Auq olublar. Burada siyasətçilərdən Dmitri Qudkov, jurnalist Maksim Şevçenko, “Dissernet” saytının təsisçisi Andrey Zayakin, iqtisadçı Sergey Quriyev, siyasi icmalçı Stanislav Belkovski və başqaları çıxış ediblər. Bundan başqa, reper Noize MC onlayn mini-konsert verib.
Bəs, Azərbaycan müxalifəti onlayın mitinq keçirə bilərmi? Planında belə bir aksiya varmı?
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn musavat.com-a bildirdi ki, onlayn aksiya əslində hər gün Azərbaycanda olur: “Sosial şəbəkələrdə ölkədəki vəziyyət və digər mövzular barədə minlərlə adamın iştirakı ilə müzakirələr aparılır, çağırışlar edilir, şüarlar yazılır, ifadə olunur. İnternet televiziyalarında müxalifət liderləri sözlərini deyirlər, orada insanlar tələb və şüarlarını da səsləndirirlər. Bütün bunlar onlayn aksiyalardır. İndiyə qədər onlayn çağırışlar olub, mitinqlərdə irəli sürülən tələb və şüarlar internet imkanlarının yol verdiyi səviyyədə qaldırılıb. Bu gün də qeyd etdiyim proses müşahidə olunur. Azərbaycanda onlayn aksiyalar, o cümlədən müxalifətin onlayn aksiyaları olub. Özü də müxatəlif tərəflər bunu ediblər. Ona görə də Rusiya müxalifətinin aksiyası orijinal deyil”.
P.Hüseyn mayın 4-dən sonrakı vəziyyətə uyğun olaraq hansısas formada aksiyanın keçirilməsi barədə qərar verilməsinin mümkün olduğunu dedi: “Bir sıra müxalif siyasi partiyalarla bizim həm üzbəüz, həm də telefon, internet vasitəsilə təmaslarımız, müzakirələrimiz olub. Konkret olaraq ADP, AĞ Partiya, AMİP, Böyük Azərbaycan Partiyası və digər bir neçə partiyanın adını çəkə bilərəm. Bu partiyaların rəhbərləri ilə məsləhətləşmələrimiz olub və qərara alınıb ki, mayın 4-nə qədər müxalifətin indiyə qədərki taktikası davam edilsin. Mayın 4-dən sonra karantin rejimindən sui-istifadə halları olarsa, karantin rejimindən insanların müəyyən hüquq və azadlıqlarının pozulması üçün sui-istifadə olarsa müxalifət olaraq bu vəziyyətlə bağlı müvafiq qərarlarımız olacaq. Mümkündür ki, müzakirələrin nəticəsi olaraq onlayn mitinq və ya klassik formada mitinq keçirmək məsələsi gündəmə gəlsin. Amma bu gün mənim ünsiyyətdə olduğum siyasi partiyalar indiyə qədər olan fəaliyyət formalarını davam etdirirlər”.