DİN: "Səadət Cahangirin saxlanılmasından xəbərimiz yoxdur" – Baş Prokurorluqdan AÇIQLAMA
“Səadət Cahanigiri aldadaraq evə girən əməliyyatçılar evdə axtarış aparıb, onun kompüter və telefonunu götürüblər”.
"AzerTaym.az" yeniavaz.com-a istinadən xəbər verir ki, bu sözlər S. Cahangirin əməkdaşı olduğu “Azadlıq qəzeti”nin feyzbuk səhifəsində yazılıb. İddia edilir ki, sonradan onun özünü sərbəst buraxsalar da, şəxsi əşyaları qaytarılmayıb:
“Qəzetimizin əməkdaşı və AXCP Rəyasət Heyətinin üzvü Səadət Cahangir bu gün saat 12 radələrində evindən götürülərək Ağır Cinayət İşləri üzrə İstintaq İdarəsinə aparılıb. Guya qaz sayğacını yoxlayacaqları adı ilə evə girən əməliyyatçılar evdə axtarış aparıb, onun kompüterini, telefonlarını və oğlunun təhsil haqqı üçün yığdığı pulları götürüb, özünü də istintaq idarəsinə aparıblar. Səadət xanım saat 21 radələrinə qədər idarədə saxlanılıb və sorğu-sual edilib. Sonra özü sərbəst buraxılsa da, kompüteri, telefonları və pulları qaytarılmayıb”.
Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Yeniavaz.com-a bildirdi ki, sözügedən məlumatdan xəbərdardır:
“Mən oxudum o materialı. Bizdə deyil, prokurorluqla danışın, prokurorluq aparıb onu. Orada elə yazılıb.”
Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov isə bildirdi ki, məsələ barədə məlumatı yoxdur:
“Mən də oxumuşam onu, amma məlumatım yoxdur. Onu prokurorluqdan soruşun”.
Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov isə bildirdi ki məsələ araşdırılır:
“Məlumatlıyıq. Nə ilə bağlı olduğunu araşdırıram. Bununla bağlı açıqlama verərik”.
E. Sultanova sual verdik ki, Səadət Cahangirin saxlanılıb-saxlanılmaması məsələsi araşdırılır ya hansı səbəbdən saxlanıldığı məsələsi? Mətbuat katibinin cavabı yenə eyni oldu: “Araşdırıram”.