YAP -ın veteran üzvü Rahim Axundov Milli Məclisdəki işindən NİYƏ ÇIXARILDI?!
Bu günlərdə "AzerTaym.az"-ın elektron poçtuna Rahim Axundov tərəfindən olduqca ilginc bir şikayət məktubu göndərilmişdir.Orjinallığına və üslubuna toxunmadan sözü gedən məktubu olduğu kimi dərc edirik. Milli Məclisin qanunsuz sərəncamı YAP prinsipinə və əxlaqına ziddir. Burada birbaşa cinayət tərkibi vardır.Qanunvericiliyin tələbinə görə rəhbər şəxs işdə olmadığı vaxtda sənədləri ya müavinlərdən biri, ya da səlahiyyət verdiyi başqa şəxs imzalamalıdır. Demək, bu sərəncam avtomatik olaraq qanunsuzdur. Çünki İranda rəsmi səfərdə olan gün Oqtay Əsədov heç cür ərizəmi və sərəncamı imzalaya bilməzdi. Əmək Məcəlləsinə, İnzibati İcraat haqqında qanuna görə, təhdid, hədə-qorxu və təzyiq yolu ilə qəbul edilmiş sərəncam (əmr) qanunsuzdur, heç bir hüquqi nəticə yaratmır, hər bir halda ləğv olunmalıdır. Və bu məsələdə sərəncamın nə vaxt verilməsi rol oynamır.Yəni sərəncamın ləğv edilməsi üçün vaxt məhdudiyyəti yoxdur. Əmək Məcəlləsinə və Kargüzarlıq haqqında təlimata görə, imzasız sənədlər rəsmi sənəd sayılmır. Bundan başqa, sərəncamda Milli Məclisin hüquqi ünvanı, əlaqə saxlamaq üçün telefon, faks, elektron poçt ünvanları və s. göstərilməyib. Sərəncamda guya “köünüllü” verdiyim ərizənin tarixi də göstərilməyib. Bütün bu çatışmazlıqlara görə də sərəncam etibarsız sənəddir. P.S. Peşə kodeksini nəzərə alaraq məktubda adı çəkilən şəxs və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
2018-ci il noyabrın 27-də günün birinci yarısında səhər tezdən Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinə dəvət olundum, Beynəlxalq münasibətlər şöbəsinin sabiq müdiri Rəşid İbrahimov və Kadrlar məsələləri üzrə müdir İlqar Fərzəliyev mənə dedilər ki, Oqtay Əsədovun tapşırığına və göstərişinə görə indi “könüllü” ərizə yazıb işdən çıxmalısan. Əks halda sənin üçün pis olacaq. Dedilər ki, Oqtay Əsədov hələ işə gəlməmiş ərizəni yaz, get evə. Nə qədər soruşsam da, heç bir səbəb göstərmədilər və dedilər ki, səbəbini heç kim bilmir. Dedim ki, səbəbini siz bilmirsinizsə, işçini bu qədər tələsik niyə işdən çıxardırsınız? Bəs belə şey olar? Axı biz hüquqi dövlətdə yaşayırıq, qanun var, qayda var. Günahım nədir? Deyin, mən də bilim. Milli Məclis Aparatının rəhbəri cənab Səfa Mirzəyevin xidməti iş otağına gedərək bu formada işdən getməyimin tələb edilməsinin səbəbini soruşdum. Səfa müəllim səbəbini bilmədiyini söylədi. Lakin mənim tələblərə cavab verən dövlət qulluqçusu olduğumu da dilə gətirdi və məndən razı qaldığını ifadə etdi və dedi ki, mən olsaydım, ərizənə imza atmazdım. Uca Allahım şahidimdir.
Uzun sözün qısası, məni belə bir ərizə yazmağa məcbur etməyə başladılar və əks təqdirdə xüsusi maddə ilə işdən azad olunacağımla təhdid etdilər. Ərizə yazmaqdan imtina etdim. 03.12.2018-ci ildə dərhal Prezident cənab İlham Əliyevə sektor müdiri kimi məktub yazıb Milli Məclis rəhbərliyinin səbəbsiz işdən çıxarılmağım barədə mənə olan təzyiq və təhdidləri barədə məlumat verdim və xahiş etdim ki, bu təzyiq və təhdidə son qoyulsun. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev məktubumu baxılmaq üçün 21/3415 nömrəli, 06.12.2018 tarixli məktubla Milli Məclisə göndərir. Lakin həmin məktubla əlaqədar Milli Məclis indiyə kimi heç bir xidməti araşdırma aparmamış, izahatlar alınmamış və indiyə kimi orada qaldırılan məsələlərə münasibət bildirilməmiş və cavab verməmişdir.
Bu da Azərbaycanın Prezidenti cənab İlham Əliyevə Milli Məclsin göstərdiyi münasibət! Prezidentin məktubuna cavab verməyən Milli Məclis mənə cavab verəcək? Demək olar ki, hər həftə bu barədə Prezidentə, Birinci Vitse-Prezidentə, Milli Məclisə, Ədliyyə Nazirinə və digər qurumlara məktub göndərirəm. Amma indiyə kimi heç bir iş görülməyib.
Məsələ 25 dekabr 2018-ci ilə qədər uzandı. Həmin gün, Oqtay Əsədov İranda Prezident cənab Həsən Ruhaninin kabinetində görüşdə ikən, onun adından 25.12.2018-ci il tarixində 228-V nömrəli sərəncam verilir. İran Prezidentinin rəsmi saytında Oqtay Əsədovun görüşü barədə məlumat yerləşdirilib. Milli Məclis iddia edir ki, guya Oqtay Əsədov ərizəni və sərəncamı İrana getməzdən əvvəl, yəni 25 dekabr səhər saat 8-dən qabaq imzalayıb. Milli Məclisin kamera göstəriciləri və turniket məlumatları göstərir ki, mən həmin gün saat 14:00-da Milli Məclisə getmişəm. Oqtay Əsədov olmayan ərizəyə necə qol çəkib?
Mənə qarşı Milli Məclisdə göstərilmiş təhdid, hədə və təzyiqi sübut edən əsas dəlil Milli Məclisin sektor müdiri kimi Prezidentə ünvanladığım 3 dekabr 2018-ci il tarixli məktubdur. Milli Məclisin hüquqşünası Şahin Xanbaba oğlu Quliyev iddia edir ki, bu məktub sübut deyildir və qeyd edir ki, Milli Məclisin möhürü imzanı əvəz edir, imza olmasa da, olar.
Yalnız Sahibə xanım Qafarova Milli Məclisə Sədr gələndən sonra hələlik elektron poçtla 2 cümlədən ibarət cavab yazılıb ki, Bakı İnzibati Məhkəməsinin qərardadından narazısınızsa, appelyasiya şikayəti verə bilərsiniz.Əslində Oqtay Əsədovun dövründə məhkəməyə təzyiq olmuşdu və hakim işə mahiyyəti üzrə baxmadı, sadəcə müddəti bəhanə gətirdi.Təhdid, təzyiq, hədə-qorxu ilə qəbul edilmiş sərəncamlar, müddət məsələsi qoyulmadan, hər bir halda ləğv edilməlidir. Bunu hüquqi dövlətin prinsipləri tələb edir. Qanunsuz sərəncamın ləğv edilməsinə heç məhkəmə də lazım deyil. Əslində Sahibə xanım məsələni araşdırmalıdır və sərəncamı dərhal ləğv etmək üçün göstəriş verə bilər.Sahibə xanımdan bunu xahiş edirəm.
1998-ci ilin mayından Milli Məclisdə işləyirdim. Dəfələrlə şəxsi işimə təşəkkür elan edilib (o cümlədən son prezident seçkiləri və Azərbaycan Parlamentinin 100 illiyi ilə əlaqədar tədbirlərdə fəal iştirakıma görə), YAP-ın fəxri Fərmanı ilə təltif edilmişəm, heç zaman intizam məsuliyyətinə cəlb edilməmişəm.
Yeni Azərbaycan Partiyasının rəsmi Veteran üzvüyəm, YAP Səvayil rayon ilk ərazi partiya təşkilatının idarə heyətinin üzvüyəm. Milli Məclisin sabiq sədri Oqtay Əsədov səhər saat 8-dən qabaq bu qədər tələsik və günəş çıxmamış sərəncam niyə verməli idi ki? Məgər mən qatı cinayətkaram, terrorçuyam? Terrorçular həbs olunanda, heç onlarla bağlı səhər tezdən sərəncam verilmir. 19 ilə yaxın NATO PA-da Milli Məclis nümayəndə heyətinin katibi işləmiş bir işçi kimi dövlətin təhlükəsizliyinə olan təhdidləri heç də pis bilmirəm və bu barədə təkliflər yazmışam. NATO PA-dakı işçilər mənim işdən çıxmağımı soruşdular, dəhşətə gəldilər. Onlar səbəbini bilmək istədilər. Onlar məni vicdanlı, tərbiyəli, savadlı, beynəlxalq təcrübəyə malik, qərb strukturları ilə əməkdaşlığın fəlsəfəsini bilən adam kimi tanıyırlar. Dəfələrlə NATO PA-nın Baş katibi cənab Deyvid Hobbs, Avropa Parlamentinin katibliyinin rəhbər işçiləri tədbirlərdə fəal işimə görə mənə yazılı təşəkkür elan ediblər. NATO PA-nın Baş katibi cənab Deyvid Hobbs deyirdi ki, növbəti dəfə NATO PA haqqında çıxış etmək üçün yerimi sənə verəcəyəm.
Hörnətlə,
Rahim Axundov
Vətəndaş, YAP-ın Veteran üzvü, Səbayıl rayon ilk ərazi partiya təşkilatının idarə heyətinin üzvü, Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin sabiq sektor müdiri,0503286954
05551112