AXCP fəalı Aqil Hümbətovu ruhi-əsəb dispanserinə yollamadığına görə hakim kimi səlahiyyətlərinə xitam verildiyi deyilən Samir Talıbov sosial şəbəkələrin gündəminə çvrilib.
Onunla bağlı iddialarda qeyd olunur ki, müxalif fəalın əleyhinə qərar verməyən hakim sərbəst buraxmaqla yanaşı, hətta ona cibindən yol pulu verib. Bu qərarından sonra Məhkəmə-Hüquq Şurası onun hakimlik səlahiyyətinə xitam verib.
Ancaq sosial şəbəkə hesabında barəsində yazılanlara reaksiya verən Samir Talıbov hakimlikdən könüllü getdiyini yazıb.
"AzerTaym.az" gununsesi.org-a istinadən sabiq hakimin qeydlərini təqdim edir:
Sosial şəbəkələrdə, xüsusilə müxalifyönümlü düşərgədə barəmdə həqiqətə uyğun olmayan, ucuz sensasiya yaratmaq xətrinə uydurma məlumatlar yayılır. Çirkin siyasi məqsədlər üçün adım hallandırılaraq dövlətimizə, məhkəmə hakimiyyətinə və şəxsiyyətimə kölgə salmağa çalışırlar.
Hüquqşünas olmaq uşaqlıq arzum olub. Uzun illər məhkəmə orqanlarında fəaliyyət göstərəndən sonra özümü hakimlikdə sınamaq istəmişəm. Şəffaf təşkil olunmuş hakim seçkisində iştirak edərək uğur qazanmışam.
Hakim kimi fəaliyyət göstərdiyim ilyarıma yaxın dövrdə bu vəzifənin şərəfli olması ilə yanaşı həddindən artıq çətin və məsuliyyətli olduğunu da dərk etdim.
Təkcə onu deyim ki, ötən il 1500-dən çox işə baxmışdım. Bu böyük iş yükü nəinki həvəs göstərdiyim elmi fəaliyyətlə, heç digər qayğılarımla da məşğul olmağıma imkan vermirdi.
Ona görə götür-qoy edib vəkillik fəaliyyətinə keçib daha sərbəst olmaq və elmi işimi davam etdirmək qərarına gəldim. Ötən ilin axırlarından bu barədə müraciət etdim. Məsələnin reallaşması koronavirus pandemiyası ilə əlaqədar bir az ləngiyirdi. Amma israrlı olduğumdan müraciətimə anlayışla və hörmətlə yanaşıldı və öz arzumla hakimlik səlahiyyətlərimə xitam verildi.
Hər kəsdən adımın hər hansı başqa məqsədlə hallanmasına son qoyulmasını tələb edirəm.
Onu da bildirim ki, hansı sahədə fəaliyyət göstərməyimdən asılı olmayaraq ölkəmizdə möhtərəm Prezidentimizin rəhbərliyi ilə aparılan uğurlu hüquqi islahatlara bir hüquqşünas kimi hər zaman töhfə verməyə hazıram.