ATƏŞKƏSİN 26 İLİ – Xaqani Cəfərli yazır

II Qarabağ savaşı qapıda-mümkün ssenarilər… | Cumhuriyyət

Torpaqlarımızın işğaldan azad olunmasını istəyiriksə, hakimiyyət strukturlarının xalqın iradəsi əsasında formalaşdırmasından başlamalı, elm, təhsil, mədəniyyətin inkişafı dövlətin əsas vəzifəsinə çevrilməlidir.

Azərbaycan xalqının iradəsindən kənar imzalanmış “Bişkek protokolu”nun qüvvəyə minməsindən 26 il ötür. Ötən 26 il ərzində atəşkəsin necə dəfə pozulması haqqında statistika olmasa da, atəşkəsin pozulmadığı gün yoxdur. Hər gün ərzində də atəşkəsin bir neçə dəfə pozulması adi “norma”ya çevrilib. Ancaq atəşkəs rejiminin işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən hər gün bir neçə dəfə pozulmasının “norma”ya çevrilməsinə baxmayaraq, ötən 26 ildə bir dəfə də olsun işğal olunmuş torpaqlarının azad olunması istiqamətində ciddi hərbi əməliyyat keçirilmədi.

Hərb tarixçilərinin araşdırması 

Əhəməni imperatoru I Kserksin Yunanıstanın şəhər dövlətlərinə qarşı apadığı müharibədən müasir dövrümüzə kimi savaşları araşdıran hərb tarixçilərinin gəldiyi çox önəmli bir qənaət var. Hərb tarixçiləri müəyyən ediblər ki, bəşəriyyətin 2500 illik tarixi boyu baş vermiş müharibələrdə qələbəni təmin edən əsas amil ordunun gücü, sərkərdənin hərbi dühası, əsgərin şücaəti deyil.

Hərb tarixçilərinin araşdırmalarına görə, müharibədə qələbəni təmin edən əsas amil tərəflərdən hansında xalqın dövlət idarəçiliyində daha effektli təmsil olunmasıdır. Yəni xalq dövlətin idarəçiliyində nə qədər geniş təmsil olunursa, həmin dövlətin qalib gəlmək şansları daha çox olur.

Hərb tarixçisi Teodor Ayro Docun strategiyanın atası, Mustafa Kamal Atatürkün isə bütün dövrlərin ən cəsur sərkərdəsi adlandırdığı Hannibalın Romanı məğlub edə bilməməsini hərb tarixçiləri Romanın respublika quruluşu ilə izah edirlər.

Hərb tarixçiləri Sovet İttifaqının kiçik Finlandiyanı işğal edə bilməməsini də bu Baltikyanı ölkədəki idarəetmə sistemi ilə izah edirlər. Avropanın bölünməsini nəzərdə tutan Molotov-Ribbentrop paktının gizli protokoluna uyğun olaraq Finlandiya Sovet İttifaqının işğal edəcəyi ölkə idi. Bu anlaşmanı əsas tutan Stalinin əmri ilə 1939-cu ilin 30 noyabrında 450 minlik sovet ordusu Finlandiyanın sərhədəddini keçərək, cəmi 3.5 milyon əhalisi olan bu kiçik ölkəni işğal etmək istədi. Hərb tarixçiləri Marşal Karl Qustaf Emil Mannerhimin xidmətlərinə kölgə salmadan bu müharibədə Sovet İttifaqının qalib gələ bilməməsini Finlandiyada idarəçilikdə xalqın daha yaxşı təmsil olunması ilə izah edirlər. 450 minlik ordunun Finlandiyanı işğal etməsinə hətta kommunistlərdən ibarət “5-ci kolon” da yardım edə bilmədi və Helsinki istiqlalını qorudu. İstiqlalını qoruması isə Finlandiyanın dünyanın ən çox inkişaf etmiş ölkələrindən birinə çevrilmsinə imkan verdi.

Mustafa Kamal Atatürk müharibədə qələbəni nədə görürdü?

Mustafa Kamal Balkan müharibəsindən sonra, 27 oktyabr 1913-cü ildən 20 yanvar 1915-ci ilə kimi Bolqarıstanın paytaxtı Sofiyada hərbi attaşe olub. Böyük sərkərdə Bolqrastana gəlişinin ilk günlərində dostu, Bolqarıstan parlamentinin üzvü Şakir Zümrə ilə Sofiyada getdiyi ilk operadan sonra Şakir bəyə belə deyib: “Bolqarların Balkan savaşını qazanmasının səbəbi mənə indi aydın oldu”.

Müharibədə qələbənin qazanılmasında xalqların mədəni səviyyəsinin çox böyük rol oynamasına inanan Mustafa Kamal Atatürk Kurtuluş Savaşının ən ağır dönəmində, döyüşlərin Ankaranın 90 kilometrliyində getdiyi günlərdə Ankarada Mədəniyyət Muzeyinin yaradılması ilə bağlı qərar verib. Bu, həmin dövr idi ki, bir çoxları paytaxtın Ankaradan Anadolunun içərilərinə köçürülməsini təklif edirdi. Tarixin gördüyü ən müzəffər sərkədələrdən biri olan Mustafa Kamal Atatürkün müharibədə qalib gəlmək üçün xalqın mədəni səviyyəsinin yüksək olmasına verdiyi önəm hər xalq üçün ibarətimiz örnək olmalıdır.

Bu ibratimiz örnəklər atəşkəsin imzalanmasından ötən 26 ildən nə qədər faydalana bildiyimizə işıq salmalıdır. Bu işıqda baxanda ötən 26 ilin tamamilə itirildiyini söyləyə bilərik.

Ermənistanda hakimiyyətin fomalaşmasında xalqın oynadığı rolu ucqar bir dağ kəndinin kiçik bəldiyyəsinin belə seçici iradəsi ilə formalaşdırılması mümkün olmayan Azərbaycanla müqayisə edəndə ortaya çox məyusedici mənzərə çıxır. Bu mənzərəyə diqqətlə baxsanız, Ermənistana qalib gələ bilməməyimizin əsl səbəbini də tapacaqsınız.

Ermənilərin ötən əsrin əvvəlində və sonunda bizim torpaqlarımı sahiblənə, işğal edə bilmələrinin əsas günahı bir xalq olaraq bizim özümüzdə, təşkilatlanmaq mədəniyyətimizin çox aşağı olmasındadır.

Ermənilər ilk siyasi təşkilatlarını XIX əsrin sonlarında, 1885-ci ildə “Armenakan”, 1887-i ildə “Hnçak”, 1890-u ildə isə “Daşnaksütyun”-u yaradıblar. Bu partiyalardan “Armenakan” Marseldə, “Hınçaq”Cenevrədə, “Daşnaksütyun” isə Tiflisdə yaradılıb. Ermənilərin bizim tarixi torpaqlarımızı işğal etmələrinin əsası məhz bu təşkilatların yaranması ilə qoyulub. Siyasi hədəfi “Böyük Ermənistan” yaratmaq olan “Daşnaksütyun” 1892-ci ildə Tiflisdə keçirilən ilk qurultayında irəli sürülən “türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al” devizi altında hərəkət etməsi nəticəsində XX əsrin əvvəlində böyük gücə çevrilə bilmişdi. Rusiya İmperiyası dağılanda isə həmin güclü “Daşnaksütyun” tarixi Azərbayan torpaqlarında erməni dövlətini qura bildi.

Əgər Allahın Azərbaycan xalqına böyük lütfu olan Məhəmməd Əmin Rəsulzadə olmasaydı, xalqımızın vəziyyəti tamamilə faciəli olar, Azərbaycan Respublikası adlı dövlətin yaranması mümkün olmazdı.

Ötən əsrin sonlarında da eyni tarix yaşandı. Sovet İttifaqının dağılmaq ərəfəsində olduğunu görən erməni liderləri 1990-cı ildə Ermənistan Ali Sovetinin seçicilərin iradəsi əsasında formalaşmasını təmin etməklə xalqın hakimiyyətdə təmsilçiyini ilə yanaşı, Ermənistanın beynəlxalq ictimaiyyətin gözündə də rəğbət qazanmasına nail oldular.

Azərbaycanda isə tamam əks proseslər baş verdi. 1990-cı ildə fövqəladə vəziyyət rejimində Ayaz Mütəllibovun Ali Sovetdə prezident seçilməsi, həmin ilin sentyabrında Ali Sovetə keçirilən seçkilərin saxtalaşdırılması legitim hakimiyyət orqanları formalaşdırmasına imkan vermədi. Siyasi və mənəvi legitimliyi olmayan hakimiyyət orqanlarının isə ölkənin müdafiəsini effektli təmin etməsi mümkün deyildi və bunun nəticəsində də torpaqlarımızın işğalı başlandı.

Atəşkəs illərinin itirilmiş fürsətləri

Atəşkəsin imzalandığı tarixdən ötən 26 ildə erməniləri qabaqlamaq, önə keçmək üçün iki dəfə çox əlverişli imkan yaranmışdı. Bunlardan birincisi, 27 oktyabr 1999-cu ildə Ermənistan hökumət üzvlərinin iştirakı ilə keçirilən parlamentin növbəti iclası zamanı bir qrup silahlı şəxsin zala soxularaq, parlament sədri Karen Demirçyanı, baş nazir Vazqen Sarkisyanı və daha 6 nəfəri güllələməsindən sonra yaranmışdı. Əgər bu terror hadisəsinin ardından, 2000-ci ildə Milli Məclisə seçkilərin demokratik keçirilməsin təmin edə bilsəydik, Ermənistanı üstələmək imkanları yarana bilərdi.

Oxşar vəziyyət 2008-ci ildə yarandı. Ermənistanda keçirilən prezident seçkilərindən sonra müxalifətin mitinqinə atəş açıldı, doqquz nəfər qətlə yeririldi, yüzlərlə adam yaralındı və ya həbs olunaraq repressiyaya məruz qaldı. Bu olay Ermənistanın beynəlxalq aləmdə nüfuzdan saldığı kimi ölkə daxilində də ikitirəlik yaratdı. Əgər biz həmin ilin payızında prezident seçkilərin fərqli keçirə bilsəydik, üstünlük qazanmaq üçün imkanların önü açıla bilərdi. Ermənilərin yaratdıqları bu imkanlardan faydalana bilmədiyimiz azmış kimi, ermənilərin önə çıxmasına da çoxsaylı imkanlar yaratdıq.

Atəşkəsin imzalanmasından ötən 26 ildə hakimiyyət strukturlarının xalqın iradəsi ilə formalaşdırmasına nail ola bilmədiyimiz kimi, bu illər ərzində nəhəng neft pulların cəmiyyətin inkişafına yönəldə bilmədik. Əgər həqiqətən işğal olunmuş torpaqlarımızın azad olunmasını istəyiriksə, hakimiyyət strukturlarının xalqın iradəsi əsasında formalaşdırmasından başlamalı, elm, təhsil, mədəniyyətin inkişafı dövlətin əsas vəzifəsinə çevrilməlidir.

Əks halda daha bir 26 il keçəcək və bir millət olaraq işğal olunmuş torpaqlarımızın itirilməsinin rəsmiləşməsinin şahidi olacağıq.

Xaqani Cəfərli,

Politoloq

 






Fikirlər