Hitler, Paşinyan və Araz Əlizadə...
30 may 2017-ci ildə keçmiş sosial-demokrat deputat Araz Əlizadə “Şərq” qəzetinə belə bir açıqlama vermişdi: “Əslində mən Hitlerə minnətdaram ki, o, Məhəmməd Əminin sözünə qulaq asıb, azərbaycanlılardan ibarət diviziya yaratmadı. M.Ə. Rəsulzadə Hitlerdən azərbaycanlılardan ibarət diviziya yaratmağı xahiş etmişdi. Bu olsa idi, bizi tamam sürgün edəcəkdilər. Məhəmməd Əminin dediyi olsaydı, indi bu torpaqlarda ermənilər yaşayırdı”. Burada mühacirətdə Azərbaycan Milli davasının yorulmaz lideri Rəsulzadənin faşist Almaniyası ilə əməkdaşlığana işarə edən nüanslar yer alırdı və o zaman məsələ ilə bağlı bizim də faktların təhrif olunmasına görə sərt mövqeyimiz mediada işıqlandırılmışdı. Təqribən buna bənzər fikirlər bir neçə dəfə Məhəmməd Əmin bəyin kimliyinə qarşı nifrətini gizlətməyən Azərbaycandakı başqa kəsimlər tətərfindən də işlədilimşdi. Yekunda erməni faşizminin yeni lideri Nokol Paşinyan da ötən günlərdə belə bir açıqlama ilə çıxış etdi. Paşinyanın babasının İkinci Dünya müharibəsi zamanı əsir düşərək faşistlərlə əməkdaşlığı barədə faktlar aşkarlanandan sonra Azərbaycan tərəfinin ittihamlarını cavablandırmaqda aciz qalan erməni politoloqları ona cavab üçün tezis veriblər ki, bəs sən də Rəsulzadə məsələsini ortaya at. Eyniylə saxta soyqırım məsələsi kimi. Burada “Olmayan bir tezis bir neçə dəfə təkrarlandıqca, onsuz da bir yerlərə oturacaq” prinsipi ilə ənənəvi erməni davranışından söhbət gedir. Qısa yoldan gələk. Rəsulzadənin 30-cu illərin Almaniyasında olması, müxtəlif danışıqlarda iştirak etməsi bir tarixi faktdır. M.Ə.Rəsulzadənin Almaniyanın 1932-1945-ci illərdəki dövlət başçısı Adolf Hitlerlə birbaşa görüşü və münasibəti olmayıb. Bütün danışıqları da Milli Azərbaycan Komitəsinin rəhbəri, yəni faktiki Azərbaycan mühacirət hökumətinin rəhbəri kimi aparıb. Onun Almaniya hökuməti ilə əlaqələri Şərq Nazirliyinin SSRİ Millətləri üzrə Baş İdarəsinə başçılıq edən professor Qerhard Von Mende və Almaniyanın sabiq Moskva Böyükelçisi, Xarici İşlər Nazirliyinin təmsilçisi Şulenberq vasitəsi ilə olub. M.Ə.Rəsulzadənin Almaniya hökuməti ilə əlaqə qurmaqda başlıca məqsədi sayı 70 minə qədər olan azərbaycanlı əsirləri xilas etmək idi. Ramiz Abutalıbovun ortaya çıxardığı sənədlərə görə bu əsərlərin ümumi sayı 150 min idi və sonradan Sovetlər Berlini işğal etdiyində 28 min nəfər azərbaycanlı əsir Qərb müttəfiqlərinə könüllü təslim olmuşdular. Eyni zamanda Azərbaycanın müstəqilliyinin Almaniya hökuməti tərəfindən qəbul ediləmsi şərti ilə danışıqlar aparmaq müttəfiqlik deyil, əməkdaşlıq deyil, birbaşa Azərbaycanın milli maraqlarının qorunması istiqamətində atılan ən cəsur addımlardan biri idi. Bütövlükdə Hitler ayrı-ayrı “milli komitələr”lə deyil, məhdud səlahiyyətli “milli komissiya”larla əməkdaşlıq etməyi planlaşdırırdı ki, bu da Azərbaycanın maraqlarına uyğun gəlmirdi. Maraqlıdır ki, nə azərbaycanlı, nə də erməni opponentlərdən kimsə Rəsulzadənin faşistlərə rəğbətlə yanaşdığını əks etdirən bircə cümləsini belə tapıb çıxara bilmirlər. Əməkdaşlıq edəndə gərək hansısa xoş sözləri də qarşı tərəf haqqında söyləmiş və ya yazmış olasan ki, qarşı tərəfi məmnun edəsən. Bunun əksinə, Hitlerə və onun faşist ideologiyasına olan münasibətini isə M.Ə.Rəsulzadə açıq şəkildə belə bildirirdi: “Hitlerçilik hər şeydən əvvəl kommunizm demaqogiyasına qarşı çıxış etmək üçün yaranmış bir ideyadır. O, faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş, lakin oradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz etmişdir”. Almaniyada 1932-1934-cü illərdə nəşr edilən “Demokrasi və Sovetlər” məqaləsində isə M.Ə.Rəsulzadə faşizmə münasibətini belə açıqlayırdı: “Daxildə xaricdəki düşmənlərinin qənaətincə, Hitlerizm demokrasi rejiminin müxalifi olaraq iş başına gəlmiş, təsisinə başladığı idarə İtaliyada olduğu kimi, faşist diktatorluğu imiş”. Bu barədə tanınmış Rəsulzadə tədqiqatçısı Nəsiman Yaqublunun “Azərbaycan legionerləri” (Bakı, 2005) kitabında faktlara əsaslanan geniş açıqlama verilib. Digər tanınmış tədqiqatçı Aydın Balayev “Məmməd Əmin Rəsulzadə (1884-1955)” adlı monoqrafiyasında yazırdı: “Prometey” hərəkatının liderlərindən olan N. Jordaniya 1940-cı ilin fevralın 14-də bəyanatla çıxış edərək bildirirdi ki, “millətlərin hürriyyətini böyük bir rahatlıqla həll edən Alman dövləti Gürcüstanın hürriyyətini yenidən bərpa etmək istəyində olmayacaq”. Hələ 1933-cü ildə Hitlerə mənfi münasibətini açıq bəyan edərək onu demokratiyanı boğmaqda ittiham edən Rəsulzadə də Jordaniyannı bu mövqeyini bölüşürdü. 1943-cü ildə Azərbaycan legionları qarşısında məşhur çıxışında Rəsulzadə azərbaycanlı legionerləri öz azadlığı uğrunda vuruşan xalqlara qarşı silah qaldırmamağa çağıraraq Avropa xalqlarının azadlığını və siyasi müstəqilliyini əlindən alan nasist Almaniyasının heç vaxt Azərbaycana müstəqillik verməyəcəyini bəyan edib. Məhz bu çıxışına görə Vermaxtın Şərq nazirliyi Rəsulzadənin legionlarla əlaqələrini qadağan etmiş və bundan sonra o, Almaniyadan Buxarestə köçmüşdü. Bu çıxışın ardınca almanlar onun opponentləri olan Xasməmmədov qruplaşması və F.B. Düdənginski ilə planlarını müzakirə etməyə başlamışdılar. Bu mühacirlərin də faşistlərə nifrəti vardı, lakin Stalin rejiminə nifrətləri daha çox olduğuna görə bu münasibətlərin qurulmasına vəziyyətdən yeganə çıxış yolu kimi yanaşırdılar. Digər tərəfdən hələ SSRİ hərbi kəşfiyyat xidmətinin 1944-cü ildə alman-faşistlərlə əməkdaşlıq edən Qafqaz mühacirləri haqqında hazırladığı və SSRİ xarici işlər naziri Molotova təqdim etdiyi hesabatda faşist kəşfiyyat idarəsi olan “Abver”lə əməkdaşlıq edənlərin adları ayrıca qeyd olunmuşdu və burada o zaman ən məşhur mühacir simalardan olan Rəsulzadənin adı yer almamışdı. Bu sənədi çıxarıb Paşinyanın gözünə soxmaq yetərlidir məncə. Qondarma ittiham mövzusu olan bütün məsələlər belə süjet xətti ilə başa çatır. Bu böyük lider çantasında bir kağız sənəd və qəlbində isə bir ruh gəzdirirdi: “Azərbaycanın müstəqilliyi!” Avropanın hər yerində fərqli ideologiyalara sahib hökumətlər iş başındaydı. Rəsulzadə bir siyasət adamı kimi, solçu ilə də, sağçı ilə də, mərkəzçi ilə də, faşistlə də, kommunistlə də görüşməyə hazır idi və imkan tapdıqca görüşürdü və birinci sualını sorurdu: “Siz kommunist əsarətində olan Azərbaycanın müstəqilliyini tanıyacaqsınızmı?” Kimsə bu müstəqilliyi tanımaq istəmirdi və Rəsulzadə də Azərbaycanın müstəqilliyini tanımaq istəməyəni tanımaq istəmirdi. O, faşistlər tərəfindən əsir götürülmüş azərbaycanlıları xilas edərək milli davaya cəlb etməyə çalışırdı. Əslində faşistlərlə birbaşa ən ciddi əməkdaşlığı sonralar faşizmə qarşı mübarizənin az qala simvoluna çevrilmiş Stalin-Molotov dueti etmişdi. SSRİ-nin 1939-1941-ci illərdə Polşanın, Baltikyanı ölkələrin, Finlandiyanın. Bessarabiyanın, Ukraynanın başına gətirdiklərinin yanında faşistlər toya getməli idilər. Və bunları da faşistlərlə bağlanan Molotov-Ribbentrop paktının gizli müddəlarına əsaslanaraq qarşılıqlı razılaşma əsasında etmişdilər. O dərəcədə dərin əməkdaşlıq olmuş ki, faşistlərin hücumundan bir neçə həftə keçəndən sonra belə Sovet cəmiyyətini inandıra bilmirdilər ki, ən yaxın dostları olan Faşist Almaniyası SSRİ-yə hücum edib. Bunu biz demirik, dövrün tədqiqatçılarından olan Leonid Mleçin yazdığı “Kremlin gizli diplomatiyası” əsərində faktlarla ortaya qoyur. Faşist Almaniyası, faşist İtaliyası, faşist İspaniyası - bunlar hər biri sadəcə rejimlər deyildi ki? Bu faşistlər hakimiyyət başında olduqları konkret dövlətləri təmsil edirdilər və dövlətlər arasında münasibətləri rejimlərlə əməkdaşlıq kimi qələmə vermək politoloji səfehlikdir. Hansı ki, Paşinyan məhz özünü bu cür aparır. Adamın babası əsgər olub, bu və ya digər səbəbdən əsir düşüb, bu və ya digər səbəbdən faşistlərlə əməkdaşlıq edib, bəlkə də SS orduları içində onlarla dinc insanın qətlində iştirak edib. Buna cavab vermək, hətta vəziyyəti yumşaltmaq, babasının əməkdaşlığa əlacsızlıqdan razı olduğunu bəhanə gətirmək yerinə, adam Azərbaycan mühacirət hökumətinin başçısına istənilən dövlət və onun təmsilçisi ilə apardığı danışıqlara görə mənasız ittiham irəli sürür. Maraqlıdır ki, Rəsulzadə üçün yalnız bir qırmız xətt mövcud idi: Azərbaycanın müstəqilliyi. Bir tək quru canı ilə Avropada at oynadan Hitlerin ət maşınının qarşısında “Azərbaycanın müstəqilliyini tanıyacaqsanmı?” şərtini qoymaqdan böyük qəhrəmanlıq nümunəsi haradan tapa biləcəksiniz? Bu müstəqilliyə birmənalı münasibət ortaya qoymadığına görə hətta sığındığı qardaş Türkiyəni tərk edərək, bu davaya dəstək verə biləcək dövlətləri bir-bir gəzərək təkliflərini ortaya qoymamışdımı? Əslində faşizmlə bağlılığı müasir ermənilər trətdikləri Xocalı soyqırımında axtarmalı olduqları kimi, onların babaları 1918-ci ilin mart ayında törtədikləri Bakı, Şamaxı, Quba soyqırımında axtarmalı olduqları kimi eyni zamanda 1918-ci ildə ilk respublikalarının parlamentinin formalaşmasında da axtarmalıdırlar. Sadəcə hər iki dövlərin, ilk respublikaların parlamentlərin tərkibinə diqqət yetirsələr, məsələyə daha rahat aydınlıq gətirmiş olarlar. 1918-ci ildə Azərbaycan Parlamentin yaradılması haqqında qəbul edilmiş qanunda Parlamentin 120 nəfərdən ibarət olması nəzərdə tutulmuşdu. Həmin qanunda Azərbaycan əhalisinin ümumi sayına müvafıq olaraq erməni nümayəndələri üçün 21 yer, rus nümayəndələri üçün isə 10 yer ayrılmasına baxmayaraq onlar qanunverici oranın fəaliyyətini pozmaq üçün Azərbaycan Parlamentinin ilk iclasının açılışında iştirak etməmişdilər. Rus Milli Şurası 1919-cu il yanvarın 31-dən, ermənilər isə həmin ilin fevralından Parlamentin işinə qatılmışdılar. 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi. Parlamentdəki siyasi partiyalar və qurumların qüvvələr nisbəti aşağıdakı kimi idi: “Müsavat” və bitərəflər fraksiyası - 38 nəfər, “İttihad” - 13 nəfər, “Əhrar” - 6 nəfər, “Sosialistlər” bloku - 13 nəfər, partiyasızlar - 4 nəfər, müstəqillər - 3 nəfər, “Rus-slavyan cəmiyyəti” fraksiyası - 5 nəfər, erməni fraksiyası - 5 nəfər, “Daşnaksutyun” fraksiyası - 6 nəfər, “Azlıqda qalan millətlər” fraksiyası - 4 nəfər. Diqqət yetirin, ruslara yer verilib, milli azlıqlara yer verilib, üstəlik də 8 ay öncə Bakıda 31 mart soyqırımını bolşevik erməniləri ilə birlikdə törətmiş digər erməni ünsürlərinə də parlamentdə 21 yer verilmiş. Bunlar erməni fraksiyası və “Daşnaksyutun” fraksiyası adları altında müstəqil Azərbaycan parlamentinə daxil olmuşlar. Faktiki olaraq 11 nəfər erməni deputat Azərbaycan Parlamentində bərabərhüquqlu üzv kimi iştirak etmişdir. Və rus dilində çıxış etmək, müzakirələrdə iştirak etmək hüququna sahib olmuşlar. Azərbaycan Cümhuriyyəti dövründə bizim hökumətdə bir erməni nazir də olub- səhiyyə naziri A. Dastakov ( 14 aprel 1919- 22 dekabr 1919). Həmin illərdə yaranan Ermənistan parlamentinnə 1919-cu ildə keçirilən birbaşa seçkilərdə 80 nəfərlik parlamentin 72 yerini “Daşnaksyutun”, 4 yeri eserlər, 1 yeri müstəqillər, yalnız 3 yeri müsəlmanlar tutmuşlar. Ruslara yer yox, milli azlıqlara yer yox, üstəlik də həmin dövr Ermənistan əhalisinin haradasa yarıdan çoxunu təşkil edən Azərbaycan türklərinə etnik varlıq kimi deyil, dini icma adı ilə cəmi 3 yer verilmişdir. Faşizim budur e... Bir dövlətin faşist zehniyyəti üzərində quruluşunun təməli beləcə qoyulmuşdur. Fikrimcə erməni faşizminə, başqa xalqların hüquqlarını tanımamazlıq sindromuna bu aspektdən cavab verməmiz daha doğru olardı. Burada bir haşiyə də çıxaq ki, ölkə prezidenti tarixin araşdırılmasına xüsusi diqqət yetirsə də, bu sahədə ayrılan vəsaitlərin səmərəli istifadə oluduğu qənaətində deyiləm. İki cildlik Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası buraxılıb, içində dəxli olmadan xeyli sayda müasir dövrümüzə aid bir sıra məqalələr yerləşdirilib, lakin 1918-1920-ci ildə mövcud olmuş Ermənistan Respublikasının Parlamenti və burada təmsil olunan 3 nəfər müsəlman deputat barədə ümumiyyətlə bilgilər yer almayıb. Materialların müəyyən hissəsində bədiilik elmilikdən daha çöx özünü büruzə verir. Bir sıra materiallar mənbə və üslub baxımından yeniləşdirilməyib. Ümumilikdə isə nə Sovet dövründə, nə də müstəqillik dövründə yüksək standartlara cavab verən ensiklopediya sistemi formalaşdıra bilmədiyimizi düşünürəm. Bu kimi əsassız ittihamların ermənilər tərəfindən irəli sürülməsi bizim Rəsulzadə irsinə və şəxsiyyətinə daha fəxarətlə yanaşmamıza, ən ağır şərtlər altında onun Azərbaycan müstəqilliyi üçün əlindən gələn bütün cəhdləri etdiyinə inamımızı bir daha möhkəmlədir. Fazil Mustafa