Sabiq Daxili İşlər naziri İsgəndər Həmidov: “Heydər Əliyev mənə dedi ki, kaş, sənin kimi bir bacım oğlu ola...”

 

isgender-2.jpg

“Qaynaq Qazan”ın budəfəki qonağı sabiq Daxili İşlər naziri İsgəndər Həmidovdur.

Onunla danışacaq, söhbətləşəcək o qədər mövzular var ki, 92 dəqiqə yetmədi. Biz müsahibəni bitirəndə əlimizdəki “sual dəftəri”ndə xeyli sual qalmışdı. Yönəldə bilmədik. Müsahibə bitəndən sonra Kəlbəcərə gedən Şahbazla Dilqəmdən də sual olduğunu eşidəndə çox mütəəssir oldu. Yalnız onda bildik ki, Şahbazla Dilqəm onun yaxından tanıdığı adamlar olub və hətta onlarla birlikdə İsgəndər Həmidovun Kəlbəcərə səfəri də planlaşdırılıbmış.

İsgəndər Həmidov kimin ona necə baxmasından asılı olmayaraq, Azərbaycanın özündə zəngin informasiya gəzdirən ən nadir adamlarından biridir. O, elə hadisələrə şahidlik edib, Azərbaycan dövlətinin elə günlərində ciddi vəzifələrdə çalışıb ki, bildiyi çox şeylər var, təbii ki. Biz onu bacardığımız, çatdırdığımız ölçüdə danışdırmağa çalışdıq. Və... qalır bu müsahibəni izləmək və oxumaq.

O zaman söz “Qaynar Qazan”ın 4-cü buraxılışının qonağı sabiq Daxili İşlər naziri, general İsgəndər Həmidovundur...

Əvəz Zeynallı

 

Televiziyalar üzümüzə qapalıdır

 

- İsgəndər bəy, xoş gördük sizi “Qaynar Qazan” verilişində... Uzun zamandır, dərdləşmək istəyirdik...

- Əvəz bəy, çox sağ olun dəvətə görə də, yada saldığınıza görə də... Ümumiyyətlə, Əvəz Zeynallı belə olmalı idi. Həmişə kimsə kimisə unutmaq istəyəndə, sən o adamı tapıb söhbət edirsən və səmimi söhbət gedir. Mən də sənə minnətdaram.

Allah eləsin, bu “Qaynar Qazan”ınız o qədər qaynasın ki, ordan ürəyiniz istəyən hər şey çıxsın - balalarımıza, balalarına, dostlarımıza, qohumlarına, Vətənə faydalı şeylər çıxsın.

- “Xeyirli-uğurlu olsun” deyirsiniz yəni... Unudulmaqdan başladınız... Allah eləməsin, yoxsa unudulmaqdan narahatsınız?

- Yox, qətiyyən. Ümumilikdə müxalifətin vəziyyətini bilirsiniz. Televiziyalar üzümüzə qapalıdır, cəmi bir-iki müxalifət qəzeti var. Müxalifətin televiziyalara buraxılmaması nöqteyi-nəzərindən deyirəm. Xalqın içində unudulmamışıq. Amma televiziyalar, ekran çox böyük təbliğat maşınıdır. Bizi ekranda az görürlər və elə bilirlər ki, biz fəaliyyətsizik, heç bir fəaliyyət göstərmirik. Amma biz fəaliyyətdəyik, hər işimizi görür, sadəcə özümüzü təqdim edə bilmirik. Sizin “Qaynar Qazan” verilişiniz mənim gördüyüm işləri bir daha göstərəcək və görünəcək ki, biz nə fəaliyyətdəyik. Milyonlar töküb telekanallar saxlaya, yenilərini aça bilərlər. Amma əsas odur ki, o telekanallarda kimlər işləyir və onu kim işlədir. Əsas məqsəd odur ki, camaatın diqqətini kim cəlb edə bilər. Hamı bilir ki, Əvəz Zeynallı həqiqəti hər şeydən üstün tutur. İsgəndər Həmidov da həqiqəti hər şeydən üstün tutur. Amma bizim telekanallarda, media holdinqlərdə o həqiqət yoxdur axı... Camaatın bildiyi yalanı həqiqət kimi sırıyırlar. Ona görə də televiziyalara camaat baxmır. Amma Əvəz Zeynallının hazırladığı verilişə deyirlər ki, əgər o verilişin içində yalan məlumat gedibsə belə, deməli, bu, Əvəz Zeynallının özünün inandığı üçün baş verib. O, hansısa məlumatı kiminsə göstərişi, sifarişi, hansısa məmurun pulu ilə vermir. Əvəz Zeynallının özü verir həmin məlumatı... Ona görə də sizə maraq var, onlara maraq yoxdur... Bu millətə nə qədər yalan danışmaq olar? Onsuz da bu millət bu yalanı 25 ildir eşidir də... Yalan, iftira, bir-birinə yalandan ləkə vurmaq, ermənipərəst demək, rüşvətxor demək... Amma bunları da ən böyük ermənipərəstlər, rüşvətxorlar deyirlər bizim ünvanımıza... Bunu da xalq bilir, bildiyi üçün də onlarda ikrah hissi oyanır. 

 

Azərbaycan ən böyük məhbəsxanadır

 

- Mən, əslində müsahibəyə haradan giriş edəcəyimi fikirləşirəm. Ünvanınıza o qədər maraqlı suallar gəlib ki... Ayaz Ağayev soruşur: “İsgəndər bəy Azərbaycanda tam azaddırmı? Necə olur ki, son iki ildə özlərini Elçibəy-Rəsulzadə yolunun davamçıları adlandıranlar ortaq birlik yarada bilmədilər? Bugünkü müxalifət partiyalarının fəaliyyəti sizi qane edirmi?” Ümumiyyətlə, müxalifətlə, onların bugünkü fəaliyyətlərilə bağlı xeyli sual var. Mən onları yeri gəldikcə verəcəm...

- Tam azad insan yoxdur. Biz səninlə məhbəs həyatı keçirmişik. Azərbaycan ən böyük məhbəsxanadır. Fərdi həbsxana ilə Azərbaycanın bir fərqi var ki, orada bizə nəzarət edənlər serjantlar, leytenantlar idi, Azərbaycanda isə bizə nəzarət edənlər nazirlər, generallardır. Həmin türmədir. Həmin çərçivədən heç hara çıxmayıb. 

- Bir az böyük formadır, yəni?

- Böyük formasıdır. Bir az da iyrənc formasıdır. Tam azad insan o vaxt olmaq olar ki, onun xalqı da, milləti də azad olar. Demokratiya olar, xalqın səsi eşidilər. Azlığın çoxu, çoxluq tərəfindən qəbul edilər. O zaman deyərik ki, azadıq. Azadlığın ikinci məfhumu da var. Əgər mən – İsgəndər Həmidov, siz – Əvəz Zeynallı azdan-çoxdan millətini sevən insanlarıq və biz dədə-baba yurdumuza gedə bilmiriksə, necə “azadıq” deyə bilərik? İkimiz də dağ adamıyıq. Dağ adamı sərt olsa da, səmimi olur. Əgər biz o gözəl yerlərə gedə bilmiriksə, o dağlara çıxa bilmiriksə, oranın acı, şaxtalı havasını, yazının çiçəkətirli qoxusunu içimizə, sinəmizə çəkib, qəbul edə bilmiriksə, hansı azadlıqdan söhbət gedə bilər? Əlbəttə ki, tam azad deyilik.

 

Liderlər “mən”i “biz”lə boğa bilmirlər

 

- Müxalifətin fəaliyyətilə bağlı...

- Müxlifətin bir dənə çatışmayan cəhəti var. Mən bunu müxalifətə bütünlükdə deyil, liderlərinə aid edirəm. Onlar daxillərindəki “mən” sözünü “biz” sözü ilə boğa bilmirlər. Nə vaxt ki, “mən” sözü “biz” sözü ilə əvəz olunacaq, hər şey də öz yerini alacaq. Amma müxalifətin iqtidardan fərqli cəhəti var. Taleyüklü məsələlərdə - Vətən, millət məsələlərində müxalifət birləşə bilir. İqtidarı isə yalnız pul birləşdirir. Onlar pulu mənimsəyib, bölmək məsələsində birləşə bilirlər. Ona görə də müxalifətin birləşməyi labüddür və inanıram ki, gec-tez birləşəcək.

- Xəyal Aslanov sual verir: “Azərbaycanda hal-hazırda xalqı arxasınca apara biləcək insan, sizcə, varmı və kimdir? Müxalifət partiyalarının çoxluğu və müxlifət liderlərinin birləşə bilməməsi sonunda xalqın inamına zərbə vura bilərmi?”

- Çox gözəl sualdır. Bu suala rəhmətlik Cövhər Dudayevin kəlamı ilə cavab vermək istəyirəm. Bir gün Çeçenistanda olanda Cövhər Dudayevə mənim yanımda sual verdilər ki, “Sizcə, Çeçenistanda nə qədər qəhrəman var?” O da dedi ki, “Mən bir milyon birinci qəhrəmanam...”

 

“Bir milyon birinci qəhrəmanam...”

 

- Yəni bütün çeçenlər qəhrəmandırlar...

- Çeçenistanın ümumi əhalisi cəmi 700 min nəfər idi. Onun fikrincə, 300 mini də hələ ondan sonra doğulacaq və 1 milyon 1-ci qəhrəman da Dudayev olacaq. Mən Cövhərlə söhbət edəndə özümdə onu aşkar etdim ki, qəhrəman, lider axtarmaq lazım deyil, xalqı lider eləmək lazımdır. Lider xalqın içindən də qəhrəman çıxacaq. Xalq özü liderə çevrilməlidir. Xalq özü liderə çevriləndə Vətən basılmaz. Xalq liderə çevriləndə onun səsi oğurlanmaz. Xalqı lider yetişdirmək lazımdır. Azərbaycanda kifayət qədər savadlı, dünyagörüşlü, bilikli insanlar var. Uşaq vaxtı nənələrimiz bizə “Ağ atlı oğlan”ın, “Məlikməmmədin nağılı”nı danışırdı. Sadəcə, “Ağ atlı oğlan”, “Məlikməmməd” axtarmaq lazım deyil, Ağ atlı oğlan da xalqın içindədir, Məlikməmməd də... Liderlikdən söhbət gedirsə, xalqı lider eləmək lazımdır.

- Yeri gəlmişkən, Dudayevlə bağlı sualımız da var. Taleh Məmmədov soruşur ki, “necə oldu Dudayevi Bakıya gətizdirə bildi?” Ümumiyyətlə, sizin Dudayevlə dostluğunuzun tarixi mənim üçün də maraqlıdır...

- Dudayevlə mənim dostluğumun tarixi 40 ildən çoxdur. Sovetin vaxtından hər ikimiz leytenant idik. Təsadüfən bir gün eyni kafedə çörək yedik. Tanış olduq və sonralar da əlaqələrimiz davam etyməyə başladı.

 

Dudayevə dedim ki, “mənə lazımsan”

 

- Harada İsgəndər bəy?

- Moskvada. Yəni Dudayev elə-belə insan deyildi. Dudayev uzaq uçuşlu strateji aviasiyanın rəhbəri idi. O vaxtlar bu vəzifəni tutmaqdan ötrü Siyasi Büronun təsdiqi olmalı idi. Çünki nüvə silahı daşıyıcısı idi. Çox savadlı, dünyagörüşlü, cəsarətli, əsl zabit idi. İkincisi, Dudayevi Bakıya mən gətirməmişəm. Onu heç kəs heç yana apara bilməzdi. Mən telefonu qaldırıb, demişəm ki, “Cövhər, sən mənə lazımsan”. 45 dəqiqə sonra öz təyyarəsilə gəlirdi, soruşurdu ki, “məni niyə qarşılamırsan? Mən Bakıdayam.”

- Nəyə görə sizə lazım idi? Nə baş vermişdi?

- Birincisi, biz “Qafqaz Evi” yaratmaq istəyirdik. Onu yaratmaqda da məqsədimiz rus istilasının qarşısının alınması idi. Bir gün rəhmətlik Əbülfəz bəy məni çağırdı. Yanına getdim, gördüm ki, Şevardnadze oturub Əbülfəz bəylə söhbət eləyir. Məndən soruşdu ki, Cövhər Dudayevi Bakıya dəvət edə bilərsənmi? Dedim, bilərəm. Dedi, bildirmə ki, Şevarnadze buradadır. Dedim, hətta bilsə də ki, Şevarnadze buradadır, mən desəm, gələcək. Dediyim kimi, zəng vurdum ki, “Cövhər, mənə lazımsan”. 45 dəqiqə sonra öz təyyarəsilə gəldi, soruşdu ki, “məni niyə qarşılamırsan? Mən Bakıdayam.” Gəldi, Prezident İqamətgahında prezidentin otağına girdi. Bir neçə saat orada söhbət elədik. Mən dəfələrlə çıxmaq istəyəndə Şevardnadze də, Əbülfəz bəy də, Dudayev də imkan vermədilər. Məsələ belə qoyulurdu ki, birinci çeçenlər bizə kömək edirlər, biz Qarabağı azad edirik, sonra çeçenlər Gürcüstanın da ərazi bütövlüyünü bərpa etməyə köməklik edir. Sonra “Qafqaz Evi” yaranır. Ümumi “Qafqaz Evi”nin yaranması nəticəsində şimala qarşı sədd qurulur. Hamı razılaşdı. Əl-ələ verib çıxanda Cövhər Dudayev dedi ki, “amma bu qoca tülkü bütün danışıqları pozacaq”. Barmağını da baxın, belə (göstərir...) Şevardnadzeyə tərəf yönləndirdi.

 

Cövhər Dudayev barmağı ilə Şevardnadzeni göstərib dedi ki, bu qoca tülkü...

 

- Üzünə dedi?

- Üzünə! Cövhər kimdən qorxurdu ki? Ya da nədən qorxurdu ki? Dedi ki, “bu qoca tülkü bütün danışıqları pozacaq”. İnanırsınızmı, dediyi kimi də oldu. Əgər xatırlayırsınızsa, Abxaziyadan, Osetiyanın şimal tərəfindən...

- Mənə nə üçünsə elə gəlir ki, mən bu haqda məlumatı ilk dəfədir ki, eşidirəm.

- Elə şeylər var ki, mənimlə qəbirə gedəcək. Ancaq artıq Cövhər ölüb, Əbülfəz bəy ölüb, ona görə də danışıram. Danışıqların birinci mərhələsi kimi, Cövhər Abxaziyadan, Osetiyadan Şamil Basayev başda olmaqla bütün qoşunları çıxardı. Qalan bütün planların hamısını Şevardnadze pozdu. Cövhərdə də üstün bir keyfiyyət var idi, heç bir zaman dostuna deməzdi ki, gördün, sən dedin, mən elədim, amma bu səbəbdən iş pozuldu.

 

Elçibəy mənim əlimlə Cövhər Dudayevə pul verirdi

 

- Yeri gəlmişkən... Haradasa yadıma düşdü, səhv etmirəmsə, Rəhim Qazıyev bizə müsahibə verərkən demişdi ki, Cövhər Dudayevdən silah almaq istəyiblər. Danışılıb, anlaşılıb, amma sonda Bakıdan zəng gedib ki, bu adam Rəhim Qazıyevdir, ona olmaz. Belə bir hadisə olubmu?

- Rəhim bəy haqqında Cövhər Dudayevin heç anlayışı yox idi. Məncə heç onların görüşü də olmayıb. Burada biz görüş vaxtı belə bir məsələ qalxdı ki, Çeçenistanın xarici əlaqələri genişdir, bizə İngiltərədən yeni silahlar, silah növləri ala bilərlər. Onda Əbülfəz Elçibəy Daxili İşlər nazirinin vasitəsilə Cövhər Dudayevə pul verdirdi. Mənə qarşı qaldırılan cinayət işində bir iddia da bu idi. Əgər xatırlayırsınızsa, Rusiyada “Vremya” xəbərlər proqramı var idi, orada dedilər ki, Cövhər Dudayevlə İsgəndər Həmidova silah alan iki çeçeni iki erməni öldürüb. Yəni silahların gəlməyi ləngidi. Bizim hakimiyyət devriləndən sonra Cövhər Dudayev Azərbaycan hakimiyyətinə iki dəfə deyib ki, “sizin pulunuz məndədir, istəyirsinizsə, ya pulu göndərim, ya da silahı...” Onlar da imtina ediblər. Bunu mənə maddə olaraq yükləyəndə Cövhər Dudayev üç dəfə məktub göndərdi. Nümayəndəsini yolladı. Cövhər Dudayevin bizə o həddə məhəbbəti var idi ki, Çeçenistan müstəqilliyini elan edəndə, mənə zəng vurdu ki, “sən mənə lazımsan...” Mən də oturdum təyyarəyə, birbaşa ora uçdum. Dedi, “Mən bayrağımızın üstündə hansı rəmzi götürüm?”, mən də dedim ki, “axı sən özün deyirdin ki, türksən. Türk hansı rəmzi götürər?” Əgər baxmısınızsa, bu gün də Çeçenistanın bayrağında “Yatmış Qurd” rəmzi var. Nə üçün yatdığını soruşanda dedi ki, çeçenlər tam azad olanda yatmış qurd oyanacaq və ayaq üstə duracaq.

 

Çeçenistanın bayrağındakı “Yatmış Qurd...”

 

- Yəni Çeçenistanın bayrağının rəmzi ideyasını siz vermisiniz?

- Bayraq özü vardı, amma rəmzinin ideyasını, bəli, mən verdim. Cövhər Dudayevlə bizim çox söhbətimiz olmuşdu. Çeçen-inquş adlı millət yox idi və hamı bilir ki, bunlar “Vaynax” irqinə aiddirlər. Biri Çeçenin  aullarında, digəri İnquş çayının ətrafında yaşadığı üçün onlara “çeçen-inquş” deyiblər. Hətta xatırlayırsınızsa, rusların böyük bir kitabı var – “İqor polku-alayı haqqında Dastan” – çox mübahisəli kitabdır. Çünki həmin polkun tərkibində türklər olublar. Burada ruslar Azərbaycanı işğal edib, çapıb talayanda, orada vaynaxlar bunlara necə müqavimət göstərib, qarşılarını alıblarsa, bu gün də o qəhrəmanlığı edənin qəbri bilinmir haradadır.

Cövhər Dudayev türk-vaynax olduğunu deyirdi

Yəni onlar türk olduqlarını, Cövhər Dudayev türk-vaynax olduğunu deyirdi və bununla da fəxr edirdi.  Bu abidə birliyi bizi birləşdirirdi. Dostluğumuz, yoldaşlığımız öz yerində, digər tərəfdən də şimal qonşularımızdan gələn təhlükəni hər ikimiz həm görür, həm də bilirdik. Və mən də Çeçenistanın güclənməyini ona görə istəyirdim ki, ən azı, Çeçenistan bizimlə Rusiya arasında bir sədd idi.

- Burada təbii bir sual yaranır. Cövhər Dudayevlə bu qədər dost olmusunuz. Cövhər Dudayev balaca bir “dövlət”in rəhbəri olub, siz isə böyük Azərbaycanın naziri, generalı idiniz. Niyə Cövhər Dudayev Rusiya boyda böyük bir dövlətlə bu qədər uzun müddətə vuruşa, döyüşə bildi, amma siz heç bir duruş gətirə bilmədiniz?

- Sual qoyulub, ona cavab verəcəyik. Amma sualın mahiyyəti ayrı fasondadır. Cövhər Dudayev Rusiya imperiyasına qarşı döyüşür, vuruşurdu. Biz isə Əbülfəz bəyin vaxtında rus qoşunlarını, ümumiyyətlə, Azərbaycandan çıxardıq. Yəni biz ruslara qarşı lazım olanı etdik, amma...

- Deyirsiniz ki, özümüz-özümüzə qarşı vuruşmadıq?

- Bəli, özümüz-özümüzə qarşı vuruşmadıq. Onun məqsədi, hədəfi ayrı idi, bizim hədəfimiz və məqsədimiz, millət və torpaq idi. Ona görə də onların döyüş taktikası ilə bizim döyüş taktikamız arasında böyük fərq var idi.

 

- Siz də, Əbülfəz bəy də Heydər Əliyevi çox istədiniz. Bütün bunlar ondanmı qaynaqlandı?

- Bu suala mən cavab verməkdə çətinlik çəkirəm. Əbülfəz bəy də, Heydər Əliyev də dünyalarını dəyişiblər. Qədim türklərdə yaxşı bir qayda vardı – ölən adam haqqında ya yaxşı danışırdılar, ya da heç nə danışmırdılar. Mən də ölənlər haqqında heç nə danışmayacam. Amma mən Heydər Əliyevi heç vaxt sevməmişəm, sevmirəm də, heç vaxt da sevməyəcəm. Heydər Əliyev şəxsiyyətinin kim olduğunu mən Daxili İşlər naziri olanda bilirdim. Dediklərimin həqiqiliyini yoxlamaq üçün çox da uzağa getmək lazım deyil, Ali Məhkəmənin arxivlərini açıb 1969-1974 illərdə nə qədər adama ölüm hökmü kəsilib, baxın, nə qədər insanlar həbs olunub ona da baxın. Özü də nə məqsədlə - tək Moskvaya hesabat verməkdən ötəri.

- Elə mən də bu məsələnin üzərinə gəlirdim. Müəyyən dövrlərdə sizin Heydər Əliyevlə münasibətləriniz ziqzaqlı olub. Bununla bağlı sizə ünvanlanmış suallar da var. Bilmək istəyirlər ki, münasibətləriniz hansı səpkidə olub – dostmu, düşmənmi olubsunuz? Çünki bir Naxçıvan məsələsi də var idi...

- Bəli, var idi!

- Mən istərdim ki, onunla da bağlı fikir bildirəsiniz.

- Birincizi, Heydər Əliyevlə mən Daxili İşlər Nazirliyində inspektor işləyəndən rastlaşmışıq.

- Deyilənlərə görə, sizi Eldar Həsənovla birlikdə həbs edəndə Heydər Əliyev sizi xilas eləyib...

- Yox... Eldar Həsənovla məni heç bir zaman tutmayıblar...

 

Guya, mən demişəm ki, Heydər Əliyevi cibimə qoyub gətirəcəm

 

- 1982-ci ildə... Sərdar Həmidov deyir...

- Xeyr, biz tutulmamışıq, Heydər Əliyev də heç 1982-ci ildə Bakıda yox idi. O zaman baş katib Kamran Bağırov idi. Sərdar tarixi bir az səhv edir. Biz – nə mən, nə də Eldar Həsənov heç bir vaxt  həbs olunmamışıq. Heydər Əliyevlə mən 2-3 dəfə rastlaşmışam. Bir dəfə Naxçıvanda, iki dəfə Bakıda, bir dəfə Əbülfəz bəyin otağında... Azərbaycanda iki nəfər insan var. Əgər onlar Hollivudda kinoya çəkilsəydilər, “Oskar”ın bütün mükafatlarını alardılar. Onlar Azərbaycanın siyasi həyatına, ab-havasına bir aktyor kimi daxil oldular və aktyor kimi də tərk elədilər. O insanların, məsələn, ağlamağı ilə gülməyinin arasında yarım dəqiqə fərq olurdu. Mən də bunu bilirdim və neçə dəfə də görmüşdüm. Qaldı ki, Naxçıvan məsələləri... Yaxşı ki, bu haqda sual verdiniz. Aydınlıq gətirmək istəyirəm. Hamı deyir ki, guya, mən demişəm ki, Heydər Əliyevi cibimə qoyub gətirəcəm. Bu hadisəni ANS kanalı çox yaxşı verdi. Əksinə, Naxçıvanda biri demişdi ki, İsgəndəri cibimə qoyub gətirəcəm. Mən də demişdim ki, cibini yekə tut, mən çox böyüyəm. Naxçıvanda qarşıdurma var idi və mən də bir Daxili İşlər naziri kimi ora getməli idim. Təəssüf olsun ki, getməyə qoymadılar.






Fikirlər