GƏNCƏ ÜSYANI - 100:Qəhrəmanlıq tariximizin möhtəşəm səhifəsi - ARAŞDIRMA

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və Şimali Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından az müddət sonra – 1920-ci il mayın sonunda Gəncə şəhərində keçmiş Milli Ordunun zabitlərinin (Cavad bəy Şıxlinski, Məhəmməd Mirzə Qacar, Cahangir bəy Kazımbəyli və başqaları) başçılığı ilə yerli qarnizon qoşunlarının üsyanı baş verdi. Üsyançıların məqsədi Azərbaycanın sovet işğalından azad edilməsi və ölkənin müstəqilliyinin bərpası idi.

Üsyançılar yerli kəndlilərin dəstəyi ilə Gəncədə dislokasiya olunmuş sovet hərbi hissələrinin qərargahını tərk-silah etməyə və bir neçə gün ərzində Ağstafa ilə Bakı arasında dəmir yolu rabitəsini kəsməyə nail ola bildilər. Qısa müddətdə Gəncə şəhərinin mühüm obyektləri, o cümlədən hərbi anbar, mərkəzi həbsxana, dəmir yolu stansiyası ələ keçirildi. Lakin əlavə hərbi dəstək alan və üsyançılara qarşı ağır artilleriyadan istifadə edən sovet qoşunları mayın 31-də üsyanı yatırmağa müvəffəq olub.

Gəncə üsyanının fəal iştirakçılarından Qaçaq Qəmbər, general-mayor Mirzə Qacar, hüquqşünas İsmayıl xan Ziyadxanov, ədəbiyyatşünas Firudin bəy Köçərli, mühəndis Abuzər bəy Rzayev, müəllim Mirzə Abbaszadə və başqaları bu hadisələrin qurbanı oldu. Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitanı, ştabs-kapitanı, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən güllələndi. Təkcə Nargin adasında Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəyli ilə birlikdə 79 nəfər yüksək rütbəli zabit məhkəməsiz, sübutsuz qətlə yetirildi.

Gəncə üsyanı Azərbaycanda sovet hakimiyyətinə qarşı müqavimətin ən mühüm təzahürü olub. Bu hadisə ilə bağlı tarixi həqiqətlər sovet dövründə gizlədilmişdi, müvafiq arxiv sənədləri isə tədqiqatçılar üçün əlçatmaz idi. Halbuki, Gəncə üsyanı ilə bağlı sənədlər nəinki Azərbaycan və Rusiyanın, eləcə də digər ölkələrin, o cümlədən Fransanın arxivlərində saxlanılmaqdadır. Bu onunla bağlıdır ki, məhz Fransa dövləti və onun Qafqazdakı hərbi, kəşfiyyat və siyasi missiyaları bölgənin sovetləşdirilməsinin ilkin mərhələsində Azərbaycanın və Qafqazın başqa xalqlarının milli-demokratik qüvvələrini Sovet Rusiyasına qarşı səfərbər etməyə can atıb.

Fransa Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Arxivində saxlanılan o dövrə aid fransız diplomatik yazışmalarında qeyd olunur ki, Sovet hakimiyyətinə qarşı Gəncədə və Azərbaycanın digər yerlərində baş vermiş üsyanlar Azərbaycan xalqının öz müstəqilliyinin itirilməsi ilə barışmadığını göstərir. Fransanın Qafqazdakı hərbi missiyasının məlumatlarına görə, “bolşeviklərə qarşı ciddi üsyançı hərəkat”a Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş baş naziri və xarici işlər naziri Fətəli Xan Xoyski, “Müsavat” partiyasının rəhbərləri, eləcə də Azərbaycan Milli Ordusunun komandirləri başçılıq etmişdilər.

Üsyançılarla əlaqədə olan Fətəli Xan Xoyski iyunun 9-da Tiflisə gəlib. Üsyanın yatırılmasından sonra o, bu hadisəni, eləcə də onu törədən səbəbləri qısa və dəqiq təsvir edən yazı hazırlayıb. Xoyskinin sözlərinə görə, bolşevik ordusunun Azərbaycana daxil olmasından sonra altı gün ərzində Bakıda vəziyyət sakit idi. O, yalnız Rusiya Kommunist (bolşeviklər) Partiyası (RK(b)P) Mərkəzi Komitəsinin Qafqaz bürosunun üzvü Georgi Orconikidze və XI Qırmızı Ordunun komandanı Mixail Levandovskinin Bakıya gəlməsindən sonra dəyişdi.

Bolşeviklər Azərbaycan Ordusunun hissələrini ya buraxır, ya da XI Qızıl Ordunun tərkibinə daxil edirdilər. Eyni zamanda, Sovet hakimiyyətinin qurumları Azərbaycanın daxili həyatında ruslaşdırma siyasətini açıq şəkildə həyata keçirməyə başladılar. Azərbaycan dili bütün dövlət müəssisələrində istifadədən çıxarılaraq, rus dili ilə əvəz edildi. Azərbaycanlı məmurların əksəriyyəti də ruslarla əvəz olundu. Artıq 1920-ci il may ayının sonuna qədər Bakı tamamilə qarət edilmişdi.

Xoyskinin yazdığına görə, bolşevik işğalına qədər Azərbaycan paytaxtında ərzaq və sənaye mallarının bolluğu hiss olunurdu, lakin işğaldan sonra onlar Azərbaycandan Mərkəzi Rusiyaya çıxarılmağa başladı. Məhz buna görə də, Bakı şəhərində çörəyin xroniki çatışmazlığı nəzərə çarpırdı. İlhaqdan əvvəl çörəyin bir funtu 16 manat, ətin bir funtu 30 manat idisə, işğaldan sonra 400 qramlıq çörəyin qiyməti 120 manatdan 200 manata qədər, bir funt ətin qiyməti isə 120 manata qədər qalxdı. Çörəyin çatışmazlığı şəraitində əhali düyü ilə qidalanmağa məcbur olurdu. Bütün bunlar cəmiyyətdə kütləvi narazılığa səbəb oldu. Hətta bolşeviklərin Azərbaycana müdaxilə etməsinə kömək edən “Hümmət” və “İttihad” partiyalarının üzvləri də narazı idilər.

Bolşevik qəzetləri kütləvi şəkildə güllələnən “əks-inqilabçılar”ın siyahısını çap edirdi. Xoyskinin fikrincə, elə Gəncə üsyanını törədən səbəblər də məhz bunlardan ibarət idi.

Xoyski daha sonra qeyd edir ki, etirazı bildirənlər Azərbaycanın ikinci iri şəhəri, milli-azadlıq hərəkatının ənənəvi mərkəzi olan Gəncədə cəmləşdi. Burada onlara bolşeviklərin silahsızlaşdırmağa nail ola bilmədikləri Azərbaycan Ordusunun hissəsi birləşdi. Üsyanın yatırılması məqsədilə bolşeviklər Gəncə şəhərinə çoxsaylı artilleriya silahlarını çəkib gətirdilər. Altı gün ərzində şəhər istiqamətinə 8 min mərmi buraxıldı. Bu, dinc əhalinin kütləvi qırğını ilə nəticələndi. Üsyançılar axıra qədər mübarizə apararaq, hücumlar etdikləri zaman 2 minə yaxın Qırmızı Ordu döyüşçüsünü əsir götürdü. 1 500 düşmən əsgəri məhv edildi. Qisas almağa can atan bolşeviklər şəhərə soxularaq, dinc sakinlərin evlərini dağıtmağa və rastlarına gələn insanları öldürməyə başladılar. Şəhərin müsəlman hissəsi tamamilə darmadağın edildi.

Öldürülənlər arasında hətta iki-üç yaşlı uşaqlar, zorakılığa məruz qalmış qadınların içərisində səkkiz yaşlı qızlar da var idi. Məhv edilən müsəlmanların sayı 10 minə çatmışdı. Bu hadisələr nəticəsində Gəncə şəhərində faktiki olaraq müsəlman əhali qalmadı. Xilas olunanlar dağlara qaçmağa məcbur oldu.

Iyunun birinci yarısında Tiflisdəki Azərbaycan müqavimət hərəkatının rəhbərləri Sovet Rusiyasının işğalçı siyasətini ifşa edən rəsmi bəyanatlarla çıxış etdilər. Belə ki, 8 iyunda keçmiş Azərbaycan parlamentinin sədr müavini Həsən bəy Ağayev Fransa xarici işlər nazirinə nota ilə müraciət etdi. Müraciətin mətni Fransanın Qafqazdakı komissarı De Martelə verildi. Ağayev qeyd etmişdi ki, Azərbaycan hökumətinin bolşevik Rusiyası ilə münasibətləri normallaşdırmaq arzusuna baxmayaraq, təcavüzkarlıq siyasətini yürüdən bolşevik Rusiyası Azərbaycanı işğal etdi. Lakin Azərbaycan xalqı işğalçıların törətdiyi zorakılıqla barışmayıb. Ağayevin notasında bəyan olunurdu ki, hazırda dəhşətli zorakılığa məruz qalan Azərbaycan xalqı xarici işğalçılara qarşı qanlı mübarizə aparır. Bu mübarizənin gedişatında Gəncə şəhərinin bütün müsəlman hissəsi bombardman olunaraq məhv edilib, 8 min müsəlman həlak olub. Lakin bütün bunlar Azərbaycan xalqının öz taleyinə sahib çıxmaq naminə nümayiş etdirdiyi əzmkar iradənin göstəricisidir. Ağayev Fransa hökumətini Azərbaycanda baş verən qırğının dərhal dayandırılması, rus ordusunun ölkədən çıxarılması, Azərbaycan xalqına dinc və azad həyat qurmaq imkanının verilməsi üçün zəruri tədbirləri həyata keçirməyə çağırdı.

Gəncə üsyanının başçılarından biri - keçmiş Rusiya İmperiyasının Müqəddəs Georgi ordenlərinin kavaleri, Birinci Dünya Müharibəsində göstərdiyi qəhrəmanlığa görə Fransanın “Şərəf legionu” ordeninin kavaleri adına layiq görülmüş briqada generalı Teymur bəy Novruzov idi. O da Fransanın Qafqazdakı hərbi missiyasının başçısı leytenant-polkovnik Emil Avqust Korbelə məktub göndərərək, Azərbaycanın bolşevik hakimiyyətindən azad olunması işində Fransadan hərbi yardım istəyib. Novruzovun məktubunda qeyd edilirdi ki, iki illik müstəqil həyatı ərzində demokratik prinsipləri müdafiə edən hökumətə malik və nizam-intizama meyilli olan Azərbaycan xalqı heç vaxt anarxiyaya yol verə biləcək bir aktın təşəbbüskarı olmayıb. Yalnız Bakı şəhərinin rus fəhlə ünsürləri türk mühacirlərinin dəstəyinə arxalanıb, Anadoluda millətçi hərəkatın Sovet Rusiyası ilə alyansa girməsindən istifadə edərək, Azərbaycanda bolşevizmin bərqərar edilməsi və Sovet Rusiyası ilə ittifaqın bağlanmasına yönəlmiş təbliğata başladılar.

Kommunistlərin və türk mühacirlərinin atdığı addımlar Qırmızı Ordunun müdaxiləsinə yardım edərək, 28 aprelə keçən gecə baş vermiş dəyişikliklərə yol açdı. Rus Qırmızı Ordusunun Azərbaycana daxil olması ilə Azərbaycan xalqı başa düşdü ki, yenidən əsarət altına alındı...

Xalqın məhv olunmasının, ölkənin talan edilməsinin qarşısını almaq üçün Azərbaycan öz xilasını silahlı müdafiədə və bolşevik bandalarına qarşı mübarizədə görür.

 

Novruzovun məktubunda deyilir ki, artıq hər yerdə Qırmızı Ordu ilə toqquşmalar baş verməkdədir. Bütün ölkə silahlanmış düşərgəyə çevrilib, lakin üsyançı qruplar mütəşəkkil deyil.

İlk döyüş Tərtərdə, Qarabağdakı Cavanşir bölgəsində baş verdi. Buranın əhalisi kiçik saylı yerli qarnizonun dəstəyi ilə 500 Qırmızı Ordu əsgərini məhv etdi. Üsyan Gəncədə daha geniş vüsət aldı. Burada 20-ci sovet diviziyası darmadağın edildi. Üsyançılarda silah və sursatın çatışmazlığından istifadə edən bolşeviklər üsyanı yatıra bildi...

Novruzov bəyan etdi ki, Azərbaycan Ordusunun generalı olaraq və silahdaşlarının və Vətənin nüfuzlu siyasi xadimlərinin razılığını alaraq, o, xalq hərəkatına başçılığı və Azərbaycanın müstəqilliyi naminə mübarizədə silahlı, nizam-intizamlı qüvvələrin təşkilini üzərinə götürməyi özünə borc bilir. Azərbaycan generalı hesab edirdi ki, xalqının dəstəyi və Fransa hökumətinin maddi və maliyyə yardımı ilə o, müvəffəqiyyətə nail ola biləcək. Novruzov əminliklə bildirdi ki, 6 min nəfərlik diviziya ilə fəal hücuma keçmək mümkündür. Konkret olaraq diviziyanın təşkili üçün o, Fransa hökumətindən təcili olaraq iki süvari artilleriya batareyası, üç dağ batareyası, 100 pulemyot, 6 min tüfəng, 20 milyon patron, artilleriya mərmiləri, lazımi telefon təchizatı, 6 min nəfər üçün təchizat və 25 milyon rubl istəmişdi.

Məktubunun sonunda general Novruzov söyləyib ki, zəngin sərvətlərə malik Azərbaycan xalqı qısa müddət ərzində Fransa hökumətinin sərf etdiyi xərcləri ödəyəcək.

Qeyd etmək lazımdır ki, Fransanın Qafqazdakı hərbi missiyasının başçısı leytenant-polkovnik Korbelin özü də bölgədə, o cümlədən Azərbaycanda antibolşevik üsyanının hazırlanması planlarını cızıb. Fransa hərbçilərinin fikrincə, Gəncədə və Azərbaycanın digər yerlərində bolşeviklərə qarşı baş verən üsyanlar onu göstərir ki, Azərbaycan xalqı müstəqilliyin itirilməsi, ölkəsinin işğalı ilə barışmayıb. Üsyançıların tərəfində keçmiş Azərbaycan Ordusunun hissələrinin çıxış etməsi fransızlara xüsusi olaraq ümid verirdi. Fransanın Hərbi Nazirliyinə göndərdiyi 15 iyun 1920-ci il tarixli məktubunda Korbel yazırdı ki, azərbaycanlı qoşunların artan düşmənçilik mövqeyi Qırmızı Ordunun vəziyyətini ciddi şəkildə laxladır. Sovet Rusiyasının həyata keçirdiyi qanlı repressiyalar siyasəti nəticəsində Azərbaycan xalqının və ordusunun narazılığı üsyanlara gətirib çıxarır. Bu hərəkatın başında yenə populyarlaşan millətçi “Müsavat” partiyasının rəhbərləri durur.

Qafqazda ehtimal olunan üsyan planına azərbaycanlıların qoşulması istiqamətində ilk konkret addım Korbelin Fransa Hərbi Nazirliyinə göndərdiyi 14 iyun tarixli şifrəli teleqram idi ki, orada qeyd olunurdu: “Azərbaycanda və Şimali Qafqazda inkişafda olan üsyançı hərəkat bolşeviklər üçün olduqca çətin vəziyyət yaradır və bizim tərəfimizdən bundan yararlanmamaq bağışlanmaz olardı”.

Korbel detallı şəkildə gələcək hərbi əməliyyatın planını tərtib etdi. 17 iyunda Fransanın Baş qərargah rəisi marşal Foşa və Fransa Xarici İşlər Nazirliyinə Korbelin göndərdiyi sənəd “Bolşeviklərə qarşı üsyançı hərəkatın təşkili” adlanırdı. Sənəddə qeyd olunurdu ki, bolşeviklərə qarşı üsyançı hərəkat sovet Rusiyasının cənubunda ümumi xarakter daşımağa başlayıb.

Qafqazda Kuban, Dağıstan və Azərbaycan təlatüm içindədir...

Korbel qeyd edirdi ki, Аzərbaycanda Qırmızı Ordunun fəaliyyəti ilə bağlı narazılıq genişləndiyindən burada artıq qanlı üsyanlar baş verib. Azərbaycanın keçmiş baş naziri və xarici işlər naziri Fətəli Xan Xoyski - bitərəf, gözəl nüfuza malik dürüst insan dünən Bakıdan gələrək, xüsusi olaraq mənimlə görüşüb. O, mənə bəyan etmişdi ki, Azərbaycanda bolşeviklərə qarşı xalqın etirazından istifadə etmək üçün əlverişli məqam yaranıb.

Lakin nəzərə alınmalıdır ki, Fransa hökuməti gələcək antibolşevik Rusiyasının federativ quruluşa malik olması ideyasını müdafiə edirdi. Buna görə də, Korbel Fransa hökumətindən Qafqazda silahlı üsyan planının həyata keçirilməsi ilə bağlı razılığı almaq üçün məktubunda qeyd edib ki, adıçəkilən silahlı əməliyyatın keçirilməsi imperiyanın gələcək federativ quruluşu ideyasına arxalanır və bu, istər rus xalqı, istərsə də digər xalqlar üçün münasibdir.

Ancaq Fransanın siyasi və hərbi dairələrini təmsil edən Korbel çox gözəl başa düşürdü ki, qafqazlılar Rusiyanın imperiyapərəst qüvvələrinə, məsələn, general Denikinin varisi sayılan general Vrangelə tabe olmağa razılıq verməyəcəklər. Buna görə də, Fransanın hərbi missiyasının başçısı Ukraynadan Qafqaza qədər böyük məkanda üsyançılara bilavasitə rəhbərlik etmək və onların fəaliyyətini əlaqələndirmək məqsədilə Mərkəzi Üsyançı Komitə yaratmağı təklif edirdi. Bu qurumun tərkibinə “Maxnonun başçılıq etdiyi ukraynalılardan tutmuş, azərbaycanlılara qədər” bütün antibolşevik qüvvələrin nümayəndələri daxil olmalı idi. Korbelin fikrincə, azərbaycanlılara və dağlılara silah çatdırmaq üçün gürcü hökumətinin köməyindən də istifadə edilə bilərdi.

Lakin Azərbaycanda üsyançı hərəkatın təşəbbüsləri, eləcə də Fransanın hərbi-siyasi dairələrinin planları sovet kəşfiyyatına bəlli oldu. 19 iyunda Fətəli Xan Xoyski Tiflisdə terrorçuların əlindən həlak oldu. Sui-qəsd nəticəsində Azərbaycanın keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədov yaralandı. Xoyskinin qətlində bilavasitə günahkar olanlar erməni millətçi partiyası “Daşnaksütyun”un üzvləri idi. Lakin Korbel düşünürdü ki, bi cinayətin arxasında Azərbaycanda üsyançı hərəkatı başsız qoymağa çalışan bolşeviklər dururdu... Bir ay sonra - 24 iyulda həmin faciəvi aqibət Həsən bəy Ağayevi də gözləyirmiş...

Sovet Rusiyası Azərbaycanda antibolşevik hərəkatı yatırtmağa, eləcə də Fransanın Qafqazla bağlı hərbi-siyasi planlarının reallaşdırılmasının qarşısını almağa müvəffəq olmuşdu.

Məğlubiyyətinə baxmayaraq, 1920-ci ilin Gəncə üsyanı Azərbaycan xalqının milli-azadlıq mübarizəsi tarixinə ən parlaq qəhrəmanlıq səhifələrindən biri kimi həkk olundu.

Natiq Nazimoğlu






Fikirlər