"Qürbətdə QIZ-GƏLİNLƏRİMİZ VAR - ermənilərdən hər cür şərəfsizlik gözləmək olar…”
"Əlbəttə, bir Qarabağ qazisi, keçmiş alay komandiri olaraq hazırda xaricdə düşmən ölkənin nümayəndələri ilə qarşıdurmalara çox aludə olmamağın, diqqətimizi, gücümüzü torpaqlarımızın, nə yolla olursa-olsun, azad olunmasına yönəltməyimizin tərəfdarıyam…” Bu sözləri son günlər ABŞ, Rusiya, Belçika, Fransa və s. ölkələrdə ermənilərin soydaşlarımıza qarşı vandal hərəkətlərinə münasibət bildirən milli azadlıq hərəkatının fəallarından olan tanınmış Qarabağ qazisi, keçmiş Laçın alayının komandiri Arif Paşa Moderator.az-a açıqlamasında söyləyib. “Ancaq əgər artıq xaricdə həmvətənlərimizin erməni təxribat və hücumlarından müdafiə olunması zərurəti yaranıbsa, bütün ölkələrdəki, xüsusən Rusiyadakı, Moskvadakı soydaşlarımızın birləşib təşkilatlanması və ağılla, planlı şəkildə hərəkət etməsi çox vacibdir” –deyən keçmiş hərəkatçı fikirlərinin davamında belə deyib: “Bu məsələdə yalnız Azərbaycan Respublikasından deyil, Güney Azərbaycandan və Türkiyədən olan soydaşlarımızın, həmçinin Anadolu türklərinin gücündən yararlanmaq, eləcə də bütün türksoylu və müsəlman xalqların nümayəndələrinin, Şimali Qafqaz – çeçen, inquş, dağıstanlılarla ciddi kontaktlar qurmaq lazımdır. Və mümkün qədər koordinasiyalı, təmkin və ehtiyatla hərəkət etmək gərəkdir. Çünki ermənilərin xislətinə yaxşı bələdik. Onlar istənilən, gözlənilməz, ləyaqətsiz, şərəfsiz və namərd zərbələr endirə bilərlər. Xarici ölkələrdə bizim uşaqlarımız, qız-gəlinlərimiz var... Bu baxımdan qürbətdə daha ciddi, daha sıx və güclü milli təşkilatlanma olmalıdır. Burada müasir informasiya texnologiyarının peşəkarlarıyla yanaşı, idmançı soydaşlarımızın da gücündən istifadə edilməlidir. Bütün ölkə və şəhərlərdə, xüsusən ermənilərin kompakt məskunlaşdığı məkanlarda şəraitə uyğun olaraq özünümüdafiə və yeri gəlsə, əks-hücum sistemi də yaradılmalıdır. Eyni zamanda ciddi xəbərləşmə sistemi qurulmalı, hər kəsdə yaxınlıqdakı soydaşlarının telefon nömrələri olmalıdır ki, hamı hər hansı ekstremal şəraitdə təhlükəni aradan qaldırmaq, hücumu adekvat cavablandırmaq üçün bir-biri ilə əlaqə qura bilsin. Xüsusi hazırlıqlı qruplar formalaşdırılmalıdır ki, yeri gələndə xalqımızın nümayəndələri özünü rahat müdafiə edə bilsin. Və təbii ki, çalışmaq lazımdır ki, hər bir davranışımız mümkün qədər yaşadığımız ölkənin qanunları çərçivəsində olsun...” “Ancaq bir daha təkrar edirəm, biz bir xalq, dövlət olaraq çalışmalıyıq ki, xaricdəki bu sonu bilinməyən qarşıdurmalara son qoyulsun və bütün güc və potensialımızı torpaqlarımızın tezliklə hərbi əməliyyatlar yoluyla azad olunmasına yönəltməliyik...” –deyə sabiq alay komandiri vurğulayıb. Sultan Laçın