Sarkisyan nəyi DÜZ, nəyi YALAN danışdı?
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan 19 avqustda geniş mətbuat konfransı keçirib. Daha çox aprel döyüşlərindən danışan Sarkisyan bəzi məqamlara münasibət bildirib. Bu konfransda bizim üçün də maraqlı olan məsələlərə toxunulub. Biz Rusiyanın Ermənistanı silahla təmin etdiyini bilirik, amma bu təminatın faktoloji təsdiqini Sarkisyan söylədi. Hələ özünün prezidentliyi dövründə Rusiyanın Ermənistana 50 min ton pulsuz silah verdiyini açıqlayan Sarkisyan birinci Moskvanı bəzən tənqid edən Paşinyanı başa saldı ki, Kreml ermənilərin tərəfindədir, ikinci bizə sübut elədi ki, Rusiyanın bütün tələblərinə sözsüz əməl etməklə fikirləşməyin ki, sabah Qarabağı Rusiya sizə sinidə verəcək. Rusiyanın dostu ermənidir.
Aprel döyüşlərindən sonra Moskvada yeni atəşkəs müqaviləsini imzalamaqdan imtina edildiyini, yalnız 1994-cü il üçtərəfli ( yəni Dağlıq Qarabağın da iştirak etdiyi) atəşkəs müqaviləsinin qüvvədə qalmasını tələb kimi irəli sürmələrini və bu tələbə Azərbaycanın əməl etməsini də özlərinin diplomatik uğuru adlandırması maraqlı faktdır. O dövrdə biz müqavilənin yenilənməsini şərt olaraq yazsaq da sonunda ermənilərin tələbinin keçdiyi həqiqətən də bizim uğursuzluğumuzdur. Dirəniş göstərə bilməzdikmi? Əlbəttə, müqaviləni imzalayan Baş Qərargah rəisi icraçıdır və heç inandırıcı da deyil ki, o bu məsələnin mahiyyətini tam dərk edib, ya yox. Amma, biz tələbimizdə israrlı olsaydıq nə baş verəcəkdi? İmzalanmayacaqdı? Əgər imzalanmasaydı, bu gün Paşinyan məhz 1994-cü il müqaviləsinə əsaslanıb danışıqlar formatını dəyişdirib Dağlıq Qarabağın da tərəf kimi iştirakını irəli sürməzdi. Məhz elə o uğursuzluğun nəticəsidir ki, format məsələsi ətrafında aparılan danışıqlar işğalın uzanmasına hesablanmış bəhanələrdən biri kimi hələ də Paşinyanın dilindən düşmür.
Şəxsən mənim üçün də, elə əksriyyətimiz üçün də Sarkisyan daha bir yeni fakt barədə danışdı. Indiyədək elə bilirik ki, Rusiya “İsgəndər” raket komplekslərini Ermənistana 2016-cı il aprel döyüşlərindən sonra bağışlayıb və bu qənaətə gəlməyimizin səbəbi bu raket komplekslərinin ilk dəfə həmin ilin sentyabrında İrəvanda hərbi parad zamanı nümayiş etdirilməsi olmuşdu. Sarkisyana verilən sualların biri bu idi ki, aprel döyüşlərində niyə“İsgəndər”dən istifadə olunmayıb? Sarkisyanın cavabı: « Cavab zərbəsini İsgəndərlərlə versəydik, onlar Bakıya və Gəncəyə çatacaqdı. Və aydın deyil, Azərbaycan rəhbərliyi daxili siyasi planda duruş gətirə biləcəkdimi”. Deməli, düşmən raketlərdən istifadəyə hər zaman hazır olub və bu Rusiyanın razılığı ilə mümkündür. Maraqlıdır, bu raketlər Ermənistanda yerləşdirilib, yoxsa Qarabağda? Üstəlik, Rusiyanın Ermənistana verdiyi raket əleyhinə komplekslərindən danışan Sarkisyan “Azərbaycan aviasiyası havaya qalxmadı, ona görə ki, bizim sərhədlərə yaxınlaşan kimi S-300-lərin hədəfində olacaqdılar”-deyib. Burda da aydın deyil ki, Sarkisyan işğal etdiyi ərazilərin sərhədlərini nəzərdə tutur, yoxsa Ermənistanın? Yəqin ki, Dağlıq Qarabağın, çünki aprel döyüşlərindən danışan keçmiş prezident bilir ki, hətta aviasiyadan istifadə etsəydik, Azərbaycan Respublikasının dövlət sərhədindən kənara çıxmayıb işğal olunmuş ərazilərimizdə döyüş əməliyyatını yerinə yetirəcəkdik.
Sarkisyanın mətbuat konfransında dediklərini həm də ona görə xatırlatdıq ki, Tovuz döyüşləri zamanı Rusiyanın Ermənistana hədiyyə etdiyi 400 ton silahlarla öldürülmüş şəhidlərimizin hələ torpağı soyumamış, Rusiya hərbi gəmilərinin gül-çiçək və milli rəqslərlə qarşılanması, yumşaq desək, ayıb oldu. Rusiya hərbçilərinin yollarına gül-çiçək səpə bilərsiniz, qabağında rəqs edə bilərsiniz, amma onlar Paşinyana şərait yaradacaqlar ki, gələn il də gəlib Şuşada “Yallı” rəqsini oynasın, Arutunyan Gəncəni vurmaqla hədələsin, Tonoyan yeni ərazilər işğal etmək planından danışsın.
Burda açıq qalan bir durum da var. Türkiyə və konkret olaraq dövlət başçısı Ərdoğan qısa müddətdə Azərbaycanın reveransı ilə barışacaqmı?
İlham İsmayıl.
Fikirlər