Axtarışa verilənlərin Azərbayacana gətirilmə proseduru NECƏ OLACAQ...?!
Xaricdə Azərbaycan əleyhinə çıxış edənlərin tapılıb ölkəmizə gətirilməsi üçün bütün hüquqi prosedurlar həyata keçirilir, bunun üçün ilkin olaraq beynəlxalq axtarış elan olunub.Bunu Modern.az-a açıqlamasında “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib. Ə.Nuriyev qeyd edib ki, beynəlxalq axtarışa verilən şəxslərlə bağlı müxtəlif ölkələrin prokurorluq orqanlarına məlumat verilib: “Bu, təkcə indiki məsələ ilə bağlı deyil. Ümumiyyətlə, axtarışa verilən şəxslərin olduqlarına şübhələr yaranan ölkələrdə saxlanılaraq, Azərbaycana gətirilməsi xahiş edilir. Axtarışa verilən şəxslər tapıldıqdan sonra onların Azərbaycana göndərilməsilə bağlı məhkəmə, bəzi ölkələrdə prokurorluq orqanları və polis qərar verir”. Hüquqşünasın sözlərinə görə, beynəlxalq axtarışa verilənlərin xarici qüvvələr tərəfindən maliyyələşdiyini nəzərə alsaq, həmin ölkələr onların Azərbayacana ekstradisiyasında maraqlı olmaya da bilərlər:“Bu zaman çoxlu faktorlar rol oynaya bilər. Praktikada belə hallara rast gəlinib. Azərbaycan tərəfi xarici ölkədən hansısa axtarışa verilən şəxsin ekstradisiyasını istəsə də, bu yerinə yetirilməyib. Eyni zamanda, Azərbaycan tərəfi də ekstradisiyasına razılıq vermədiyi xarici ölkə vətəndaşları olub. Bu, situasiyanın gedişindən asılı olan məsələdir. Amma indiki halda, onlar fəaliyyətlərini nifrət cinayətləri üzərində qururblar. Eyni zamanda, ayrı-ayrı insanlara qarşı kobud münasibət sərgiləməklə yanaşı, onları şantaj edir, ölümlə hədə-qorxu da gəlirlər. Onların Azərbaycana təhvil verilib-verilməyəcəyi barədə bəribaşdan fikir söyləmək olmaz. Azərbaycanın da qoşulduğu cinayətkarın verilməsilə bağlı ölkələrarası beynəlxalq konvensiya var. Həmçinin hüquqi yardımla bağlı respublikamızın müxtəlif ölkələrlə ikitərəfli müqavilələri mövcuddur. Həmin müqavilələrdə cinayətkarların ekstradiyası ilə əlaqəli məsələlər öz əksini tapıb. Həmçinin, Azərbaycan “İnterpol”un üzvüdür. Ona görə də həmin şəxslərin “İnterpol” vasitəsilə tapılması və Azərbaycana təhvil verilməsi mümkündür. Cinayət etməkdə ittiham olunan şəxslərin saxlanılması ilə bağlı beynəlxalq sənədlər var. Qeyd olunan məsələlər o sənədlərlə tənzimlənir. Amma əlbəttə ki, qərarlar əksər hallarda məhkəmə qaydasında olur. Məsələn, Azərbaycandan cinayətkarın ekstradiyası ilə bağlı qərarı Apellyasiya məhkəməsi verir. Bu halda hansı cür qərar veriləcək, artıq prosesin gedişində bilcəyik”. Baş prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunub: İstintaqla müəyyən edilib ki, Elvin İsayev 2018-ci ilin əvvəllərində Azərbaycan Respublikasının vətəndaşları olmaqla hazırda Avropanın müxtəlif ölkələrində müvəqqəti məskunlaşmış Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikasını tərk etdikdən sonra, müvəqqəti məskunlaşdığı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində özünə məxsus hesablar vasitəsilə “youtube” və “facebook” sosial şəbəkələrində Azərbaycan dilində yerləşdirdiyi video müraciətlərində, yayımladığı video görüntülərdə və paylaşımlarda hakimiyyətin zorla ələ keçirilməsi və zorla saxlanılmasına, habelə ölkəmizin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn ifadələr işlətməklə Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərilməklə kütləvi iğtişaşlar və zorakılıqlar etməyə açıq çağırışlar edib. Qeyd olunanlara əsasən Elvin İsayev Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 12.1, 34.2, 281.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılmaqla baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Eyni zamanda, Elvin İsayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməllərində iştirak etmiş Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı barəsində Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə ayrıca icraata ayrılmış cinayət işi üzrə həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb ediliblər, Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi rayon məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib. “Prokurorluq orqanları tərəfindən qeyd edilən şəxslərin konkret olaraq olduğu yerlər müəyyən edilməklə qanunvericiliyin və müvafiq beynəlxalq Konvensiyaların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına ekstradisiya edilmələri və məhkəmə məsuliyyətinə verilmələri üçün mümkün olan bütün tədbirlərin həyata keçirilməsi təmin ediləcək. Hazırda həmin cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir”,-rəsmi məlumatda bildirilib.