“Azərbaycan Ordusu işğalçıları iti qovan kimi qovur” - Prezidentin baş müşaviri
"Azərbaycanın qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gücünü xalqdan alaraq ədaləti yenidən bərqərar edir". "AzerTaym.az" bildirir ki, bunu Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib. O qeyd edib ki, şanlı Azərbaycan Ordusu cəbhədə bir mülki şəxsə zərər vermədən hər gün yeni torpaqları işğaldan qurtarmaqla beynəlxalq hüququ pozaraq insanlığa qarşı cinayət törədən təcavüzkar işğalçı Ermənistana lazımı dərs verir: “Azərbaycan Ordusu ölkənin işğal olunmuş torpaqlarının hər qarışını geri ala bilir, öz problemini özü həll edir və işğalçıları iti qovan kimi qovur”. O əlavə edib ki, Ermənistanın Türkiyənin Azərbaycan ərazisində hərbi baza qurması haqda iddialarının məqsədyönlü dezinformasiya olduğunun şahidi olduq. “Bu dezinformasiya və qarayaxma kampaniyasının qaynağı bəllidir. Türkiyənin qardaş Azərbaycana dəstək verməsi üçün qardaş dövlətin ərazisində hərbi baza qurmasına və hər hansı xüsusi razılaşmaya ehtiyac yoxdur”. Y.Topçu onu da əlavə edib ki, pandemiya olmasına baxmayaraq, bu il ərzində Azərbaycan və Türkiyə orduları 10-dan çox birgə hərbi təlim keçiriblər. Türkiyə Prezidentinin baş müşaviri qeyd edib ki , Ermənistanın ASALA-PKK-YPG terror təşkilatlarından aldığı dəstəklə Azərbaycanın şəhərlərini raket atəşinə tutması bu ölkənin beynəlxalq hüququ heçə sayaraq insanlıq əleyhinə cinayət işlədiyini göstərir. “Azərbaycan beynəlxalq hüquqa arxalanaraq müdafiə haqqına sahib olmaqla xalqını və ərazi bütövlüyünü qorumaq əzmini tam bir şəkildə ortaya qoyub. Şanlı Azərbaycan Ordusu beynəlxalq hüquq çərçivəsində, BMT TŞ-nin qərarlarının tələbinə uyğun olaraq vətən torpaqlarının işğalına son qoymaq üçün mərd şəkildə mübarizə aparır”. Onun sözlərinə görə, Ermənistanın Azərbaycanın şəhərlərini atəşə tutmasında əsas hədəf Azərbaycanı eyni addıma təhrik etməkdir: “İşğalçı Ermənistan bu müharibədə tək qalib gələ bilməyəcəyini çox yaxşı bilir, xidmət etdiyi qüvvələrə və erməni diasporuna fayda gətirmək üçün hər cür haqsızlıq, qanunsuzluq və terrora əl atır. “Türkiyə və Azərbaycan ayrı beşiklərdə böyümüş bir ananın iki əkiz övladıdır. Türkiyə Cumhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dediyi kimi: "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir". Eyni zamanda ümummilli lider Heydər Əliyevin dediyi kimi: "Bir millət , iki dövlətik"". Y.Topçu bildirib ki, Türkiyənin öz torpaqları xaricində ən çox şəhid verdiyi torpaq Azərbaycandır: "İki qardaş ölkə xalqları arasındakı bütün münasibətlər tarixdir, əbədidir və eyni zamanda misilsizdir". (Trend)