Rusiya-NATO toqquşması Cənubi Qafqaza nə vəd edir? - "Vəziyyət mürəkkəbdir, Azərbaycan..."
Rusiyanın Xarici İşlər Nazirliyi gələn ay NATO-Rusiya Şurasının toplantısını keçirməklə bağlı təklif aldığını təsdiqləyib. Təklifi NATO-nun Baş katibi Yens Stoltenberq irəli sürüb. Kremlsə hələlik, iclasla bağlı qərarını açıqlamayıb. “Təklifi nəzərdən keçiririk”, – TASS-ın məlumatına görə, Kremlin sözçüsü dekabrın 26-da deyib. Xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun bildirdiyinə görə, görüşün formatı və Rusiya nümayəndə heyətinin tərkibi nəzərdən keçirilir. “AFP” NATO-nun sözçüsünə istinadla yazır ki, alyans iştirakla bağlı Kremllə əlaqə saxlayıb. NATO-Rusiya Şurası 2002-ci ildə yaradılsa da, Ukraynanı şərqində Rusiyanın dəstəklədiyi separatçılarla hökumət qüvvələrinin münaqişəsi səbəbindən hazırda fəaliyyət göstərmir. Görüş, Stoltenberqin təklif etdiyi kimi, yanvarın 12-də keçirilsə, şuranın son 2 il yarımda ilk belə iclası olacaq. Həmin gün Brüsseldə NATO-nun 30 üzvünün hərbi liderlərinin ikigünlük iclası da başlamalıdır. Xatırladaq ki, Moskvanın bu günlərdə açıqladığı təhlükəsizlik sənədləri layihəsində NATO-dan şərqə doğru genişlənməni, Ukrayna və Gürcüstan kimi ölkələrlə hərbi əməkdaşlığı dayandırmaq tələb olunur. Prezident Vladimir Putin dekabrın 23-də illik mətbuat konfransında Qərbi tələblərə dərhal əməl etməyə çağırıb. Putin dekabrın 26-da Rusiya dövlət televiziyasına müsahibəsində deyib ki, Qərb Moskvanın tələblərinə əməl etməsə, müxtəlif variantları nəzərdən keçirəcək. "Rusiyanın reaksiyası müxtəlif ola bilər”, deyən Putin onu da əlavə edib ki, "bu, hərbi ekspertlərin ona nə təqdim etməsindən asılı olacaq”. ABŞ rəsmiləri tələblərin bəzilərinin qeyri-işlək, qeyri-mümkün, yaxud Qərb dəyərlərinə tam zidd olduğunu açıqlayıblar. Ancaq Birləşmiş Ştatlar yanvarın əvvəlində danışıqlarda iştiraka hazır olduğunu açıqlayıb. Danışıqlar ikitərəfli, NATO və ATƏT çərçivəsində aparılmalıdır. Bu danışıqlarla bağlı təkliflər Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığması fonunda səslənir. Qərb bunu Ukraynaya mümkün hücuma hazırlıq kimi yozur. Birləşmiş Ştatlar və Avropa İttifaqı Moskvanı hərbi eskalasiyanın sərt nəticələrlə hədələyib. Rusiya işğal niyyəti olmadığını deyir. Rusiyanın Müdafiə Nazirliyi dekabrın 25-də bəyan edib ki, 10 mindən çox əsgər Ukrayna ilə sərhəd yaxınlığında bir ay çəkən məşqləri yekunlaşdırıb və əsgərlər daimi bazalarına qayıdırlar. Bəs davam edən geosiyasi qarşıdurma Cənubi Qqafqaza nə vəd edir? Rusiya-NATO toqquşmasında region necə təsirlərnə bilər? Politoloq Fərhad Məmmədov bildirir ki, NATO-Rusiya münasibətlərindəki səviyyə 2021-ci ildə qorunub saxlanılıb. Onun sözlərinə görə, Rusiyanın Bayden-Putin video görüşündən sonra NATO-ya dair tələblərini Xarici İşlər Nazirliyinin saytında dərc etməsi münasibətlərdə etibar səviyyəsinin yoxluğunu nümayiş etdirir: "Rusiya açıq gediş etdi və hər hansı güzəştin olmayacağını bəyan etdi. Məlumdur ki, NATO Rusiyanın yeni üzvlərin qəbulunu dondurmaq tələbini yerinə yetirmək istəmir, çünki dövlətlər özləri təşkilata üzvlüyü seçirlər. Bu seçimdə başlıca rol isə Rusiya faktoruna bağlıdır. Ukraynada 2014-cü ildə baş verən hadisələr göstərdi ki, indiki dövrdə ərazi bütövlüyünün yeganə qarantı nüvə silahına malik olmaqdır. Şimali Koreya nümunəsi göstərir ki, zəmanətlə yanaşı, sizinlə hesablaşmaq üçün şərait yaranır". Politoloq vurğulayıb ki, Rusiyanın məqsədi sərhəd bölgəsində təhlükəsizlik təminatları əldə etməkdir: "Gəlin, hazırki şərtlərdə Rusiyanın stavkanı necə artmasına baxaq: ⁃ Avropada Merkel kimi xarizmatik lider yoxdur; ⁃ Aparıcı Avropa ölkələri ilə ABŞ arasında ziddiyyətlər kəskinləşib; ⁃ Rusiyanın enerji resurslarından asılılıq artıb; ⁃ Həmsərhəd ölkələrdə ictimai rəyi daxildən dəyişməyin mümkün olmadığını qəbul edilib. Rusiya sərhədyanı ölkələrin NATO-ya qoşulmaması üçün zəmanət almağa çalışır. Ancaq bunun müqabilində nə vəd edir? Rusiya özü bu ölkələrə təcavüz etməmək üçün hansı zəmanətləri verir?! Doğrudan da, 2008-ci ilə qədər Rusiya belə münaqişlərdə birbaşa iştirakını inkar edə bilirdi. Amma Abxaziya və Cənubi Osetiyanın tanınmasından, Rusiya Silahlı Qüvvələrinin oraya yerləşdirilməsindən, Krımın ilhaqından və Donbasa qoşun yeridilməsindən sonra Rusiya münaqişələrin tərəfinə çevrildi". Fərhad Məmmədov qeyd edir ki, Cənubi Qafqaz da NATO-Rusiya arasında gizli müzakirə olunan regionlardan biridir: "Elə şərait yarandı ki, Rusiya ilə ən uzun sərhədi olan ölkə - Gürcüstan NATO-ya can atır, Rusiya hərbi bazası isə ümumi sərhədi olmayan ölkədə - Ermənistanda yerləşir. Rusiyalı ekspertlərin fikrincə, sərhədyanı ölkələrin özləri orada üçüncü tərəfin silahlarını yerləşdirməsələr, Rusiya üçün təhlükə yarada bilməzlər". Ekspert vurğulayır ki, 3+3 formatı məhz bu kontekstdə Rusiyanın maraqlarına uyğun gəlir. Çünki bu format regionda mövcud status-kvonun dondurulmasını və təhlükəsizlik zəmanətlərinin alınmasını şərtlədnrir. "Bununla belə, Gürcüstanın siyasəti Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığa imkan vermir. Axı Rusiya Cənubi Qafqaz ərazisindən NATO ölkələrinin hərbi bazalarına qarşı istifadə etmək istəmirsə, o zaman Ermənistandakı bazasını da bağlamağa hazırdırmı?! Bəs niyə regionda Rusiyanın hərbi bazası varsa, digər qonşular burada analoji hərbi bazalara malik ola bilməz?!", - o sual edir. Fərhad Məmmədov hesab edir ki, indiki şəraitdə tərəflər öz prinsipial mövqelərindən dönməyəcəklər: "Nəticədə dərin böhran yarana bilər, tərəflər ya müharibə, ya yeni qaydaların qəbulunu seçə bilərlər. Yaxud, bir-birini tükəndirmək üçün mübarizəyə başlaya bilərlər. Vəziyyət mürəkkəbdir, proseslər isə dinamikdir. Bu şəraitdə Bakı təhlükələri və imkanları obyektiv qiymətləndirərək regionda proqnozlaşdırıla bilən mühit formalaşdırmalıdır". Politoloq qeyd edir ki, Cənubi Qafqazda mövcud regional vəziyyət Azərbaycanın maraqlarına uyğundur: "İndi həm Azərbaycan, həm də regionun bütün ölkələri öz infrastrukturundan, regional alternativlərindən istifadə edərək, müxtəlif aktorların maraqlarını uzlaşdıraraq subyektivlik səviyyəsini yüksəltməsi vacibdir". "AzPolitika.info"