“Əli Əliyevin həbsə atılması 10 min metrdən düşüb salamat qalmaqdan daha anomaldır” - Adil Minbaşı

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin vertolyot qəzası ilə bağlı söylədiyi fikirlərə görə həbs olunmasını eşidəndə bu məlumat mənə inandırıcı gəlmədi. Çünki qəza ilə bağlı verilən ilkin rəsmi məlumatlarda xeyli qeyri-müəyyənlik və tələskənlik var idi. Bu da istər-istəməz vətəndaşlarda bəzi şübhələrin yaranmasına yol açırdı”.
 
Ədliyyə Nazirliyinin keçmiş idarə rəisi, Baş ədliyyə müşaviri Adil Minbaşı Ovqat.com-a açıqlamasında belə deyib.
 
Adil Minbaşının fikrincə, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus “Mi-17” tipli helikopterdə 2 hərbçimizin sağ qalması inanılması çətin olan anomal hadisələrdəndir: “Hələlik elmi biliklər və təcrübələrlə belə hadisələri izah etmək mümkün deyil. Odur ki, bir çox insana bu cür hadisələr inandırıcı gəlməyə bilər. Bu baxımdan Əli Əliyevin vertolyot qəzasından 2 hərbçinin sağ qurtulmasına şübhə ilə yanaşması şəxsi mülahizələrdir və belə düşünməyə onun obyektiv əsasları var”.
 
Təcrübəli hüquqşünası bunları deyərkən həmin hərbçilərin qəzaya uğramış vertolyotda olduqlarına şübhə kölgəsi salmaq niyyətində deyil. Əksinə, çox sayda belə hadisələrin yaşandığını bildirən Adil Minbaşı buna misal olaraq 1972-ci ildə baş vermiş bir hadisəni xatırlatdı: “Mən o vaxt 3-cü kursda oxuyurdum. Həmin vaxt Yuqoslaviyaya aid sərnişin təyyarəsinin 10 min metr yüksəklikdə partladıldığı barədə məlumat yayılmışdı. Bildirilirdi ki, təyyarəyə parlayıcı maddə yerləşdirilmişdi. Təyyarə göydə uçarkən partladılmış və qəzada yalnız bir stüardessa salamat qalmışdı. 10 min metr yüksəklikdən partlayan təyyarədən heç bir paraşüt olmadan, kreslosu ilə bərabər yerə düşmüşdü. Ağır xəsarət alsa da, uzun müddət müalicə olunduqdan sonra həyatda qalmağı bacarmışdı və səhv etmirəmsə, indi də həyatdadır. Bu hadisə indiyə qədər bir çoxları üçün inandırıcı görünmür. Amma hadisə Ginnessin “Rekordlar” kitabına belə düşüb. Bir başqa fakt bizim öz həyatımızda baş verib. AXC hakimiyyəti dövründə Yevlaxın bir icra başçısı vardı – Rafiq Həsənov. Qarabağda əsgərlərə yardım apararkən vertolyotda qəzaya uğramışdı. Biz bunu eşidəndə düşündük ki, Rafiq bəy, böyük ehtimalla həlak olub. Sonra onun sağ qaldığı xəbərini aldıq. Özü ilə telefonla danışandan sonra qəzadan sağ qurtulduğuna əmin olduq. Yəni belə anomal hadisələr ola bilər, amma buna inanmamaqda vətəndaş haqlıdır. Belə bir məsələyə görə, bir partiya liderinin həbs olunması qətiyyən düzgün deyil”.
 
Adil Minbaşının fikrincə, Əli Əliyevin ittiham olunduğu maddənin sanksiyasında da mütləq həbs cəzası nəzərdə tutulmur: “Maddənin sanksiyasında həbslə əlaqədar olmayan cəzalar da var. Üstəlik, Əli Əliyev əvvəllər məhkum olunmayıb, cinayətkar xarakterli adam deyil, onun azadlıqda qalması hər hansı ictimai təhlükə də yaratmır. Digər tərəfdən, hüquqi cəhətdən yanaşanda təyyarə qəzası ilə bağlı hadisənin istintaqı hələ bitməyib. Mən demirəm ki, qəza ilə əlaqədar sag qalmış hərbçilərimizi nədəsə   günahlandıraq, ancaq istintaqin qanundan irəli gələn prisinpleri var. Heç bir cinayət işi üzrə yalnız ağla gələn versiyanın araşdırılması ilə kifayətlənmək olmaz. İş üzrə mumkûn olan bütün rəvayətlər (versiyalar) araşdırılmalı və yoxlanılmalıdır. Hadisənin  mexanizminə görə, Əli Əliyevin irəli sürdüyü ehtimal da bu rəvayətlərdən biridir. Helikopterin qəzası üzrə ümumi istintaq başa çatmadan hansı nəticələrin ortaya çıxacağına heç kim əvvəlcədən qərar verə bilməz və versə də iş üzrə çıxarilacaq məhkəmə hökmü qanun qüvvəsi almayana qədər bunun huquqi nəticəsi yoxdur. Başqa əsasları nəzərə almasaq belə, indiki mərhələdə Əli Əliyevin barəsində  hər hansı bir qərar qəbul edilməsi absurddur. 
 
Hüquqi müstəvidən baxsaq, Əli Əliyevin həbsə atılması 10 min metrdən düşüb salamat qalmaqdan daha anomal hadisədir. Yəni ona inanmaq olar, amma hansısa mülahizəyə görə Əli Əliyevin həbsə alınmasına inanmaq çətindir”.
 
Həmsöhbətimizin fikrincə, Əli Əliyev dərhal həbsdən azad olunmalı, bu məsələnin Prezidentin müdaxiləsinə qədər böyüməsinə imkan verilməməlidir: “Düzdür, Prezidentə müraciət ediblər. Amma hər adi məsələyə, istintaq işinə Prezidentin qarışması bizim hüquqi dövlətçilik imicimizə kölgə sala bilər. Əli Əliyevin işinə qanuni əsaslarla baxılmalı və problem həll olunmalıdır”.
 
Adil Minbaşının fikrincə, bəzən məmurların, hüquq adamlarının özlərini kimlərəsə şirin salma cəhdləri Prezidentə “ayı xidməti”nə çevrilir və ölkənin adına başucalığı gətirmir: “Məncə, məsələ beynəlxalq insan hüquqları məhkəmələrinə qədər getmədən ölkə daxilində öz həllini tapsa yaxşıdır”.






Fikirlər