“O, Ukraynada düşdüyü pat vəziyyətindən hansısa formada çıxmalıdır...”
Azərbaycan diasporunun Ukraynadakı tanınmış simalarından biri, Ali Radanın hüquq siyasəti və ədalət məhkəməsi komitəsinin məsləhətçisi və Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri olan hərbi ekspert Elxan Nuriyev Moderator.az-a növbəti geniş müsahibəsində ölkə və ölkə ətrafındakı son durum, Rusiyanın hücum ehtimalı, Ukrayna xalqının öz ordusuna münasibəti, ölkə ordusunun real durumu, Donbasdakı gerçək vəziyyət, Qərbin Ukraynanı Gürcüstan kimi dar ayaqda qoyub-qoymayacağı ehtimalı və s. haqda ətraflı məlumat verib.
“Bu saat dünyanın inkişaf vektoru Ukraynanın “bədəni”ndən keçir…”
-Elxan bəy, hazırda Ukraynada gerçəkdən nə baş verir? Rusiya doğrudanmı bu ölkəni işğal etmək niyyətindədir, yoxsa Qərb bu informasiya hay-küyü ilə Kremli müharibəyə təhrik edərək tələyə salmaq istəyir?
-Ukrayna artıq 8-ci ildir ki, Rusiya tərəfindən demək olar, müharibə vəziyyətinə salıb. 2014-cü ildə Putin Krımı ilhaq etdi və Şərqi Ukraynanın xeyli hissəsini –Donbası nəzarətə götürdü. Bunu da Qərbin təhrikləri etmədi ki?.. Bütün bunlarla və hazırkı təhdidləri ilə Rusiya ilk növbədə özünü çox mürəkkəb duruma salıb. Qərbin qəbul etdiyi sanksiyalarla beynəlxalq aləmdə təklənib. Bu gün Belarusdan başqa Rusiyanın yanında duran ikinci bir ölkə, demək olar ki, yoxdur. Və Rusiya bu saat arzuolunmaz, əlisıxılmaz bir dövlət statusundadır. Belə bir şəraitdə, təbii ki, Qərbdə də Rusiya probleminin biryolluq həll olunmasını istəyən qüvvələr, o cümlədən siyasətçilər var...
Və belə bir şəraitdə Rusiya aylarla öz daxilində müharibə təbliğatı aparır. Bu günlərdə “Levada” mərkəzinin keçirdiyi sorğuların nəticələrinə görə, Rusiya əhalisinin yarıdan çoxu Ukrayna ilə müharibə tərəfdarı deyil. Çünki Rusiya cəmiyyəti də baş verənləri obyektiv dərk edir. Təbii ki, hamısı yox. Təəssüf ki, hələ də işğalçı, şovinist xislətlilər də var...
Amma Rusiya özü-özünü bu vəziyyətə gətirib çıxardı. Başını soxdu depressiv regionlara: Donbasa, Krıma. Əlavə xərc qoyub həmin regionları millitarlaşdırdı. Məsələn, 2014-cü ildən bəri Krımın militarlaşdırılması 5 dəfə artıb. Yəni oradakı hərbi qüvvə və texnikanın sayı 5 dəfə çoxalıb. Fəqət, Rusiyanın təhdidlərinə baxmayaraq Ukrayna bu gün də NATO-ya və Avropaya Birliyinə üzv olmağa can atır. Bu, ölkə konstitusiyasında da təsbit edilib və Ukrayna xalqı da bunda iddialıdır. Son sorğulara görə NATO-ya üzvlük tərəfdarları olan vətəndaşlar əhalinin təxminən 70 faizini təşkil edir. Odur ki, vəziyyət gərgin olaraq qalır. Ötən ilin aprelindən bəri Ukraynanın şərq, cənub-şərq və şimal(yəni Belarusla) sərhədləri boyu Rusiya 150-170 minə yaxın hərbi qüvvə toplayıb. Və mənim bir hərbi mütəxəssis olaraq əsas təhlükə gözlədiyim istiqamətlərdən biri məhz Belarusdur, çünki Lukaşenko hakimiyyətinin Ukraynaya münasibəti bəllidir. Bundan başqa Qara dəniz, Kerç boğazı, Azov dənizi, Mariopol istiqamətləri də həssasdır. Bunu da Rusiyanın Krımla quru əlaqələrini genişləndirmək niyyəti ilə bağlamaq olar. Amma nəzərə almaq gərəkdir ki, Ukrayna ordusu artıq 2014-cü ildəki ordu deyil. Ölkə də kifayət qədər hazırlıqlı və təchiz olunmuş 200 min nəfərlik ordu var. Və rəsmi Kiyevin arxasında NATO kimi hərbi blok və bütövlükdə Qərb dünyası dayanır…
“Ötən həftə keçirilmiş sorğulara görə əhalinin 86 faizi “Ən çox etibar etdiyiniz dövlət qurumu hansıdır?” sualına cavab olaraq Ukrayna ordusunun adını çəkib...”
-Ukrayna xalqının ümumi əhval-ruhiyyəsi necədir? Ölkə ordusuna inam varmı?
-Son müşahidə və təhlillərimə görə, belə nəticəyə gəlmişəm ki, hazırda Ukrayna cəmiyyətində təşviş və qorxu hissi yoxdur. Ukrayna xalqı da sıx birləşib və öz ordusuna inanır və onunla bir yerdədir. Özü də ölkədəki rusdilli əhalinin böyük əksəriyyəti də öz vətənlərini istənilən təcavüzdən qorumağa hazırdır. Mən Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri kimi tez-tez müharibə bölgəsində, Donbas ətrafında oluram. Orduda və ehtiyatda olan yüksək vəzifəli rus mənşəli hərbçilərin çoxunu tanıyıram. Onların da hamısı özlərini Ukrayna vətəndaşı kimi bu ölkəni qorumağa borclu hesab edir. Bu mənada xarici təcavüz təhdidi Ukrayna xalqını birləşdirib. Və bunda yoldaş Putinin də böyük “xidmətləri” olub. Eyni zamanda Ukrayna xalqı öz ordusuna inanır. Ötən həftə keçirilmiş sorğulara görə əhalinin 86 faizi “Ən çox etibar etdiyiniz dövlət qurumu hansıdır?” sualına cavab olaraq Ukrayna ordusunun adını çəkib...
-Bir keçmiş döyüşçü, hərbi mütəxəssis kimi Ukrayna Silahlı Qüvvələrinin mövcud durumunu necə xarakterizə edərdiniz? Bu ordu Rusiya ordusunun genişmiqyaslı hücumundan müdafiə olunmağa hazırdırmı?
-Ukrayna ordusu, dediyim kimi, son 8 ildə çox güclənib. Hərbçilərin, o cümlədən generalların əksəriyyəti 2014-cü ildən bəri böyük döyüş təcrübəsi qazanıb. Öncə onu deyim ki, Ukrayna ordusu artıq peşəkar ordu sisteminə keçir. Çağırışçılar azlıq təşkil edir və onlar da ağır, hərbi cətdən çox təhıükəli məntəqələrə yerləşdirilmirlər. Silahlı Qüvvələrin təchizatı normaldır. Hazırda Ukrayna ordusunda ən aşağı rütbəli hərbçilərin əmək haqqı 700 dollardır. Yüksək rütbəlilər isə 2 min dollaradək maaş alır. Eyni zamanda döyüş yeri və tapşırıqlardan asılı olaraq Ukrayna ordusunda daha yüksək maaşlar da mövcuddur. Onu da vurğulamaq gərəkdir ki, Ukrayna ordusu digər sırf hərbi aspektlərlə yanaşı, maliyyə sistemi ilə bağlı da tam NATO standartlarına keçmək üzrədir…
Son illər ordu kifayət qədər yüksək texnologiyalı öldürücü silahlarla təchiz olunub. Hava hücumundan müdafiə məqsədli “Nlov”, “Stinger” tipli silahlar, tank əleyhinə müasir raket qurğuları var ki, Rusiya ordusunda belə, onların alternativi yoxdur…
Həmçinin Ukrayna ordusu Qərb təlimatçılarının da dəstəyi ilə yaxşı təlim də görüb. Ordu yüksək keyfiyyətli rabitə sistemi ilə təchiz olunub. Ukraynanın bir az çəkindiyi həssas Qara dəniz bölgəsində isə 3 dost böyük dövlət Türkiyə, ABŞ və Böyük Britaniya ilə texniki dəstək barədə razılıqlar əldə olunub…
Onu da deyim ki, 200 minlik ordudan əlavə, Ukrayna xalqı özü də bütövlükdə döyüşməyə hazırdır. Dünən mən Kiyevdə Mərkəzi Zabitlər Evində baş növbətçi idim, könüllü orduya yazılmaq istəyən vətəndaşların telefon zənglərinin ardı-arası kəsilmirdi. Və digər ekspertlərlə birgə hesablarımıza görə, bu gün Ukraynada 8 milyondan çox vətəndaş silah götürməyə hazırdır... Bu saat ölkənin 560 minlik ehtiyat ordusu var. Ərazi prinsipi ilə onlarla könüllü yeni taborlar yaradılır. Onların üzvləri mütəmadi təlimlər keçir. Amma hər biri öz evində olur və genişmiqyaslı müharibə zamanı hər biri harada, hansı mövqedə olacağını və hansı silah, yaxud texnika ilə döyüşəcəyini dəqiq bilir. Buna Ukrayna qanunları da icazə verir. Bu haqda həm Prezident fərmanı, həm də Nazirlər Kabinetinin qərarı var. Eyni zamanda mülki müdafiə məsələlərinə də ciddi diqqət yetirilir. Xüsusən iri şəhər və qəsəbələrdə əhalinin hava və artilleriya hücumlarından qorunması üçün mümkün qədər sığınacaqlar hazırlanır. Çünki biz Putindən hər bir alçaq addım gözləyirik, hətta kimyəvi hücum da.... Ancaq dediyim kimi, ölkədə güclü xalq-ordu birliyi var. Hətta hamının tam rusdilli hesab etdiyi Xarkov vilayəti əhalisinin də azı 60-70 faizi Ukrayna ordusunun yanındadır, hərbi hissələrə könüllü yardımlar edirlər, özləri orduya yazılırlar və s.. Odur ki, bu və digər səbəblərdən hətta Rusiyanın genişmiqyaslı hücumu olduğu təqdirdə belə, ölkənin böyük ərazisinin işğal oluna biləcəyini ehtimal etmirik. Hücum olacaq. Amma hansı formada olacağı bir az qaranlıqdır. Birbaşa genişmiqyaslı hücum olacaq, yoxsa sadəcə, Ukrayna daxilində müxtəlif təxribatlar ediləcək? Bunu söyləmək çətindir. Fəqət, Putin hansısa formada düşdüyü pat vəziyyətindən çıxmalıdır. Bütün hallarda Ukrayna vətəndaşları, xüsusən xidmətdə və ehtiyatda olan hərbçi və döyüşçülər - hər birimiz öz postumuzda gözləyirik və hər cür qarşılıq verməyə hazırıq…
"Türkiyənin üzərinə çox böyük məsuliyyət düşür. Və Ukrayna xalqı da daha çox Türkiyənin sözünə etibar edir…"
-Donbas regionunda son durum necədir? Xəbərlərdə deyildiyi kimi, doğrudanmı Ukrayna ordusu oradakı separatçı rejimlərin qanunsuz silahlı qüvvələrinə atəş açır, yoxsa?
-Həftələrdir ki, Rusiyanın mərkəzi və regional rəsmi və iqtidaryönlü kanalları guya Ukrayna ordusunun Donbasa hücum etməsindən, dinc əhalini qətlə yetirməsindən və s. danışır. Amma reallıqda belə bir şey yoxdur. Ukrayna dövləti milliyyətindən asılı olmayaraq hər bir vətəndaşının həyatını qorumağa çalışır. Və əslində Donbas və Luqanskda təmas xəttinin o tərəfindəki adamları da öz vətəndaşı hesab edir. Halbuki, o ərazilərdəki 1,4 milyona yaxın vətəndaşa qanunsuz olaraq Rusiya pasportu verilib. Ukrayna ordusu, sadəcə, separatçı qüvvələrin açdığı atəşlərin cavabını verir və o, buna məcburdur…
Bu günlərdə mən də Zabitlər Birliyinin digər rəhbər üzvləri ilə birgə Donetsk yaxınlığındakı Marianka şəhərində olmuşam və baş verənləri durbinlə müşahidə etmişəm… Atışmalar heç zaman Ukrayna ordusunun təşəbbüsü ilə başlamır. Hər şey Donbasdakı separatçı qurumların qanunsuz silahlılarının təxrubatlarıyla başlayır. Amma təbii ki, onlar cavab atəşi ilə susdurulurlar…
-Qərbin, ABŞ-ın Ukrayna ilə bağlı siyasətinə əhalinin münasibəti necədir?
-Qərb, təbii ki, birbaşa fiziki gücü ilə Ukraynadakı prosesdə iştirak etmir. Amma yaxşı bilir ki, Ukrayna Rusiya ilə onun arasında ön səngərdir. Ona görə də müəyyən mənada Ukraynanı dəstəkləmək məcburiyyətindədir…
-Ukrayna xalqının inamı varmı ABŞ-ın, Avropanın sonadək onun yanında olacağına? Yoxsa şübhə edir ki, 2008-ci ildə Gürcüstanda olduğu kimi, Ukraynanı da dar ayaqda qoya bilər?
-Təbii ki, inanırlar… Və Gürcüstanı dar ayaqda qoyub getmələri başqa məsələdir. Çünki Ukrayna kontinental Avropanın mərkəzi hissəsində böyük bir dövlətdir. Gürcüstan isə Ukraynanın kiçik bir vilayəti boydadır… Və burada artıq prinsipial məsələdir. Çünki dünyanın inkişaf vektoru Ukraynanın “bədəni”ndən keçir… Qərb də bunu yaxşı bilir. Sadəcə, onlar gəlib ukrayınlar əvəzindən səngərdə vuruşan deyil ki… Özlərindən asılı olanı edirlər… Qərb silah verir, maliyyə yardımı edir, hərbi təlimatçı verir. Bundan artıq nə etməlidir ki? Bu mənada Türkiyənin üzərinə çox böyük məsuliyyət düşür. Və Ukrayna xalqı da daha çox Türkiyənin sözünə etibar edir…
Qısası, bu gün Ukraynada sivilizasiyalar savaşı gedir; ya demokratiya, Avropa yönlülük, ya da Rusiya tipli, avtoritar, diktatura tipli dövlət idarəçiliyi… Bu mənada Ukrayna Rusiyanın boğazından keçmir.. Bir yandan da tarixi mübahisələr uğrunda mübarizə gedir: Kiyev Rus dövləti məsələsi uğrunda… Çünki əgər Ukrayna Rusiyanın yanında olmursa, bu, Rusiyanın tarixini böyük şübhə altına alır…Və bəzən ukrayınlar arasında da belə çağırışlar olur ki, elə bu minillik tarixi söhbəti Rusiyanın indiki durumunda birdəfəlik həll etmək gərəkdir. Çünki Rusiya bugünkü qədər zəif, incidilmiş, gözdən düşmüş vəziyyətdə olmayıb. Faktiki olaraq II Dünya savaşından bəri ilk dəfədir ki, Rusiyaya qarşı azad dünyanın vahid koalisiyası yaranıb… O dövrdə Hitler Almaniyasına qarşı yarandığı kimi… Amma belə zəif durumda da Kremldəkilər, Putin rejimi hər şeyə gedə bilər. Çünki imperiyanın kökündən dağılma prosesi başlayıb. Və bu çox ağrılı-acılı bir prosesdir…
Sultan Laçın