Rusiya təhlükəsi sovuşdumu? Müttəfiqlik Qarabağa nə vəd edir?

Rusiya təhlükəsi sovuşdumu? Müttəfiqlik Qarabağa nə vəd edir?

Dünya Ukrayna böhranı ilə əlaqədar iki aya yaxındır ki, gərgin zamanını yaşayırdı və bu gərginlik 2014-cü ildən bəri mövcud olan Donetsk xalq respublikası və Luqansk xalq respublikası separatçı rejimlərinin Putin tərəfindən 21 fevralda rəsmən müstəqil dövlət kimi tanıması ilə pik nöqtəsinə çatmış oldu. Separatçı rejimlər Krımın işğalının ardınca Rusiyanın birbaşa müdaxiləsi ilə yaranmışdı və bu müddətdə aparılan danışıqlar Ukraynanın ərazi bütövlüyünü təmin edə bilmədi. Qısası, bu tanımadan sonra dünya düzənində radikal dəyişiklik baş verməkdədir və rəsmən ikinci soyuq müharibənin başlandığını deyə bilərik. Amma, qeyd edək ki, birinci soyuq müharibə SSRİ-nin dağılması ilə başa çatdığı kimi, ikinci soyuq müharibənin də yanlış siyasət aparan Rusiyanın ağır məğlubiyyəti ilə nəticələnəcəyinə şübhə yeri qoymur.
 
Rusiya bu addımından sonra yalnız ABŞ və NATO ölkləri tərəfindən deyil, əksər dünya ölkələri tərəfindən təcrid edilmə prosesi ilə qarşı-qarşıyadır.  Rusiya təcrid edilmə prosesinin başlanğıcında təbii ki, tərəfdaş dövlətlərin olduğunu da dünyaya nümayiş etdirmək istədi və ilk növbədə seçim Azərbaycan Respublikası oldu. Doğrudan da mürəkkəb və ziddiyyətli durumdur. Məsələnin mürəkkəbliyi ondadır ki, Rusiya “izqoy dövlətə”çevrildiyi, dünya ictimaiyyəti tərəfindən qınandığı bir vaxtda, separatçı rejimlərin rəsmən tanınmasından bir neçə saat sonra Rusiya və Azərbaycan arasında müttəfiqlik bəyannaməsi imzalanacağı elan olunur və rəsmi sənəd fevralın 22-də imzalanır. Əlbəttə, Azərbaycan üçün  məsələnin zaman amili onun nüfuzuna, beynəlxalq imicinə mənfi təsir edir. Putinin belə kombinasiyalar qurmaqda mahir oyunçu olduğunu dünya siyasətçiləri yaxşı bilir. Hələ Dövlət Duması tanınma ilə bağlı Putinə müraciət edəndə bu işin başında elə Kreml sahibinin dayandığı  və müharibə etməyib bu addımı atacağı bəlli idi.  Bu qərarı verənlərə o da məlum idi ki, Rusiya sərt qınaqlarla, sanksiyalarla qarşılaşacaq.
 
 Azərbaycan zamanı ertələyə bilərdimi? 
Yanvar ayında Azərbaycan dövlət başçısının Ukraynaya səfəri də kritik zamana təsadüf edirdi. Rusiya-Ukrayna qarşıdurmasının faktiki pik nöqtəsində olduğu bir zamanda Azərbaycan rəhbərinin Kiyevə səfəri Rusiya tərəfindən rəsmən etirazla qarşılanmasa da, bəyənilməmişdi. Moskvanın məqsədlərindən biri də Kiyev səfərindən sonra Azərbaycanın artan beynəlxalq nüfuzuna kölgə salmaq idi. Üstəlik, bu səfərdən sonra Qarabağda sülhməramlılar açıq şəkildə separatçılara şərait yardaraq Azərbaycana qarşı ardıcıl təxribatlar törətdilər. Rusiyanın bəşəriyyətə meydan oxuduğu bir zamanda ( bunu Putinin bir saatdan çox dəhşət saçan isterik çıxışında görməmək mümkün deyildi) Azərbaycanın səfəri ertələməsi bizə baha başa gələ bilərdi.
 
 Hər bir dövlətin öz maraqları var və bu maraqlar çərçivəsində siyasətini müəyyənləşdirir.
“Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır". Xatırlayırsınızsa bu sözləri Azərbaycan Prezidenti 14 avqust 2021-ci ildə SNN Türk kanalına müsahibəsində səsləndirmişdi və əlavə etmişdi ki, “Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir". Rusiya Cənubi Qafqaza girdiyi 200 ildən artıq bir müddətdə ermənilərdən öz maraqları naminə hər zaman istifadə edib və təbii ki, qarşılıq da verib və bu qarşılıq Azərbaycanın əleyhinə olub. Rusiya bu iki əsrdən çox müddətdə Azərbaycanda çox qırğınlar və fəlakət miqyasında hadisələr törədib. Uzaq tarixdə nələr olduğunu demədən son 34 ildə Qarabağda yaşadığımız fəlakətin başında Rusiyanın dayandığını bilirik. Bu gün də Rusiya silahlı qüvvələri ilə Qarabağın bir hissəsində yerləşib. Tarixə və bu günə baxanda sual yaranır- Rusiya ilə müttəfiqlik sənədi imzalamamız doğru siyasətdirmi? İstər fərdin, istər dövlətin qarşısındakı təhlükəyə gücü çatmırsa ən azı onu özünə qarşı təhlükəsiz hala gətirməyə çalışması normal haldır. Nədən Rusiyanın rolunu bilə-bilə onu ən azı neytrallaşdırmayaq? Aydındır ki, müttəfiqlik yalnız bizim iradəmiz deyil, daha çox Rusiyanın təşəbbüsüdür və bunun da səbəbləri var. Bir tərəfini yuxarıda qeyd etdik. İkincisi odur ki, Rusiya Cənubi Qafqazda mövqeyini asanlıqla digər güclərə vermək istəmir. Şuşa Bəyannaməsi Rusiyanı qıcıqlandıran reallıqdır, ona qarşı birbaşa getməyin mümkünsüzlüyünü biləndən sonra Azərbaycanın və Türkiyənin bölgədəki maraqları ilə hesablaşmaqla yanaşı paralel olaraq həm də öz marağını yeritmək siyasəti aparır. 
 
Müttəfiqlik bəyannaməsində 43 bənd var və bunların hamısı incələnəcək, amma bizim üçün vacib və əhəmiyyətli olan birinci bənddir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”. Bu gün Qarabağdakı separatçı rejim liderləri daha çox Rusiyanın apardığı siyasətə əsaslanıb tez-tez müstəqillik haqqında bəyanatlar verirlər. Bəyannamənin birinci bəndindəki “ərazi bütövlüyü”prinsipinin vurğulanması separatçılara cavabdır.
 
 Mətbuat üçün çıxışında Azərbaycan Prezidentinin 10 noyabr 2020 bəyanatını xatırlatması, Ermənistan silahlı qüvvələrinin hələ də Azərbaycan torpaqlarından çıxarılmamasını vurğulaması da ciddi ismarış oldu. Amma, Putin öz ampluasında idi. Yenə“Dağlıq Qarabağ”,“50 min erməni qaçqının geri qayıtmasına” yardım edilməsi və sairə Rusiyanın hələ də birtərəfli mövqeyindən xəbər verir. 
 Müttəfiqlik bəyannaməsi zamanına görə uğursuz təsir bağışlasa da, unutmayaq ki, dövlətçilik maraqları, Qarabağın bir hissəsinin tam nəzarətimizə keçməsi yeri gələndə müxtəlif siyasi reveranslar etməsini tələb edir. Putinin açıqlamasında belə bir məqam oldu: “Qazaxıstan rəhbərliyinin xahişi ilə biz KTMT kontingenti çərçivəsində özümüzün bütün silahlı qüvvələrimizi oradan çıxartıq. Biz bundan sonra da bütün qonşularımızla münasibətdə bu cür hərəkət etmək niyyətindəyik”. Rusiya silahlı qüvvələrinin yerləşdiyi qonşunun biri də bizik və zamanı çatanda bu bəyanata istinad edib ən azı 2025-ci ildə Qarabağın qalan hissəsində də dövlət nəzarətimizi yaratmalıyıq
 
İlham İsmayıl






Fikirlər