“Ukrayna müdafiə olunsa da, Rusiya həm Belarus, həm Moldova, həm də öz ərazisindən hücumlar həyata keçirir. Bunun qarşısında durmaq çox çətindir. Ukraynanın hava hücumundan müdafiə sistemləri bu nöqteyi-nəzərdən bir qədər zəifdirlər. Lakin üzbəüz döyüşlərdə Rusiyanın itkiləri kifayət qədərdir”.
Bunu Bakupost.az -a hərbi ekspert Üzeyir Cəfərov Rusiya-Ukrayna müharibəsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiya üstünlük qazana bilər, amma bunun sonu fəlakətdir:
“Ukrayna yalnız öz hərbi gücünün hesabına mübarizə aparır. Əlbəttə, qüvvələr nisbəti bir az fərqlidir. Çünki Ukraynanın əlində Amerika, İngiltərə, Kanadadan alınan tank əleyhinə idarə edilən raketlər, avadanlıqlar mövcuddur. Ürək ağrısı ilə deyə bilərəm ki, Xarkov, Kiyev və ətraf şəhərləri barbarcasına bombalayırlar. Mübarizəni mülki insanlara qarşı aparmaq doğru deyil. Ötən gün Rusiya hara gəldi bombalar yağdırıb. Xeyli ölən və yaralananlar var. Bu gün rəqəmlər açıqlanıb ki, Ukrayna ərazisinə 160 raket buraxılıb”.
Ü. Cəfərovun fikrincə, Rusiya heç nəyə nail olmayacaq:
“Artıq Rusiyanın 50-dən artıq şəhərlərində insanlar müharibəyə qarşı etirazlar edirlər. Düzdür, 1000-dən artıq etirazçı saxlanılıb. Amma bu gün Rusiyaya, hətta Putinin özünə qarşı daha amansız sanksiyalar tətbiq olunacaq. Tutaq ki, Rusiya əsgərləri Kiyevi işğal etdilər, onlar orada necə qalacaq və necə idarə edəcəklər? Bu, mümkün deyil. Müharibənin sonu Putinin həm fiziki, həm də hüquqi izolyasiyası ilə nəticələnəcək. Bu müharibəni sanki Putin özü-özünə qarşı aparır və fiaskoya uğrayacaq. Ukraynanı işğal edə bilərlər, amma heç bir dünya dövlətləri bunu tanımayacaq”.
Hərbi ekspert qeyd edib ki, dünəndən Rusiyanın iqtisadi itkiləri trilyonlarladır:
“Bir həftə, 10 günə Rusiya bunu hiss edəcək. Heç bir yerdən ölkəyə heç nə daxil olmayacaq. Nə ilə dolanacaq? Belarusla əl-ələ verib kartof əkəcəklər? Rusiyanın bu addımı ağılsızlıq idi, dərinə getməməli idi. Hazırda Avropa İttifaqı ən sərt sanksiyaları tətbiq edir. Rusiya siyasi hərbi rəhbərliyi səhv yoldadır. Bu yol Rusiyanı iqtisadi, siyasi cəhətdən çökdürəcək. Hərbi cəhətdən Rusiya üstünlük qazana bilər, amma bunun sonu onun üçün fəlakətdir”.