Ermənistanın “böyük bacısı” Xankəndidəki Rusiya bayrağını gördümü?

Xankəndi separatçılarının keçirdiyi aksiyanı izlədik. Azərbaycan ərazisində özlərinə “artsax” qura biləcəklərinə hələ də özlərini və dünyanı inandırmağa çalışan erməni quldurlar Ukraynada yaşananları fürsət bilib yenidən ortaya düşüblər. Əllərində Rusiya bayraqları, dillərində qondarma Donesk və Luqansk “respublikaları”nı tanıyan Moskvaya müraciətlər...

Separatçıların 44 günlük müharibədən sonra hələ də torpaqlarımızda mövcudluğunda sözsüz ki, Rusiyanın rolu var. 10 noyabr 2020-ci il bəyannaməsinə görə, separatizmin kökü kəsilməli, ordakı quldurlar dərhal yığışdırılmalı idi. Amma bu, baş vermədi və o vaxtdan rus sülhməramlılarının arxasında daldalanan separatçılar vaxtaşırı boy verməyə çalışırlar. Təsadüfi deyil ki, Putin Ukrayna separatçılarını “müstəqil subyekt”  kimi tanıdıqdan dərhal sonra Azərbaycanda barəsində cinayət işi qaldırılan baş separatçı Araik Arutyunyan sevincindən atdanıb-düşməyə başladı.

Amma nədənsə unudurlar ki, Rusiya və Azərbaycan prezidentlər arasında imzalanan 43 maddəlik sazişdə ərazi bütövlüyünün qarşılıqlı tanınması, həmçinin separatçılığın qarşısının alınması barədə anlaşma əksini tapıb. Azərbaycan Prezidenti elə Moskvada olarkən Ermənistanın Qarabağdakı silahlıları çıxarmasını gözlədiyini bəyan etmişdi. Yəni vaxt gedir...Təsadüfi deyil ki, məhz bu anlaşmadan sonra Şuşadan üzü Xankəndiyə hələlik azan sədası və “Koroğlu” üverturası ilə xəbərdarlıqlar ünvanlanır, Xocalıda səngər qazanlara səsgücləndiricilərlə xəbərdarlıqlar edilir. Həmçinin Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun Bakıya qəfil səfəri, yüksək səviyyəli görüşlərdə Şuşa Bəyannaməsinin icrası ilə bağlı anonsların edilməsi qarşı tərəfə və onların dəstəkçilərinə ciddi mesajdır...

Qarabağla bağlı Rusiyanın rolu və istəyi bəllidir, amma ədalət naminə deməliyik ki, 44 günlük müharibədə Azərbaycanın torpaqlarını işğaldan azad etməsinə gözlənilən qədər maneçilik göstərmədi. Təbii ki, Türkiyə amili sözünü dedi. Amma axı, biz bu müdaxiləni başqa dövlətlərdən gördük, məsələn, “demokratik” Fransadan. Azərbaycan öz torpaqlarını azad etmək üçün əks-hücuma keçən gündən əngəl olmağa çalışdılar, hətta BMT-də sanksiya qərarını keçirmək istəyirdilər, müttəfiq ölkə imkan vermədi. Azərbaycan 30 ildir işğalda qalan ərazilərini azad edirdi e!!! Bunlardan qırıcı istəmədik, silah-sursat gözləmədik, demədik ki, könüllüləriniz gəlsin, biz tərəfdə döyüşsün. Amma əvəzində bizi ittiham etdilər, guya hansısa “muzdlu” gətirmişik. İndi Ukraynaya Rusiya ilə döyüşməyə gedəcək könüllülər üçün elan verirlər. 

Görəsən, həmin dövlətlər, lap elə “Ermənistanın böyük bacısı” Fransa Xankəndidə keçirilən aksiya haqda nə düşünür? Məsələn, elə 3-4 ay əvvəl Fransa senatında aləm dəymişdi bir-birinə ki, niyə Azərbaycan Xankəndiyə qanunsuz səfər edən fransalı prezidentliyə namizəd Valeri Pekresə “göz üstə qaşın var” deyib. İndi erməni separatçılarının Donesk, Luqansk separatçılarına dəstək şüarları bağırmasına, “Rusiya, bizi də tanı” deməsinə necə baxır Makronun ölkəsi? Erməni separatçıları ilə Donesk separatçıları arasında yenə də fərq qoyurlarmı?! Açıq desinlər, gizlətməsinlər, utanmasınlar. 

Ötən il Cənubi Qafqaza səfər edən Aİ Şurasının prezidenti Şarl Mişel Ermənistandakı “prioritet proqramlar” üçün 2,6 milyard avro dəyərində maliyyə paketinin ayrılacağını elan etmişdi. O zaman Azərbaycan Prezidenti Ermənistanla müqayisədə Azərbaycana daha az vəsaitin ayrılmasına sərt etirazını bildirmiş, “bu, ədalətsiz mövqedir”, demişdi. Aİ faktiki olaraq işğalçı ölkəni maliyyələşdirmək niyyətini nümayiş etdirdi bu mövqeyi ilə. Onların məntiqilə Rusiyaya da sanksiya yox, mükafat vəd olunmalıdır Ukraynanı işğala görə...

Yaxud bu illər ərzində azmı gördük böyük dövlətlərin Qarabağ separatçılarına dəstəyini? Məsələn, 2017-ci ilin 8 sentyabr xəbəri: “ABŞ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin minadan təmizlənməsi işlərinin davam etdirilməsinə 1,5 milyon dollar maliyyə yardımı ayırmağı planlaşdırır”.

Hardan təmizlədilər o minaları? Kim basdırmışdı? Ermənistan ordusu ərazilərimizi işğal edəndən sonra Qarabağı başdan-ayağa mina ilə “əkmişdi”, bunu 44 günlük müharibədən sonra gördük. 100-dən çox vətəndaşımız mina qurbanı olub müharibədən sonra. Azad olunan torpaqlardan minlərlə mina təmizlənib, hələ də bitib-tükənmir. ABŞ-ın “mina təmizləməsi”nə ayırdığı pullar bəlkə minalanmaya sərf olunub? Yaxud bir əcnəbi təşkilat vardı, işğal dönəmindən guya ermənilərə minadan təmizləmə kursu keçirdilər. Qarabağın başdan-ayağa minalanması əksini deyir axı. Hətta Ermənistanın “əsir”lər müqabilində Azərbaycana verdiyi mina xəritələri də köməyə çatmadı, hələ illər lazımdır mina təmizləmə işlərinə. Di gəl ki, on illərlə “mina təmizlənməsi”ndə erməni separatçıların yanında olanları bu gün Azərbaycana dəstək verən görmürük. Səbəb?

ABŞ Konqresi işğal dövründə Qarabağ separatçılarına 2 milyard dollardan artıq “humanitar yardım” göstərib. Bu, nə humanitarmış belə?

ABŞ Konqresində yuxarı başa çıxarılan Amerika Erməni Milli Komitəsi var... Mahiyyət etibarilə terrorçu təşkilatdır, terrorçu, separatçı qurumu maliyyələşdirir, ona lobbiçilik edir. Əslində belə bir təşkilatın fəaliyyəti qadağan edilməlidir. Amma axı, unutmamışıq, Qarabağ separatçılarının başında duran quldurların səsi-sorağı ABŞ-dan, Avropa Parlamentindən gəlirdi tez-tez. Marafonlar keçirib, milyonlar yığırdılar bu ölkələrdə, nəticə etibarilə Azərbaycan torpaqlarını əbədi qəsb etməkdən ötrü. O zaman nə müttəfiqlik bilirdi bu dövlətlər və təşkilatlar, nə ərazi bütövlüyünə, nə BMT Nizamnaməsinə hörmət edirdilər.

Bəli, Rusiyanın bəlli siyasəti var, unutmamışıq. Başımıza gətirilən bəlalarda şimal qonşumuzun, onun sələfinin-imperiyanın müstəsna xidmətləri var, Zəngəzurun Ermənistana verilməsindən tutmuş, Dağlıq Qarabağda qondarma qurumun yaradılmasına, ötən əsrin sonlarında da orada dəhşətli bir “ocaq” qalamağınadək.

Bəs, Qərb, bəs, Avropa? BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyü səsə qoyulanda Rusiya ilə yanaşı, ABŞ və Fransa da “bitərəf” (!!!) qalmışdı. Bu idimi dəyər?!

Vaxtaşırı Qərbdən bəyanatlar gəlir: Gürcüstan, Moldova, Ukrayna separatçılarına təpinirlər, xəbərdarlıq edirlər, sanksiya tətbiq olunur. Amma bu sanksiyalar, hədələr qəti şəkildə Qarabağdakı erməni separatçılarına aid edilmir. Niyə? Rusiya bayrağı qaldıran abxaz separatçısı ilə erməni separatçısı arasında nə fərq var, bəlkə izah etsinlər, biz də işimizi bilək. Sabah Azərbaycan əsgəri erməni terrorçu-separatçılarına qarşı bir əməliyyat keçirəndə həmin dairələr dərhal narahat olacaqlar. Deməsinlər demədik...Xüsusilə də Ermənstanın “böyük bacısı”ndan reaksiya gözləyirik...Fransa Senatı əllərində rus bayrağı tutmuş Qarabağ separatçılarını yenə müdafiə edirmi?.. ABŞ və Avropanın illərdir “öz müqəddəratını təyinetmə hüququ” verməyə çalışdığı Qarabağdakı bir ovuc erməni indi Rusiyaya birləşmək üçün meymunluq edir. Erməni separatizmi ilə bağlı yanlış siyasəti bundan sonra da dəyişməyəcəklər?!

Elşad Paşasoy,
Musavat.com






Fikirlər