Siyasi partiyalardan Böyük Qayıdış planları ilə bağlı AÇIQLAMA...

30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunmasından sonra həmin ərazilərdə yenidənqurma və bərpa işlərinə start verildi

Artıq sözügedən bölgələrə vətəndaşlarımızın köçürülməsi məsələsi gündəmdədir.

Bəs, siyasi partiyalar necə, onlar da müvafiq rayon şöbələrinin işğaldan azad edilmiş ərazilərə köçürülməsini planlaşdırırlarmı?

Mövzu ilə bağlı Bizim.Media ilə mövqeyini bölüşən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə qeyd edib ki, bu cür planları var:

“Məlumat üçün qeyd edim ki, bizim Füzuli və Cəbrayıl təşkilatlarımız var. Cəbrayıl təşkilatımız hal-hazırda Sumqayıtda fəaliyyət göstərir. Eyni zamanda əvvəllər Şuşa, Kəlbəcər, Laçın kimi rayonlarda da təşkilatlarımız var idi. Sözügedən təşkilatların da qayıdışdan sonra həmin ərazilərdə fəaliyyət göstərməsi planlaşdırılır. Onların bir qədər fərqli formatda rekonstruksiya olunacaq və məskunlaşmadan sonra daha da genişləndiriləcək. Bu işlərə artıq start verilib və məskunlaşma başlayan kimi rekonstruksiyaya başlanılacaq”.

Ağ Partiya sədri Tural Abbaslı da işğal dönəmində sözügedən rayonlarda təşkilatlarının olduğunu qeyd edib:

“Partiyalarda adətən qeydiyyat üzrə rayon təşkilatları formalaşdırılır. Ona görə də, əvvəlki dövrdə də bizim rayon təşkilatlarımız var idi. Könül istər ki, vətəndaşlarımız həmin ərazilərə qayıtsınlar və bizim müvafiq ofislərimiz fəaliyyətlərini orada davam etdirsinlər. Ağ Partiyanın Qarabağ qeydiyyatında olan kifayət qədər üzvü var”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı Böyük Qayıdışdan sonrakı planlarını açıqlayıb:

“İşğal dönəmində də həmin rayonlar üzrə şöbələrimiz mövcud idi. Təbii ki, bizim məqsəd və prinsiplərimiz içərisində o da var ki, Azərbaycan xalqı həmin ərazilərə qayıdışı həyata keçirəcək və bizim rayon təşkilatlarımız öz fəaliyyətlərini müvafiq bölgələrdə davam etdirəcəklər, necə ki, Quba, Abşeron və digər rayon şöbələrimiz fəaliyyət göstərir.
BAXCP yeganə müxalifət partiyasıdır ki, 71 rayon şöbəsi var. Yaxın gələcəkdə əvvəlki dövrdə işğal altında olan və şöbələrimizin olmadığı rayonlarda müvafiq təşkilatların təsis edilməsi istiqamətində fəaliyyətimizi quracağıq”.






Fikirlər