“Həbsxanaların həyətində villalar tikilir, elə bil həbsxanada yox, Maldiv adalarında…” Maldiv adalarında…”

“Həbsxanaların həyətində villalar tikilir, elə bil həbsxanada yox, Maldiv adalarında…” 

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyev əmlakı geri qaytarılan sabiq məmurlarla bağlı araşdırma aparıldığını deyib. Onun sözlərinə görə, həmin şəxslər barəsində protest verilə bilər.

Qeyd edək ki, əmlakı qaytarılan keçmiş məhkumların siyahısına MTN-in sabiq generalı Akif Çovdarov başçılıq edir. Belə ki, ötən il məhkəmə tərəfindən Çovdarova məxsus 30 milyonluq əmlakın geri qaytarılmasına dair qərar çıxarılıb.

Məhkəmənin Çovdarovun lehinə çıxardığı qərar ləğv oluna bilərmi?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev söyləyib ki, əgər Baş prokuror bununla bağlı protest versə, onların əmlakları geri alına bilər:

“Ümumiyyətlə, Azərbaycanda məhkəmə sistemi yoxdur və bunu birmənalı demək lazımdır. Məhkəmə sistemi həddən artıq alınıb-satıla bilər. Ən təəssüfedici hal odur ki, ədliyyə naziri Fikrət Məmmədov bu işlərə laqeyddir, daha doğrusu, özü buna rəhbərlik edir. Nazirliyin ayrı-ayrı məmurları məhkəmələrə xüsusi təyinatlı bir qüvvə kimi baxırlar və bundan yaralanırlar”.

C. Nuriyev iddia edib ki, Azərbaycanın məhkəmə sistemini Ali Məhkəmənin sədri Ramiz Rzayev və ədliyyə naziri Fikrət Məmmədov məhv ediblər:

“Artıq bunun o üzü-bu üzü yoxdur. Ölkədə bu gün nə inzibati, nə apelyasiya, nə də ali məhkəmə sistemi var. Onlar 5 pilləli məhkəmə sistemini məhv ediblər. Məhkəmə sistemi isə Azərbaycanda xalqla iqtidar arasında ən böyük uçurum yaradan 1 nömrəli dövlət orqanıdır. Ona görə də belə qeyri-adi qərarların verilməsi onu göstərir ki, Azərbaycanda hüquq sisteminin özü pis gündədir”.

“Axı sən necə məhkəməsən ki, bu adam barəsində bir neçə il bundan qabaq həbs qətimkan tədbiri seçmisən, adamı həbs etdirmisən – özü də bu adam korrupsiya faktı ilə həbs olunub – indi isə korrupsiya ilə həbs olunan generallar bir-bir çölə buraxırsan?! Necə çıxırlar, bu da onların problemlidir, amma bu, ola bilməz. İndi də Akif Çovdarovun 30 milyon manatlıq mülklərinin qaytarılmasından danışırlar. Onun nəsli yığılsa belə, bu qədər pulu qazana bilməz. Vaxtilə buna göz yumulub, sonra da məhkəməyə gəlib pulunu verib mallarını geri qaytarır”, – müsahibimiz etiraz edib.

Eks-millət vəkili əlavə edib:

“Mən özümdən gördüm də. Bir məhkəmə ki qərar çıxarırsa, sən deputat olmamısan, o məhkəmədən nə gözləyirsən? Əgər bu gün Azərbaycanda aparıb məhkəməyə pul versən, sən kişi ola-ola sənin qadın olmağın haqqında qərar çıxara bilərlər. Bizdə məhkəmə bu dərəcədə yaman gündədir.

Kamran Əliyevin də başqa yolu qalmır. Ona görə də protest verməlidir. Axı necə olur ki, bu dövlət məmurlarının hamısı həbs olunur, həbsdən çıxandan sonra isə hələ bir millətə acıq da verirlər?! Bu da ədliyyə sistemini yaman günə qoyub”.

“Bu gün bir adam içəridə yatanda onun ildə 36 min manat xərci çıxır. 5 ildə də bu etsin, 150 min. Adam 50-60 milyon manat pulu yeyəndən sonra 150 mini nə edir? Bu adamlara içəridə elə şərait yaradılıb ki, sanki sanatoriya sistemidir. Həqiqətən biabırçılıqdır. Bu gün bütün həbsxanaların həyətində ayrıca villalar tikilir. Adam elə bil həbsxanada yox, Maldiv adalarında istirahətdədir. Pulunu verir, nə istəyirsə, gətirirlər”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, ədliyyə naziri Fikrət Məmmədov bu gün Azərbaycanı çox pis günə qoyub:

“Ya burada islahalat aparılmalıdır, ya da buna son qoyulması üçün dövlət hərəkətə keçməlidir. Təəssüf ki, içi mən qarışıq buna hər kəs göz yumur. Ölkədə bu dərəcədə özbaşınalıq, məhkəmə sistemində qeyri-qanunilik olar?! Kimin qohum-əqrəbası var, gətirib salırlar məhkəməyə işləməyə.

İnzibati məhkəmədən 1 faktı deyim: Bakı İnzibati Məhkəməsinin 9 hakimi var, hər 15 dəqiqədən bir işə baxırlar. Təsəvvür edin ki, 1 saatda 3-4 işə baxılır. Deyirlər ki, kimə istəyirsən, de. Pulunu ver, nə istəyirsən, et. Budur, bizdə məhkəmə sistemi”.






Fikirlər