“İqbal bəy sabah da deyəcək ki, şalvarınızı çıxarıb içəri girin” - ETİRAZ
“İqbal bəyin kabinetinə gödəkçəni soyunub telefonsuz girməklə bağlı qoyduğu qadağalar sadəcə diktatura üsuludur”. Bu sözləri Yenisabah.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədir Hafiz Hacıyev deyib. O, Milli Məclisin sabiq deputatı, Ümid Partiyasının sədri İqbal Ağazadənin partiya daxilində rəsmiləşdirdiyi məlum qaydalara münasibət bildirib. Xatırladaq ki, Ümid sədrinin bu qərarı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Öz növbəsində, H.Hacıyev vurğulayıb ki, sədri olduğu partiyada belə qaydalar yoxdur və MMP buna gedə bilməz: “Bizim qapılarımız istər mətbuata, istərsə də digər partiya üzvlərinə açıqdır. Biz xalqın içindəyik, xalqla birlikdəyik. Lakin İqbal bəyin bu qaydaları tətbiq etməsinə də hörmətlə yanaşırıq, öz işidir, özü bilər. Hər insanın da özünə uyğun iş prinsipi var”. O, bunun düz olmadığını da dilə gətirib: “Əgər biz xalqla və media ilə bir yerdəyiksə, bunlara nə ehtiyac var? Mən artıq-əskik nə danışıram ki, nə də yazalar? Biz dövləti və dövlətçiliyi müdafiə edən, xalqımızın gələcəyi uğrunda həyatımızı ortaya qoymuş insanlarıq. Ona görə də düşünürəm ki, belə ucuz şeylərə getməyə ehtiyac yoxdur”. “Biz tez-tez rayon təşkilatlarının sədrləri ilə görüşürük. Hazırda imza toplama kampaniyası gedir, onlarla məşğuluq. Mən 4 dəfə prezidentliyə namizəd oldum, həmin ərəfədə özümə heç cangüdən də götürmədim. Əgər bu xalq bizi istəyirsə, bizi qoruyacaq. Yox, istəmirsə, bizim canımız onlara hər an qurbandır, xalqın yolunda ölümə hazırıq. Ona görə də belə şeylər çox primitiv işlərdir”, - əlavə edib. “Mən nazir olanda da sadə olmuşam. Nazir işləyəndə çörəyimi işçilərimlə yeyirdim. O vaxtı bizdə Hövsanda konserv zavodu var idi. Günorta gedib 1.700 nəfər fəhlə ilə çörəyimi yeyirdim. Xalqla bir yerdə olmaq xoşbəxtlikdir. Xalqdan aralanan aqibəti yoxdur. Bu, diktaturaya xas olan əməllərdir. Elə şeylər bizə aid deyil”, - Hacıyev bildirib. “Məncə, İqbal bəyin qoyduğu tələb düzgün deyil. Bu nə qaydadır o qoyub, anlamıram. Bəlkə hansısa təhlükə var? Hərənin öz xüsusiyyəti var. Bəlkə İqbal bəy sabah da deyəcək ki, şalvarınızı çıxarıb içəri girin? Bu, çox anormal bir şeydir. Bunu normal hal kimi qəbul etmirəm”, - yekunlaşdırıb. Ağ Partiya başqa Tural Abbaslı da məsələyə münasibət bildirib. O deyib ki, heç kimin, əsasən də başqa partiya sədrinin qərarlarını müzakirə etməyin tərəfdarı deyil: “Çünki hər partiyanın özünün qərarverici orqanı və rəhbərliyi var. Onlar özləri kollegial qərar verirlər. Amma bizdə hələlik elə bir şey yoxdur və gələcəkdə də hansısa şərtlər daxilində belə bir şeyin olacağını bilmirəm. Hər halda onların verdiyi qərar daxili qərardır”. “Burada bir nüans da odur ki, insanlarımız bəzən iqtidardakı təmsilçilik ilə müxalifətdəki təmsilçiliyi qarışdırır. Biri var ki, sən dövlət məmurusan, sənin öhdəliklərin var, biri də var ki, sən partiya sədrisən və partiyanda bəzi qaydaları tətbiq edə bilərsən”. T. Abbaslı diqqətə çatdırıb ki, Ağ Partiyada belə bir qayda yoxdur: “Biz gələn-gedənlərin telefonu kənarda qoyub, gödəkçəsini soyundurmuruq. Təbii ki, etik norma çərçivəsində azərbaycanlı olduğumuzu da nəzərə alırıq. Lakin xüsusi qaydalar qoyaq, prosedur, protokol qaydası olsun, elə bir şey yoxdur”. “Yenə deyirəm, mənim başqa partiyanın daxili qərarlarını şərh etməyim etik deyil. Ona görə ki, başqa partiya sədrinin daxili qərarlarını bir başqa partiya sədrinin şərh etməsini etik saymıram. O ki qaldı bu məsələyə sosial şəbəkələrdəki münasibətə, bu da xalqın dəyərləndirməsidir. Hər halda partiyaların məqsədi xalqın sevgisini, rəğbətini və ictimai rəyini qazanmaqdırsa, xalqın sosial şəbəkələrdəki rəyini də nəzərə almalıdırlar”, - fikirlərini yekunlaşdırıb.