Azərbaycanı yeni gələcək gözləyir - Bölgədə bu dəyişikliklər olacaq...
Azərbaycan üçün yeni dövr başlayır. Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində bir çox istiqamətdə önəmli açıqlamalar verdi. Ölkə başçısı Türk Dövlətləri Təşkilatını gücləndirməyin önəminə diqqət çəkdi. Prezident bildirdi ki, biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq: “İlk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik”.
Prezident bildirdi ki, Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir: “Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik. İslam Əməkdaşlıq Təşkilatı da həmişə - həm işğal dövründə, həm işğaldan sonra, həm də İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı və ondan sonra Azərbaycanın yanında olub. Azərbaycan bu təşkilatın dəyərli üzvüdür. Azərbaycanda müsəlman dininə və bütün dinlərə olan münasibət bu təşkilat tərəfindən yüksək qiymətləndirilir. Bu təşkilat bütün müsəlman ölkələrini birləşdirir. Əlbəttə ki, bu təşkilatda bizim təşəbbüslərimizin qəbul edilməsi və dəstəklənməsi xüsusi məna daşıyır”.
Millət vəkili Fazil Mustafa TDT ilə əməkdaşlığa dair ölkə başçısının fikirlərini Musavat.com-a belə şərh etdi: “Ölkə prezidenti andiçmə prosesində ölkənin gələcək kursunu bir daha aydın şəkildə ifadə etdi. Ailəmiz türk dünyası, türk dövlətləri, Türk PA, Türk Şurasıdır. Bu, Azərbaycanın strateji kursu olaraq göstərilib. Avropa evi, Qafqaz evi, Rusiya evi, MDB evi, İslam evinə artıq bizim üçün ikinci dərəcəli münasibətlər kimi baxılmalıdır. Hədəfə daha çox diqqət yetiriləcək. Bu istiqamətdə inteqrasiyanın güclənməsinin daha çox şahidi olacağıq. Özbəkistan, Qırğızıstan, Qazaxıstanla əməkdaşlıq daha da genişlənəcək. Türkmənistanla da münasibətlərin inkişafına diqqət yetiriləcək. Bu strateji seçim bizə lazım olan doğru, real və lazımi seçimdir. Prezidentin ifadə etdiyi kimi, soyumuz birdir. Buna görə də bir-birimizə dəstək verməliyik”. F. Mustafa İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıqla bağlı bunları söylədi: “Bu təşkilatda bir qrup dövlətlər İslam prinsipi ilə davranmırlar. Bu da müəyyən qədər problem yaradır. Biz sadəcə İslama mənsubluğumuzu, sadiqliyimizi göstərən davranış sərgiləyirik. İƏT-lə də əməkdaşlığı genişləndiririk, amma əsas prioritetimiz türk dünyasıdır”.