İRƏVANA MÜNHEN ŞAPALAĞI – Paşinyanın şantajı ciddiyə alınmadı...
Nikol Paşinyanın Münhen səfəri tam fiasko və ya özünü antireklam sayıla bilər. Yenə də burnu daşa dəydi. Bu dəfə Avropada - dünyanın ən nüfuzlu təbliğat platformalarından birində. Necə deyərlər, Paşinyan dedi, Paşinyan və Mirzəyan (xarici işlər naziri) eşitdi. Almaniyada onun Bakıya qarşı nə “Azərbaycan genişmiqyaslı müharibəyə hazırlaşır” şantajı, nə də bu tipli digər sərsəmləmələr ciddiyə alındı. Onun Qarabağdan olan erməni köçkünlərdən danışarkən “öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq ictimaiyyət tərəfindən müdafiə olunmamasını” sanki təəssüflə vurğulaması da eyni xanədən idi. Beləcə, İrəvan ikiüzlü, riyakar siyasətinə ən yüksək səviyyədə sadiqdir, siyasi boşboğazlıqlara rəğmən, separatizmdən hələ də tam imtina etməyib. Sadəcə, beynəlxalq birlik “ikinci erməni dövləti” ideyasını qəbul etmir deyə, “qınlarına” çəkiliblər... Hər şey qırağa, bununla N.Paşinyan bəlkə heç özü də istəmədən Ermənistanın “barıt qoxulu” konstitusiyasının beynəlxalq hüquqa uyğunlaşdırııması vacibliyinə diqqət yönəltmiş oldu. Nə barədə ki, Azərbaycan XİN-in gecikməyən bəyanatında bir daha vurğulanır. Sitat: “Qarabağın öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq ictimaiyyət arasında dəstəklənməməsi” fikrinə gəlincə, göründüyü kimi, baş nazir Azərbaycanın ərazilərinə qarşı iddialarının əsassız olduğunu deyil, yalnız beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyi üçün davam etdirilməsinin ağılsız hərəkət olduğunu bildirir. Bu isə bir daha erməni tərəfinin iddiasının hələ də davam etdiyini dolayısı yolla sübut edir. Bu baxımdan Ermənistanın konstitusiyasında və qanunvericilik aktlarında ərazi bütövlüyümüz və suverenliyimizə qarşı iddiaların aradan qaldırılması zəruridir”... Əlbəttə, Nikolun Mühxen uğursuzluğu Ermənistana vurulan növbəti şapalaqdır. Əsas səbəb isə Azərbaycanın öz mövqeyini Qərbdə təsdiqlətməsi ilə birbaşa bağlıdır. Görünən budur ki, daha ağlı yerində olan avropalı, qərbli siyasətçi və ya dövlət xadimi Bakı ilə münasibətləri kapitulyant və haqsız tərəfə görə korlamaq, risk altına qoymaq istəmir. Siyasət praqmatizmi sevər. Eyni səbəbdən ABŞ dövlət katibi Entoni Blinken də Prezident İlham Əliyev və Nikol Paşinyanla görüşlərdə Azərbaycanın küsdürəcək, Ermənistanı isə revanşizmə şirnikləndirəcək heç bir söz işlətmədi. Bundan sonra belə olacaq. Odur ki, Ermənistan nəhayət, öz dərsini götürməli, yerini bilməli, boyundan yuxarı iddialarla yaşamamalı, heç vaxt reallaşmayacaq planlar qurmamalıdır. “Miatsum” qatarı, “status” vaqonu geridönməz şəkildə gedib. “Timsah göz yaşları” kömək etməyəcək. Eləcə də Bakıya qarşı “etnik təmizləmə”, hətta “soyqırımı” yalanları ayaq tutsa da, yeriyə, qaça bilməyəcək. Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin yox, haranın üzvü olur-olsun. Çünki istənilən düz əyrini kəsər... “Azərbaycan indiyədək onu erməni əhalisini “soyqırım”da suçlayacaq bircə əsas da yaratmayıb. Qarabağ erməniləri əvvəllər özlərininki elan etdikləri Qarabağı 3-5 gün ərzində özləri, könüllü tərk ediblər. Amma baxın, öz torpaqlarının əsl sahibi olan fələstinlilər necə davranır, dirəniş göstərirlər. Ərazini vətən hesab etdikləri üçün oranı tərk etmirlər”. Bu fərqi əcnəbi politoloqlardan biri qeyd edib. Haqlı. Əlavə şərhə lüzum qalmır. Amma Münxen rəzilliyindən qaçmaq da olardı, əgər Nikol Vovayeviç ora absurd, irreal və davakar ritorika ilə yox, kapitulyant ölkənin izləməli olduğu, ona “yaraşan” sülh gündəliyi ilə getsəydi. Düz yolu nə qədər barmaqla göstərmək olar... (musavat.com)