Hakimiyyət yeni “KADR BANKI” yaradır - TƏFSİLAT

Hakimiyyət yeni “kadr bankı” yaradır - təfsilat

Gənc mütəxəssislər iqtidar yolunda!; Xaricdə, xüsusilə diplomatiya, iqtisadiyyat, menecment, təhsil və digər sahələrdə uğurlu fəaliyyəti olan gənclərin ölkəyə qaytarılması başlayıb; söz verilib ki, onlar iqtidarın gələcək nazir müavinləri, idarə rəhbərləri, hətta nazirləri olacaqlar... 

 

Ötən ilin oktyabr-noyabr aylarında milli təhlükəsizlik naziri Eldar Mahmudovla rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rüsvayçılıqla işdən qovulmaları hakim komandanın yenilənməsinin zəruriliyini bir daha  gündəmə gətirdi. 11 il nazir kürsüsündə oturan E.Mahmudov və Ə.Abbasovun xəyanət kimi qiymətləndirilən əməlləri üzə çıxdıqdan sonra prezident İlham Əliyevin hakim komandaya “əl gəzdirəcəyi”, yeni və həm də çox çətin olacaq bir dövrün tələblərinə uyğun gənc kadrları önə çəkəcəyi barədə yenidən danışılmağa başlandı. 
 
Prezident komandanın gəncləşməsi prosesini 2012-ci ilin ortalarında  başlasa da (üç gənc kadr-Elşad İskəndərov, Fərhad Məmmədov və İnam Kərimov vəzifəyə təyinat aldı), proses Mikayıl Cabbarovun təhsil naziri təyinatı ilə sanki tormozlandı. Bu, “yaşlı və daha təcrübəli” komanda tərəfdarı olanların müqavimətinin nəticəsi kimi dəyərləndirilsə də, tezliklə məlum oldu ki, əslində səbəb daha ciddidir. 
Məlum oldu ki,  iqtidarın lazımi kadr bazası formalaşmayıb. Üstəlik, bir çox savadlı  kadrlar “Azərbaycanda kimdir bizi dövlət işinə buraxan”, -  deyərək xaricdə təhsil aldıqdan sonra ölkəyə qayıtmaq barədə düşünmürdülər. Xatırlayırsızsa, həmin dövrdə “kadr qıtlığı” hətta ən yüksək səviyyədə də etiraf edilirdi. 
Sirr deyil ki, komandaya “yeni qan” gətirmək istəyinin müəyyən riskləri həmişə olub.  Aydındır ki, illərdir vəzifə tutan məmurlar yerlərini gənc kadrlarla təhvil verməyə elə də həvəsli deyillər, bu kimi dəyişikliyə qarşı təşkilatlana və hətta müəyyən müddət müqavimət də göstərə bilərlər. İki nazirin işdən qovulması ilə komandada ötən ilin sonu yaşanmış gərginliyə rusiyalı ekspertlərdən birinin rəyini yenidən xatırlamaq yerinə düşər: “Bu, onun əlamətidir ki, ola bilsin İlham Əliyev köhnədən qalma məmurları və Heydər Əliyev dövrünün administrasiyasını tədricən hansısa yeni fiqurlarla əvəzləyib dəyişmək, komandasını yeniləmək barədə düşünür”. 
 
 
Qeyd edək ki, bütün ehtiyatlılığa rəğmən hakimiyyət daxilində 2012-ci ildəki kimi  ciddi bir islahat, kadr yenilənməsi prosesi davam edir. Təsadüfi deyil ki, Əli Abbasovu nazir postunda əvəzləyən rabitə və informasiya texnologiyaları naziri 38 yaşı var. Nazirliyin aparat rəhbəri Əli Abdullayev də nazir yaşdadır. Bu çox mühüm bir nazirliyin “sükanın” faktiki iki gənc kadra həvalə olunmasıdır.
 
Xaricdə təhsil almış, bir neçə əcnəbi dil bilən, nanotexnologiyaların ən son yenilklərini mənimsəmiş kadrların önə çəkilməsi prezident İlham Əliyevin son aylar çıxışlarında da əsas tezislərdən birinə çevrilib. Ola bilsin ki, bu tam açıq şəkildə ifadə olunmur, amma yarıtmaz  məmurların ən sərt tənqidi əslində onların tezliklə əvəzlənəcəyi anlamına gəlir. 
Məlumata görə, bir müddətdir xaricdə təhsil almış, bir sıra beynəlxalq təşkilatlarda uğurla fəaliyyət göstərən gənclərdən ibarət “kadr bankı” yaradılması prosesi başlayıb.
Hakimiyyətə yaxın mənbəmiz deyib ki, xüsusilə diplomatiya, iqtisadiyyat, menecment, təhsil və digər sahələrdə uğurlu fəaliyyəti olan gənclərin ölkəyə qaytarılması başlayıb. Onlar ilkin olaraq  nazirlik və dövlət komitələrində aşağı statuslu vəzifələrdə iş verilib. Amma söz verilib ki, onlar iqtidarın gələcək ümidləri-nazir müavinləri, idarə rəhbərləri, hətta nazirləri olacaqlar. Qaynağımız iddia edir ki, bu kadrlara xüsusi nəzarət də  var, onların yersiz sıxışdırılması, hansısa komanda qruplaşmalarına cəlb edilməsi mümkünsüzdür. Prezidentin iqtidarı gəncləşdirməsini zəruri edən siyasətinin arxasında dayanan daha bir mühüm amil də var: hakimiyyət komandasının yaş həddi. 
 
Hakimiyyətdə vəzifədə oturanların əksəriyyətinin yaş həddi nəinki Qərbin, hətta postsovet respublikalarının bir çoxu ilə müqayisə olunmayacaq dərəcədə yuxarıdır.  Postneft dövrü isə prezidentin çıxışlarından da göründüyü kimi, çox və daha çox işləmək tələb edir.






Fikirlər