"Qarabağda hər an başlaya biləcək müharibə vəziyyəti Avropa başda olmaqla bütün bölgə ölkələri üçün təhlükə mənbəyinə çevrilib”.
Bu barədə Türkiyənin "Timetürk” xəbər portalının "Dörd addımda Qarabağ problemi” məqaləsində bildirilir.
Məqalədə qeyd olunur ki, uzaq görünsə də Qarabağ münaqişəsi Avropa üçün hər keçən il daha böyük təhlükəyə çevrilir. Bildirilir ki, Avropa Birliyi münaqişə zonasındakı vəziyyətdən narahatdır və problemin həllini prioritet istiqamət olaraq seçib./Publika.az/
Bu baxımdan, "Timetürk” xəbər portalı Dağlıq Qarabağ münaqişəsində Avropa Birliyi ölkələrinin diqqət etməli olduğu dörd vacib nöqtəni təhlil edib.
1. Rusiya-Türkiyə münasibətləri
Bu nöqtələrdən birincisi Türkiyə və Rusiya arasında yenicə başlayan düşmənçilikdir. Moskva və Ankara arasında qarşıdurma təkcə qarşılıqlı ticarətə zərər verməklə yekunlaşmır, Türkiyənin turizmini baltalayır. İki ölkənin Suriya məsələsində apardığı mübarizə Qərb ölkələrini də narahat edir. Bununla yanaşı, iki ölkənin qarşıdurması hər ikisi ilə yaxın münasibətlərə malik olan Qafqaz və Orta Asiya ölkələrinə də əlavə çətinliklər yaradır.
Rusiya ilə Türkiyə arasındakı gərginliyin tarixi keçmişə gedib çıxır. Azərbaycan və Ermənistan arasındakı münaqişə iki ölkə arasında gərginliyə səbəb olub. Ermənistan Moskvanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Avrasiya İqtisadi İttifaqı kimi regional təşkilatlarda təmsil olunur. Rusiya ilə güclü bağlantıları olan Ermənistanın təhlükəsizlik sistemi 2015-ci ilin dekabr ayında iki dövlət arasında imzalanan hava hücumundan müdafiə sistemi müqaviləsi ilə daha da möhkəmləndi.
Azərbaycan ilə Türkiyə arasında sağlam bağlar var. Türk dilində danışan hər iki ölkə qardaşdır. Azərbaycan Türkiyə ilə təhlükəsizlik sahəsindəki əməkdaşlığa xüsusi önəm verir. Ölkənin neft və qaz ixracatının çoxu Türkiyə üzərindən keçir və yeni qaz kəmərlərinin inşası da aparılır.
Lakin Azərbaycan Rusiya ilə də münasibətləri saxlayır, xüsusilə bu ölkədən silah alır.
Türkiyənin Suriya sərhədində Rusiya təyyarəsini vurmasından sonra Moskva qeyri-rəsmi şəkildə üzünü Qarabağa çevirdi. Moskva Dağlıq Qarabağ ətrafındakı bəzi rayonları Azərbaycana qaytarmaq və münaqişədə "aralıq həll” variantını tətbiq etmək planına artıq başlayıb. Bu variant Rusiyanın Minsk qrupundan çıxmasına səbəb olsa da, münaqişə tərəfləri olan hər iki ölkədə mövqeyini gücləndirəcək. Rusiya xarici işlər naziri Sergey Lavrov bunu inkar etsə də, kulislərdə bu haqda söhbətlər dolaşır.
2. İran səhnəyə çıxır.
Həm Azərbaycan, həm də Ermənistanla sərhəddə yerləşən İranın regional siyasətə daxil olması Qarabağ məsələsi ətrafında proseslərin yönünü dəyişir. İran rəsmiləri yanvar ayında Qarabağ münaqişəsində vasitəçi olmağa hazır olduqlarını açıqladı. Bu açıqlamanın arxasında nələr gələcəyini dəqiq demək çətindir.
İran Ermənistanla isti münasibətlərə sahib olsa da Xəzər dənizindəki təhlükəsizlik və enerji məsələlərinə görə Azərbaycanla münasibətlərdə müəyyən soyuqluq var. Tehranın Qarabağ məsələsinə daxil olması isə xüsusilə Moskva tərəfindən müsbət qarşılanmayacaq.
3. İqtisadi problemlər
Son dövrlər bölgədə müəyyən iqtisadi çətinliklərin yaşanması, xüsusilə Ermənistanda artan sosial-iqtisadi narazılıq bu ölkənin hökumətini Qarabağ üzərindən siyasi divident əldə etməyə məcbur edir. Beləliklə, şovinist siyasət güclənir ki, bu da yeni müharibəyə gətirib çıxara bilər.
4. Sabitliyin pozulması
Qarabağ məsələsində ən çox narahatlıq doğuran məqam atəşkəsin mütəmadi olaraq pozulmasıdır. İstər təmas xəttində, istərsə də iki ölkə sərhədində 1994-cü ildən bu günə qədər heç vaxt sakitlik hökm sürməyib. Lakin 2014-2015-ci illərdə qarşıdurma daha şiddətli hal aldı. Raketlər və ağır toplar istifadə edildi.
Qarabağda müharibənin başlaması uzaq ehtimal kimi dəyərləndirilə bilər. Lakin bölgədəki son proseslər, xüsusilə Rusiya və Türkiyə arasındakı qarşıdurma vəziyyəti çətinləşdirir.