"Mikayıl Cabbarov hansısa bir YENİLİK etmək istədiyində NOMENKLATURA ONA ÖZ YERİNİ GÖSTƏRİR"

"Mikayıl Cabbarov hansısa bir yenilik etmək istədiyində nomenklatura ona öz yerini göstərir" — AXCP sədri

"Əgər hökumət, siyasi hakimiyyət, president aparatı islahatlarda və korrupsiya ilə mübarizədə tam olaraq səmimidirsə, konkret geniş kadr islahatı həyata keçirməlidir. Əks halda aparılan bütün islahatlar, atılan bütün addımlar qeyri-səmimi görünəcək".

AzerTaym.az  Ölkə.Az-a istinadən xəbər verir ki Bu sözləri "Azərbaycan Xalq Cəbhəsi Partiyasının" sədri Razi Nurullayev deyib. Sədr bildirib ki, islahatlara ehtiyac olan əsas problemli sahələrdən biri təhsildir:

"Təhsil sistemində bir neçə konkret fakt üzərində dayanaq. Təhsil Nazirliyi ilə bağlı islahat xarakterli sərəncam verildi. Amma, Təhsil Nazirliyinin rayon şöbələrinin 15 regional mərkəzdə birləşdirilməsi məsələsi hələ də öz həllini tapmayıb. Açıq şəkildə demək lazımdır ki, rayon təhsil şöbələri təhsilin inkişafına yox, əngəllənməsinə xidmət edir. Təhsil şöbələri, inanın ki, uşaqlar soyuqdan donmasın deyə göndərilən yanacağı belə satıb yeyirlər. Məktəblərə göndərilən və kompüter biliklərinin artırılmasına xidmət edəcək kompüter avadanlıqları kənd məktəblərində ağzıgünə vəziyyətdə qalıb, üzərini toz basıb, ya da məktəb direktorları tərəfindən başqa məqsədlər üçün istifadə olunur. Hər rayon şöbəsində əməkhaqqı alan bir neçə təlimatçı, məsləhətçi və nə bilim daha kimlər var. Onlardan soruşmaq lazımdır ki, axırıncı dəfə hansı məktəbdə olublar? Açığı dünyagörüşü daha yüksək olan, savadlı və perspektivli kadr Mikayıl Cabbarov təhsil naziri təyin olunanda hər kəs ümidləndi. Amma, təhsil sistemində əsaslı dönüş görə bilmirik. Bunun bir neçə səbəbi ola bilər".

Təhsil naziri Mikayıl Cabbarovun köhnə nomenklatura ilə bacara bilmədiyini deyən AXCP sədri qeyd edib ki, nazir hər hansı bir yenilik etmək istədiyində ona öz yerini göstəriblər:

"O da bezdi və sakitcə suların durulmasını gözləyir. Qəbul etməliyik ki, hər rayonun təhsil şöbə sədri kiməsə bağlıdır. Hər işçi kiminsə adamıdır. Bir də Prezident Administrasiyası islahatların aparılmasına imkan vermir. Bunun əsaslı səbəbləri də var. Ağlıma gələn odur ki, hər iki tərəf haqlıdır. Nazir haqlıdır ki, Prezidentin rayon şöbələrinin 15 regional şöbədə birləşdirilməsi barədə sərəncamını həyata keçirmək də maraqlıdır və bu addım lazımsız yerə maaş alan və rüşvət yuvası yardan yüzlərlə bürokratın işdən azad olunması anlamına gəlir. Lakin digər yandan isə, bu iqtidar rayonlarda seçki sistemini təhsil şöbələri üzərində qurub. Belə çıxır ki, təhsil sistemində konkret islahatların aparılması və korrupsiya yuvasının dağıdılması hakimiyyətin idarəetmə sisteminə tərs mütənasibdir və beləliklə təhsil sistemində islahatların gecikməsi hakimiyyətin iqtidarı əlində saxlamaq instinkti ilə eynilik təşkil edir".

Razi Nurullayev təhsil şöbələrinin 15 regional şöbədə birləşdirilməsin nvacibliyini vurğulayaraq bildirib ki, seçim zamanı xaricdə oxuyub, təcrübə keçmiş kadrlara xüsusi üstünlük verilməlidir:

"Təhsil sistemində islahatlara nail olmaq üçün tez bir zamanda təhsil şöbələri Prezidentin sərəncamına uyğun olaraq 15 regional şöbədə birləşdirilməlidir. Kadrlar isə xaricdə oxuyub vətənə dönmüş, xaricdə təcrübə keçmiş, ölkə daxilində əli rüşvətə bulaşmamış və siyasi oyunlarda iştirak etməmiş kadrlar arasından seçilməlidir. Ali təhsil müəssisələrinə rektorların və prorektorların seçilməsi Prezidentin sərəncamı ilə yox, kollektivin seçimi ilə olmalıdır. Təhsil müəssisələrinin gizli səsvermə yolu ilə özlərinə rektor seçməsi məqbuldur. Təhsil sisteminə özgürlük və sərbəstlik verilməyincə, keyfiyyət olmayacaq. Uzun sözün qısası, təhsil sistemi siyasətdən kənar tutulmayınca, xalqın gələcək müqəddəratı şübhə altında qalacaqdır. Məktəb direktorlarının təyinatı da siyasi məsələlərə dirəndikcə, problemlər böyüyəcək. Məktəb direktoru bacarıqlı rəhbər, təşkilatçı və idarəedici olmalıdır. Yoxsa, "savadlı müəllimdir", "başıaşağı adamdır", "hər kəsin hörmət qazandığı şəxsdir" və s. keyfiyyətlərə görə olmaz. Təhsili Harvard universiteti olsa belə, menecer deyilsə, bu işə yaramaz. Məktəb direktoru ilk növbədə təşkilatcı və menecerdir. Unutmayaq ki, təhsili bərbad olan millətin gələcəyi və müstəqilliyi hər zaman şübhə altında olacaq".






Fikirlər