AZƏRBAYCAN-Türkiyə: "BİR MİLLƏT, BİR DÖVLƏT" - Niyə də yox?
Ara-sıra ölkəmizdə Türkiyə ilə Azərbaycanın iki qardaş ölkə olaraq eyni mövqedən çıxış etməsi, vahid birliyin yaradılması ideyası gündəmə gətirilir. Prezidentliyə namizəd ADP sədri Sərdar Cəlaloğlu da Azərbaycan və Türkiyədən ibarət Türk konfederasiyasının yaradılmasının tərəfdarı olduğunu bəyan edib: “Bu konfederasiyada Türkiyə ilə Azərbaycan vahid siyasət aparacaq. Dostumuz da, düşmənimiz də eyni olacaq. Ona görə də bir millət, iki dövlət şüarı artıq dəyişdirilməlidir. Mən bir millət, bir dövlət siyasətini irəli sürürəm”. S. Cəlaloğlunun həmin təklifi ümumən, siyasilər tərəfindən bəyənilir. Belə ki, siyasi icmalçı Azər Həsrət Yenicag.az-a açıqlamasında Ankara ilə Bakı arasında türk birliyi təməlinin qoyula biləcəyini istisna etmədi: “Əslində, dəfələrlə Türkiyə və Azərbaycan, eyni zamanda digər türk dövlətləri ilə münasibətlərin konfederativ əsaslarla qurulmasının tərəfdarı olduğunu bildirmişik. Bunun üçün də nümunə olaraq, Avropa Birliyi (AB) modelinin götürülməsi tərəfdarıyıq. Yəni dövlətlər müstəqilliklərini, Konstitusiya və ordularını qoruyub saxlayır, amma bir sıra ümumtürk mənafeyinə xidmət edən məsələlərdə ortaq, vahid mövqedən çıxış edirlər. Azərbaycanla Türkiyə arasında belə bir birliyin təməli atıla bilər. Yəni Bakı ilə Ankara qarşılıqlı şəkildə vahid türk birliyində birləşir və bir müddət sonra isə digər türk dövlətləri də həmin birliyə cəlb edilir. Yaxud da hazırda mövcud olan Türk Şurası çərçivəsində, yəni Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan ibarət 4 türk dövlətinin iştirakı ilə bu birliyin təməli faktiki olaraq atılıb. Sadəcə olaraq, onu bir qədər də irəli aparıb, daha operativ, daha çevik birliyin formalaşdırılması barədə danışa bilərik. Bütün hallarda onun tərəfdarıyam ki, türk dövlətləri, o cümlədən Azərbaycan öz müstəqilliyini qorumalıdır”. Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə, gələcək perspektivdə türk konfederasiyasının yaradılması mümkün olsa da, indiki halda belə bir birliyin olması üçün lazım olan mühit yetişməyib: “Türk dövlətləri birliyinin yaradılması məsələsi dəfələrlə Azərbaycan cəmiyyətində müzakirə olunub. Əslində, perspektiv üçün onun reallaşması çox vacib məsələdir. Amma indiki halda reallaşması üçün şəraitin yetişdiyini düşünmürəm. Xüsusən də Türkiyənin bölgədəki gücə çevrilməsi ən önəmli faktorlardan biridir. Amma o tam şəkildə baş verməyincə, məsələnin gerçəkləşməsi imkanı olduqca mürəkkəbdir. Həmin ideyanın reallaşması 5-10 günün, hətta 10 ilin məsələsi deyil. Bunun baş verməsi üçün həmin formata müqavimət göstərən sistemin, Rusiya ilə İranın bölgə üzərində təsir imkanlarının azalması şərtləri yetişməlidir. Bu şərtlər yetişməyincə belə bir ideyanın gerçəkləşməsi müstəqilliyimiz üçün bəzi fəsadlar yarada bilər. Lakin perspektiv üçün faydalı ideyadır və Azərbaycanın gələcək modelində bunu mütləq nəzərə almalı və Türkiyədə də belə bir düşüncənin formalaşmasına çalışmalıyıq”. “Borçalı” cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədli də sözügedən məsələyə müsbət yanaşır: “10 ildən çoxdur ki, Türkiyə ilə Azərbaycanın vahid birlikdə olması xəttini aparan insanlardan biriyəm. Azərbaycanın 1918-ci ildə müstəqilliyinin bərqərar olmasında təbii ki, o zamankı Türkiyənin rolu böyükdür. Bu gün Azərbaycanın mövcud olmasında Türkiyə amilinin mühüm rolu var. Bu iki qardaş ölkə arasındakı konfederativ birlik yaratmağa, hətta deyərdim ki, daha güclü “bir dövlət, bir bayraq” modelinə can atmağa əsaslar var. Bu coğrafiyada türk birliyini qorumaq və gələcəkdə xəyal olaraq qurduğumuz, “Turan” dediyimiz birliyin gerçəkləşməsi üçün zəmin hazırlamaq olar. Buna çatmağın ən yaxın yolu da Türkiyə ilə Azərbaycandan ibarət iki türk dövlətinin vəhdətidir”.