06.02.2014. - Balkan silah mafiyasının lideri Azərbaycanda
Mərkəzi ofisi Parisdə (Fransa) yerləşən qlobal strateji kəşfiyyat araşdırmaları ilə məşğul olan “İntellegence Online” mərkəzi xorvat silah mafiyasının liderinin hazırda Azərbaycanda olduğu barədə sensasion xəbər yayıb.
Mərkəzin saytına istinadən xəbər verilir ki, Balkan silah mafiyasının aparıcı liderlərindən biri olan Hrvoje Petrac öz biznesi üçün Suriyada yeni imkanlar axtarır.
“Xorvatiyanın Silah İxracı Agentliyinin (Agensija Alan) direktoru, general Vladimir Zaqoretsin oğlunu oğurladığına görə bir neçə il həbsdə olan Hrvoje Petrac hazırda Azərbaycanda fəaliyyətdədir. Hesab olunur ki, o, oradan İordaniya vasitəsilə Suriyaya silah göndərəcək. Əməliyyat Yaxın Şərqin Suriya üsyançılarını dəstəkləyən bir neçə ölkəsinin xüsusi xidmət orqanlarının maliyyə dəstəyi və himayəsi altında keçirilir” - deyə “İntellegence Online” mərkəzi bildirir.
Mərkəz qeyd edir ki, H.Petrac Suriyadakı münaqişədən qazanmağa çalışan yeganə silah taciri deyil. Alban və serb silah alverçiləri də son məqsədləri Bəşər Əsədin devrilməsi olan üsyançıları silahla təchiz etməyə çalışır.
Bu g Hrvoje Petrac barədə müəyyən araşdırmalar aparıb. Xorvatiyanın bu mafiozun fəaliyyəti barədə çoxsaylı araşdırmalar dərc edən “Veçerniy” adlı qəzetində Hrvoje Petracın bioqrafiyası yer alır. O, 1955-ci ildə Sloveniyanın Brod şəhərində anadan olub, ailəsi Xorvatiyanın Zaqorye bölgəsindəndir.
90-cı illərin əvvəllərində keçmiş Yuqoslaviyada müharibə başlayana qədər Hrvoje Petrac “Volkswagen” avtomobillərinin bu ölkədəki dileri olub. Sürətlə varlanan H.Petrac sonradan “Volvo” və “Ducati” avtomobillərinin Xorvatiyadakı dilerinə çevrilib. Daha sonra “Petrac” adlı sığorta şirkəti təsis edib. H.Petracın şirkətlərinin sayı tezliklə artıb və o, biznesini “Kaptol Group” adlı holdinqdə cəmləşdirib. Holdinqin tərkibində “Kaptol Bank” da olub. Bankın təsisçilərindən biri də Xorvatiyanın ilk prezidenti Franyo Tujmanın nəvəsi idi. Sonradan Tujmanın nəvəsi bankdakı 30 faizlik payını satıb.
Hrvoje Petracın İsraillə də geniş biznes əlaqələri olub. O, Zaqrebdəki “Şeraton” otelinin, “Veqa” kazinosunun və digər çoxsaylı aktivlərin sahibi idi. 2005-ci ildə Hrvoje Petraca qarşı hərbi cinayətlərə görə Haaqa tribunalı tərəfindən axtarılan xorvat generalı Ante Qotovinanın istintaqdan gizlədilməsini maliyyələşdirmək barədə ittiham irəli sürülüb. 2004-cü ildə Hrvoje Petracın Avropa İttifaqı ölkələrinə girişi qadağan edilmişdi. Avropa İttifaqı onu hərbi cinayətər törədən şəxslərə yardım etməkdə günahlandırırdı.
Həmin il Xorvatiyanın dövlət silah ixracı agentliyinin direktoru, Hrvoje Petracla yaxın dostluq münasibətlərində olan general Vladimir Zaqoretsin oğlu oğurlanıb. V.Zaqorets oğlunu azad etmək üçün onu oğurlayanlara 750 min avro verib. Bu oğurluğun Hrvoje Petrac tərəfindən təşkil olunduğu istintaq zamanı üzə çıxıb. İstintaqın versiyasına görə, Hrvoje Petrac onun silah biznesinə mane olmağa çalışan generala bu cür xəbərdarlıq etmək istəyirdi.
Beynəlxalq axtarışa verilən Hrvoje Petrac 2006-cı ildə Yunanıstanda həbs olunub və Xorvatiyaya ekstradisiya edilib. Onun məhkəməsi qalmaqallı keçib. H.Petrac məhkəmədə deyib ki, general V.Zaqorets Müdafiə Nazirliyindən almazların oğurlanmasını təşkil edib.
H.Petrac 7 il həbsə məhkum edilib və 2011-ci ildə azadlığa çıxıb. Bir il sonra Zaqreb məhkəməsi H.Petracın general Zaqoretsin oğluna görə aldığı 750 min avronu geri qaytarmalı olduğu haqda qərar çıxarıb.
Hrvoje Petracın tutulması və istintaqa cəlb olunması üçün Böyük Britaniya və Niderland Xorvatiyaya uzun müddət güclü təzyiq göstəriblər. Həmçinin beynəlxalq silah mafiyasının liderlərindən biri hesab edilən H.Petracın tutulması Xorvatiyanın Aİ-yə üzvlüyü üçün qoyulan şərtlərdən biri olub.
Mətbuat yazıb ki, onun Xorvatiya hakimiyyəti ilə də sıx əlaqələri olub və bu üzdən uzun müddət azadlıqda qala bilib.
Qeyd edək ki, “İntellegence Online” Qərb kəşfiyyat xidmətlərinə bağlı mərkəz hesab edilir. Hazırda Səudiyyə Ərəbistanı, Qətər və bəzi digər ərəb ölkələri Suriyada Bəşər Əsədə qarşı vuruşan radikal islamçı qrupları maliyyələşdirir və onları silahla təchiz edir. Bu da Qərbi, o cümlədən Britaniyanı narahat edir. Çünki Suriyada radikal islamçı qrupların güclənməsi Bəşər Əsədi devirib demokratik hökumət qurmağa çalışan dünyəvi müxalifət qüvvələrini zəiflədir. Bəşər Əsəd də əsas zərbələrini dünyəvi müxaliflərə endirərək radikal islamçıların güclənməsinə şərait yaradır. Beləliklə də Qərbin Əsəd rejiminə münasibəti yumşalır.
Ehtimal ki, xorvat silah mafiyasının liderinin Azərbaycan üzərindən Suriya üsyançılarına silah ötürməyə çalışdığı haqda məlumatın ötürülməsi də Britaniyanın “əl-Qaidə”yə bağlı qrupları gücləndirmək istəyən ərəb kəşfiyyatlarının əməliyyatına mane olmaq məqsədi güdüb